DÜNYA SUSDU - - Şirinxanım Kərimbəyli ŞADİMAN

DÜNYA SUSDU - Şirinxanım Kərimbəyli ŞADİMAN

DÜNYA SUSDU

 

Qətrə-qətrə qan töküldü, çox talandı məkanımız,
İnsanlığa yaxşı bələd ali ədəb, ərkanımız,
Haqqımızı anlatmağa az tapıldı imkanımız,
Heç olmadı özümüzə, içimizə təkanımız,
Hər zülümə, müsibətə, həqarətə dünya susdu,
Ağzımıza daş basıldı, ədalətə dünya susdu.

 

Hey çəkildi gözümüzə zaman-zaman yağı mili,
Hey kəsildi cəlladların əllərində haqqın dili,
Nə bir qansız, nə qovğasız olmadı ki, Vətən ili,
Ocaqları kor qoydular, quru yurdda qaldı külü,
Fitvalarda biz əzildik, biz üzüldük dünya susdu,
Kətan təki hey nazildik, hey süzüldük dünya susdu.

 

Şəhidimiz məzar-məzar çoxaldıqca adiləşdik,
Torpağımız hissə-hissə alındıqca vadiləşdik,
Beynəlmiləl deyildikcə üzümüzə sadələşdik,
Yurdumuzdan pay verməkçin xainlərlə vədələşdik...
Qan töküldü, bel büküldü, yurd söküldü dünya susdu.
Atamızın qəbirinə xaç çəkildi, dünya susdu.

 

Bizdən əvvəl gələnlər də birləşməyi ar bildikcə,
O tayfanın böyüklüyün bu tayfaya xar bildikcə,
Yadellinin xatunların özlərinə yar bildikcə,
Öz yurdunu, öz elini bir-birinə dar bildikcə,
Xərabəyə döndü ocaq, söndü ocaq, dünya susdu.
Aşıb-daşdı qanlı qucaq, dondu bucaq dünya susdu.

 

Aman Allah, kim açacaq bizim bu kor gözümüzü?
Düşmən bildik, yağı bildik özümüzə özümüzü,
Oğurladı iblis, şeytan içimizdən közümüzü,
Yadelliyə, xainlərə öyrətdikcə üzümüzü,
Xırdalandıq, könlümüzə zəfər çaldıq dünya susdu.
Son məqamda özümüzlə tənha qaldıq dünya susdu.

 

Zülüm evi yıxılmazdır min il belə ötüb keçdi,
Zəlzələlər, fırtınalar insanları ottək biçdi,
Cahillikdən çıxmıb bəşər bir-birinin qanın içdi...
Zaman-zaman ölüm, qırğın, müsibətlər yolun seçdi,
Haqqımızı içimizdə şəhid edən dünya susdu,
Aman Allah, bu qanlara söylə nədən dünya susdu?

 

Xərabəyə döndü yurdlar, bilinmədi ölüb-itən,
Unutqanlıq, biganəlik qəlbimizdə ottək bitən,
Əslimizə, kökümüzə ağız büzdü, əfsus yetən,
Kiçildikcə, söküldükcə, büküldükcə yazıq Vətən!
İnsanları işğallarda üyüldükcə dünya susdu,
Ədalətin baş-gözünə döyüldükcə dünya susdu.

 

Ey Şadiman, yandı bağrın hər əzabın cəfasından,
Kimə qaldı bu cahanın əlçatmayan vəfasından?
Zaman qaçdı, Tanrı doydu bəşərin bivəfasından,
Ocağında kül olmusan ürəyinin səfasından,
Sən alışdın alovundan yandı Günəş dünya susdu,
Vulkan oldu könlün içi, doğdu atəş dünya susdu.

 

Şirinxanım Kərimbəyli ŞADİMAN
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !