NAXÇIVANDA AÇDIĞIM SƏHƏR - - Əbülfət MƏDƏTOĞLU

NAXÇIVANDA AÇDIĞIM SƏHƏR - Əbülfət MƏDƏTOĞLU

Gözlənilməz oldu. Yəni aylarla, günlərlə planlaşdırdığım kimi alınmadı bu səfər. Yəni qəflətən, necə deyərlər, göstəriş, əmr almış birisi kimi pencəyimi çiynimə atıb çıxdım yola. Elə buradaca etiraf edim ki, bu yol yerlə göyün arasından keçdiyindən səhhətimdəki təzyiq problemi təyyarədə özünü dərhal büruzə verir. Əgər çaşıb dərmanları unutmuş olsam, bunun məndə hansı hallar yaratdığını yəqin ki, təsəvvür edə bilərsiniz. Şükürlər olsun ki, bu dəfə dərmanı götürməyi unutmamışdım. Unutduğum bircə qeyd dəftərim idi. Onu da əvəzləyən vərəqləri tapa bildim. Axı, bu məmləkətdə yazmaq həvəsində olanlar kifayət qədərdi. Hamı sözlə nəfəs almağa, hamı söz yaratmağa meyllidi. Görünür, şair xalq olmağımız da elə burdan qaynaqlanır. Şair xalqın da həmişə qələmi, kağızı bol olur. Bax, bu mənada kasadlıq çəkmədim, qıtlığını hiss etmədim: nə qələmin, nə də vərəqin...

 

Burda bir etirafı da edim. Adətən mən daha çox ürəyimə, göz yaddaşıma, düşüncələrimə qeydlər etməyi xoşlayıram. Və səfərdə olanda da danışmaqdan çox dinləməyi sevirəm. İstəyirəm ki, təzə söz eşidim, təzə fikir şahidinə çevrilim. Və nəhayət, gəzib dolaşdığım məkanın özəlliklərini özümünküləşdirim. Bax, beləcə şairanə tərzdə ifadə etsəm, Bakıda havalanıb Naxçıvanda beynəlxalq hava limanına endim. Dan yeri yenicə sökülürdü. Şəhər yuxusundan yenicə oyanırdı. Mən ötən səfərimdə görüb bəyəndiyim, xoş təəssüratla ayrıldığım Naxçıvan Beynəlxalq Hava limanında indi çox qəribə bir mənzərənin şahidi olddum. Bilmirəm, bu mənim bir ildən sonrakı səfərimin yaratdığı ilkin təsirin nətiəsi idi, yoxsa elə bu bir reallıq, bir gerçəklik idi. Hava limanı əvvəlki kimi tərtəmiz, sanki bir dəstə adamın silib-süpürdüyü, səliqə-səhman yaratdığı bir durumda idi. Gözümü hansı tərəfə sancdımsa, hansı tərəfə çevrilib boylandımsa, güldən, çiçəkdən, təmizlikdən başqa bir şeyə rast gələ bilmədim. Təkcə binanın daxili deyil, təkcə bu binanın daxilində xidmət üçün yaradılmış texniki avadanlıqlar deyil, həm də bu binanın içərisindəki personalın özü də sanki imtahan verəcək bir hazırlıq səviyyəsində idi. Elə bil onlar bu dəqiqə ən yüksək səviyyədə kiminsə hava alanına gələcəyini gözləyirdilər. Hamının üz-gözündə bir xidməti görüntü var idi. Adamlar geyindikləri xidməti bundirin içərisində öz rəsmiliklərini, öz bacarıqlarını elə yerinə yetirirdilər ki, nəsə bir nöqsan tapmaq mümkün olmurdu. Tam səmimi deyim ki, mən bu cavan oğlanlarda, qızlarda başqa hava limanlarında qarşılaşdığım ürək bulandıran, adamda qıcıq yaradan, təəssüf doğuran, hətta adamı heyrətləndirən heç nə görə bilmədim. Hər kəs öz işinin başında idi. Hətta hava limanının çıxış zalının önündə dayanıb yolçuları gözləyən, müsafirləri qarşılayan özləri də bir məktəb, bir qarşılama kursu keçmiş insanların təsirini bağışladılar mənə. Yeri gəlmişkən xatırladım ki, heç taksi sürücüləri də hay-küylə müştəri səsləmirdilər. Hər kəs öz növbəsini gözləyirdi. Bax, beləcə Naxçıvan Beynəlxalq Hava limanında ilk təəssüratımı yaddaşıma yazmağa başladım. Və yazımın nöqtəsini qoyduğum anda qulağıma tanış bir səs gəldi. Başımı qaldırıb baxanda şair dostum Əbülfəz Ülvini gördüm.

 

Biz bir gün öncə telefonla əlaqə saxlamışdıq, hal-əhval tutmuşduq. Və sözarası bəlkə gəldim söyləmişdim. Şair ürəyi həmin "bəlkə"ni çox rahatlıqla süzgəcdən keçirib onun yaddaşında qırmızı və bəlkə də böyük hərflərlə "GƏLİRƏM!" kimi işarələmişdi. Və o da səhərin yuxusuna haram qatıb hava limanına gəlmişdi. Burda xüsusi vurğulamaq istəyirəm ki, insan üçün doğulduğu ünvandan kənar hər yer müəyyən assosiasiyalar oyadır. Bu mənada vətəndə vətənsiz olan bir qaçqın yazı-pozu adamının Bakıdan Naxçıvana uçması, yumşaq desəm, qəribliyə səyahət kimi anlam yaradır. Doğrudur, oradakı dostlar, doğmalar, tanışlar bu qəribliyi sabun köpüyü kimi əridirlər. Onu bir anın milyonda biri həcmində də hiss etməyə imkan vermirlər. Lakin hava limanında səni kiminsə qarşılaması tamam fərqli bir duyğusallıqdı. İnsan onda hansı məqamın, hansı mərtəbənin sahibi olduğunu, ürəklərdə hansı qiymətə layiq görüldüyünü anlayır.

 

Mən hava limanının zalından çıxıram. Şair qardaşımla yüz illərin həsrətlisi kimi görüşürük. Əbülfəz Ülvi elə məni qollarının arasında sıxdığı andaca deyir: "Xoş gəldin, qardaş!". Və sonra da qoluma girib məni maşına tərəf aparır. Maşının yanında bir anlıq dayanıram və yenə ətrafa baxıram. Və yenə etiraf edirəm ki, bu səliqə-səhman təbliğ olunmalı, təqdir olunmalı, nümunə kimi hər bir ünvana göstərilib və hətta yeri gəlsə tələb edilməlidir. Əgər Naxçıvanda - blokada şəraitində yaşayan bir ərazidə bu cür səliqə-səhmanı yaratmaq mümkündüsə, onu niyə ölkənin başkəndində də, digər şəhər və qəsəbələrində də etməyək? Niyə yaxşı ənənəni, yaxşı nümunəni təmənnasız şəkildə ictimailəşdirməyək?

 

Bilmirəm, insanların düşüncəsində, qəlbində kök salan xəbislik, paxıllıq, etiraf etməmək, gözü götürməməzlik, gerçəyi yalnış kimi təqdim etmək mərəzləri hardan qaynaqlanır? Amma onu bilirəm ki, Şeyx Nizami demişkən: "Qızılı örtsə də qara torpaqlar, o öz dəyərini yenə də saxlar". Bax, mən də Naxçıvanın hava limanından başlayan bu təəssüratımın ip ucundan tutub Naxçıvan şəhərinə doğru gedirəm. Daha doğrusu, sükan arxasında oturmuş dəyərli şair qardaşım Əbülfəz Ülviylə ilk təəssüratı bölüşə-bölüşə şəhərə doğru irəliləyirik...

 

... İlk təyyarə ilə Naxçıvana gəldiyimdən qardaşım məni məcburi şəkildə səhər yeməyinə dəvət etdi. Və bildirdi ki, bir tikə çörək, bir stəkan çay sonrakı işlərimizin açarı olacaq. Rahat şəkildə nədən, hardan başlamağı, hansı yerləri gəzib-görməyi elə o süfrənin arxasında həll edəcəyik. Təbii ki, qonaq ev sahibinin ixtiyarındadı. Və mənim də etiraf etməyə o qədər də böyük şansım yox idi. Çünki Əbülfəz Ülvinin prinsipiallığı mənə öncədən məlum idi. Üstəlik həm onun, həm də mənim telefonuma gələn zənglərdən tam şəkildə öyrənmişdim ki, Naxçıvanın ədəbi mühitinin şah damarları, qaymaqları artıq onların ziyarətinə gəldiyimdən xəbərdardılar. Ona görə də onlarla bir araya gəlmək, sonrakı fəaliyyətimizi planlaşdırmaq istəyirlər.

 

Biz süfrə arxasında oturarkən Naxçıvan Ali Məclisinin üzvləri, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar və dəyərli yazıçı-publisist dostum, Ali Məclisin üzvü Fərəc Həmzəyev, eləcə də təkcə öz koloriti, öz yazı tərzi və zarafatlarıyla Naxçıvanda deyil, Azərbaycan mətbuatının bütün təmsilçiləri tərəfindən imzası tanınan yazıçı-publisist Hüseyn Əsgərov və bir də gözəl şairimiz İbrahim Yusifoğlu bizləri telefonla arayıb harda, necə görüşəcəyimizi öyrənməyə maraq göstərdilər. Həmkarlarımdan, söz adamlarından gələn bu ismarıclar artıq mənim səfərimin çox maraqlı və sıx bir proqram içərisində gerçəkləşəcəyinə ilk mesajlarını ötürdü. Demək, bu dəfə də Naxçıvanı doyunca gəzmək, bütövlükdə Naxçıvanı yenidən gözümün və ürəyimin yaddaşına köçürmək heç də asan olmayacaqdı.

 

Söhbət edə-edə Naxçıvanın məşhur lavaşını dürməkləyirəm. Əlimdə sıxdığım dürmək məni uşaqlığıma, indi düşmən girovluğunda olan Tuğ kəndinə aparır. Və mənə elə gəlir ki, indi sacın üstündə çevrilən yuxa onu bişirən nənəmin ətrini də, söz-söhbətini də, xatirələrini də o əsirlikdən qoparıb mənə doğru gətirir... 

 

                                                                                  ***

 

NAXÇIVANDA AÇDIĞIM SƏHƏR - İKİNCİ YAZI

 

Dostların arasında


Yazıma başlamamışdan öncə oxuculardan diqqətsizliyə görə üzr istəyirəm. Mexaniki olaraq Naxçıvan Ali Məclisinin deputatı, qələm yoldaşım, həmkarım, yazıçı-publisist dostum, son dərəcə sadə və təvazökar insan olan Fərəc müəllimin soyadı məqalədə yalnış getmişdi. Və elə bu yalnışlığın özünü bir naxış sayaraq demək istəyirəm ki, hava limanından şəhərə gələndə dostum Əbülfəz Ülvi sözarası soruşdu:

 

- Öncə hara gedəcəyik?

 

Təbii ki, mən də əvvəlcədən özüm üçün müəyyənləşdirdiyim hazır cavabı dərhal dilimə gətirirəm və deyirəm:

 

- Yazıçılar Birliyinə!

 

Hiss edirəm ki, cavabım Əbülfəzin də ürəyincə oldu. O da gülümsəyərək dedi:

 

- Asim də, Fərəc də səni indi orada gözləyirlər…

 

Səhər yeməyindən sonra Yazıçılar Birliyinin yerləşdiyi məhəlləyə gəldik. Doğrusunu deyim ki, belə bir mötəbər binanın üst qatında yazıçılar üçün yer ayrılması, onlara görüşmək, həmsöhbət olmaq, fikir bölüşmək, bir-birindən xəbər tutmaq imkanı yaratmaq çox ürəyimcə oldu. Hiss etdim ki, Naxçıvanda sözün, qələmin, söz adamının yeri, nüfuzu yetərincədi. Təbii ki, bu, zaman-zaman, necə deyərlər, kərpic-kərpic qurulub ucaldılmış bir ənəndi. Bu ənənə şəhəri bəzəyən müqəddəs ünvanların timsalında da özünü göstərir. Mən ötən səfərimdə ziyarət etdiyim Hüseyn Cavid ocağının, Möminə Xatun türbəsi və digər böyük aydınlarımızın adını daşıyıb ruhunu əbədiləşdirən məkanların timsalında bu gün Naxçıvanda yaşayıb, yazıb-yaradan söz adamlarına olan münasibətə bir iç rahatlığıyla baxıb hər şeyin kökdən, soydan gəldiyinə bir daha əmin oldum. Və buradaca onu da vurğulayım ki, Yazıçılar Birliyinin ünvanı kifayət qədər tanınan və binanın özünün görkəmi də sözün çəkisinə, sambalına güc, maraq, diqqət əlavə edən bir səviyyədədir.

 

Bu da Asim Yadigarın iş otağı. Naxçıvan yazıçılarının rəhbəri olan Asim müəllim həm də Muxtar Respublikanın Ali Məclisinin deputatıdır. Elə onunla birlikdə indiki anda görüşdüyüm Fərəc Fərəcov da Ali Məclisdə təmsil olunur. Mən hər iki dostumla çox səmimi, könülə rahatlıq verəcək bir sevgiylə görüşürəm. Və hər ikisinin də baxışlarından, təmasından duyuram ki, ilin-günün bu məqamında qapılarını döyən dostun gəlişindən məmnundular. Sanki onlar bizim görüşümüz üçün mənim hazırlaşdığım, təlaşlandığım səviyyədə və bəzən də ondan artıq hisslər, duyğular yaşayıblar. Söhbətləşirik. Bir-birimizdən hal-əhval tuturuq. Naxçıvan əbədi mühiti barəsində ayaqüstü də olsa bilgilər əldə edə bilirəm. Hətta öyrənirəm ki, Ali Məclisin sədri Naxçıvan yazarlarına bu məkanı bağışlayanda, daha dəqiq ifadə etsəm, onlar üçün işləmək şəraiti yaradanda vurğulayıb ki, Naxçıvanın ədəbiyyat adamları Azərbaycanın və dünyanın ədəbi mühitində bundan sonra da özlərini, imzalarını diqqət mərkəzində saxlayacaqlar. Axı bu ədəbi mühitin ünlü simaları yetərincədi. Sözarası Asim müəllim onu da vurğulayır ki, Yazıçılar Birliyinin kitabxanası da var, istəsən baxa bilərsən. Çox böyük həvəslə kitabxanaya baş çəkirəm. Dünya ədəbiyyatının nümunələri ilə yanaşı, Azərbaycanın, eləcə də Naxçıvanın ədəbiyyat adamlarının, yəni yazarlarının işıq üzü görən kitablarından nümunələr bu kitabxanada çox səliqəli bir şəkildə yerləşdirilibdir. Mənim üçün maraqlı olan məqamlardan biri də bu oldu ki, Yazıçılar Birliyinin azsaylı əməkdaşları bu müqəddəs ünvanı və onun işlərini elə rahatlıqla yerinə yetirirlər ki, nə respublika rəhbərliyi, nə də naxçıvanlı yazarlar narazı qalmırlar. Amma ürəyimdən keçən bir məqamı da burda dilə gətirmək istərdim. Zənnimcə, Birliyin böyük bir zalının da olması və burada oxucularla görüşlərin təşkilinə şərait yaradılması həm ədəbiyyatımızın, həm də Muxtar Respublikanın ictimai-siyasi həyatının daha da rəngarəng olmasına bir dəstək, bir yardım ola bilər…

 

 

Yazıçılar Birliyindəki söhbət zamanı mən bir daha əmin oldum ki, Muxtar Respublikada insanların təkcə daxili yox, həm də bir ictimai-siyasi rahatlığı da öz axarıyla gedir. Adamlar burda doğulduqlarına, yaşadıqlarına görə, həm Allahdan, həm də özəl talelərindən çox məmnundular. Tam səmimi bir şəkildə söyləmək istərdim ki, həmin anda mənim də içimdən bu qədim şəhərin sakini olmaq arzusu gəlib keçdi. Və elə oradaca dostlarıma söyləməsəm də, elə ürəyimdəcə yazdım ki:

 

Yağış, ara ver yağmağa,

Ruhumu özünə köçür…

Gəlmişəm oğlun olmağa

Məni köynəyindən keçir -

Qədim şəhər!


 


Tənha gəzib dolaşıram

Saf havana bulaşıram…

Bax gör sənə yaraşıram?

Mənə ümid nuru içir –

Qədim şəhər!

 


İtirdiyim yurd adına

Qoşuldum Boz Qurd andına!

Məni də qat həyatına

Könlüm yalnız səni seçir –

Qədim şəhər…

 

Bəli, biz Yazıçılar Birliyindən çıxıb öncə Şəhidlər Xiyabanını ziyarət edirik. Torpaqlarımızın bütövlüyü uğrunda həyatlarını qurban vermiş bu insanların ruhu önündə baş əymək, onlara ehtiram göstərmək hər kəsin borcudur. Özü də təkcə vətəndaşlıq borcu yox, həm də insanlıq borcudur. Söz, qələm adamı olaraq mən də dostlarımla birlikdə həmin ünvanı ziyarət etməyi və ordakı bir anlıq sükut zamanı o ruhların həmsöhbətinə çevrilməyi hələ Bakıda olanda qərarlaşdırmışdım. Dostlar da istəyimə dəstək verdilər. Doğrudur, iş zamanı olduğundan vəzifəsini icra edən dostların bu tədbirə qatılmaması heç də məni sıxmadı. Öncə ona görə ki, onlar zaman-zaman bu ziyarəti gerçəkləşdirirlər. İkincisi isə mən Naxçıvana etdiyim bu səfərdə öncədən kimlərisə işdən ayırmaq, kimlərinsə işinə problem yaratmaq istəyindən uzaq olmuşam. Özlüyümdə qərar vermişəm ki, bu qədim şəhəri təkbaşıma gəzib dolaşacam. Və bu istəyimi də hələ ki, içimdə gizlədib saxlayıram. İstəmirəm ki, dostlarım bu istəyimə görə narahatlıq keçirsinlər…

 

 

Bu da Şəhidlər Xiyabanı! Son dərəcə gözəl bir memarlıq, bir rəhbərlik və bir də ehtiram nümunəsi… Hər tərəfdə gül-çiçək və bu gül-çiçəyin ətri hopmuş bir sükut… Mən bu Şəhidlər Xiyabanında şəhidlərin hamısına eyni bir münasibətin, eyni bir yanaşmanın şahidi olmaqla bərabər, həm də bir qürurun da ağuşuna düşdüm. Xiyabanda xidmət edən, yəni orada təmizliyə, yaşıllığa görə məsuliyyət daşıyan insanların üzlərinə baxıram. Onlar bu xidmətdən bir məmnunluq duyurlar. Onlar bu xidmətin savab olduğunu sanki özlərinə hopdurublar. Ona görə də adamların çöhrəsindəki ifadələri sözə çevirmək, misralamaq və onu bitkin bir fikir kimi ifadə etmək həm çətin, həm də son dərəcə maraqlıdı.

 

Bilirsiniz, bu ifadələr, bu fikirlər Tanrı ilə bəndəsinin arasındakı zaman və məkan kəsiyini dualarla tamamlayıb, dualarla bəzəyibdi. Çünki şəhidlərimizin Tanrı dərgahında olan yeri yalnız və yalnız dualarla, gül-çiçəklə bəzənmək və xatırlanmaq üçün nəzərdə tutulub. Onları başqa cür anmaq, başqa cür onlarla təmas qurmaq məncə mümkün deyil. Elə ona görə də mən hələ hava limanında olarkən çox narın bir şəkildə çilənən yağışın birdən-birə şıdırğı gürşada çevrilməsini çox normal qəbul etdim. Və həmin an bu yağışın mənim yol yorğunluğumu, mənim iç dünyama yük olan qayğılarımı, ağrı-acımı necə yuduğunu da hiss etdim...

 

Şəhidlər Xiyabanındakı ziyarətimizi başa vurub Fərəc müəllimlə, Əbülfəz müəllimlə birlikdə elə buradaca tanış olduğum şəhid qardaşı Yalçınla söhbət edirəm. Qardaşının Sədərəkdə şəhid olduğunu öyrənirəm. Və onu da öyrənirəm ki, İlkin 1992-ci il may ayının 19-da snayper gülləsinə tuş gəlib. O, Naxçıvan polisinin nəzdindəki xüsusi təyinatlı dəstənin 14-cü bölüyünün üzvü olub. Onun qəhrəmanlığı barəsində Naxçıvanda hamı ağızdolusu danışır…

 

Mənə elə gəlir ki, hər bir insan üçün ürəyinə, ruhuna, dünyasına, əqidəsinə doğma olan kəslərlə bir masa ətrafında, bir süfrə başında oturmaq, fikir bölüşmək, çay içib həmsöhbət olmaq təkcə unudulmaz anlar deyil, həm də yaddaqalan ömrü mənalandıran, şirin xatirəyə çevirən məqamlardı. Bu məqamların ömrü onun iştirakçısının ömrü qədərdi. Və mən də indi dostların əhatəsində Naxçıvanın yaddaqalan, maraqlı, həm də görünüşü ilə insanda xoş təəssürat yaradan və naxçıvanlıların "Söyüdlü” adlandırdıqları güşəyə çəkilirik…

 

Nahar fasiləsidi. İndi Asim müəllim də bizə qoşulubdu. Əslində bu nahar etməkdən daha çox bir poeziya, ədəbiyyat adamlarının bir araya gəlməsidi, dəyirmi masasıdı. Bir-birindən, bir-birinin yaradıcılığından, bir-birinin ailəsindən, iş-gücündən xəbər tutmasıdı… Biz də belə edirik… Fərəc müəllimin hekayələrindən başlayıb Əbülfəz müəllimin poeziyasına, Asim müəllimin poemalarına və mənim «Ədalət»in səhifələrində işıq üzü görən yazılarıma münasibətləri, özü də sərt oxucu mövqeyi ilə münasibətləri dilə gətirə-gətirə bu torpağın ruzi-bərəkətindən dadırıq… Yağış isə yenə narın-narın yağır.


(Ardı var)

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !