Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin milli mətbəxini, ... ... ....təbliğ etmək... - +FOTOLAR ( AZpress.AZ - İlkin Həmidov)

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin milli mətbəxini, ... ... ....təbliğ etmək... +FOTOLAR ( AZpress.AZ - İlkin Həmidov)

AZpress.AZ xəbər verir ki, “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin zəngin mətbəx, məişət və süfrə mədəniyyətinin, qonaqpərvərliyinin gənclər, yeniyetmələr arasında təbliği” layihəsi uğurla başa çatıb. Layihə Binəqədi rayonunda gerçəkləşdirilib. Layihə çərçivəsində Binəqədi Gənclər evində gənclər və yeniyetmələr üçün 4 günlük təlim-seminarlar keçirilib. Tədbirin açılış mərasimində “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin sədri Firuzə Rəsulova bildirib ki, “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin zəngin mətbəx, məişət və süfrə mədəniyyətinin, qonaqpərvərliyinin gənclər, yeniyetmələr arasında təbliği” layihəsi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 1-ci qrant müsabiqəsinə təqdim edilib və qalib olub. Layihənin məqsədi Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ bölgəsinin milli mətbəx və məişət mədəniyyətini, adət-ənənələrini, qonaqpərvərliyini gənclər və yeniyetmələr arasında təbliğ etmək, onun nəsillərdən-nəsillərə ötürülməsinə xidmət göstərməkdir. Layihəni dəstəklədiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını ifadə edən sədr Azərbaycanın, eləcə də Dağlıq Qarabağ bölgəsinin zəngin mətbəxindən, süfrə mədəniyyətindən danışıb. Deyib ki: “Azərbaycan mətbəxi dünyanın ən zəngin mətbəxləri sırasında öncül yerlərdən birini tutur. Ölkəmizə gələn əcnəbi qonaqlar məmləkətimizin əsrarəngiz təbiəti, təbii sərvətləri, qədim tarixi, zəngin mədəniyyəti, sürətli inkişafı, müasirliyi, xalqımızın qonaqpərvərliyi ilə yanaşı, bənzərsiz milli mətbəximizdən də ağızdolusu danışırlar. Milli mətbəximiz əcnəbi turistləri, iş adamlarını, idmançıları, sözün əsl mənasında heyran edir. Dağlıq Qarabağ bölgəsinin mətbəxi də Azərbaycanın ənənəvi milli mətbəx mədəniyyətinin tərkib hissəsidir və son dərəcə zəngindir. Bu bölgəmiz də zaman-zaman maddi və mənəvi sərvətləri, o cümlədən musiqisi, mətbəxi, məişət və süfrə mədəniyyəti, insanlarının qonaqpərvərliyi ilə əcnəbi səyyahları cəlb edib.”
Binəqədi Rayonu Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanlı, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev və digər çıxış edənlər layihənini aktuallığından və əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin zəngin mətbəx, məişət və süfrə mədəniyyətinin, qonaqpərvərliyinin gənclər, yeniyetmələr arasında təbliği”nin onların vətənpərvər ruhda tərbiyəsində də mühüm rolu var.
“Qarabağ bölgəsinin zəngin mətbəxi Azərbaycanın ənənəvi milli mətbəx mədəniyyətinin tərkib hissəsidir. Təəssüf ki, 20 ildən çoxdur ki, Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuz erməni işğalı altındadır. İşğal nəticəsində tarixi, mədəni, dini abidələrimizlə yanaşı, çox sayda iaşə, kulinariya obyektləri, qida muzeyləri də məhv edilib. Milli mətbəx nümunələrimizə də göz dikən ermənilər onları özününküləşdirmək xəyalına düşüblər. Dövlətimiz bunun qarşısının alınması üçün mühüm tədbirlər görür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ciddi səyləri nəticəsində muğam, aşıq sənəti, tar ifaçılığı və hazırlanması sənəti, xalçaçılıq sənəti, Lahıc misgərlik sənəti, kamança hazırlanması və ifaçılıq sənəti, kəlağayı sənəti ilə yanaşı, Novruz bayramı, lavaş və dolma da UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.” Bu filkirləri isə layihə rəhbəri Kənan Qılıncxanov səsləndirib. Bildirib ki, mədəniyyətimizin, eləcə də mətbəximizin nümunələrini bəşər mədəniyyətinin inciləri sırasında görmək bizi gəncləri qürurlandırır, eyni zamanda səfərbər edir. Maddi-mənəvi dəyərlərimiz göz dikənlərə qarşı qətiyyətlə mübarizə aparmaq arzusundayıq. Bu mübarizə yollarından biri isə gənc nəslə, yeniyetmələrə Dağlıq Qarabağ bölgəsinin mədəniyyətini, tarixini, adət-ənənələrini dərindən öyrətmək, onu unudulmağa qoymamaqdır. Məhz buna görə də layihəni Qarabağ bölgəsinin mətbəxinə həsr etdik. Bu barədə yeni nəsli məlumatlandırmaq, maarifləndirmək istəyirik. Qarabağsız doğulan uşaqlar artıq yetkinlik yaşında – 20-25 yaşındadır, yeni nəsil yetişib. Məqsədimiz odur ki, Ermənistanın işğal etdiyi rayonlara xas milli yeməkləri üzə çıxaraq, nəsillərdən-nəsillərə ötürülməsinə xidmət edək. Gənclərə bu bölgənin məşhur aşçılarını, aşbazlarını, kulinarlarını tanıdaq. Onun sözlərinə görə, ilk təlim-seminarların Binəqədi rayonunda keçirilməsi də təsadüfi deyil. Binəqədidə işğal olunmuş rayonlarımızdan daha çox məcburi köçkün gənc yaşayır.
“Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin zəngin mətbəx, məişət və süfrə mədəniyyətinin, qonaqpərvərliyinin gənclər, yeniyetmələr arasında təbliği” mövzusunda maarifləndirici təlimlərdən ibarət layihə 4 gün davam edib. Təlim-seminarlarda 15-25 yaş arasında 300 nəfərdən çox gənc və yeniyetmə böyük həvəslə iştirak edib. Onlara Qarabağ bölgəsinin mətbəx, məişət və süfrə mədəniyyəti, mətbəx nümunələri, milli xörəklərimizlə bağlı ətraflı məlumat verilib, yeməklərin hazırlanma qaydası əyani şəkildə göstərilib. Gənc mütəxəssis, kulinar-aşbaz Tariyel Quliyevin apardığı təlimlər, onun faydalı məsləhət və tövsiyələri gənclər və yeniyetmələrin böyük marağına səbəb olub. Təlimlərin iştirakçısı gənc Zülfiyyə Ağayevanın dedikləri: “Qarabağda olmamışam, amma onun haqqında çox oxumuşam. Layihədə iştirak etməklə Azərbaycanımızın ayrılmaz parçası olan Qarabağın mətbəxinə, süfrə mədəniyyətinə, qonaqpərvərliyinə aid çox məlumat öyrəndim. Yeməklərin hazırlanma qaydası ilə əyani şəkildə tanış oldum. Belə zəngin mətbəxlə fəxr etməyə dəyər. İstəyirəm ki, işğal altında olan torpaqlarımız azad olunsun, bu cür tədbirləri orada keçirək.”
Qeyd olunub ki, layihənin əhəmiyyəti həm də ondadır ki, iştirakçılar arasından gələcəkdə təlimi həyata keçirə biləcək mütəxəssislər yetişəcək. Bu layihənin davamlılığı üçün də əsas faktorlardan biridir. Gələcəkdə layihənin digər coğrafiyada keçiriləməsi də nəzərdə tutulur.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
“Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin sədri Firuzə Rəsulova diqqətə çatdırıb ki, Cəmiyyət Azərbaycanın ilk peşəkar kulinarı, milli mətbəximizin ilk tədqiqatçısı, təcrübəli texnoloq, dietoloq Hacı Cabir Xəlifəzadə təşəbbüsü ilə 2004-cü ildə yaradılıb. O, hazırda İB-in məsləhətçisidir. Cabir Xəlifəzadə Şəkidə anadan olub. Uzun illər Bakıda iaşə sahəsində işləyib. Eyni zamanda xalqımızın zəngin mətbəx, məişət və süfrə mədəniyyətini araşdırıb, 200-dən çox yeni xörək reseptini tərtib edib. Ömrünün 50 ilini bu işə həsr edib. Bu, əsl fədakarlıqdır, xalqımızın milli dəyərlərinə bağlılığın sübutudur. Hacı Cabir Xəlifəzadə hələ sovet dövründə Azərbaycanın milli mətbəxini, ləziz xörəklərini, şərbətlərini, şirniyyatlarını, ətirli çayını dünya xalqlarına tanıdıb. Bu çətin və məsuliyyətli iş ona həvalə edilib. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti İdarə Heyətinin üzvü olan Hacı Cabir Xəlifəzadə Avropanın 10 ölkəsində, o cümlədən, İtaliya, Almaniya, İsveçrə, Lüksemburq, Norveç, Avstriya, Portuqaliya, Yuqoslaviya, Danimarka və Belçikada milli mətbəximizi əyani şəkildə əcnəbilərə təqdim edib, süfrə mədəniyyətimizi təbliğ edib. “Avropada Azərbaycan süfrəsi” kitabı bu səfərlərdən bəhs edir. Hacı Cabir Xəlifəzadə aşçılıq, qənnadıçılıq sənətinə dair onlarla sanballı kitabın da müəllifidir. Bu kitablar, hətta okeanın o tayında, Amerika Birləşmiş Ştatlarında da böyük maraqla qarşılanıb. Həmin kitablarla tanış olan görkəmli siyasi xadimlər, XX əsr ABŞ xarici siyasətinin əsas strateqlərindən biri, beynəlxalq münasibətlər üzrə diplomat və ekspert Henri Kissencer və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski məşhur kulinara məktub göndərərək, Azərbaycan mətbəxi ilə bağlı xoş fikirlərini çatdırıblar. “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə ilk layihəsini 2006-cı ildə uğurla reallaşdırıb. Şuranın ayırdığı qrantla “Azərbaycan milli mətbəxinin süfrə nemətləri” adlı kitab çap olunub. Bu kitab ölkəmizdə və ondan kənarda yayılıb, mətbəximizin təbliği işinə böyük töhfə verib.
İB-in əsas məqsədi xalqımızın zəngin milli mətbəxini, süfrə mədəniyyətini, etnoqrafik xüsusiyyətlərini, qonaqpərvərliyini, qonağa hörmət adətini, ənənələrini, milli bayramlarını, bir sözlə, milli dəyərlərini diqqətlə, dərindən araşdırmaq, tədqiq etmək, qorumaq, yaşatmaq, sevdirmək, ölkə daxilində, habelə xaricdə layiqincə təbliğ etmək və tanıtmaqdan ibarətdir. Milli mətbəximizə, xörəklərimizə bayağı çalarlar əlavə edilməsinə, onların adlarının, reseptlərinin təhrif olunmasına, həmçinin milli mətbəx nümunələrimizi öz adlarına çıxmağa, özününküləşdirməyə çalışan bədnam ermənilərə qarşı qətiyyətlə mübarizə aparmaq niyyətindədir. Ümumiyyətlə, xalqımızın adət-ənənələrini, süfrə mədəniyyətini, etnoqrafik xüsusiyyətlərini, qonaqpərvərliyini, qonağa hörmət adətini, sevgisini, halallığını, milli dəyərlərimizi, milli bayramlarımızı diqqətlə, dərindən araşdırmaq, qorumaq, yaşatmaq, sevdirmək, ölkə daxilində, habelə xaricdə layiqincə təbliğ etmək fikrindəyik. Qloballaşan dünyada milli dəyərlərin az qala itirilmək təhlükəsi ilə üzləşdiyi bir zamandə bu, çox vacibdir.

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )