Şirinxanım Kərimbəyli ŞADİMAN: - YURDUMUN CƏSUR QIZI

Şirinxanım Kərimbəyli ŞADİMAN: YURDUMUN CƏSUR QIZI

YURDUMUN CƏSUR QIZI

 

Bəzz qalasına üçrəngli bayrağımızı
çəkən Raymonda Əliyevə

Üçrəngli bayrağmızı Bəzz qalasına çəkən,
Güneyin bağrında qartallar təki səkən,
Vətən kiçildənlərə dərmandı o dərrakən,
Misralar haray salıb təzim edir bu ada,
Yurdumun cəsur qızı, mərd ürəkli Raymonda!

Düzlüklə, təmizliklə, saflıqla peyman etdin,
Haqq deyib haray saldın, sən haqqa iman etdin,
Azərbaycan eşqini ürəyə fərman etdin,
Biz hamımız gedəri şərəf qalar dünyada,
Yurdumun cəsur qızı, mərd ürəkli Raymonda!

Adının mənasını vallah bilmirəm xanım,
Sənin o qeyrətinə qurban olsun bu canım,
Əldə tutduğun bayraq mənim şərəf ünvanım,
Güney- Quzey Qarabağ deyib yanır fəryada,
Yurdumun cəsur qızı, mərd ürəkli Raymonda!

Içində Vətən eşqi Güneyə işıq salıb,
Bütöv Azərbaycanın ürəyində ucalıb,
Bəzz qalası eşqinə özü heyrətdə qalıb,
Bir ocaq cat yığılsın o tay, bu tay bu oda,
Yurdumun cəsur qızı, mərd ürəkli Raymonda!

Qürurunun önündə qartallar səcdə edir,
Vətənin bütövlüyün dünyaya müjdə edir,
Ürəklər bir vurarkən bəs bu ayrılıq nədir?
Birləşsin yurd-yuvalar dəf olsun bu qan-qada,
Yurdumun cəsur qızı, mərd ürəkli Raymonda!

Bəzz qalası Babəkin ruhun bağrında gizlər,
Bütöv Vətən eşqini daş-dıvarda əzizlər,
Dilimiz kilidlənib hələ susuruq bizlər...
Sənin dəli harayın yatmışları oyada,
Yurdumun cəsur qızı, mərd ürəkli Raymonda!

Şadiman cəsurluğun önündə qəhərlənir,
Köləlik havasıyla bir çoxu zəhərlənir,
Düşmənə əyilməklə xainlər bəhərlənir,
Dillər ayrı havada, baxışları boyada,
Yurdumun cəsur qızı, mərd ürəkli Raymonda!
21.06.2018

Şirinxanım Kərimbəyli ŞADİMAN

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )