Anomal istilərdə necə qorunaq?... -

Anomal istilərdə necə qorunaq?...

Şimali Afrikadan gələn isti hava kütlələri ölkə ərazisində temperaturun yüksəlməsinə səbəb olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, anomal istilər iyulun 2-ə qədər davam edəcək.

Bəs qızmar havadan özümüzü necə qoruya bilərik? Öncəliklə bol-bol maye qəbul etmək lazımdır. Həkimlər isti havada spirtli içkilərin istifadəsini tövsiyə etmirlər. Yaşıl çay fərahladıcı effektə malikdir, qara çay isə hərarəti artırır, qəhvə isə susuzluğun qarşısını almır, əksinə susuzluq yaradır. Kola və digər qazlı içkilərdə susuzluğa səbəb olur, üstəlik zərərlidir. Ona görə də, ən doğru seçim gündə 2 litrdən çox təbii su içməkdir. Beləliklə, 40+ temperaturda orqanizmin itirdiyi mayeni geri qaytara bilərik. Həmçinin, yaşıl çayla yanaşı meyvə çaylarından, nanə, reyhan dəmləməsindən istifadə etmək məsləhət görülür. Təkcə tər qoxusundan xilas olmaq üçün yox, həm də bədən temperaturunu nizamlamaq üçün tez-tez duş qəbul etməli, əl və ayaqlar, üz su ilə yuyulmalıdır.

Qidalanma da olduqca vacibdir. İsti havada qan qatılaşır, ürək-damar sistemində problem olan, xüsusilə də, çəkisi çox olan insanların təzyiqi yüksələ bilər.Buna görə də yağlı və qızartma yeməklərdən uzaq durmaq, daha çox sobada bişmiş və ya qaynadılmış qidalara müraciət etmək lazımdır.

 

Yayda ən çox baş verən hadisələrdən biri günvurmadır. Günvurmanın başın birbaşa gün şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində kəskin ağır vəziyyətin yaranmasıdır. Bu zaman beyinin qan damarları genişlənir və ona güclü qan axını baş verir. Bəzən xırda beyin qan damarlarının qırılması halı da baş verə bilir ki, bu da mərkəzi və periferik əsəb sisteminin pozulmasına gətirib çıxarır. Bəzi mütəxəssislər isti günlərdə saat 10:00-17:00 aralığında çölə çıxmamağı tövsiyə edir. Ancaq təbii ki, bir çoxları üçün bu saatlarda çölə çıxmamaq mümkün deyil, ən azı işləyənlər məcburən evdən çıxırlar. Günvurmanın qarşısını almaq üçün eynək, papaq və çətirdən istifadə etmək mütləqdir. Günvurma zamanı ani bir məqamda baş ağrısı, danışığın pozulması, baş gicəllənməsi, ürəkgetmə və hətta komaya da səbəb ola bilər. Günvurma həyati əhəmiyyət kəsb edən ürək, böyrək, qaraciyər, beyin kimi orqanların funksiyasının pozulması ilə də nəticələnir. Eyni zamanda bu saatlarda çimərliyə getmək, dənizə girmək də sərinləmək üçün yaxşı metod deyil, əksinə açıq dənizdə və ya hovuzda olarkən günəş birbaşa təsir edib, halsızlıq yarada bilər. Ona görə də çimərliyə səhər saatlarında və ya axşam 5-dən sonra, günün istisi azalanda getmək daha yaxşı olar.

Kölgədə, ya da çətirin altında dursaq belə günəş şuaları dəriyə ziyan verə bilər. Günəş şüalarından dərini qorumaq üçün gün əleyhinə sprey və kremləri dəriyə vurduqdan sonra evdən çıxmaq olar.

Həddindən artıq isti havada insanın nəfəs almasında ciddi problemlər yaşanır, bağrı partlayır. Geyindiyimiz paltarlar da bəzən bədən hərarətinin daha da yüksəlməsinə səbəb ola bilir. sintetik, rezin paltarlardan uzaq durmaq lazımdır. Çünki bədənin normal hava ilə təmin olunmasına bu geyimlər maneə törədir. Açıq rəng, yüngül, dar olmayan, kətan və ya pambıq geyimlər vücudun hava almasını təmin edir.

İsti havada idman etmək də məsləhət görülmür. İdman məşqləri qapalı və kondisionerli mərkəzlərdə və ya səhər tezdən günəş öz parlaq şüalırını yaymazdan əvvəl edilsə daha yaxşı olar.

Dəniz

Minval.info 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !