Tahir Süleymanov: - Düşünün, düşünün ki, kasıb da kasıblığını edə bilsin!

Tahir Süleymanov: Düşünün, düşünün ki, kasıb da kasıblığını edə bilsin!

Azərbaycanda çoxdandır təbəqələşmə pik həddinə çatıb. Zənginlər və kasıblar...
Dünyada, inkişaf etmiş ölkələrdə balansı, yaşayış səviyyəsini qoruyan orta biznes, sahibkarlıqdır. Zəngin və kasıbları, xalqı bir-birinə zəncirvari bağlayan, dövlətçiliyin qorunmasında müstəsna rolu olan təbəqədir...
Ölkədə qanunlardan çox milli mentalitet hər zaman öndə olub. Ailə, qohum telləri çox güclüdür. Hər nəsil-kökdə imkanı olanlar digərlərinə kömək, təmənnasız yardım edib, edir. Bunu özlərinə mənəvi borc bilirlər...
Təbii, mənfi fəsadları da az deyil. Arxayınlıq, tənbəllik yaranır, "asan gəlir yerim var" düşüncəsi, psixologiyası formalaşır. Digər tərəfdən də mövcud şərait bunu diqtə edir.
Haqsızlıq, məmur qohumlarının hamısının kütləvi "bacarıqlı" çıxması "kimsəsiz"ləri bacarıqları olsa da işsiz saxlayır, imkan yaradılmır. Getdikcə təbəqələşmə dərinləşir, birinə "paçka"lar azlıq edir, digəri 10 qəpik dərdi çəkir...
Son illərin iqtisadi çöküşü orta təbəqəni demək olar ki, yox edib. Əsas qüvvə sayılanlar artıq özləri kasıblar cərgəsinə qoşulmaqdadır, qoşulublar. Belədə onların əvvəlki kimi kömək etmək imkanları da minimuma, sıfıra enir. Kasıblar isə daha da "kasıb"laşır. 10 faizin 90%-i dolandırmağa nə həvəsi, nə də gücü yetməz.
Zəncirvari təbəqə dairəsi qırılmaqdadır. 90-nın 10 faizə nisbəti çox təhlükəli tendensiyadır. Zənginlər metro, avtobus dərdi çəkməz. Heç axırıncı dəfə nə vaxt metro, avtobusa mindikləri yadlarına gəlməz. Xalq kimi metro, avtobus da onlar üçün çoxdan "yadlaşıb". 10 qəpik belələri üçün pul deyil. 20 qəpiyin 10-u isə 50% deməkdir. Kasıb üçün 10 qəpik qızıl onluğa bərabərdir. Kasıb 50%-də kasıbladı...
İnflyasiya çoxlarına, ümumilikdə xalqa böyük təsir etdi, çökdürdü. Kasıblar "kasıbladıqca" dollar sahibləri ölkə daxilində daha da zənginləşdi. Deputatlara maaşlarının "yetərli" olmadığı fonunda kasıbların 10 qəpiyi çox görünür...
Zənginlər və kasıblar, orta təbəqənin qədrini bilin. Zənginləri kasıblardan qoruyan, kasıbları da dolandıran onlardı. Dünyadan köçmüş varlısı, kasıbı nə vaxtsa dirilib haqq-hesab verəcəyi kimi, hər gün yerin altına girib "xoşbəxlik" tapan kasıbları çölə, yerin üzünə çıxarmayın. (S)el fəlakəti dağıdıcı olur...
Düşünün, düşünün ki, kasıb da kasıblığını edə bilsin! 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !