Azər HƏSRƏT: - Azərbaycanda islam basqı altındaymış…

Azər HƏSRƏT: Azərbaycanda islam basqı altındaymış…

Yenə də köhnə havanı çalırlar. Sən demə, Azərbaycanda islam dini sıxışdırılırmış!

Həyasızlığın bu qədərini də gördük! Adamlar yox yerdən bir iddia atıb ortaya, yarım qafalı beyinsizlər də o iddianı tirajlamaqla məşğuldur. Halbuki dönüb ətraflarına baxsalar görəcəklər və min dəfə əmin olacaqlar ki, Azərbaycan dövləti nəinki islam dinini sıxışdırmır, əksinə, bu dinin qorunması, ayaqda durması üçün hər il milyonlarla pul xərcləyir!

Azərbaycan, bir dövlət olaraq dünyəvidir. Din dövlətdən ayrıdır. Amma və lakin Konstitusiya vətəndaşlara vicdan – din azadlığını təmin edir. Şəxsən Prezident İlham Əliyev başda olmaqla hakimiyyətin uyğun vəzifə sahibləri vətəndaşlarımızın öz dini inanclarını icrası üçün bütün mümkün şəraiti təqdim edir. Belə olan halda dövlətin dini sıxışdırdığını iddia etmək üçün ya xəstə olmalısan, ya dəli, ya da hansısa xarici kəşfiyyat mərkəzlərinin uzantısı!

Elə məsələ də sonuncudur çox güman ki! Bu iddianı ortaya atanlar xarici düşmən mərkəzlərin uzantılarıdır, Azərbaycan insanının dinə həssas münasibətini yaxşı bilir, ondan sui-istifadə edərək ölkəni qarışdırmağa çalışırlar!

Azərbaycan sadəcə islam dininə deyil, dünyanın digər əsas dinləri olan xristianlıq və yəhudiliyə də qucaq açır, qayğı göstərir. Bizim ölkəmiz dünyanın ən nadir ölkələrindəndir ki, burada müsəlmanlar, xristianlar və yəhudilər qardaşcasına dinc yanaşı yaşayır, bir-birilərinin xeyir-şərində birlikdə iştirak edir. Hətta hər üç dinin önəmli günlərində bu dinlərin ən ali təmsilçiləri cəmiyyət qarşısına birlikdə çıxır.

Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev də bu məsələdə hamıya – bütün dünyaya örnək olacaq davranışlarla diqqət çəkir. Məhz onun belə yanaşması sayəsində islamın iki əsas məzhəbi olan sünnilik və şiəlik tərəfdarları vəhdət namazı qılır, bir-biriylə qucaqlaşır.

Yeri gəlmişkən: Bu din məsələsi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun illik toplantılarında da müzakirə edilir. Bəzi şəxslər var ki, o toplantılara gəlib məqsədli şəkildə Azərbaycanı hədəfə alır, guya islam dininin basqı altında olması rəyini yaratmağa çalışır. Yadımdadır, bu son illərdə belə şəxslərdən biri o toplantıda çıxış edərək Prezident İlham Əliyevi din düşməni kimi təqdim etməyə çalışdı. Təbii ki, buna biganə qalmadım və çıxış sıram çatanda ona cavab verdim, auditoriyanı da bilgiləndirdim. Qeyd etdim ki, bu adamın islam düşməni kimi təqdim etdiyi Azərbaycan Prezidenti Bakıda şəxsən Güney Qafqazın ən böyük məscidini tikdirib və o məsciddə növbəli şəkildə imamlıq etməklə şiə və sünni qardaşlarımız birlikdə namaz qılırlar. Belə bir şəxsin – liderin din düşməni elan edilməsi, təbii ki, qərəzlidir, əsassızdır.

Onu da əlavə edim ki, din düşməni kimi təqdim edilməyə çalışılan Azərbaycan dövləti 27 illik müstəqillik dönəmində Sovetlərin yox etdiyi və ya etməyə çalışdığı demək olar ki, bütün ibadət yerlərini – məscidləri, ziyarətgahları ən yüksək səviyyədə bərpa edib. Hələ bu azmış kimi müsəlmanların bir yerə toplaşıb dini vacibatlarını icra etməsi üçün yeni-yeni məscidlər tikib. Bunun nəticəsidir ki, bu gün ölkədəki məscidlərin sayı artıq orta məktəblərin sayının yarısı qədər olmaqla 2 mindən çoxdur. Heç bu da hamısı deyil. Dövlət, həm də ali dini təhsil üçün imkanlar yaradıb, hətta İslam Universiteti də qurub. Özü də dövlət təminatlı. Yəni belə bir mənzərə varkən heç kim iddia edə bilməz ki, Azərbaycan dövləti dinə hansısa formada əngəl olur. Əksinə, bizim dövlətimiz islam dinini himayəsinə götürüb, onun ayaqda durması üçün hər il milyonlarla pul xərcləyir.

Belə bir durumda Azərbaycanda islama basqı iddiasını ortaya atmaqda məqsəd nə ola bilər? Təbii ki, vətəndaşları qızışdırmaq, ölkəni qarışdırıb sonra həlli çox çətin olacaq təlatümlərə səbəb vermək. Məqsəd Azərbaycanı da Suriya, İraq, Liviya bataqlığına sürükləməkdir. Elə bir bataqlığa ki, burada heç bir vətəndaş bir saniyə belə özünü güvəndə hiss etməsin!

Bəs bu durum kimin əlinə işləyəcək? Əlbəttə ki, Azərbaycanın düşmənlərinin. Başda işğalçı Ermənistan olmaqla ona açıq və davamlı dəstək verən dövlətlərin. O cümlədən içimizdə dini bölücülük toxumları səpməkdə hamıdan irəli getmiş İranın və daim Azərbaycanı bu və ya başqa yöntəmlə öz nəzarətində saxlamaq istəyən Rusiyanın. Qərbi də unutmaq olmaz. Qərb də ölkədə dinə həssas münasibətin olduğunu yaxşı bilir və ona görə də lazım bildiyində bundan istifadə edir.

Və sonda: Bu təxribat baş tutarsa – insanlarımız ölkədə dinə basqı olması iddialarını tirajlayanların ardınca gedərsə nə baş verər? Qısa desək, sabitlik pozular, hər gün gözümüzün önündə bombalar partlayar, şəhərlərimiz, kəndlərimiz alt-üst olar. Suriyada olduğu kimi. Hərçənd bunların baş verəcəyinə inanmıram. Çünki Azərbaycan insanı yetərincə sayıqdır, savadlıdır, belə əməlləri dəfələrlə beşiyində boğmaq üçün bir nəfər kimi dövlətin yanında yer alıb. Bu dəfə də alacaq! 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )