ÜRƏK YAMAN ŞEYDİ - - Əbülfət MƏDƏTOĞLU

ÜRƏK YAMAN ŞEYDİ - Əbülfət MƏDƏTOĞLU

Ömür bir göz qırpımıdı deyirlər. Yəni "ol"dan "öl"ə kimi bir məsafə... başlanğıc və son!... gəliş və gediş... Görünür elə buna görə gəlimli-gedimli dünya deyiblər. Və mən də bu gəlimli-gedimli dünyanın müsafirlərindən, qonaqlarından biri kimi sırada dayanmışam. O sıranın uzunluğunu, növbə məqamını bilməsəm də, amma mövcudluğuna inanıram. Və hətta mübahisə etməyə hazıram ki, heç kim bu sıranı poza bilməz. Lap ən imkanlı, ən qolu zorlu adamın adamı olsam belə!..

 

Bəli, neçə gündür ki, ağlımdan, fikrimdən, hətta ürəyimdən çıxmır itirdiklərim, ömrümdən qopub gedənlər. Elə bil çəkirlər məni özlərinə tərəf. Və mən də heç bir inad-zad göstərmirəm. Çünki onların qarşısında inad etməyə nə haqqım var, nə də gücüm. Çağıran dostlardı, doğmalardı. Özü də ən etibarlı, ən güvənli dostlar, doğmalar. İnsanın belə məqamda ağlından hər şey gəlib keçir. Özünü toparlamaq, öz ağlından gəlib keçənləri ipə-sapa düzmək çətinləşir. Və eləcə hiss edirsən ki, əriyirsən şam kimi, çökürsən dəvə kimi. Dizin yavaş-yavaş yerə gəlir. Məncə burda da bir məna var, özü də gerçək məna. Axı, Yaradan bizə "ol!" deyib torpaqdan yaradıbdı. Ona görə də torpağa çökürük, torpağa yaxınlaşırıq. Yəni ilkinliyimizə qayıdırıq. Qayıdanların qayıdışı mübarək! Biz isə hələ də bu qayıdışın növbəsindəyik...

 

Düşünəcəksiniz ki, bu qədər pessimist və kədərli notlar nəyə gərəkdir. Onsuz da həyatımızın işığı heç də gur deyil, əksinə, öləzimiş şam işığıdı. Və bu şam işığında səhərləri açmaq, günləri yola vermək, nəsə yaratmaq, nəsə qurmaq, nəyisə dəyişmək çox çətinliklər hesabına başa gəlir. Bu çətinliyin ilk ünvanı ürəkdi! O ürək ki, əslində yumruq boyda ət parçasıdı. Amma geniş anlamda o yumruq boyda ürəyə yerlə göy, hətta dünyalar elə rahatca sığır ki, onun ölçüsü önündə heyrətlənməyə bilmirsən. Və yaxud da o yumruq boyda ürəkdə o qədər sevgilər, nifrətlər olub ki, sayıb qurtarmaq mümkünsüz hala gəlib. Yəqin siz də eşitmiş olarsınız. Bəzən zarafatla deyirlər ki, filankəsin ürəyi dəmiryol vağzalıdı. O qədər gəlib-gedəni var ki?! Bu fikrin hansı mənada deyildiyini şərh etməyəcəm. Bilənlər bilir, bilməyənlər də üz tutub bilənlərdən soruşarlar. Nə isə...

 

Hə, indi mən də ürəyimi qoymuşam qarşıma və onu vərəqləyirəm. Sonra da götürüb silkələyirəm görüm nə düşəcək, nə töküləcək onun küncündən-bucağından. Və yaxud nələr ilişib qalacaq oralarda. Ha cəhd edirəm istədiyim nəticəni ala bilmirəm. Özü də görürəm ki, silkələndikcə gücü, taqəti bir az da azalır, halsızlığı bir az da artır. Və onda mənə aydın olur ki, nə vaxtsa yazdığım fikir gerçəkliyə çevrilməkdədir. Onda yazmışdım ki, "təklənir ürəyim, yaman təklənir!"

 

İndi də ağlımdan gəlib keçənləri misralara çevirməklə özümü, ürəyimi ovutmaq istəyirəm. İstəyirəm deyəm ki:

 

 


Hər gün hiss edirəm kökdən düşdüyün,

Uzaqdan anbaan boylanır səsi.

Gizlədib içində umub küsdüyün,

Tirtrəyir, qısalır, solur nəfəsi-

Ürəyimin!


 


Dolaşır gör necə biri-birinə

Aparmır ayağı onu yerinə.

Dünən dağ yarırdı eşqdən Şirinə

Bu gün dillənməyə yoxdu həvəsi -

Ürəyimin!


 


Gözü nurdan düşüb, yerin tutub qan,

Vaxtın nizamını itirdiyin san...

Yadına salan da yoxdu ki, inan

Yaman daralıbdı artıq qəfəsi -

Ürəyimin!


 


Əsir edib öz içində təkliyin

Allah bilir təklikdən nə çəkdiyin!

Səsi gəlmir uçub gedən kəkliyin

Demək yoxdur nə kimsəsi, nə kəsi -

Ürəyimin!

 

***

 

Doğrudan da bu dünyanın qəribəliklərini, əzab və sevincini maqnit kimi özünə çəkən ürək başqa bir möcüzədi, başqa bir varlıqdı, başqa bir dünyadı, daha bilmirəm başqa bir nədi. Yadımdadı, orta məktəb illərində oxumuşdum. "Ürək yaman şeydi" əsərini. İndi daha dərindən anlayıram o fikrin alt qatlarını. Və indi daha çox həmin əsərin müəllifi barəsində düşünürəm. O fikri, o sözü necə tapdığını təsəvvür, təxmin etməyə çalışıram. Amma bilirəm ki, bunun mənim durumuma, mənim ürəyimin halına elə də təsiri olmayacaq. Çünki yaman şey olan ürəyə zərbə dəydisə, iynə batdısa, söz toxundusa, həmin yer mütləq zədələnir, mütləq qəlpələnir. Onu sağaltmaq mümkün deyil. Ən məşhur ürək həkimləri yığışıb gəlsələr belə və hətta dünyanın ən möcüzəli ürək əməliyyatını gerçəkləşdirsələr belə, həmin zədələnmiş yer, zədələnmiş nöqtə mütləq kəsilib götürülür, ora yamaq vurulur, ora nə bilim nələr əlavə edilir. Bunlar ürəyin ömrünü uzadır, amma sınmış, kəsilmiş hissəni geri qaytarmır. Deməli, özümüzə təsəlli üçün söylədiyimiz ürək dəyişməsi, ürək cərrahiyyəsi, daha nələr elmi uğur sayılsa da, tibbdə yenilik olsa da, Allahın bizim üçün sinəmizdə, vücudumuzda yerləşdirdiyi ürəyin ilkin formasını heç nə əvəz edə bilməz. Çünki hər kəsin öz ürəyi var, hər kəsin vücuduna uyğun ürək yerləşdirilib sinənin altında...

 

İndi mənim bu fikirlərimi oxuyanda elə biləcəksiniz ki, elmə, xüsusilə tibb elminə qarşı çıxıram. Xeyr, sadəcə demək istəyirəm ki, müdaxilə edilmiş, əl toxunmuş, bıçaq dəymiş, iynə sancılmış, daha nə bilim nələr edilmiş vücudda həmişə bir zədə qalır, bir işarə qalır. Onun ilkinliyində bir dəyişiklik edilmiş olur. Və biz də buna uyğunlaşıb yaşayırıq. Amma bilmirik ki, ürəyin kəsilən hissəsi ilə birlikdə hansı duyğular, hansı xatirələr, hansı sevgilər bizdən götürülüb, bizdən kəsilib haralarasa atılıb. Bax, bunu bilsəydik, dərdimiz, şəxsən mənim dərdim çox-çox artardı. Və onda sənə yazdığım şeirlərin məna yükü də, özündə ifadə etdiyi qatlar da əvvəlki mahiyyətindən uzaq düşəcəkdi. Axı mən sənə yazmışam ki:

 

 


Mən sənin gözündə, ömründə heç kim,

Qurduğum xəyalla mən ovunmuşam.

Qurbanlığı olub, bu dəli eşqin -

Adəməm, cənnətdən mən qovulmuşam!..


 


Üzümə bağlanıb qapı, pəncərə

Ürəyim söykənib durub xəncərə.

Sözüm toxunubdu sultan Səncərə -

Gəlib qəzəbinə mən ovulmuşam!..


 


Oxşamaq istədim teli, birçəyi

Qopartdı kökündən dili, dilçəyi...

Sevgi tumurcuğu, sevgi çiçəyi -

Ola bilmədik ki, tay sovulmuşam!..

 

 


***

 

Ömür yükünün çəkisi də müxtəlif olur. Elə ürəyin tutumu kimi. Ürək var ki, ona dünyalar sığışır, ürək var ki, iynə ucu boyda sevinci və yaxud kədəri qapı arxasında saxlayıb içəri buraxmır. Ona özündə yer tapa bilmir. Bax, dediyim ömür yükü də hamı üçün real olan bir şeydi. Amma o yükün altına çiyin verənlərin sayı, yük götürmə qabiliyyəti, hətta yükə münasibəti tamam fərqli olur. Bax, bu mənada bu dünyadan yük aparanlar da, bu dünyaya yük olanlar da. Mənə elə gəlir ki, duz yükünün ağırlığını başqa yüklərlə qarışdırmaq ən yaxşı halda nadanlıqdı, səriştəsizlikdi. Çünki müdriklərin söylədiyi "qız yükü, duz yükü" ifadəsi özü-özlüyündə bu yükün çəkisini ortaya qoyubdu. Və hər gələnin də baxıb getdiyi dünyada həmin o duz yükü həm ölçü vahidi, həm də bir ibrət, bir göstərmə nöqtəsidi. Ona görə də mən tam əmin deyiləm bu dünyaya nə boyda yük olduğuma. Amma bircə bildiyim odur ki, öz yükümü özüm çəkirəm. Onun doğmalara, övladlara qalmasına, onlara yüklənməsinə imkan verməməyə çalışıram. İstəyim bircə odur ki, heç olmasa, bir nöqtə kimi xatırlanmaq haqqım tapdalanmasın, əlimdən alınmasın. Və hər kəs bilsin ki, mən bəyan etdiyim sözün yenə arxasındayam. Axı, mən sənə yazmışdım ki:

 

 


Mən özümü asacam

Kirpiyindən, qaşından...

Fikir tək çıxmayacam -

Ürəyindən, başından...


 


Həyatına bir an da

Mənsizlik hopmayacaq...

Ömründəki naxış da -

Nə etsəm qopmayacaq...


 


Qəhqəhəndə donacam

Qalacam pıçıltında...

Göz yaşına dönəcəm -

Damacam hıçqırtında...


 


Hər gün xatırlayacaq

Xiffət də edəcəksən...

Çaşıb gələn zənglərə

Əbülfət - deyəcəksən!..

 

 


***

 

Yazımın əvvəlində adətimə uyğun olaraq kökləndiyim hissləri, duyğuları sözə çevirməyə çalışdım. İstədim ki, birbaşa yox, dolayısı ilə deyim ki, ürəyimin durumu necədi? İstədim anladım ki, gücdən düşür, yorulur, dincəlməyə meyli get-gedə artır ürəyimin. İstədim ki, qələm çalmaqla, bir vergül və yaxud nöqtə qoymaqla xatırladım ki, ürək yaman şeydi. Onunla oynamaq, onu oyuncaq eləmək, onu nişangaha, hədəfə çevirmək, onu dərd dərmanı etmək insafsızlıqdı. Bilmirəm, bütün bunları deyə bildim, yoxsa yox. Deyə bildimsə, çox yaxşı. Yox, əgər deyə bilmədisə, deməli, ürəyin yaman şey olduğu artıq mənim üçün bir bağlanmaqda olan qapı mənasını da ifadə edəcək. Amma o qapı hansı yolla, necə bağlanır-bağlansın, fərqi yoxdu. O qapıya gələn yol sənin ömründən keçib gəlir. Sən o yolu silə bilməyəcəksən. Və elə ona görə də şairsayağı deyirəm:

 

 


İncidin ki, soruşmadan izinsiz

Tellərinə toxunmuşam meh kimi...

Bilmədin ki, tərs baxışın odunda -

Qurumuşam, yox olmuşam şeh kimi!..


 


Xoş danışıb verməsən də dil barı

Baxışınla kirpiyini sil barı...

Sən özümü uzaq tutdun, bil barı -

Telindəki izlərimi beh kimi...


 


Ötən anı, ötən günü boş tutdun

Ümidimi suvarmadın - qurutdun!

Elə bilmə, Əbülfəti unutdun -

Qalacaqdı o, ömründə zeh kimi!..

 

 


Hə, mən dediyimi, düşündüyümü yazıya aldım. Qaldı deyib düşündüyümü oxumaq, dinləmək. Bunu edənlərə də, etməyənlərə də öncədən "ürəyiniz sağ olsun, ürəyinizi qoruyun!" deyirəm. Axı, ürək yaman şeydi!..

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !