Telefon tapmışdım... - - Firuz Mustafa

Telefon tapmışdım... - Firuz Mustafa

Çoxdanın söhbətidir. Nəşriyyata gedirdim. Gördüm ki, avtobusda sıxlıqdır, düşüb bir az da piyada getməyi qərara aldım. “Mətbuat” prospektini maşın və piyadaların gur hərəkət yeri kimi tanıyırıq. Amma görünür, havaların isti olduğu səbəbindən piyadaların qaynaşdığı enli səkidə gəliş-gediş az idi.
Bir neçə addım atmışdım ki, asfalt yolun kənar tədəfində yay günəşinin şəfəqləri altında parıldayan telefon diqqətimi cəlb etdi. Əvvəlcə ötüb keçmək istədim. Sonra düşündüm ki, telefon tezliklə maşınlardan birinin təkəri altında qalıb xıncımlanacaq. Yaxşısı budur ki, götürüb kənara, səkinin üstə qoyum. Əyilib telefonu yoldan götürdüm. Telefonların keyfiyyətindən başım çıxmır. Amma yaraşıqlı idi. İndi nə etməli? Əgər telefonu maşın yolundan götürüb səkiyə qoysaydım bunun nə əhəmiyyəti olacaqdı ki? Yaxşısı budur, nömrələrdən birinə zəng edim. Hər halda adı yaddaşda olan adamlardan kimsə tanımalıdır bu telefonun sahibini.
Amma heç bir nömrəni yığa bilmədim. Sanki telefon ya donmuş, ya da “qıfıllanmışdı”. Nəşriyyat yaxınlıqda idi. Girişdə dayanmış polis nəfərinə hal-qəziyyəni danışdım. O, telefona ötəri baxıb dedi ki, yəqin kodlaşdırılıb, ona görə açılmır. Dedim ki, bəs nə edim? Bəlkə telefon sizdə qalsın? Məni az-çox tanıyan gənc asayış keşikçisi dedi ki, adətən tapılan şeylər büroya təhvil verilir, amma məndən olsa siz bunu elə tapdığınız yerə atsanız yaxşıdır. Sonra o, təxminən bu konuda bir söhbət etdi: “Müəllim, indi fırıldaqçıların sayı o qədər artıb ki... Mənim bir qohumum bir dəfə bir çanta, içində də xeyli “dokument” tapmışdı. İtmiş çantanın sahibi tapıldı. Amma qohumumu çox get-gələ saldılar. Çanta sahibi iddia edirdi ki, sənədlərin yanında pul da varmış... Bax, bu cür adamlar da olur... Yaxşılıq etmək istəyirsən, əvəzində özün pis olursan”.
Düzü, bu söhbətdən sonra geri qaytarmaq, telefonu yaxınlıqdakı səkinin üstünə qoymaq qərarına gəldim. İndi telefon əlimdə zəhərli bir ilanı xatırladırdı. O, məni “çala” bilərdi. Qapıdan təzəcə çıxmaq istəyirdim ki, əlimdəki telefona zəng gəldi. Yaşıl düyməni basdım. Xəttin o başındakı adam, yoğun, həyəcanlı kişi səsi ilə: “qardaş, sizin tapdığınız o telefonun sahibi mənəm”,-dedi.
Bir az sevinsəm də eyzən xəttin o başındakı adam kimi həyəcanla dilləndim: “Çox yaxşı. Bəs o telefonun yanında bir şey yox idi ki?”
Məlum oldu ki, telefonu körpə uşaq maşının pəncərəsindən bayıra atıbmış.
Harada olduğumu dedim. Cavan oğlan maşından düşüb mənə yaxınlaşdı. Görüşdük. Oğlan təşəkkür etdi. Telefonu ona uzatdım. Sanki “ilan” əlimdən sürüşüb getdi. Yüngülləşdim. Və sanki “zəhərlənmək” xofu məni tərk etdi. Oğlan əlini cibinə salıb nəsə, “nəsə” deyəndə ki, şax bir əskinaz çıxarıb mənə sarı uzatdı. Əsəbiləşdim. Əlimin arxası ilə onun dirsəyindən geri vurdum.
Oğlan pərt halda üzrxahlıq edib yolun kənarında saxladığı maşına sarı addımladı.
Dərindən nəfəs aldım.  

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !