Yaqub Mahmudov jurnalistləri təbrik edir -

Yaqub Mahmudov jurnalistləri təbrik edir

AZpress.AZ xəbər verir ki, 22 iyul, 2018-ci il Azərbaycan mətbuatının yaranmasının 143-cü ildönümüdür.

Bu xoş fürsətdən istifadə edərək Sizləri peşə bayramı münasibətilə təbrik edirəm!

Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazıb. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmışdır. Bu, ictimai fikir tariximizin böyük nailiyyətidir. Azərbaycan mətbuatı hazırda uğurlu inkişaf dövrünü yaşayır. Kütləvi informasiya vasitələrimiz (KİV) Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutaraq yüksək peşəkarlıq nümayiş etdirirlər. Prezident İlham Əliyev mətbuatımızın inkişafının qayğısına qalaraq Azərbaycan jurnalistlərinin bütün sosial problemlərini müntəzəm olaraq yüksək səviyyədə həll edir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu KİV ilə sıx əməkdaşlıq edir. İnstitutda ictimaiyyətlə əlaqələr şöbəsi fəaliyyət göstərir. Bu şöbə AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən yaradılıb. Nə qədər xoşdur ki, institutun gördüyü işləri mətbuatımız müntəzəm olaraq və yüksək səviyyədə ictimaiyyətə çatdırır.

Tarix İnstitutunun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institutumuza çox yüksək qiymət verib. Təsadüfi deyil ki, Tarix İnstitutu soyqırımı problemi üzrə Beynəlxalq Əlaqələndirmə Mərkəzinə çevrilib. Azərbaycan tarixinin saxtalaşdırılmış səhifələrinin yenidən yazılması və Azərbaycanın müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarının tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması institut əməkdaşlarının əsas tədqiqat obyektidir.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatları müntəzəm olaraq yayımladığınıza görə Sizlərə kollektivimiz adından və şəxsən öz adımdan təşəkkür edir və yeni-yeni uğurlar arzu edirəm.

 

Hörmətlə,

Yaqub Mahmudov

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )