Pilotların və komanda rəhbərlərinin 2018 Formula 1 Azərbaycan Qran Prisi haqqında sitatları -

Pilotların və komanda rəhbərlərinin 2018 Formula 1 Azərbaycan Qran Prisi haqqında sitatları

Həyəcan dolu Çin Qran Prisindən sonra Formula 1 mövsümün dördüncü yarışı üçün möhtəşəm Bakı Şəhər Halqasındadır.

 

Pirelli, Mario İzola, Avtomobil yarışının rəhbəri


“Ötən illə müqayisədə bu il Azərbaycan Qran Prisi iki ay tez keçiriləcəyinə görə yarışın fərqli hava şəraitində baş tutacağı gözlənilir.
Keçən il Azərbaycanda təkər tərkibləri seçimində bir az mühafizəkar davranmışdıq. Yeni təkər reqlamentinin qəbul olunduğu il “medium” təkərlərdən o qədər də istifadə olunmurdu. Bu il isə bolidlərin gücünü artıracaq təkər tərkibi hazırlamışıq.
Odur ki, bu ilki yarışlarda hər üç tərkibdən istifadə olunacağını, Bəhreyn və Çində keçirilmiş son iki Qran Pridə şahidi olduğumuz kimi bəzi yeni yarış strategiyalarının tətbiq olunacağını düşünürük”.

 

Toto Volff, Mercedes komandasının rəhbəri:


“Bu mövsüm qələbə uğrunda amansız mübarizə aparan 3 komanda var. Bu mövsüm bu idman növünün ən güclü pilotlarının F1 tarixinin ən sürətli bolidlərində apardıqları mübarizəsinin şahidi oluruq. Bu mövsüm illər keçsə də azarkeşlərin təbəssümlə xatırlayacaqları əfsanəvi F1 mövsümü olacaq.
Azarkeşlərlə yanaşı biz də olduqca həyəcanlıyıq. Ötən il Ferrari komandasına qarşı gərgin mübarizə apardıq. Bu il daha gərgin yarış gözləyirik. Red Bull və Ferrari komandaları bizə qalib gəlmək üçün bütün güclərini səfərbər edəcəklər.
Bu komandaların həm sürücüləri, həm də bolidləri yüksək səviyyəlidir. Heç də hamı belə bir mübarizənin lehinə deyil, ancaq komandamız belə gərgin yarışları sevir. Bakı yarışı haqqında proqnoz vermək çətindir. İlk dəfədir ki, Azərbaycan Qran Prisi aprel ayına təsadüf edir. Hava şəraiti ötən illə müqayisədə fərqli olacaq.
Bakı treki sürücülərdən böyük cəsarət tələb edir. Ötən ilin podiumu, məsələn, gözlənilməz oldu. Şəhər treklərini də fərqləndirən cəhət də elə budur”.

 

 

Daniel Rikkardo, Red Bull komandasının pilotu:


“Monako və Sinqapurdan fərqli olaraq Bakı trekində ötmə üçün daha çox imkan var. Ən böyük çətinlik isə tormozlamaqdır. Əyləc nöqtələrinin sayı çoxdur, səhv etmək yolverilməzdir. Bakıda yarışmağın çətinliyi əyləc limitini tapmaqdır.
Ötən il Azərbaycan Qran Prisində baş verənlər bir çoxları üçün ağlasığmaz idi. Keçən həftə Şanxayda olduğu kimi komandanın möhtəşəm strategiyası var idi. Yarışın qalibi olacağım ağlıma belə gəlməzdi, amma rəqiblərimin hamısını ötüb keçirdim. Finiş xəttini keçəndə yarışı qələbə ilə başa vurmağıma inana bilmirdim. Gərgin, əyləncəli və unudulmaz bir yarış idi”.

 

Maks Ferstappen, Red Bull komandasının pilotu:


“Keçən mövsüm mənim üçün uğurlu olmadı. Bolid əla vəziyyətdə idi, mən isə bir sıra problemlərlə üzləşdim. Podium, hətta bəlkə də qələbə qazanmaq fürsətini əldən qaçırdım. Bu il qaçırdığım fürsəti dəyərləndirəcəyimə ümid edirəm.
Bolidimizə tam uyğun gəlməsə də Bakı trekini bəyənirəm. Düz yol çox uzun olduğu üçün orada bir az vaxt itiririk. İçərişəhərdən keçən dar döngə televizordan möhtəşəm görünsə də elə dəqiqliklə dönməlisən ki, heç bir səhvə yol verməyəsən”.

 

Lens Stroll, Williams komandasının pilotu:


“Bakı ilə bağlı gözəl xatirələrim var. Ötən il Formula 1 yarışlarında ilk dəfə Bakıda podium çıxdım, odur ki, onu heç vaxt unutmayacağam. Təkcə trek deyil, Bakı özü də gözəl şəhərdir. Bu trekdə yarışmaq olduqca maraqlıdır. Şəhər treki olduğu üçün divarlarla əhatələnib. Səhv etmək yolverilməzdir”.

 

Sergey Sirotkin, Williams komandasının pilotu:


“Uzun, yüksək sürətli düz yol, çaşdırıcı əyləc zonaları ilə Bakı treki olduqca çətindir. Burada səhv etmək olmaz. Yarışı maraqlı edən nüans da elə budur. Ötmələr üçün isə əla fürsət var. Ötən il komandam trekdə yaxşı nəticə göstərdi. Mən də yarışa tam hazıram”.

 

Peddi Lou, Williams komandasının Texniki Direktoru:


“İçərişəhərdən keçən bolidlərin yavaş sürəti, start və finiş xəttində isə artan sürət yarışa böyük həyəcan qatır. Ötən il komandamız üçün yaddaqalan oldu. Belə ki, komandanın pilotu Lens Stroll Formula 1-də ilk dəfə podiuma çıxdı. Bu mövsüm Azərbaycan Qran Prisi ötən illə müqayisədə daha sərin hava şəraitində baş tutacaq. Azərbaycanlı azarkeşlərimiz qarşısında maraqlı yarış nümayiş etdirməyi səbirsizliklə gözləyirik. Rusiya Azərbaycanın qonşusudur. Odur ki, bu il Bakıda öz debütünü edəcək Sergey üçün böyük dəstək gözləyirik. Lensə gəldikdə isə ondan ötən il imza atdığı uğuru bu il də təkrarlayacağını gözləyirik”.

 

Fernando Alonso, McLaren komandasının pilotu:


“Keçən il mövsümün ilk xalını məhz Azərbaycan Qran Prisində qazandıq. Bu həftəsonu da eyni nəticəni təkrarlayacağımızı gözləyirik. Bakı Şəhər Halqası F1 təqvimində yeni olmasına baxmayaraq artıq F1 pilotları arasında öz rəğbətini qazanıb. Bu, mövsümün ən sürətli şəhər trekidir. Trekin uzunluğu həm bolidləri, həm də pilotları böyük sınağa çəkir. Hər yarış həftəsonundan əvvəl bolidlərimizi diqqətlə yoxlasaq da Bakıda göstərəcəyimiz performansdan ciddi dəyişiklik gözləmirik. Buna baxmayaraq, bolid haqqqında bilik bazamızı artırır və mümkün bütün xalları qazanmaq üçün performansımızı yüksəldəcəyik”.

 

Stoffel Vandorn, McLaren komandasının pilotu:


“İçərişəhərin tarixi mərkəzindən keçən trekdə yarışmaq olduqca maraqlı və bir o qədər də çətin idi. Dar küçələrdə rəqibləri ötüb keçmək çaşdırıcı idi. Yalnız düz yolun sonunda ötmə əməliyyatı üçün real fürsətimiz olurdu. Mənim üçün bazar günü yarışın startı çox əhəmiyyətlidir. Son yarışlara o qədər də yaxşı start verməmişəm. Ötmənin də çətin olduğunu nəzərə alsaq, start mövqeyimizi yaxşılaşdırmalıyıq. Çin Qran Prisində gərgin mübarizə apardıq. Boliddə baş verən nasazlığa görə yarış mənim üçün çətin keçdi. Bu yarışda nəticəmizi yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.

 

Erik Bulye, McLaren komandasının Yarış Direktoru:


“Ötən il Bakı trekində baş verən güclü rəqabəti nəzərə alsaq, bu həftəsonu düzgün seçilmiş strategiya əhəmiyyətli rol oynayacaq. Komandamız bütün gücünü bazar gününə səfərbər edir. Odur ki, baş verənlərə tez cavab vermək olduqca vacibdir. Əlimizə düşən bütün fürsətləri dəyərləndirməliyik. Komandamızın hər iki pilotu bu mövsüm hələ ki, əla nəticə göstərir. Bakı treki öz çətinliyi ilə mövsümün ən rəqabətli yarışlarına şahidlik edib. Bazar günü yarış mövqeyimizin əhəmiyyətini əsas tutaraq, Bakı trekinin çətinliklərini aşmağa hazırıq”.

 

Markus Eriksson, Sauber komandasının pilotu:


“Azərbaycan Qran Prisi mövsümün ilk şəhər yarışı olacaq. Trekin özəlliyi Qala Divarlarının yanından keçən dar döngədir. Burada pilot olduqca diqqətli olmalıdır. Digər çətin məsələ bolidi trekin tələblərinə uyğunlaşdırmaqdır. Təkərin quraşdırılması əsas faktordur, çünki yarış vaxtı təkərlərin deqradasiya riski yüksəkdir. Yarışı səbirsizliklə gözləyirəm”.

 

Şarl Lekler, Sauber komandasının pilotu:


“Keçən il Formula 2 çempionatında yarışdığım üçün artıq Bakı Şəhər Halqasına bələdəm. Şəhər treklərini xüsusilə sevirəm. Yarış ab-havası olduqca gözəldir, İçərişəhər və Qala Divarları isə füsunkar görüntüyə sahibdir.
Sərbəst yürüşlər zamanı təkərlərin performansını müşahidə edəcəyik. Bu, doğru seçim etməyimiz və yarışda yüksək performans göstərməyimiz üçün vacib mərhələdir”.

 

Roman Qrojan, Haas komandasının pilotu:


“Bolid əla vəziyyətdədir, komanda isə əlindən gələni edir. Mövsümün ilk 3 yarışında xal qazana bilməmişik. İlk xalımızı Bakıda qazanacağımıza ümid edirəm.
Bakı treki digərlərindən çox fərqlənir. Uzun düz yolda yüksək sürət, Qala Divarı ətrafındakı döngədə isə tarazlıq əsas faktordur. Çox maraqlı Qran Pri olacaq. Gözləntilərimiz böyükdür. Çalışacağıq bütün fürsətlərdən yararlanaq.
Ön cərgədə gərgin mübarizə gedir. Bəzi yarışlarda Renault, Toro Rosso, Haas və ya McLaren trekin yarısında üstünlüyü ələ alır. Bu, yarışı daha da maraqlı edir. Ön cərgədə isə vəziyyət başqadır. Mercedes hələ də qələbə qazanmayıb. Gərgin mübarizə gözlənilir”.

 

Kevin Maqnussen, Haas komandasının pilotu:


“Bu il daha yaxşı bolidə sahibik. Tarazlıq əla vəziyyətdədir. Digər komandaların hazırlıqları haqqında məlumatımız olmadığı üçün Azərbaycan Qran Prisi haqqında proqnoz vermək çox çətindir. Var gücümüzlə mübarizə aparacağıq.
Hal-hazırda Renault komandasıyla bərabər gücdə, McLaren komandasından isə bir qədər sürətli olduğumuzu düşünürəm. Trekinin yarısında ən güclü rəqibimiz Renault komandasıdır. Nəzərə alsaq ki, bolidlərimiz oxşardır, onları məğlub da edə bilərik.
Əsas məqsədimiz bu komandalara qarşı mübarizə aparmaqdır. Keçən il səkkizinci yerdə qərarlaşdıq, bu il nəticəmizi yaxşılaşdırmaq istəyirik. Mövsümün ortasında yaxşı mövqedə olsaq, hədəflərimizi də yenidən müəyyənləşdirəcəyik”.


Gunter Ştayner, komandanın rəhbəri:


“Mövsümün ilk 3 yarışında rəqabətə davamlı olduğumuzu göstərdik. Hər yarışda təkərləri daha yaxşı tanıyırıq. Bu il planımız ötən ildəkindən fərqlidir.
Ötən il mövsümün əvvəlində bolidlə bağlı yeniliklər etməməyə qərar verdik. Bütün diqqətimizi bu ilki bolidlərə yönəltmişdik. Bu il isə daha çox yeniliklər etmək qərarına gəlmişik”.

 

Serxio Peres, Force India komandasının pilotu:


“Ötən ilki yarış elə bil dünən olub. Azərbaycan Qran Prisi ilə bağlı xoş xatirələrim var. Bakı treki artıq böyük rəğbət oyadıb. Burada rəqabət olduqca qızğındır.
Bu mövsümün ilk yarışları mənim üçün o qədər də asan olmadı. Bəhreyndə müvəffəqiyyətsizliyə uğradım. Yarışda belə şeylər olur. Çin Qran Prisində çox məyus oldum. Yarışı birinci döngədə başa vurmalı oldum.
Bolidin tarazlığından artıq məmnunam. Əvvəlki vəziyyətimizə qayıdırıq. Bakı yarışının maraqlı olacağını düşünürəm. Əsas məsələ sürətli və tormozlama zamanı inamlı olmaq lazımdır. Şəhər treklərini, xüsusilə də Bakı trekini sevirəm”.

 

Esteban Okon, Force India komandasının pilotu:


“Bakı treki şəhər trekləri üçün xarakterik olmayan uzun düz yola sahibdir. Ötən il Azərbaycan Qran Prisi azarkeşlərin ən sevimli yarışı oldu. Şəhər treklərindəki atmosferi çox sevirəm.
Keçən il Bakı yarışı yaddaqalan oldu. Qızğın mübarizə aparmağımıza baxmayaraq bəzi fürsətləri əldən verdik. Bu il keçən ilki kimi sürətli olacağımıza ümid edirəm.
Bakı trekində 3-4 bolid yan-yana mübarizə apara bilər. Bu, Formula 1 yarışlarında nadir baş verən haldır. Bakı xal qazanmağımız üçün əla şansdır. Yarışdan-yarışa bolid daha da təkmilləşir. Bu mövsüm bəzi yeni elementləri sınaqdan keçirmişik. Hələ ki, mövsümün ilk yarışlarıdır. Bolidin tam potensialını üzə çıxara bilsək, yarışı ön sıralarda başa vura biləcəyik”.

 

Vicey Malya, komandanın rəhbəri:


“Azərbaycan Qran Prisi xal qazanmağımız üçün olduqca əhəmiyyətlidir. Əlverişsiz şəraitə görə mövsümün ilk yarışlarında nəticə gözlədiyimiz kimi olmadı.
Bəhreyn və Çində birinci döngədə baş verən qəzalara görə rəqiblərimizdən geri qaldıq. Yarışın əvvəlində bu qədər mövqe itirirsinizsə, vəziyyəti öz xeyrinizə dəyişmək çətinləşir.
Digər tərəfdən Avstraliya Qran Prisindən sonra bolidin performansını artırmışıq. Son iki yarışda nəticələrimizi yaxşılaşdırmışıq”.

 

Niko Hülkenberq, Renault komandasının pilotu:


“Mövsümə yaxşı başlamışıq. Xal qazanmağımız vacibdir. Yüksələn xətt üzrə hərəkət etməli və rəqiblərimizi məğlub etmək üçün səylə çalışmalıyıq”.

 

Karlos Sayns, Renault komandasının pilotu:


“Ümumiyyətlə, mövsümün ilk üç yarışı komanda üçün uğurlu keçdi. Məqsədlərimizə çatmaq üçün komanda olaraq böyük səy göstəririk. Özüm haqqında isə onu deyə bilərəm ki, boliddə müxtəlik tənzimləmələri sınaqdan keçirdim və doğru yolda olduğumuza əminəm. Sükanı belə saxlamalı və bacardığımız qədər çox xalla geri qayıtmalıyıq”.

 

Siril Abitebul, İcraçı direktor:


“Bakı bu mövsüm bizim üçün yeni mərhələnin başlanğıcı olacaq. Barselonada mühərrikə etdiyimiz dəyişikliklərdən sonra bolidin qanadlarına şassi yeniliklərimizi tətbiq edəcəyik. İnanırıq ki, bu dəyişikliklər performansımızı qoruyub saxlamağımıza imkan verəcək. Hər bir elementin işlədiyinə əmin olmalıyıq”.

 

Brendon Hartli, Toro Rosso komandasının pilotu:


“Karyeram ərzində dəfələrlə müxtəlif şəhər treklərində yarışmışam. Şəhər trekləri maraqlı döngələri ilə unikaldır. Burada səhv etmək yolverilməzdir. Digər sürücülər kimi mənim də ən çox xoşuma gələn cəhət elə budur.
Qala Divarlarının yanından keçən döngə mənə Manakonu xatırladır. Mövsümün dördüncü yarışını səbirsizliklə gözləyirəm. Simulyator və keçən yarışların videolarını izləməkdən əlavə treki daha yaxşı öyrənməyə çalışacağam.
Yeni treki öyrənərkən təcrübə öz sözünü deyir. Simulyatorun real trekə tam uyğun modelləşdirildiyini gözləyirsən, ancaq buna qəti əmin olmaq çətindir.
Ona görə də ötən yarışların videolarını izləmək faydalıdır. Cümə axşamı baş tutacaq trek gəzintimizi səbirsizliklə gözləyirəm”.

 


Pyer Qasli, Toro Rosso komandasının pilotu:


“Bakı treki divarlarla əhatələndiyi üçün burada risk etmək ehtimalı iki dəfə və daha çox artır. Bundan başqa uzun düz yol bu trekin maraqlı xüsusiyyətlərindən biridir. Keçən ilki yarış yüksək sürəti ilə yadda qaldı. Bir pilot kimi bu, həm maraqlı, həm də risklidir.
Keçən il yarışı ehtiyat pilot kimi müşahidə edirdim. Mövsümün ən həyəcanverici yarışlarından birində mübarizə aparacağıma görə çox xoşbəxtəm. Qala Divarları ətrafındakı döngə isə zənnimcə, çempionatın ən dar döngəsidir. Burada həm çoxlu vaxt qazanmaq olar, həm də itirmək.
Dar döngədən keçəndə bolidin baryerdən cəmi bir neçə santimetr aralı olduğunu görürsən. Diqqəti bir araya toplamaq çətinləşir. Digər treklərdən fərqli olaraq, bir az gec dönsən, ot və toz deyil, birbaşa divarla üz-üzə gələcəksən. Bu da məğlubiyyət üçün kifayətdir!
Birinci döngədə əyləci sıxanda yüksək sürəti hiss edirsən. Formula 2 yarışını ikinci yerdə başa vurmuşdum. Sonuncu dövrəyədək qalibiyyət uğrunda mübarizə aparmaq əladır. Yarışa 18-ci yerdə start verməyimə baxmayaraq, onu 2-ci yerdə başa vurdum. Unudulmaz yarış idi!”

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !