Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatı dinlənilir -

Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatı dinlənilir

Martın 16-da Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilir.

 

AZƏRTAC xəbər verir ki, iclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilənilir. Hesabatı Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə təqdim edir. 

 

 

 

                                                                                ***

 

Oqtay Əsədov: Həyata keçirilən tədbirlər Azərbaycanın investisiya qoyuluşları üçün cəlbediciliyini qoruyub saxlayır

 

Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi qanunverici orqanla hökumət arasında əlaqələrin güclənməsini, sosial, iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində Milli Məclisin deputatlarının iştirakını təmin edir.

 

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

 

Oqtay Əsədov 2017-ci ildə Azərbaycanda həyata keçirilən iqtisadi, hüquqi, demokratik islahatlar barədə məlumat verib. Bildirib ki, Azərbaycan dövləti neft strategiyasında növbəti uğurlu addımı atıb. “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsinə dair xarici şirkətlərlə müqavilənin müddəti ölkəmiz üçün əlverişli şəraitlərlə 2050-ci ilə qədər uzadılıb. Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP kəmərlərinin inşası sürətlə davam etdirilir. Tarixi İpək Yolunun bərpası üçün böyük önəm kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu ötən il istifadəyə verilib. Araşdırmalar göstərir ki, bu dəmir yolu xətti Şərq ilə Qərbi birləşdirən məsafəni iki dəfəyə qədər yaxınlaşdırır və yolu asanlaşdırır. İqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft ixracının stimullaşdırılmasına, aqrar sahənin inkişafına dövlət dəstəyi artırılıb. 2017-ci ildə qeyri-neft sektorunda əvvəlki ilə nisbətən 2,7 faiz artım baş verib. Nəticədə bu sektorun ümumi daxili məhsulda xüsusi çəkisi təqribən 62 faiz təşkil edib. Ötən il ərzində iqtisadiyyata 17 milyard manata yaxın sərmayə yatırılıb. Həyata keçirilən düşünülmüş tədbirlər ölkəmizin investisiya qoyuluşları üçün cəlbediciliyini qoruyub saxlayır.

 

                                                                              ***


Baş nazir: Ötən 14 il ərzində Azərbaycanda 1 milyon 900 mindən çox iş yeri açılıb

 


Son 14 il ərzində Azərbaycanda ümumi daxili məhsul 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, əhalinin adambaşına düşən gəliri 7,2 dəfə, əməkhaqqı 6,8 dəfə artıb. Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,4 faizə enib. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 milyard dollar təşkil edib. Ötən illər ərzində 1 milyon 900 mindən çox iş yeri açılıb.

 

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Baş naziri Artur Rasi-zadə Milli Məclisin plenar iclasında hökumətin hesabatını təqdim edərkən bildirib.

 

Baş nazir vurğulayıb ki, neft-qaz sənayesinin aparıcı rolu Azərbaycanın nüfuzunun artmasına töhfəsini verəcək və digər sahələrin inkişafına kömək edəcək.

 

Artur Rasi-zadə qeyd edib ki, əhalinin təbii qazla təmin edilməsi kimi sosial problemin həlli ilə bağlı davamlı tədbirlər nəticəsində qazlaşdırmanın səviyyəsi 51 faizdən 93 faizə yüksəlib.

 

                                                                               ***


Artur Rasi-zadə: Müdafiə sənayesinin inkişafı üçün bu sahəyə ayrılan vəsait 13,5 dəfə artırılıb

 

Təəssüflər olsun ki, ötən illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi dönüşə nail olunmayıb. Bunun səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi, münaqişəni uzatmağa çalışmasıdır.

 

AZƏRTAC xəbər verir ki, bu fikri Baş nazir Artur Rasi-zadə Milli Məclisin plenar iclasında hökumətin hesabatını təqdim edərkən söyləyib.

 

Baş nazir bildirib ki, dövlətimizin başçısı hər zaman bu problemi nəzarətdə saxlayır, beynəlxalq tədbirlərdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Ali Baş Komandanımızın rəhbərliyi ilə hərbi gücümüzü durmadan artırırıq, ordumuzu müasir hərbi sursatlarla təmin edirik. Müdafiə sənayesinin inkişafı üçün bu sahəyə ayrılan vəsait 13,5 dəfə artırılıb.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !