Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası Azərbaycanın davamlı inkişafının təməlini qoymuşdur - - Rövnəq ABDULLAYEV,

Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası Azərbaycanın davamlı inkişafının təməlini qoymuşdur - Rövnəq ABDULLAYEV,

XX əsr siyasi tarixinin fenomenal şəxsiyyətlərindən olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, onun demokratik-hüquqi əsaslarının, sosial-iqtisadi yüksəlişinin, beynəlxalq nüfuzunun təminatına çevrilən sarsılmaz və qalibiyyətli bir konsepsiyanın müəllifidir. Aydın və çevik düşüncə tərzi, dünyaya geniş baxışı, zəngin bilik və təcrübəsi ilə daim xalqının xidmətində duran ulu öndər qısa müddət ərzində Azərbaycanın sürətlə inkişaf edən ölkələr sırasına çıxmasına müvəffəq olmuşdur. Heydər Əliyev tarix yaradan şəxsiyyətdir, xalqın gələcəyini öncədən görməyi bacaran, onun potensialını düzgün qiymətləndirərək, inamla irəli aparan müdrik dövlət xadimi, nadir siyasətçidir. Tarix Heydər Əliyevin Azərbaycanı təhlükəli sınaqlardan necə şərəf və mətanətlə çıxardığını dəfələrlə sübut etmişdir. Ümummilli lider ölkəmizin sosial-iqtisadi imkanlarını, prioritetlərini zərgər dəqiqliyi ilə müəyyənləşdirmiş, onların qlobal inkişaf kontekstində düzgün istiqamətlənməsinə nail olmuşdur. Heydər Əliyev dövrün çağırış və tələblərini zamanında hiss etmiş, mövcud potensialı və resursları vaxtında dəyərləndirərək lazımi istiqamətdə yönləndirmiş və bununla da ölkənin davamlı inkişafına təkan vermişdir.

 

Hələ ötən əsrin 60-cı illərində keçmiş SSRİ-nin dünyada gedən inkişaf prosesləri ilə ayaqlaşmadığını görən Heydər Əliyev yeganə çıxış yolunu elmi-texniki yeniliklərə əsaslanan müasir sənayenin yaradılmasında, cəmiyyətin intellektual potensialının gücləndirilməsində görür və bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirirdi. Ulu öndər ümumi inkişafın təməlində müasir, güclü iqtisadiyyatın durduğunu, geosiyasi imkanların, beynəlxalq nüfuzun da məhz bu amildən asılı olduğunu yaxşı bilir və Azərbaycanın fəaliyyət istiqamətlərini qlobal inkişaf qanunauyğunluqları ilə vəhdətdə görürdü. Heydər Əliyevin işləyib hazırladığı strategiya Azərbaycanın gələcəyə yönəlmiş dəyişməz inkişaf vektoru, siyasi xarakteristika baxımından qurtuluş və davamlı inkişaf doktrinasıdır.
Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanın inkişaf yolu çətin sınaqlardan keçmişdir. Ölkənin hərbi təcavüzə və xarici təzyiqlərə məruz qaldığı, daxili çəkişmələr məngənəsində sıxıldığı, ərazisinin 20 faizinin işğal olunduğu, bir milyon soydaşımızın doğma torpağından didərgin düşdüyü o çətin məqamda xalqımız bütün ümidini ümummilli liderinə bağladı. Haqlı olaraq, bu böhranlı vəziyyətdən yalnız Heydər Əliyev dühası sayəsində xilas olacağına inanan xalqımızın istəyi və təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın qurulması üçün taleyüklü qərarlar verdi. Cəbhədə atəşkəsə nail olundu, qanunsuz silahlı birləşmələr ləğv edildi, diplomatik fəaliyyət gücləndirildi. Heydər Əliyevin demokratik dövlət quruculuğu istiqamətində atdığı addımlar milli və ümumbəşəri dəyərlərin vəhdətinə əsaslanır, Azərbaycanın qlobal proseslərə inteqrasiyasını sürətləndirirdi. Çox keçmədən ulu öndərin müdrik və uzaqgörən qərarları müasir siyasi-iqtisadi sistemin inkişafına və genişmiqyaslı sosial-iqtisadi proqramların həyata keçirilməsinə əlverişli şərait yaratdı. Siyasi, sosial-iqtisadi, hüquqi və digər sahələrdə aparılan uğurlu islahatların nəticələri xalqımızın gündəlik həyatında, məişətində, maddi rifah halının yüksəlməsində bilavasitə özünü göstərdi. Ölkənin daxili inkişafı ilə beynəlxalq nüfuzu paralel olaraq dinamik şəkildə yüksəlməyə başladı.
Milli müstəqilliyimizin xilaskarı Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövləti bu illər ərzində iqtisadiyyatın, elmin, mədəniyyətin, təhsilin inkişafında misilsiz nailiyyətlər əldə etmişdir. Bu gün Azərbaycan ümummilli lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında yeni zirvələrə doğru inamla addımlayır.
Azərbaycanın yüksəliş dövrü neft-qaz sənayesinin inkişafının yeni mərhələsi ilə səciyyələnir. Bu mərhələnin başlanğıcı 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində dünyanın aparıcı neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsi haqqında “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyini bir daha de-fakto təsdiqləyən, onun dünya birliyinə üzvi surətdə inteqrasiyasına, beynəlxalq enerji bazarında önəmli yer tutmasına yol açan misilsiz siyasi-iqtisadi əhəmiyyətə malik epoxal bir sənəddir. Saziş həyata keçirildiyi müddətdə Azərbaycanın ictimai həyatının bütün sahələrinə nüfuz etmiş, bugünkü siyasi, sosial-iqtisadi nailiyyətlərin təməlində durmuşdur. Ulu öndər Heydər Əliyev sənədin ölkəmiz qarşısında parlaq perspektivlər açdığını vurğulayaraq deyirdi: “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq”. Böyük bir uzaqgörənliklə söylənmiş bu sözlər artıq reallığa çevrilmişdir və bu gün biz ölkə iqtisadiyyatının yüksək inkişaf dinamikasının canlı şahidləriyik.
Ötən ilin noyabrında Azərbaycanda 2 milyardıncı ton neft hasil olundu. Hazırda neft hasilatının əsas hissəsi “Əsrin müqaviləsi” çərçivəsində işlənən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşür. İşlənmənin əvvəlindən, yəni, 1997-ci ildən 2018-cı ilin aprelin
1-nə kimi AÇG-dən 452,6 milyon ton neft və 143,5 milyard kubmetr səmt qazı hasil olunmuşdur. AÇG layihəsindən Azərbaycanın payına düşən mənfəət neftinin həcmi ilbəil artır.
Karbohidrogenlərin qəbulu, saxlanılması və nəqli məqsədi ilə geniş-miqyaslı müasir infrastruktur layihələri həyata keçirilmişdir. Ulu öndərin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyəti yalnız ölkəmizə gətirdiyi nəhəng maliyyə dividendləri ilə yox, həm də “Əsrin müqaviləsi” çərçivəsində reallaşdırılmış 30-dan artıq infrastruktur layihəsinin qeyri-neft sektorunun inkişafına verdiyi töhfələrlə zəngindir. Ötən müddətdə AÇG layihəsinə 4 minə yaxın yerli müəssisə və şirkət cəlb olunmuşdur.
“Əsrin müqaviləsi” eyni zamanda, son onilliklərdə ölkəmizdə həyata keçirilən regional və qlobal əhəmiyyətli digər layihələr üçün yol açmışdır. Axtarış-kəşfiyyat işlərinin intensivləşdirilməsi, yeni yataqların kəşf edilməsi və hesablanmanın daha müasir və dəqiq texnologiyalar əsasında yenidən aparılması nəticəsində Azərbaycanın karbohidrogen ehtiyatları şərti yanacaqla 10 milyard tona çatdırılmışdır. AÇG yataqlar bloku bu gün də neft-qaz ehtiyatları ilə kifayət qədər zəngindir. Ötən il layihənin 2050-ci ilədək uzadılmasını nəzərdə tutan yeni müqavilə imzalanmışdır. Daha əlverşli şərtlərlə imzalanmış və iqtisadi cəhətdən daha səmərəli olan bu yeni müqavilə xarici tərəfdaşlarımızın Azərbaycan dövlətinə və SOCAR-a olan etimadını bir daha bütün dünyaya nümayiş etdirmişdir. Möhtərəm Prezident İlham Əliyev bu müqaviləni “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsində yeni dövrün başlanğıcı kimi qiymətləndirmişdir. Bu ilin ilk üç ayı ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 5 hasilat quyusu qazılaraq, təhvil verilmişdir. Ümumilikdə 2018-ci ildə AÇG-də 12 hasilat və 4 suvurucu quyunun təhvili planlaşdırılır.
Nailiyyətlərimiz sırasında Xəzərin Azərbaycan sektorunda, demək olar, bütünlüklə iki və üçölçülü dəqiq seysmik kəşfiyyat işlərinin aparılması, alınan nəticələrin ümumiləşdirilməsi və modelləşdirilməsi də önəmli yer tutur. AÇG istehsalat sahəsində dördölçülü təkrar seysmik tədqiqatlar texnologiyası geniş tətbiq olunur. Qabaqcıl müasir metodlar arasında yüksək hasilatla işləyən quyularda qum tıxacının, kollektorların dağılmasının qarşısını alan texnologiyaların tətbiqini, neftvermə əmsalının yüksəldilməsi üçün su ilə yanaşı, səmt qazının da təkrarən laya vurulmasını, horizontal quyuların qazılmasını və s. qeyd etmək olar.
“Şahdəniz” qaz-kondensat yatağının işlənilməyə başlaması ilə Azərbaycan beynəlxalq aləmə özünü həm də zəngin təbii qaz istehsalçısı və istehlakçısı kimi təqdim etmişdir. “Şahdəniz” layihəsi hazırda ölkəmizdə karbohidrogen hasilatının daha bir mühüm dayağıdır. Dünyanın əhəmiyyətli neft hasilatçılarından Azərbaycan indi məhz bu layihənin uğurları sayəsində beynəlxalq enerji bazarlarında alternativ təbii qaz mənbəyi kimi də tanınır. Dünyanın ən böyük qaz-kondensat yataqlarından hesab olunan “Şahdəniz”in gündəlik hasilat gücü hazırda 30 milyon kubmetr qaz və 7 min ton kondensat həcmindədir. Ötən il yataqdan 10,2 milyard kubmetr qaz və 2,4 milyon ton kondensat hasil edilmişdir. “Şahdəniz-1” layihəsi üzrə qazma işləri davam edir və bu il daha 2 hasilat quyusunun tamamlanması nəzərdə tutulur. “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsi çərçivəsində hazırkı illik hasilata daha 16 milyard kubmetr qaz əlavə olunacaqdır. Bu həcmin ildə 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcəkdir. “Şahdəniz-2” layihəsi üzrə mühəndis-layihə, təchizat, tikinti işlərinin, habelə istismar sınaqlarının 99%-i artıq tamamlanıb. Bu ilin əvvəlində “Şahdəniz-2” layihəsi üzrə bir quyuda qazma işləri artıq başa çatıb və il ərzində cəmi 5 hasilat quyusunun tamamlanması planaşdırılır. Ötən il layihənin gedişi baxımından xüsusilə uğurlu olmuşdur, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə layihə çərçivəsində “Xankəndi” sualtı tikinti gəmisinin təqdimatı keçirilmişdir. Gəminin SOCAR-ın da səhmdar olduğu Bakı Gəmiqayırma Zavodunda inşa edilməsi Xəzər gəmiçiliyi tarixində yeni bir eranın başlanması ilə əlamətdar olmuş və Azərbaycanın sənaye potensialının gücünü bir daha nümayiş etdirmişdir. Qeyd etmək lazımdır ki, “Şahdəniz-2” neft-qaz sənayemiz tarixində tikinti-quraşdırma işlərinin tam həcmdə ölkə daxilində yerinə yetirildiyi ilk layihədir. Konsorsium üzvləri bu nəhəng layihə çərçivəsində görülən işlərdə Azərbaycanın aparıcı rolunu dəfələrlə vurğulamışlar.
Respublikamızda hasil olunan təbii qaz həcmlərinin, ilk növbədə “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılacaq qazın Avropa bazarlarına nəql edilməsi məqsədi ilə inşa olunan nəhəng “Cənub qaz dəhlizi”nin təşəbbüskarı və hərəkətverici qüvvəsi də Azərbaycandır. Avropanın ən iri infrastruktur layihəsi olan “Cənub qaz dəhlizi” geniş bir coğrafiyanı əhatə edir və qitənin enerji xəritəsində mühüm dəyişikliklər etməyə, enerji təhlükəsizliyinin daha da şaxələndirilməsinə hesablanmışdır. Prezident İlham Əliyevin onu “XXI əsrin layihəsi” adlandırması təsadüfi deyil. Mövcud Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərinin inşa edilməsi “Cənub qaz dəhlizi” zəncirinin halqalarıdır. Qeyd edək ki, 2015-ci ildə təməli qoyulan TANAP-ın tikintisi üzrə işlərin 93%-dən çoxu tamamlanmışdır. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə, yüksək dəqiqlik və tikinti keyfiyyəti nəzərə alınaraq davam etdirilir. Əvvəlcədən planlaşdırıldığı kimi, cari ildə ilk qaz TANAP vasitəsi ilə Türkiyəyə ixrac olunacaqdır. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaqdır. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər. “Cənub qaz dəhlizi”nin boru kəməri sistemi elə layihələndirilmişdir ki, gələcəkdə əlavə qaz həcmlərinin nəqli üçün ötürücülük qabiliyyətinin ikiqat artırılmasına imkan verəcək. Bu ilin fevralında “Cənub qaz dəhlizi” ilə birləşdiriləcək əlavə boru kəmərlərinin layihələndirilməsi ilə bağlı iki sənəd imzalanmışdır. Həmin sənədlərə əsasən, SOCAR Albaniyada ilkin mühəndislik dizayn xidmətlərini həyata keçirəcək. Ümumiyyətlə, mübaliğəsiz deyə bilərik ki, “Cənub qaz dəhlizi” möhtəşəm bir layihədir və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə bizi ilbəil yeni qələbələrə aparan qalibiyyətli enerji strategiyamızın ən böyük nailiyyətlərindəndir.
SOCAR perspektivdə qaz hasilatının artırılması məqsədilə “Ümid”, “Abşeron”, “Qarabağ” və digər dəniz strukturlarının işlənilməsi üzrə həm xarici tərəfdaşları ilə əməkdaşlığı, həm də müstəqil çalışmalarını davam etdirir. “Ümid” yatağının işlənməsi yaxın zamanda İlkin Detallı Layihələndirmə (İDL) mərhələsinə daxil olacaq. Biz həmçinin bu yatağa bağlı olan “Babək” strukturunda da ilk kəşfiyyat quyusunun qazılması üçün layihələndirmə işləri aparırıq. “Abşeron” yatağının İlkin Hasilat Sxemi üzrə mühəndislik və layihələndirmə işləri davam etdirilir. Bu layihə üzrə Yekun İnvestisiya Qərarına hazırlıq işləri aparılır. “Abşeron”da ilk quyunun 2019-cu ildə istismara verilməsi planlaşdırılır.
SOCAR neft-qaz hasilatının sabit saxlanılması və yüksəldilməsi məqsədilə Xəzərdə qazma əməliyyatlarının intensivləşdirlməsi üçün tikinti-quraşdırma və təmir işlərini sürətləndirmişdir. Dəniz yataqlarında müasir platformaların inşası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. “Bulla-Dəniz”, “Çilov”, “Qərbi Abşeron”, “Neft Daşları” yataqlarında istismar quyularının qazılması üçün yeni dəniz özülləri və meydançaları tikilib istifadəyə verilmişdir və bu istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir. Neft sənayesində innovativ rəqabətin və texnoloji meyarların ilbəil yüksəldiyini nəzərə alan SOCAR qloballaşmış beynəlxalq neft-qaz bazarındakı inkişafa uyğunlaşmaq üçün bütün tədbirləri görür və ulu öndərin Azərbaycanın neft-qaz sənayesi üçün konseptual əhəmiyyət kəsb edən “Bizim yolumuz islahatlar yoludur” kəlamını əldə rəhbər tutur.
Azərbaycan dünya bazarında təkcə xam neftin və qazın ixracatçısı kimi deyil, həm də neft və neft-kimya məhsullarının istehsalçısı kimi tanınır. SOCAR emal və kimya məhsullarını hazırda ABŞ, İtaliya, Misir, Çin də daxil olmaqla onlarca ölkəyə ixrac edir. Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi və təşkilatçılığı ilə tikilib istifadəyə verilmiş mövcud emal və neft-kimya qurğuları bu məhsulların istehsalına imkan yaradır. Qarşımızda duran sosial-iqtisadi vəzifələrin öhdəsindən layiqincə gəlmək, habelə ixrac öhdəliklərinə vaxtında əməl etmək üçün həmin qurğular davamlı olaraq təkmilləşdirilmiş, mövcud imkanlar daxilində müasirləşdirilmiş, səmərəlilik əmsalı artırılmışdır. Emal sənayemiz xam neftdən səmərəli istifadə etməklə mühərrik yanacaqlarının istehsalının artırılması və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində uğurla işləyir. Lakin məlumdur ki, yanacaq və kimya məhsullarının kəmiyyət və keyfiyyətinə tələbat daim dəyişir və artır. İstehsal olunan dizel yanacağının və avtomobil benzinlərinin keyfiyyətcə Avropa standartlarına uyğunlaşdırılması, rentabelliliyin və ekoloji məqsədəuyğunluğun yüksəldilməsi hazırda bütün növ neft və qaz məhsullarının istehsalında başlıca meyardır. Möhtərəm Prezident İlham Əliyev məhsul və istehsal istiqamətlərinin diversifikasiyası xəttini irəli sürmüşdür ki, bu strateji xətt dünya bazarında qiymətlərin kəskin şəkildə aşağı düşdüyü son illərdə Azərbaycan iqtisadiyyatına böyük dividendər gətirmişdir. Xam neftin qiyməti aşağı düşdüyü halda, neft-qaz və neft-kimya məhsullarının gəlirliliyi yüksəlmişdir. Türkiyədəki ən böyük aktivimiz olan “Petkim” Petrokimya Holdinqinin timsalında biz bunu aydın şəkildə görə bilirik. Məhsullarını təxminən 40 ölkəyə ixrac edən “Petkim” 2008-ci ildə SOCAR-ın idarəçiliyinə keçdikdən sonra xalis mənfəətini 9,2 dəfə artırmışdır. Holdinqin səhmlərinin dəyəri isə 8,7 dəfə yüksəlmişdir. “Petkim”i xammal ilə təmin edəcək STAR neft emalı zavodunun tikintisi 99% tamamlanmışdır. Cari ilin sentyabrında zavodda ilk məhsulun satışı, dekabrda isə şərti qəbulu həyata keçiriləcək. Zavodun istehsal gücü 10 milyon ton həcmində nəzərdə tutulur. Zavodda istehsal olunacaq məhsulların bir qismi, o cümlədən nafta “Petkim” kompleksində xammal kimi istifadə ediləcək ki, bu da ümumi xərclərin aşağı salınmasında böyük rol oynayacaq. Ümumiyyətlə, zavodda istehsal ediləcək məhsulların əsas hissəsi Türkiyənin daxili bazarı, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulur. Cari ildə STAR üzrə aparılacaq işlərin əsas hədəfi istehsalat proseslərinin rəqəmsallaşdırılması olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il tarixli sərəncamı ölkədə neft emalı və neft-qaz kimyası müəssisələrinin ahəngdar inteqrasiyası, vahid komleksdə birləşdirilməsi və innovativ inkişaf müstəvisinə keçirilməsi baxımından dönüş nöqtəsi olmuş, davamlı islahatların əsası qoyulmuşdur. “Azərikimya” İstehsalat Birliyi SOCAR-ın tərkibində fəaliyyətə başladığı dövrdən Sumqayıtda ekoloji şəraitə mənfi təsir göstərən bir sıra yararsız istehsalat sahələri ləğv edilmiş, yeni müasir neft-kimya kompleksinin yaradılması istiqamətində işlərə start verilmişdir. Eyni zamanda, Sumqayıtda Kimya Sənaye Parkının yaradılması üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir. Möhtərəm Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında sənaye parklarının respublikamızda innovativ sənayeyə keçid baxımından son dərəcə mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış və bu il sənayenin inkişafını gücləndirəcək iki nəhəng zavodun - “SOCAR Polymer” və SOCAR Karbamid zavodlarının işə düşəcəyini qeyd etmişdir. Bu ilin fevral ayında “SOCAR Polymer” zavodunda nümayiş və sınaq məqsədi ilə ilk dəfə polipropilen məhsulunun istehsalı həyata keçirilmişdir. “SOCAR Karbamid” zavodunda tikinti işləri, demək olar ki, tamamlanıb və artıq sınaq-sazlama işlərinə hazırlıq gedir. Zavodun ilk məhsulu olacaq ammonyakın istehsalı bu ilin avqust ayına planlaşdırılır. Oktyabrda isə zavodun yekun məhsulunun - azot gübrəsinin (karbamid) istehsalına başlanılacaq. “SOCAR Polymer” müəssisəsində polipropilen və yüksəksıxlıqlı polietilen istehsal edən iki zavodun istismara verilməsi isə cari ilin 2-ci və 4-cü rüblərində planlaşdırılır. Sənayenin səmərəliliyinin artırılması məqsədi ilə “SOCAR Polymer” zavodlarının rəqəmsallaşması “SAP” (Sistem Analizi və Proqramlaşdırma) sisteminin modulları vasitəsi ilə təmin olunacaq.
Neft emalı və neft-qaz kimyasının vahid kompleksdə birləşdirilməsi və istehsal zəncirinin tamamlanması seqmentlərin qarşılıqlı fəaliyyətini təmin edir. Yeni inşa olunan zavodları xammal ilə təmin edəcək “Azərikimya” özü eyni zamanda Heydər Əliyev adına Neft Emalı Zavodunun məhsullarından istifadə edir. Buna görə də zəncirin bütün halqalarının ahəngdar işini təmin etmək üçün yeni zavodların inşası ilə paralel olaraq Heydər Əliyev adına NEZ və “Azərikimya”da yenidənqurma tədbirləri həyata keçirilir. Hazırda “Azərikimya” İB-də texnoloji qurğuların yenilənməsi üzrə işlər tam gücü ilə davam edir. Bununla yanaşı, müəssisədə yeni qurğuların və yardımçı sahələrin inşası işləri aparılır. İstehsalat Birliyi üzrə yenidənqurma işləri 2019-cu ildə başa çatdırılacaqdır.
Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya işləri çərçivəsində ilkin emal, katalitik krekinq kimi mövcud qurğular əsaslı təmir edilərək, yenidən qurulacaq, bir sıra yeni qurğular inşa olunacaq, zavodun istehsal gücü artırılacaqdır. Modernləşdirmə prosesi istehsal olunan dizel yanacağının və avtomobil benzinlərinin Avro-5 standartı səviyyəsinə çatdırılması, yeni bitum istehsalatının yaradılması, reaktiv mühərrik yanacağı həcminin kəmiyyət və keyfiyyətcə yüksəldilməsi, istismar xərclərinin azaldılması və s. vəzifələrlə yanaşı, “Azərikimya”nın qaz xammalı - propan-propilen, butan-butilen fraksiyaları kimi quru qazlarla daha etibarlı təminatını nəzərdə tutur. Artıq NEZ-in modernizasiyası üzrə ilkin detallı layihələndirmə işləri başa çatdırılmış və keçirilən tenderin nəticələrinə uyğun olaraq, növbəti mərhələnin - Layihələndirmə, Satınalma və Tikinti mərhələsi çərçivəsində yeni qurğuların tikintisi ilə bağlı bu ilin fevralında Maire Tecnimont şirkəti ilə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, 10-dan çox istehsal qurğusunun tikintisi nəzərdə tutulur. Mövcud qurğuların və ümumzavod təsərrüfatı obyektlərinin yenidən qurulması isə ötən ilin dekabr ayında keçirdiyimiz digər tenderin qalibi olan Tecnicas Reunidas şirkətinə həvalə olunmuşdur. Layihənin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur. İlk mərhələdə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğuları, eləcə də yeni maye qazdoldurma məntəqəsi tikilib istismara veriləcəkdir. Sonrakı mərhələ üzrə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işləri başa çatdırılacaqdır. III mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası həyata keçiriləcəkdir. Modernizasiya nəticəsində zavodda istehsal həcmini ildə 7,5-8 milyon tona çatdırmaq mümkün olacaqdır. Beləliklə, aparılan rekonstruksiya ölkəmizin ixrac potensialını və NEZ-in gəlirliliyini artıracaq, həmçinin “Azərikimya” İB-nin sabit xammal təchizatını təmin edəcəkdir. Layihə nəticəsində NEZ-in əməliyyat xərclərinin optimallaşdırılması, habelə Bakı və Sumqayıt şəhərində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması gözlənilir.
SOCAR ulu öndərin xüsusi əhəmiyyət verdiyi ətraf mühitin mühafizəsi sahəsində ciddi tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, son illərdə mədən ərazilərinin, xüsusilə Xəzərin Azərbaycan sektorunun neft və neft məhsulları ilə çirklənməsinin, istilik effekti yaradan qazların atmosferə atılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir və bu tədbirlər bu gün də dinamik şəkildə davam etdirilir.
Qlobal istiləşmə və iqlim dəyişmələri bu gün bütün bəşəriyyəti narahat edir. Bu istiqamətdə Dünya Bankının Tərəfdaşlıq (GGFR) təşkilatı ilə 2008-ci ildən əməkdaşlıq edən SOCAR bankın “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüsünə də qoşulmuşdur. 2012-ci ildən etibarən istehsalat prosesləri zamanı alçaq təzyiqli səmt qazının yandırılması azaldılmış, bu istiqamətdə bir neçə layihə işlənib həyata keçirilmişdir. “28 May” və “Neft Daşları” yataqlarında səmt qazının utilizasiyası üzrə layihəmiz Dünya Bankı tərəfindən yüksək qiymətləndirilmiş və “Award Exellence” mükafatına layiq görülmüşdür. Tədbirlər planımıza əsasən, 2017-2020-ci illərdə “28 May”, “Neft Daşları” və “Abşeronneft” NQÇİ-lərdə yeni vakuum kompressor stansiyalarının tikintisi və kompressor qurğularının quraşdırılması nəzərdə tutulur ki, bu da atmosferə qaz tullantılarının “sıfır” həddinə endirilməsində əhəmiyyətli rol oynayacaq.
SOCAR beynəlxalq şirkətlərlə rəqabət apara bilən güclü və modern bir qurum kimi həm ölkə daxilində, həm də xaricdə investisiya fəaliyyətini genişləndirməkdədir. Şirkətin investisiya portfelini şaxələndirən, müxtəlif istiqamətlərdə yeni bazarlara çıxışı təmin edən layihələr ölkəmizin ümumi strateji inkişafına xidmət edir. Türkiyədə, Gürcüstanda, İsveçrədə, Rumıniyada, Ukraynada gəlirli aktivlərin əldə olunması, STAR neft emalı zavodu, Petlim limanı, konteyner terminalı kimi perspektivli inşaat layihələrinə sərmayə yatırılması bu tip layihələrdəndir. İndi həmin layihələr artıq mənfəət gətirməyə başlamışdır. Düzgün investisiya strategiyası aktivlərimizin dəyərini və şirkətin dövriyyə kapitalını ilbəil artırır.
Dünya bazarında səmərəli fəaliyyət göstərmək üçün maliyyə hesabatlarının və idarəçilik modellərinin beynəlxalq standartlara uyğunlaşdırılması, peşəkar audit, müasir informasiya-kommunikasiya texnologiyalarından effektiv istifadə zəruri şərtlərdəndir və apardığımız islahatların mühüm istiqamətlərini təşkil edir. SOCAR Azərbaycanda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçmiş ilk dövlət qurumlarından biridir. Bu prosesdə standart uçot və konsolidasiya mexanizminin hazırlanması məqsədi ilə beynəlxalq təşkilatlarla uzunmüddətli razılaşmalar əldə olunmuş, SAP ERP sisteminin uçot, idarəetmə büdcə proqnozlaşdırılması, məhsul istehsalı, istehsalatın planlaşdırılması, texniki xidmət və keyfiyyətə nəzarət sahələri üzrə bir çox modulları tətbiq edilmişdir. “Ernst & Young”, “Fitch Ratings”, “Standard & Poor's”, “Moody's” kimi tanınmış audit şirkətləri və reytinq agentlikləri ilə səmərəli əməkdaşlıq qurulmuşdur.
SOCAR və IBM şirkətləri tərəfindən Azərbaycanda, Xəzər regionunda və digər ölkələrdə, ilk növbədə neft-qaz sənayesi üzrə, rəqabət qabiliyyətli informasiya texnologiyaları, biznes transformasiyası və müvafiq məsləhət xidmətlərini həyata keçirmək məqsədilə yaradılmış “Caspian Innovation Center” adlı birgə müəssisə həm bizə, həm də regiondakı digər şirkətlərə istehsalat effektivliyinin artırılması ilə bağlı yeni və müasir analitika və xidmətlərini təklif edəcəkdir. Nəzərdə tutulan transformasiya proqramı IBM-in qabaqcıl təcrübəyə əsaslanan proses və texnologiyalarını Azərbaycan və bütün regiona gətirəcək.
SOCAR insan resurslarının inkişafına xüsusi diqqət yetirir. İşçilərin sosial rifahının yaxşılaşdırılması, peşəkarlıq imkanlarının genişləndirilməsi və karyera yüksəlişi fəaliyyətimizin prioritet istiqamətlərini təşkil edir. Şirkət yeni elmi biliklərə, analitik düşüncəyə, çevik qərar qəbul etmə qabiliyyətinə malik təşəbbüskar gənc kadrların hazırlanması məqsədilə geniş tələbat olan ixtisaslar üzrə dünyanın tanınmış universitetlərinə daxil olan azərbaycanlı tələbələrin təhsilini maliyyələşdirir, eyni zamanda, respublikamızın ali məktəblərində Təqaüd Proqramı həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə şirkətin nəzdində yaradılmış Bakı Ali Neft Məktəbi də yüksək ixtisaslı ingilisdilli mühəndislərin hazırlanmasına xüsusi töhfə verir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev nefti Azərbaycanın böyük sərvəti, bütün xalqa, indiki və gələcək nəsillərə mənsub olan sərvəti adlandırırdı. Ulu öndər bu sərvətin xalqın və ölkənin maraqlarına, Azərbaycanın bu gününə və sabahına xidmət etməsi üçün qalibiyyətli bir enerji strategiyası işləyib hazırladı. Azərbaycanın enerji strategiyası bu gün möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında yeni dövrün tələblərinə uyğun davam etdirilir, dinamik inkişafı, dərin islahatları təmin edərək Azərbaycanı yeni-yeni zirvələrin fəthinə doğru aparır. Dünya sənayesi salnaməsinə parlaq səhifələr yazmış Azərbaycan neftçiləri əmindirlər ki, enerji strategiyamızın zəfər təntənəsi bizi daha işıqlı sabahlara çatdıracaq!

 

Rövnəq ABDULLAYEV,
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti,
Milli Məclisin deputatı 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !