HİMNİMİZƏ BASQILAR… - - Şirinxanım Kərimbəyli ŞADİMAN

HİMNİMİZƏ BASQILAR… - Şirinxanım Kərimbəyli ŞADİMAN

Hər dəfə istəyirəm qələmi əlimdən yerə qoyum və yazmayım. Açığını
deyim ki, axır vaxtlar heç qələmlə də yazmıram, kompüterin düymələrini
basmaqla məşğulam. Hər halda bu da müasir dövrün qələmi əvəz edən yazı
üsuludur, amma yazmamaq olmur ki, olmur, çünki bizim insanlarımızın
daxili və xarici baxışları səni məcbur edir ki, yazasan. Yazmayanda da,
başıbəlalı ürək partlamaq dərəcəsinə gəlir. “Azərbaycan gerçəkliyi-2”
məqaləmdə yazmışam ki, biz kölə xalq idik, babalarımız birləşə bilmədiyi
üçün iki yüz ildən yuxarı köləlik düsturu ilə qol-budaq atmış, onu ruhu-
muzdan beynimizə, beynimizdən yeni dünyaya gələn nəslin yetişməsinə
sərf etmişik və bu köləliyin içində məddahlıq, yaltaqlıq, ikiüzlülük,
rüşvətxorluq, oğurluq, haqqın tapdalanması, Vətən deyib Vətəni can-dildən
sevənlərin təhqir olunması, güllələnməsi, sürgünlərə sürülməsi və bir çox
yadıma sala bilmədiyim gerçəkliklər tarixin, başıbəlalı dolaylarında, özünə
yer alıb. Bu düşüncə tərzi köləlik illərində bizimlə birgə doğulub ağlımızda,
şüurumuzda özünə yaxşıca yurd-yuva qurub. 20 ildir torpaqlarımızın bir
hissəsinin yenidən işğalı ilə biz müstəqillik qazandıq, amma bu o demək
deyil ki, tam müstəqil olmuşuq. Bunun üçün öncə şüurun, düşüncənin
müstəqilliyinə çalışmaq lazımdır. Hər dəfə, himn barədə yazı internet
saytlarında və yaxud dövri mətbuatda özünə yer alanda, ürəyim yerə-
göyə üsyan edir, içəridən canımı didir, dağıdır. Necə deyərlər, dözə
bilmirəm. Vallah dözə bilmirəm, billah dözə bilmirəm… Ey xalq şairləri,
ey xalq yazıçıları, ey millətin ziyalı, sayılıb-seçilən mənəviyyat, elm, bilik
insanları, dözə bilmirəm. Axı biz cəmi-cümlətanı 20 ildir ki, parça-parça
edilmiş, sinəsinə min bir yerdən dağlar, düyünlər vurulmuş, Azərbaycanın
az bir hissəsində istiqlal qazandıq. O istiqlalı da gözümüzdən al-qırmızı
qanlarla laxta-laxta tökdülər yerə!.. Yerin bağrı yarıldı, ağrısı köksümüzə
sarıldı. O ağrı içimizi göyüm-göyüm göynədir hər gün, hər dəqiqə, hər
saniyə… Azərbaycan müstəqilliyinin yaradıcılarının məsləkdaşı hesab ol-
unan bəxti qara, ailəsi haqsızcasına, imansızcasına xalq düşməni elan ed-
ilib sürgünlərdə olmazın müsibətlərə düçar olmuş, 1937-ci ildə güllələnmiş
Əhməd Cavad, sənin nə ağrılı taleyin varmış? Türkiyə Cümhuriyyətinin ik-
inci himni kimi səslənən “Çırpınırdı Qara dəniz” şerini türklər nə araşdırır,
nə onun haqqında söz-söhbətlər aparır. Elə soruşanda deyirlər, bu bizim
Əhməd Cavadımızın şeridir. Nə olub ki, bizim istiqlal mücahidlərimizin
nə özləri, nə sözləri, nə o dövrdə dahi Üzeyir bəy tərəfindən yazılmış mu-
siqisi xoşumuza gəlmir?! Nə baş verir? Bu bizim öz içimizdən qaynaqlanır
və yaxud kənardan bizə diktə olunur? Axı cəmisi dörd bəndlik şerə, İlahi,
nə qədər araşdırma, nə qədər söz-söhbət ünvanlayarlar? Ey millətimizin
sevimli qələm əhli, əlinizə, sözünüzə, ruhunuza qurban olum, Vətən deyən
dilinizə qurban olum!!! Himn müqəddəsdir, toxunulmazdır, bu millət dur-
duqca durmalıdır. Onun nə özünə, nə sözünə toxunmazlar. Başqa xalq-
lar yüz illərlə müstəqillik qazanıb nə himninin musiqisini, nə də sözünü
araşdırma meyarına çevirib. Araşdırmaçılarımız, qoy gedib hayların əlinə
keçmiş, bədbəxt Albaniyanın oğurlanmış tarixini, əlifbasını araşdırsınlar,
əsrlərdir onu özününküləşdirmiş haylardan haqq-hesab sorsunlar. Axı
“Çırpınırdı Qara dəniz” kimi, ürək titrədən, şeri yazan Əhməd Cavad
niyə himnin sözlərini yaza bilməsin? Necə, Üzeyirlə bir dövrdə yaşamış
Əhməd Cavadla həmyaşıd, dost olmuş Üzeyir bəy bilmirdi ki, kimin
sözünə o musiqi yazır?! Nədən çoxdan dünyasını dəyişmiş, bu insanların
ruhuna sayğısızlıqlar davam edir? Bəlkə kimsə bu gün himnin sözlərini
yazmaq fikrinə düşüb? Elə bir-birimizə yadlaşma, bir-birini daşlama da
köləliyin çayır kimi içimizdə qol-budaq atmış bar-bəhəri deyilmi? Dövlət
atributları – bayraq, himn, herb toxunulmaz olmalıdır. Dövlət atributları
eyhamlı müzakirəyə qoymamalıdır. Ağlı, huşu olan, Azərbaycan vətəndaşı
onların qabağında diz çökməlidir. Kimlərsə bunu eləyirsə, pula satılmış
adamlardır! Belə adamlar Azərbaycan vətəndaşı adını daşımağa layiq
deyil. Belə yazılarla biz haylarla yox, öz-özümüzlə vuruşuruq. Hayları
alçaltmırıq, özümüzü aşağılayırıq. Bir neçə il öncə Əhməd Cavadın oğlu
Yılmaz Axundzadə televiziya kanallarının birində yana-yana bu şerin
atasına məxsus olmasından danışırdı. Ey bizim qeyrətli, izzətli millətimiz,
görün biz televiziya kanallarında, internet saytlarında, dövri mətbuatda
nəyin araşdırmasını aparırıq? MÜQƏDDƏS HİMNİMİZİN! Əlbəttə ki,
keçən əsrin əvvəllərində yazılmış bu şeirdə şəkilçi və sözlər baxımından
bir az fərqlilik var və bu belə də olmalıdır, çünki hər bir dil zaman keçdikcə
müxtəlif dəyişikliklərə uğrayır. Bu da bizim himnimizin tarixiliyini
göstərir. İndi biz hər yüz ildən bir himnimizin sözlərini dəyişəcəyik? Bir
siz onun sözlərinə fikir verin, ey Vətən eşqilə alışıb yanan soydaşlar, qan
qardaşlar, necə ruhu titrədir, qəlbi riqqətə gətirir:


Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa.

 

Bu şerin bəndində nə başa düşülmür?



Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

 

Bu bəndin üçüncü misrası üçün bir haşiyə çıxmaq istəyirəm. Bəzi
yazarların dilindən eşitmişəm ki, bəs “hüququndan keçən əsgər” ifadəsi
düzgün işlədilməyib. Hər bir insanın, ay həzərat, yaşam hüququ var. Əgər
bir oğul, bir igid öz yaşam hüquqdan keçib özünü torpaq uğrunda qurban
verirsə bu qəhrəmanlıqdır. Bu öz hüququndan keçmək deyil, bəs nədir?

 

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!

 

“Cümlə gənclər müştaqdır” misrası bəzi yazarlarımızı açmır ki, bəs
vətən yaşlılara aid deyil? Aiddir, əziz soydaşlar, amma gəlin etiraf edək ki,
Vətəni qorumaq məqamı yetişəndə cümlə gənclər önə çıxır, çünki güc də,
həyat eşqi də, coşqunluq da gənc insanlarımızda qərarlaşıb. Bu ağrını hər
dövrdə gənclər çiyinlərində daşıyıblar. Bu bizim niyə xoşumuza gəlmir?
Misranın sonunda gedən müştaq (arzulayan) sözünü başa düşülməz hesab
edirlər. Müasir mətbuatımızda nə qədər xarici sözlər əlinə silah götürüb
hücuma keçib dilimizin üstünə! Bəs bu ağrılara heç əlac edən yoxdu?!
Biri deyir qafiyə yoxdur, biri deyir mətn zəifdir, biri deyir sözlər yerində
işlədilməyib. İndiki dövrdə heç şeriyyəti olmayan müəllifləri dahiləşdiririk.
Gəlin tarixə səyahət edək. 1920-ci il yanvarın 30-da Azərbaycan
Xalq Cümhuriyyətinin milli himninin hazırlanması haqqında qərar qəbul
edildi. Və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan
edildi. Lakin 1920-ci ilin aprelin 28-də Azərbaycanın Sovet Rusiyası
qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın
milli himnini qəbul etməyə imkan vermədi. 1992-ci il mayın 27-də par-
lament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” qanun
qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və
şair Əhməd Cavad tərəfindən yazılmış “Azərbaycan marşı” Azərbaycan
Respublikasının Dövlət himni kimi təsdiq olundu.
Cümhuriyyət illərində Üzeyir bəy iki marş yazıb. Onların hər ikisi 1966-
cı ildə Etem Üngörkün Ankarada nəşr etdiyi “Türk marşları” kitabında
çap olunub, amma bizim AMEA-nın ədəbiyyat institutu ciddi tədqiqata
başlayıb və məlum olub ki, bu şerin mətni “Cəmo bəy” imzası ilə dərc olu-
nub. O vaxt ki, parlament üzvlərindən biri olan Cəmo bəy Hacınskiyə və
yaxud Cəmo bəy Cəbrayılbəyliyə aiddir. Bəlkə səhv gedib? Azmı səhvlər
olur mətbuatda? Üzeyir bəy, möhtəşəm musiqi əsərlərilə tarixə düşmüş
dahi sənətkar bu marşı nota salıb və deyirsiniz ki, orda musiqinin sözlərini
yazanın adı yoxdur. Bəs bu himn qəbul olunanda hünərli alimlərimiz
harda idi? Niyə müəllifinin doğru-düzgün adını üzə çıxartmayıblar? İndi
üstündən illər keçəndən sonra başlayıblar araşdırma aparmağa… Gəlin
ey izzətli, hörmətli, şəfqətli, mərhəmətli qələm əhli, 1937-ci ilin ziyalı
soyqırım qurbanlarından biri olan istiqlal şairimiz Əhməd Cavadın ru-
hunu incitməyək. Onsuz da onun ruhu o illərdə çox incidilib. Himn
araşdırmasına son qoyaq. Deyəsən bu araşdırmaya son qoymaq üçün ya
Milli Məclisin, ya da ölkə Prezidentinin qərarı gərəkdir. Belə olmasa hələ
bu himn haqqında araşdırmalar çox uzun çəkəcək.
Mənə elə gəlir ki, burda gizli bir mətləb də var, kimlərsə öz adını
himndə əbədiləşdirmək istəyirlər… Ey bizim yazar əhli, neçə yüz ildir
ədəbiyyatımızla yol yoldaşlığı edən nə dahi Nizaminin, nə də Füzulinin
heç bir himndə şeri yer almayıb, amma müasir dünyamızda bizimlə birgə
yaşayırlar, diridirlər.


Deyəsən torbada pişik var. Pişik kimdi – hələ aydın deyil.
AMEA-nın araşdırma aparmaqçün o qədər işləri tökülüb qalıb ki…
Məsələn, götürüb “Əsli-Kərəm” dastanını araşdırsınlar. Görək niyə araş-
dırmaçılarımız tərəfindən Əsliyə erməni deyilib. Şifahi formada dildən-
dilə, ağızdan-ağıza keçən qədim dastanlarımızdan biri olan “Əsli-Kərəm”
vaxtilə niyə möhtərəm alimlərimiz tərəfindən düzgün tədqiq olunmayıb.
Bu ayrı dinlərdə olan iki türkün məhəbbət faciəsi idi. Rica edirəm, onu
araşdırın. Bununla biz hayları burda qədimləşdirmirikmi?.. O qədər buna
bənzər dərdlərimiz var ki…
Bu dərdlərimizə əlac edin… Hələlik isə Allah amanında. Tanrı bizlərə
yar olsun və bizim ruhumuzu, ağlımızı tam müstəqil etsin…

 

30.05.2012
“Söz könlümü qələm etdi” (publisistik düşüncələr) kitabımdan

 

Şirinxanım Kərimbəyli ŞADİMAN

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !