Orxan Bahadırsoy: - AZADLIQ

Orxan Bahadırsoy: AZADLIQ

Azadlıq


Zərrə-zərrə yığıldı, parça-parça quruldu,
min-min tufandan keçib, qocaman bir yer oldu!
Gah yandı, gah da dondu, həyat tapdı bu kürə.
Bütün canlılarına toxumdu tək hüceyrə.
Elə ki, bu toxumun yetdi insan bəhəri,
o gündən tükənmədi bu dünyanın qəhəri.
Daha bəhər vermədi, insan sonuncu oldu!
Bu dünyanın köksünə ən ağır sancı oldu!
Qocaman azadlığı ölkə-ölkə böldülər,
adına vətən deyib, öldürdülər, öldülər!
Tikanlı məftil çəkib sardılar hər yanını,
deşik-deşik etdilər azadlığın canını!
Özlərinə dünyadan padşahlar da seçdilər!
Baxıb göyün üzündən allahlar da seçdilər!
Heykəllər ucaltdılar, məqbərələr tikdilər!
Gah təzimə durdular, gah da ki, diz çökdülər!
Bu məhkum azadlığın adına dövlət deyib,
hakimə hörmət deyib, haqqa ibadət deyib,
əldə silahlar tutub keşikdə dayandılar,
nizələrdə deşilib, bombalarda yandılar!
Alimi yaltaq oldu, şairi yaltaq oldu!
Zərrə həqiqət desə, soyuldu, dustaq oldu!
Hər yalana bir orden, bir təqaüd verdilər!
Bu çirkabdan uşağa, gəncə öyüd verdilər!
Yağış-yağış tüpürdü insana yer kürəsi!
Küləklə kül üfürdü insana yer kürəsi!
Dedi:
-Azadlığımı mənə geri qaytarın!
Bütün materikləri, qitələri qaytarın!
Necə ki, almışdınız tikə-tikə, qaytarın!
Şəhər-şəhər qaytarın, ölkə-ölkə qaytarın!
Uçsun bu qurduğunuz sərhəd məntəqələri!
Yıxın öz içinizdən bütün təbəqələri!
Mən neçə tufan keçib azadlığa çıxmışam!
Bütün canlılarımı bir mayadan doğmuşam!
Mən günəşin başına nəzir olmamaq üçün,
özüm öz ətrafımda döndüm-dolandım hər gün!
Azadlığa çıxdıqca daha gözəl göründüm!
Günəşin sevgilisi mənim başıma döndü!
Siz ki azad idiniz ağac budaqlarında!
Siz ki gözəl idiniz əncir yarpaqlarında!
Atın öz əlinizdən ölüm tüfənglərini!
Sizin üçün doğmuşam bu gül çələnglərini,
Bu dadlı meyvələri, bu ləzzətli otları.
Sizə çətir etmişəm üstümdə buludları!
Kainatın ən gözəl yerində mən durmuşam!
Siz azad olun deyə, bir azad ev qurmuşam!
Sizsə məhkum etdiniz mənim azadlığımı!
Zəhərli tüstülərlə cırdınız yaylığımı!
Daha meteorları əritməyə gücüm yox!
O çılğın şəfəqləri ram etməyə gücüm yox!
Mənim azadlığımı mənə geri qaytarın!
Bütün materikləri, qitələri qaytarın!
Necə ki, almışdınız tikə-tikə, qaytarın!
Şəhər-şəhər qaytarın, ölkə-ölkə qaytarın! 

 

                                                                                     ***

 

Mən olmayanda

 

Gülümsə üzümə məni görəndə,
ağla mənim üçün, mən olmayanda.
İndi tutunduğum o əlləri də,
saxla mənim üçün, mən olmayanda.

İtməsin saçından sığal izlərim,
düşməsin dilindən şeir sözlərim,
qalsa şəkillərdə açıq gözlərim,
bağla mənim üçün, mən olmayanda.

Tut o şəkillərdə əlimi hərdən,
qucaqla boynumu, belimi hərdən.
Sevdiyim sırğayı gülümü hərdən,
qoxla mənim üçün, mən olmayanda.

Sənin həyatına gəldiyim yeri,
özümü ən xoşbəxt bildiyim yeri,
mənim doğulduğum, ölüdüyüm yeri,
yoxla mənim üçün, mən olmayanda.

 

                                                                               ***

 

Saçımın qanı

 

Oyandım bir axşamçağı,
evimi yarıboş gördüm.
Divarımda qan ləkəsi,
pəncərəmdə yağış gördüm.

Pəncərədən baxdım çölə,
gördüm yoxdur bir səs-səmir.
Salam verdim bir kişiyə,
gördüm ki, almaq istəmir.

Qəfil gördüm sönüb sobam,
üşüyür evim, eşiyim.
Niyə hürmür qara itim?
Gözə dəymir boz pişiyim!?

Divardakı bu qan nədir?
Mənim ki, axmayıb qanım!
Hardadır şəffaf çətirim?
Niyə sınıb çay fincanım?

Mən də elə yüngüləm ki,
lap balaca bir şar kimi.
İndicə bu pəncərədən
uçacağam quşlar kimi.

Axı bu evdə nə olub?
Kim nə edib ki, İlahi?
Bir də gördüm mənim məndən
çıxıb gedib ki, İlahi!

Bürünüb yun jaketimə,
taybatay açıb qapımı.
Alıb şəffaf çətirimi,
geyinib ayaqqabımı.

Çıxıb dumanlı başımdan,
qaçıb gedib məndən canım.
Yastıqda üç-beş tük qalıb,
divarda saçımın qanı.

Gizlicə qaçıb getmişəm,
beləcə qaçıb getmişəm.
Mən bir yana, bu taledən
bəs necə qaçıb getmişəm?

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )