DÜNYA FUTBOL ÇEMPİONATI - - "Azərbaycan" qəzetinin şərhləri...

DÜNYA FUTBOL ÇEMPİONATI - "Azərbaycan" qəzetinin şərhləri...

Rusiya və Uruqvay 1/8 finalda

 

Rusiya - Misir - 3:1

Qol: Ahmet Fathi, 47 (avtoqol), Çerışev, 59, Dzyuba, 62 - Salah, 72 (pen.)

Baş hakim: Enrike Kaseres (Paraqvay)

Sankt-Peterburq, Şəhər stadionu

 

İyunun 19-da Rusiya-Misir matçı ilə A qrupunda 2-ci tura start verildi.

İlk dəfə mundialda 4 ərəb ölkəsi (Misir, Mərakeş, Səudiyyə Ərəbistanı və Tunis) təmsil olunur ki, onlardan da ikisi A qrupunda yer alıb. 1990-cı ildən sonra ilk dəfə dünya çempionatına qatılması Misir millisi üçün əsas motivasiyadır.

Heyətində bu il “Qızıl top”u qazanmağa əsas namizədlərdən olan Mohamed Salahın yer alması da komandaya əlavə üstünlük verir. Düzdür, Çempionlar Liqasının finalında çiyni zədələnən “Liverpul”lu hücumçunun hətta mundialda iştirakı sual altında olsa da, Rusiya ilə qarşılaşmada start heyətində yer almışdı.

Ümumiyyətlə, Salahla birlikdə Misir komandasının heyətində İngiltərədə çıxış edən 7 futbolçu var ki, onlardan “Arsenal”ın yarımmüdafiəçisi Mohamed Elneninin də adını çəkmək olar. Millinin 45 yaşlı qapıçısı və kapitanı Essam Əl-Hadari isə kolumbiyalı qapıçı Farid Mondraqonun nailiyyətini geridə qoymaqla mundiallar tarixinin ən yaşlı oyunçusu ola bilər.

Amma Misir komandasının son 6 yoldaşlıq görüşündə qələbəyə həsrət qalması faktı gələcək uğursuzluq üçün bir siqnal ola bilərdi. Gözlənilən də oldu. Düzdür, oyun planını əsasən rəqibi oynatmamaq üzərində quran misirlilər qapılarında bir neçə təhlükəli epizodla üzləşsələr də, rəqib futbolçuların qeyri-dəqiqliyi hesabın açılmasına mane oldu.

Fasilədən sonra da təzyiqi artıran Rusiya seçməsi Ahmet Fathinin avtoqolu sayəsində görüşdə hesabı açıb. Çerışev və Dzyubanın qollarına Misir seçməsində Mohamed Salah penaltidən vurduğu qolla qarşılıq verib. Beləliklə, doğma divarlar arasında 3:1 hesabı ilə qalib gələn Rusiya millisi 1/8 finala yüksəlib.

 

Uruqvay - S.Ərəbistanı - 1:0

Qol: Luis Suares, 23

Baş hakim: Kleman Turpen (Fransa)

Rostov, “Rostov Arena”

 

Dünən Uruqvay-S.Ərəbistanı matçı ilə A qrupunda 2-ci tura yekun vurulub. Dünya çempionatı ilk dəfə Uruqvayda keçirilən, ilk dəfə elə bu ölkənin komandasının çempionluğu ilə başa çatan yarışdır. İkiqat dünya çempionu adını daşıyan, DÇ-2010-da 4-cü yeri tutduqdan sonra DÇ-2014-də 1/8 finalda büdrəyən uruqvaylılar bu dəfə Rusiya mundialının əsas favoritlərindən biri hesab olunmasalar da, A qrupunda liderliyə əsas namizəddirlər. Qapısında Fernando Muslera, müdafiəsində Dieqo Qodin, hücumunda isə Luis Suarez və Edinson Kavani kimi futbolçuların oynadığı komandadan başqa nə gözləyəsən ki?! Uruqvay millisi son 3 yoldaşlıq görüşündə qalib gəlməklə də gücünü göstərə bilib.

Qrupun ilk matçında Misir yığmasını 1:0 hesabı ilə məğlub edən uruqvaylılar bu görüşün də açıq-aşkar favoriti idilər. Daha baxımlı futbol nümayiş etdirən Uruqvay 1:0 hesabı ilə qalib gələrək adını 1/8 finala yazdırıb. 

 

                                                                          ***

 

RONALDUNUN benefisi

 

Mərakeş - İran - 0:1

Qol: Aziz Buhadduz, 90+4 (avtoqol)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Sankt-Peterburq, “Krestovski” stadionu

 

İyunun 15-də Mərakeş- İran matçı ilə B qrupunda mübarizəyə start verildi. Mərakeş millisi, yəqin ki, çoxlarının xatirində Braziliyanın 1998 mundialında gözlənilmədən Norveçə uduzaraq (1:2) qrupdan çıxmasına imkan vermədiyi komanda kimi qalıb. Həmin haqsızlıq mərakeşlilərə necə təsir etmişdirsə, növbəti dörd dünya çempionatına qatıla bilməmişdilər.

İndi isə təxminən bir ildir ki, məğlubiyyət nə olduğunu bilməyən, mundial ərəfəsində keçirdikləri 5 oyundan 4-də qalib gələn Mərakeş DÇ-1986-dakı uğurlarını (1/8 final), çətin, təkrarlasınlar. Baxmayaraq ki, heyətlərində “Real Madrid” (19 yaşlı müdafiəçi Əşrəf Hakimi), “Yuventus” (müdafiəçi Mehdi Benatia), “Qalatasaray” (yarımmüdafiəçi Yunes Belhanda) kimi klubların futbolçuları var.

İran komandası bizim üçün həmişə heyətindəki cənubi azərbaycanlı futbolçuların çıxışı baxımından maraqlı olur. İran millisinin heyətində Ərdəbil doğumlu Kərim Ansarifardın oyunu xüsusilə diqqət cəlb edir. Yunanıstanın “Olimpiakos” klubunda forma geyinən Kərim ötən mövsümü 17 qolla başa vurub.

Son 6 yoxlama oyununda 4 qələbə və 2 məğlubiyyətə imza atan İran millisinin mundialın iştirakçıları arasında ilk olaraq Rusiyaya gəlməsi də diqqət çəkir.

Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi görüş bəlkə də mundialın ən baxımsız oyunları sırasında ilk 3-lüyə düşər. Yekunda Aziz Buhadduzun avtoqolu İran yığmasına qələbə qazandırdı.

 

Portuqaliya - İspaniya - 3:3

Qollar: Ronaldu, 4 (pen.), 45, 88 - Dieqo Kosta, 25, 55, Naço, 58

Baş hakim: Canluka Rokki (İtaliya)

Soçi, “Fişt” stadionu

 

Qrupun digər matçı isə bol qolla yadda qaldı. Portuqaliya-İspaniya matçında 6 qol vuruldu. Portuqaliya Rusiya mundialına Avropa çempionu kimi gəlib. Komandanın yenə əsas ümidi Kriştianu Ronaldudur. Onunla portuqallar ən yaxşı halda DÇ-2006-da 4-cü yeri tutublar. Ümumiyyətlə, bundan əvvəl 3 mundiala qatılan portuqaliyalı futbolçunun şəxsi statistik göstəriciləri belədir: 13 oyun, 3 qol və 2 sarı vərəqə. Yeri gəlmişkən, dünya çempionatlarının seçmə turnirində 30 qol vuran Ronaldu bu göstəricidə avropalılar arasında rekordçudur. İspaniya ilə matçda da het-trikə imza atan Ronaldu Portuqaliyanı məğlubiyyətdən xilas etdi. İspaniyada isə Dieqo Kosta (2) və Naço fərqlənib.

İki dəfə Avropa, 1 dəfə də dünya çempionu olduqdan sonra DÇ-2014 (qrupda 3-cü yer) və Avro-2016-da (1/8 final) uğursuz çıxış edən İspaniya millisi Xulen Lapoteginin rəhbərliyi altında keçirdiyi 20 oyunun heç birində məğlub olmamışdı: 14 qələbə və 6 heç-heçə. Martda Argentina ilə yoldaşlıq görüşündəki 6:1 hesablı qələbə, ötən il isə İtaliyaya 3:0 hesabı ilə qalib gəlmələri ispanların gücündən xəbər verirdi.

Amma “Real”la müqavilə bağlaması səbəbindən Lapoteginin mundialdakı ilk oyunlarına iki gün qalmış baş məşqçi vəzifəsində millinin idman direktoru Fernando Yerro ilə əvəzlənməsinin ispanların Rusiyadakı çıxışına necə təsir edəcəyi maraqla gözlənilirdi.

Yeri gəlmişkən, DÇ-2010-da çempionluğa görə hərəyə 600 min avro mükafat alan İspaniya millisinin oyunçularına Rusiya mundialının qalibi olacaqları təqdirdə 825 min avro vəd olunub.

 

Portuqaliya - Mərakeş - 1:0

Qol: Kriştianu Ronaldo, 4

Baş hakim: Mark Giger (ABŞ)

Moskva, “Lujniki stadionu”

 

Dünən Portuqaliya - Mərakeş matçı ilə B qrupunda 2-ci tura start verildi. Hakimin start fitindən sonra təzyiqi artıran portuqaliyalılar 4-cü dəqiqədə arzularına çatdılar. Kriştianu Ronaldu vurduğu qolla komandasını hesabda irəli çıxartdı. Bundan sonra görüşdə daha çox qol vurulacağı gözlənilsə də, hər iki tərəf bir neçə qol epizodunu boşa verdi. Nəticədə 1:0 hesabı ilə qələbə qazanan Portuqaliya qrupda liderliyə yüksəldi.

 

İran - İspaniya - 0:1

Qol: Dieqo Kosta, 54

Baş hakim: Andres Kunya (Uruqvay)

Kazan, “Kazan Arena”

 

Qrupun digər matçında isə İran və İspaniya yığmaları üz-üzə gəldilər. Hamı ispanların görüşü rahat qələbə ilə başa vuracağını gözləsə də, olmadı. İlk hissədə İranın müdafiə xətti İspaniyanın hücumunu böyük ustalıqla dəf etməyi bacardı. Xüsusilə İniyesta və İskonun oyun qurmasına mane olan İran əks hücumlardan fərqlənməyi düşünürdü. Bütün cəhdlərə baxmayaraq, ilk hissədə qol olmadı.

Fasilədən sonra taxtiki gedişdə dəyişiklik edən və hücumlarının sayını artıran ispanlar 54-cü dəqiqədə arzularına çatdılar. Dieqo Kosta müdafiəçilərin kobud səhvindən istifadə edərək hesabı açdı.

Qoldan sonra hücuma atılan İran millisi oyunu meydançanın rəqibə aid hissəsində qurmaq istəyirdi. Lakin ispanların presinq tətbiq etməsi ötürmələrdə qeyri-dəqiqliyə səbəb olurdu. Bunlara baxmayaraq, iranlıların hesabı bərabərləşdirmək üçün imkanları var idi. Ancaq qeyri-dəqiqlik mundialda növbəti sürprizin qeydə alınmasına mane oldu.

Beləliklə, 1:0 hesabı ilə qələbə qazanan İspaniya yığması xalların sayını 4-ə çatdırdı.

 

                                                                                 ***

 

Oyun yox, nəticə var

 

Fransa - Avstraliya - 2:1

Qol: Antuan Qrizman, 58 (pen.); Aziz Behiç, 81 (avtoqol) - Mayl Yedinak, 62 (pen.)

Baş hakim: Andres Kunya (Uruqvay)

Kazan, “Kazan Arena”

 

İyunun 16-da C qrupuna Fransa-Avstraliya qarşılaşması ilə start verildi. Görüşdə fransızlar A.Qrizmanın vurduğu penalti zərbəsindən sonra hesabda irəli çıxdılar. Avstraliya yığması 62-ci dəqiqədə penalti zərbəsi ilə hesabdakı tarazlığı bərpa etdi. Lakin 81-ci dəqiqədə Aziz Behiçin avtoqolu Fransa yığmasına 2:1 hesablı qələbə qazandırdı.

Əfsanəvi Valeri Lobanovskinin məşhur fikri var: “Oyun unudulur, nəticə isə qalır”. C qrupunda yer alan komandalar mundial ərəfəsində uğurlu nəticələr göstərsələr də, onlardan yalnız ikisi 1/8 finala çıxa biləcək.

Son bir ildə keçirdiyi 12 oyunun cəmi birində məğlubiyyət (martda yoldaşlıq görüşündə Kolumbiyaya 2:3 hesabı ilə) acısı yaşayan Fransa millisi, şübhəsiz, DÇ-2018-in əsas favoritlərindən biridir. Fransızların istənilən müdafiəni yara biləcək yarımmüdafiə və hücum xətti var. “Barselona”nın hədəfində olan Antuan Qrizman (“Atletiko Madrid”) və hazırda bu klubda oynayan Ousman Dembele, “Çelsi”də çıxış edən Olivye Jiru və N'Qolo Kante, həmçinin Pol Poqba (“Mançester Yunayted”) və mundialın ən gənc oyunçularından biri 19 yaşlı Kilian Mbappeni (“Pari Sen-Jermen”) nümunə göstərmək olar.

Fransa ilə görüşdə də göründü ki, DÇ-2010-da Hollandiyanı finala çıxaran baş məşqçi Bert van Marveyk hazırda rəhbərlik etdiyi Avstraliya komandası ilə bu uğuru təkrarlaya bilməyəcək.

Əvvəl çıxış etdiyi 4 mundialda yalnız bir dəfə 1/8 finala çıxan (DÇ-2006) avstraliyalıların həmin nailiyyəti belə təkrarlaya biləcəkləri inandırıcı görünmür. Düzdür, avstraliyalılar son Asiya çempionlarıdır (2015), həm də keçirdikləri son 9 oyunda cəmi bir dəfə məğlub olublar. Amma hazırkı heyətlə onlar çətin ki, qrupdan çıxa bilsinlər.

 

Peru - Danimarka - 0:1

Qol: Yusuf Poulsen, 59

Baş hakim: Bakari Qassama (Qambiya)

“Saransk, “Mordoviya Arena”

 

C qrupunun digər matçında isə Peru ilə Danimarka seçmələri üz-üzə gəldilər. 59-cu dəqiqədə Yusuf Poulsenin yeganə qolu Danimarkaya 3 xalı qazandırdı.

1982-ci ildən sonra ilk dəfə mundiala qatılan Peru komandası 2017-ci ildən başlayaraq məğlubiyyət nə olduğunu bilmirdi. Ümumilikdə 15 oyunda 10 qələbə qazanmışdı, bu il keçirdiyi 5 yoldaşlıq görüşünün 4-ündə rəqiblərindən güclü olmuşdu.

Cənubi Amerika təmsilçisinin aparıcı simaları dopinq qalmaqalına görə mundialı buraxması gündəmdə olan, amma məhkəmə tərəfindən oynamasına icazə verilən Paolo Gerrero və uzun müddət “Şalke”də çıxış etmiş, indisə Moskva “Lokomotiv”inin formasını geyinən Cefferson Farfandır.

İlk dəfə Skandinaviyanın 3 ölkəsinin dünya çempionatında təmsil olunduğu diqqət çəkir ki, onlardan da biri Danimarkadır. Yanvarda bu komanda ikinci heyətlə Birləşmiş Ərəb Əmirliklərindəki turnirdə iki məğlubiyyətlə üzləşsə də, əsas heyət 2016-cı ilin noyabrından bəri uduzmur: 8 qələbə və 7 heç-heçə. Seçmə yarışda Polşaya 4:0, pley-offda isə səfərdə İrlandiyaya 5:1 hesabı ilə qalib gələn və əsas ulduzu “Tottenhem”li Kristian Eriksen olan Danimarka millisi də mundialda sürprizə imza ata bilər.

 

                                                                                  ***

 

Sambaçılar təəccübləndirdi

 

Kosta-Rika - Serbiya - 0:1

Qol: Aleksandr Kolarov, 56

Baş hakim: Malanq Diedhiu (Seneqal)

Samara, “Samara Arena”

 

İyunun 17-də E qrupunda ilk tura yekun vurulub. Günün ilk matçında Aleksandr Kolarovun vurduğu qolla Serbiya millisi - Kosta-Rikadan güclü olub.

Oyunçularının orta yaşı 29,6 olan Kosta-Rika millisi mundialın ən yaşlı iki komandasından biridir. Şübhəsiz, kosta rikalıların əsas ulduzu Madrid “Real”ının 31 yaşlı qapıçısı Keylor Navasdır. Komandanın son 10 oyundan 6-sında məğlub olması isə gələcəyə nikbin baxmağa imkan vermir. Amma unutmayaq ki, Kosta-Rika DÇ-2014-də sensasiyaya imza ataraq yarımfinala çıxmağa yaxın olmuşdu - 1/4 finalda penaltilər seriyasında Hollandiya yığmasına uduzmuşdular.

Həm DÇ-2006, həm də DÇ-2010-da qrupda qalan Serbiya millisinin Rusiya mundialının seçmə turnirində İrlandiya, Uels və Avstriya kimi komandaları qabaqlaması gözlənilməz olmuşdu. Mundial ərəfəsində 4 yoldaşlıq görüşü keçirən serblər onlardan 2-sində qalib gəlib,

2-sində isə uduzublar.

Serbiya komandasının “20 nömrəsi”nə xüsusi diqqət: Zinəddin Zidanla müqayisə edilən “Latsio”nun 23 yaşlı hücuma meyilli yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçə görə Madrid “Real”ının hətta 150 milyon avro ödəməyə hazır olduğu bildirilir.

 

Braziliya - İsveçrə - 1:1

Qollar: Koutinyo, 20 - Suber, 50

Baş hakim: Sezar Ramos (Meksika)

Rostov, “Rostov Arena”

 

Qrupun ən sürpriz nəticəsi “Rostov Arena”da qeydə alındı. Braziliya yığması İsveçrə ilə heç-heçə oynayaraq azarkeşlərini məyus etdi.

İştirak etdiyi hər mundialın favoriti sayılan “pentakampeon”lar “eksakampeon” (6 qat çempion) olacaqlarmı? Sonuncu dəfə 2002-ci ildə dünya kubokuna sahib çıxan Braziliya millisi ondan sonrakı iki çempionatda 1/4 finalda mübarizəni dayandırıb, öz evində keçirilən DÇ-2014-də isə 4-cü yeri tutub.

“Fərdi olaraq bütün futbolçular yaxşı olsa da, biz hələ komanda deyilik və Neymar təklikdə bizə dünya çempionluğunu qazandıra bilməyəcək” - deyən Pelenin həmişə proqnozlarının əksinin olduğu artıq hamıya bəllidir.

Komanda Rusiya mundialı ərəfəsində 100 faizli nəticə göstərib. Bu il 4 oyunda qol buraxmadan 4 qələbə qazanıb. Ümumiyyətlə, baş məşqçi Titenin rəhbərliyi ilə braziliyalılar 21 oyundan 17-sində qalib gəlib, yalnız bir il əvvəl yoldaşlıq görüşündə argentinalılara məğlub olublar-0:1.

İsveçrə millisi də 2016-cı ilin sentyabrından bəri 17 qarşılaşmadan yalnız birində məğlub olub. Son üç mundialda iki dəfə 1/8 finala çıxan isveçrəlilər həmin nailiyyəti yüksəltməyə çalışacaqlar. Əsas ulduzu “Stok Siti”də çıxış edən Cerdan Şakiri olsa da, Braziliya ilə qarşılaşma göstərdi ki, İsveçrə “bir oyunçunun komandası” deyil.

 

                                                                                ***

 

Mundialın ilk sürprizi

 

Argentina - İslandiya - 1:1

Qollar: Serxio Aquero, 19 - Alfred Finnboqason, 23

Baş hakim: Şimon Marçinyak (Polşa)

Moskva, “Spartak” stadionu

 

Mundialın ilk sürpriz nəticəsi D qrupunda qeydə alındı. Çempionatın favoritlərindən sayılan Argentina İslandiya ilə heç-heçə oynayaraq (1:1) futbol dünyasını təəccübləndirdi. Argentina İslandiya ilə qarşılaşmada zəif çıxış etsə də, heyətində Lionel Messi kimi futbolçu varsa, deməli, mundialın əsas favoritlərindən biri sayılır. Eyni zamanda hücum xəttində Serxio Aguero (“Mançester Siti”) və “Yuventus”lu cütlük - Qonsalo İquain və Paolo Dibala kimi futbolçular da var.

Amma argentinalıların Messisiz necə oynadıqlarını bilmək üçün martda İspaniya (1:6) və ötən ilin noyabrında Nigeriya (2:4) ilə yoldaşlıq görüşlərinin nəticələrinə baxmaq kifayətdir.

2004-cü ildən bəri bir dəfə dünya çempionatında (DÇ-2014), 4 dəfə də Amerika kubokunda finalda uduzan Argentina millisi DÇ-2018-in ən yaşlı komandasıdır (29,6 yaş).

Rusiya mundialında 32 komandadan 20-nin 2014-cü il dünya çempionatında iştirak etməsi diqqət çəkir. DÇ-2018 həmçinin Avropadan İslandiya, Mərkəzi Amerikadan Panamanın debütü ilə yadda qalır. Özü də İslandiya əhalisinin sayına görə (348580 nəfər) dünya çempionatlarına qatılan ən kiçik ölkədir. Rusiyada onlardan hər sürprizi gözləmək olar.

 

Xorvatiya - Nigeriya - 2:0

Qollar: Oqenekaro Etebo, 23 (avtoqol), Luka Modriç, 71 (pen.)

Baş hakim: Sandro Riççi (Braziliya)

Kalininqrad, “Kalininqrad” stadionu

 

D qrupunun digər matçında isə Xorvatiya və Nigeriya komandaları üz-üzə gəldilər. Oqenekaro Etebonun avtoqolu və Luka Modriçin dəqiq penalti zərbəsi sayəsində 2:0 hesabı ilə qalib gələn xorvatlar 3 xalı hesablarına yazdırdılar.

Xorvatiya millisi bu il keçirdiyi 4 yoldaşlıq görüşünün 2-də qalib gəlib, 2-də də məğlub olub. Debüt etdiyi 1998 mundialında 3-cü yeri tutan xorvatlar bundan sonra iştirak etdikləri üç dünya çempionatında qrupdan çıxa bilməyiblər. Heyətində “Real Madrid” (Luka Modriç, Mateo Kovaçiç), “Barselona” (İvan Rakitiç) və “Yuventus” (Mario Mandukiç) kimi klubların futbolçuları var.

Nigeriya millisi isə bundan əvvəl qatıldığı 5 mundialdan üçündə 1/8 finala çıxsa da, komandanın son vaxtlardakı nəticələri ümidverici deyil. 2015-ci və 2017-ci illərin Afrika Millətlər Kubokuna vəsiqə qazana bilməyən nigeriyalılar bu il keçirdikləri 6 yoxlama oyunundan 4-də məğlub olublar.

Rusiya mundialında ən gənc heyətə (orta yaş 25,9) malik olan “Super qartallar”ın ən təcrübəli futbolçusu vaxtilə “Çelsi”də oynamış 31 yaşlı yarımmüdafiəçi Con Obi Mikel, komandanın qol ümidi isə ÇSKA-dakı çıxışı ilə tanınan hücumçu Ahmed Musadır. Bu həmin Musadır ki, Ramazan ayında vətənində borcuna görə həbs olunmuş 40 nəfərin pulunu ödəyərək onları azadlığa buraxdırıb.

 

                                                                               ***

 

Almanlardan uğursuz start

 

Almaniya - Meksika - 0:1

Qol: Irvinq Losan, 35

Baş hakim: Alireza Faqani (İran)

Moskva, “Lujniki” stadionu

 

İngiltərənin tanınmış veteran futbolçusu Qari Linekerin “Futbol sadə oyundur, 22 nəfər 90 dəqiqə topun dalınca qaçır, yekunda isə almanlar qalib gəlir” fikri bu dəfə özünü doğrultmadı. Belə ki, F qrupunun ilk matçında Meksika millisi ilə qarşılaşan almanlar 0:1 hesabı ilə uduzaraq mundiala məğlubiyyətlə başladılar.

Çempionluğu qazanmaq nə qədər çətindirsə, bu titulu qorumaq ondan da çətindir. DÇ-2014-ün qalibi olan Almaniya millisi italyanların 1938-ci il və braziliyalıların 1962-ci il mundialında bacardığını təkrarlamağa çalışacaq.

Meksika millisinin iştirak etdiyi son 6 mundialın hamısında qrup mərhələsini adlaması, amma 1/8 finalda ilişib qalması ilə diqqət çəkir. Bu komanda ən yaxşı halda öz ölkəsində keçirilən 1970-ci və 1986-cı il mundiallarında 1/4 finala çıxa bilib. Yeri gəlmişkən, Meksika millisinin yarımmüdafiəçisi Manuel Neqretenin 1986-cı ildə bolqarlarla oyunda qayçı zərbəsiylə vurduğu məşhur qolun,

FİFA-nın aprel ayında “Facebook”da keçirdiyi sorğuya əsasən, dünya çempionatları tarixinin ən yaxşı qolu seçilməsi də, yəqin ki, meksikalılara əlavə stimul verəcək.

Rusiya mundialında ən yaşlı komandalardan biri (orta yaş - 29,4) olan Meksika millisinin 39 yaşlı müdafiəçisi Rafael Markes özünün 5-ci dünya çempionatına qatılır. Son 4 hazırlıq matçının yalnız birində qələbəyə sevinən komandanın qol ümidi isə Çiçarito ləqəbli Xavyer Ernandesdir.

 

İsveç - Cənubi Koreya - 1:0

Qol: Qrankvist, 65 (pen.)

Baş hakim: Xoel Aqilar (Salvador)

Nijni Novqorod, Şəhər stadionu

 

F qrupunun digər matçında isə İsveçlə C.Koreya yığmaları üz-üzə gəldilər. Matçın taleyini 1 qol həll edib. Belə ki, Andreas Qranqvistin penaltidən vurduğu yeganə top İsveçə 3 xal qazandırıb.

İsveçlilər DÇ-1994-də 3-cü yeri tutduqdan sonra keçirilən 5 mundialın yalnız ikisində iştirak edib və 1/8 finala çıxa biliblər. Unutmayaq ki, İsveç millisi italyanları Rusiya mundialından kənarda qoyan komandadır.

Yeri gəlmişkən, millidə sonuncu oyununu 2016-cı ildə keçirən və o vaxt yığmada karyerasını bitirdiyini elan etmiş Zlatan İbrahimoviç mundial ərəfəsində “Dünya çempionatına gedəcəyəm” deməklə azarkeşlərini yenidən İsveç komandasına mümkün qayıdışı ilə bağlı ümidləndirsə də, baş məşqçi bunun mümkünsüzlüyünü qeyd etmişdi.

Ardıcıl 9-cu mundialda çıxış edən Cənubi Koreya millisi DÇ-2002-də 4-cü yer tutub, DÇ-2010-da isə 1/8 finala çıxa bilib. Son 6 yoldaşlıq görüşünün yalnız birində qalib gələn koreyalıların indi həmin nailiyyətləri təkrarlayacağı inandırıcı görünmür.

Rekord sayda - 3 dəfə, o cümlədən 2017-ci ildə “Asiyanın ən yaxşı beynəlxalq oyunçusu” (yəni qitədən kənarda çıxış edən ən yaxşı oyunçu) adına layiq görülən “7 nömrə” Son Hun Min Cənubi Koreya komandasının əsas qol ümidi sayılır. Lakin İsveçlə matçda heç də özünü yaxşı tərəfdən göstərə bilmədi. 2015-ci ildən “Tottenhem”in şərəfini qoruyan 25 yaşlı forvardın karyerası ərzində iki dəfə Premyer Liqada ayın oyunçusu seçilib

                                                                                 

                                                                                    ***

 

İngilislər son dəqiqədə sevindilər

 

Belçika - Panama - 3:0

Qollar: Dris Mertens, 47; Romelu Lukaku, 69, 75

Baş hakim: Canni Sikazu (Zambiya)

Soçi, “Fişt” stadionu

 

G qrupunda mübarizəyə Belçika-Panama matçı ilə start verilib. Turnirin favoritlərindən sayılan belçikalılar rəqibini asanlıqla üstələyib - 3:0.

Xatırladaq ki, 1986-cı il mundialında 4-cü yeri tutan Belçika millisi DÇ-2014-də ən yüksək nailiyyətini təkrarlamağa yaxın olsa da, yarımfinal ərəfəsində argentinalılara uduzmuşdu (0:1). Avro-2016-da da 1/4 finalda büdrəyən belçikalılar 2016-cı ilin sentyabrından bəri məğlubiyyət nə olduğunu bilmirlər və bu müddətdə 19 oyundan 14-də qələbə qazanıblar.

Rusiya mundialının gizli favoritlərindən hesab olunan Belçika komandasının 11 oyunçusu İngiltərə Premyer Liqasında çıxış edir ki, onlardan da qapıçı Tibo Kurtua (“Çelsi”), müdafiəçilər - 102 oyunla millinin formasını hamıdan çox geyinmiş Yan Vertongen (“Tottenhem”) və Vinsen Kompani (“Mançester Siti”), yarımmüdafiəçi Kevin De Bröyne (“Mançester Siti”) və hücumçular - 36 qolla millinin bütün dövrlər ərzində ən sərrast oyunçusu Romelu Lukaku (“Mançester Yunayted”) və Eden Hazarı (“Çelsi”) qeyd etmək mümkündür.

DÇ-2018-in iki debütantından biri olan Panama millisindən heç kim böyük nəticələr gözləmir. Panamalılar öz qitələrində də ən yaxşı halda iki dəfə vitse-çempion olublar (2005-ci , 2013-cü illərdə). Son 7 yoxlama oyununda cəmi 1 qələbə qazanması və o cümlədən Belçikaya 0:3 hesabı ilə uduzması da komandanın zəifliyindən xəbər verir.

Maraqlıdır ki, Panama millisinin 5 futbolçusu Avropada çıxış edir ki, onlar da “Dinamo Buxarest” (Rumıniya) və “Dunayska Streda” (Slovakiya) klublarında, həmçinin “Gent” (Belçika) və “Deportivo La Korunya”nın (İspaniya) ikinci komandalarında forma geyirlər.

 

Tunis - İngiltərə - 1:2

Qollar: Fercani Sassi, 35 (pen.) - Harri Keyn, 11, 90+1

Baş hakim: Vilmar Roldan (Kolumbiya)

Volqoqrad, “Volqoqrad Arena”

 

G qrupunun digər matçında isə Tunis və İngiltərə yığmaları görüşüblər. Hamı ingilislərin asanlıqla qalib gələcəklərini düşünsə də, bu olmadı. Çətinliklə olsa da, kapitan Harri Keynin dublu ingilislərə qələbə qazandırdı. Tunis millisi nümayiş etdirdiyi əzmkar oyunla digər görüşlər üçün azarkeşlərində ümid yaratdı.

1998-2006-cı illərdə ardıcıl 3 mundiala qatıldıqdan sonra iki dünya çempionatını buraxan Tunis millisi heç vaxt qrup mərhələsini adlaya bilməyib. “Karfagen qartalları”nın bu uğursuzluğu Rusiya mundialında durduracaqları inandırıcı görünmür. Ancaq İngiltərə ilə qarşılaşma azarkeşlərdə az da olsa, ümid qığılcımı yarada bildi.

Maraqlıdır ki, heyətində tanınmış futbolçu olmayan komandanın DÇ-2018-də oynamaq təklifini Almaniya millisinin üzvü Sami Xediranın “Auqsburq”da çıxış edən 24 yaşlı yarımmüdafiəçi qardaşı Rani Xedira qəbul etməyib.

Bu matça kimi bir ildir uduzmayan İngiltərə millisi keçirdiyi 10 oyundan 7-də qələbə qazanıb. DÇ-2014-də gözlənilmədən qrupda sonuncu yeri tutan ingilislər həmin uğursuzluğun təsadüf olduğunu Rusiyada sübut etməyə çalışacaqlar.

Xüsusilə İngiltərə millisinin Harri Keyn (“Tottenhem”), Rahim Sterlinq (“Mançester Siti”), Ceymi Vardi (“Lester”), Danni Uelbek (“Arsenal”) və Markus Reşforddan (“Mançester Yunayted”) ibarət hücum xətti çox vahiməli görünür.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

 

                                                                              ***

 

Tarixə düşən qələbə

 

Kolumbiya - Yaponiya - 1:2

Qollar: Xuan Kintero, 39 - Sindzi Kaqava, 6 (pen.); Yuya Osako, 73

Qırmızı vərəqə: Karlos Sançes, 3

Baş hakim: Damir Skomina (Sloveniya)

Saranks, “Mordoviya Arena”

 

Kolumbiya-Yaponiya matçı il qrupda mübarizəyə start verildi. Daha əzmkar oyun nümayiş etdirən yaponlar 2:1 hesabı ilə qələbə qazandılar. Bu qalibiyyət eyni zamanda tarixə düşüb. Belə ki, bu vaxta qədər heç bir mundialda Asiya təmsilçisi Cənubi Amerika komandasına qalib gələ bilməmişdi.

Görünür, ötən əsrin 90-cı illərində üç mundialda çıxış etmiş, gur saç düzümü ilə yadda qalan kolumbiyalı Karlos Valderramanın arzusu ürəyində qalacaq. 56 yaşlı keçmiş futbolçu Kolumbiya millisinin dünya çempionu olacağı təqdirdə saçını dibindən qırxdıracağına söz verib. Lakin yaponlarla qarşılaşma Kolumbiyanın mundiala heç də istənilən səviyyədə hazır olmadığını nümayiş etdirdi.

Bu komanda DÇ-2014-də 1/4 finala çıxaraq tarixinin ən yüksək nailiyyətinə imza atmış, futbolçusu Xames Rodriges isə 6 qolla mundialın bombardiri olmuşdu.

Yaponiya millisi isə dünya çempionatının başa çatmasına 2 ay qalmış komandanı final mərhələsinə çıxaran baş məşqçi Vahid Halilhodjiçi istefaya göndərməklə gündəmə gəlmişdi.

Bu il keçirdikləri 5 yoldaşlıq görüşünün 3-də uduzan yaponlar yalnız mundialın startına iki gün qalmış paraqvaylılarla hazırlıq matçında qələbəyə seviniblər - 4:2. Komandanın qol ümidi “Lester”də çıxış edən 32 yaşlı hücumçu Sindzi Okadzakidir. Ondan başqa, təcrübə baxımından vaxtilə “Milan”da çıxış etmiş 31 yaşlı yarımmüdafiəçi Keysuke Honda və Dortmund “Borussiya”sının 29 yaşlı yarımmüdafiəçisi Sindzi Kaqavanı da fərqləndirmək mümkündür.

1998-ci ildən mütəmadi dünya çempionatlarına qatılan və 5 mundialdan ikisində 1/8 finala çıxan yaponların bu dəfə də qrupda uğurla çıxış edəcəklərini proqnozlaşdırmaq olar.

 

Polşa - Seneqal - 1:2

Qollar: Krixkovyak, 86 - Sionek, 38 (avtoqol), Mbaye Nianq, 60

Baş hakim: Navaf Şükrülla (Bəhreyn)

Moskva, “Spartak” stadionu

 

H qrupunun digər matçında Polşa millisi Seneqal seçməsi ilə qarşılaşdı. Ötən əsrin 70-80-ci illərində qızıl dövrünü yaşayan Polşa millisi ondan sonra DÇ-2002 və DÇ-2006-da iştirak etmiş və qrupda qalmışdı. Rusiya mundialı ərəfəsində isə komanda keçirdiyi 4 yoldaşlıq görüşündə 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətə imza atıb.

Polşalıların əsas qol ümidi “Bavariya”nın (Almaniya) 29 yaşlı forvardı Robert Levandovskidir. O, 16 qolla DÇ-2018-in seçmə mərhələsində Avropa zonasının bombardiri olub. Ümumiyyətlə, Levandovski 55 qolla Polşa millisinin bütün dövrlər ərzində ən məhsuldar oyunçusudur.

Lakin polşalılar mundiala istədikləri kimi başlaya bilmədilər. Daha baxımlı və mübariz oyun nümayiş etdirən Seneqal 2:1 hesabı ilə qalib gələrək DÇ-2018-ə 3 xalla başladı.

Seneqal millisində UEFA Çempionlar Liqasının finalçısı İngiltərənin “Liverpul” komandasının ulduzu Sadio Manenin çıxışı xüsusilə diqqət çəkdi. 26 yaşlı cinah oyunçusu 2016-cı ildə “Afrikanın ən yaxşı futbolçusu” sorğusunda 3-cü, ötən il isə 2-ci yeri tutub. O, həmçinin “Liverpul”da debüt etdiyi 2016-2017-ci il mövsümündə komandanın ən yaxşı futbolçusu seçilib.

Bundan əvvəl yalnız 2002-ci ildə mundialda çıxış edən Seneqal millisi o vaxt sensasiyalı şəkildə 1/4 finala çıxmış və yalnız türk İlhan Mansızın “qızıl qol”u üzündən mübarizəni dayandırmışdı. Yeri gəlmişkən, həmin komandanın ulduzlarından biri El Haci Diuf liberiyalı Corc Veanın ölkəsində prezident seçilməsindən ruhlanaraq bu günlərdə siyasətlə məşğul olacağını açıqlayıb.

AZƏRBAYCAN

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,