İnam həyatın sərmayəsidir - - Ağalar İDRİSOĞLU (+FOTOLAR)

İnam həyatın sərmayəsidir - Ağalar İDRİSOĞLU (+FOTOLAR)

Cabir Məcidov: Hər bir insan 40 yaşdan sonra tez-tez ürəyin kardioqramını çıxartmalı, qan analizləri verməli, həkim- kardeoloqla məsləhətləşməlidir.

 

Sumqayıt şəhərindakı 1 Nömrəli Xəstəxananın Kardeologiya şöbəsi, bu xəstəxananın döyünən ürəyidir desək səhv eləmərik. Mən bu şöbənin işi ilə hələ 2001-ci ilin may ayının 8-dən tanış olduğuma və bu şöbədə düz 40 gün yatdığıma görə bu sözləri qətiyyətlə deyirəm. Həmin vaxtı məni ağır infakt xəstəsi kimi bu şöbəyə gətirmişdilər. Başda məni müalicə eləyən həkim-kardeoloq Sevinc Hasıyevə, həkim- kardeoloqlar Cabir Məcidov, Lətafət Orucova əllərindən gələni elədilər ki, sağalım. Həqiqətən də onların zəhəməti hədər getmədi. On yeddi ilə yaxındır ürəyim hələ ki, mənə sadiqdir. Məni ən çətin proseslərdən qoruyur. Mən də bu illərdə bacardığım qədər onun qayğısına qalmışam və vaxtaşırı müalicə almışam. Həkimlərin sözlərinə də həmişə əməl eləmişəm. Amma bu ilin fevral ayının 5-də təzyiqim yüksək olduğuna görə burnumdan qan açıldı. Onu saxlamaq çətin olduğundan Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimi Məmmədhəsən Məmmədovun məsləhəti ilə məni 1 Nömrəli Xəstəxanaya gətirdilər. Həkim-kardeoloq Sevinc Hacıyevanin, artıq kardeologiya şöbəsinin müdüri işləyən Cabir Məcidovun məsləhəti ilə mən Sumqayıt şəhər 1 Nömrəli Xəstəxananın kardeologiya şöbəsinə yerləşdirildim.


Mənə bu xəstəxanada lazım olan şərait yaratdıqlarına görə Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri, Əməkdar həkim, Tibb üzrə fəlsəfə doktoru Nəriman Baxşəliyevə və 1 Nömrəli Xəstəxananın baş həkimi, gözəl mütəxəssis, böyük təşkilatçı insan, Əməkdar həkim Nazim Hüseynquliyevə dərin təşəkkürürümü bildirirəm. Burnumdan qan açıldığı vaxt həmin qanın qarşısını almaqda böyük fədakarlıq göstərmiş Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimi Məmmədhəsən Məmmədova, 1 Nömrəli Xəstəxananın LOR həkimi, savadlı mütəxəssis Könül Ələsgərovaya, həmin şöbənin tibb bacısı Könül Pənahovaya minnətdarlığımı bildirirəm. Onlar da böyük fədakarlıq göstərdilər və səbrlə burnumun kaplyarlarının bərpa olunmasına çalışdılar. Həkim Könül Ələsgərova və tibb bacısı Könül Pənahova hər ikisi cavan olmaqlarına baxmayaraq, onların yaxşı mütəxəssis olmalarına heyran qaldım. Doğrudan da insan öz işinin yaxşı mütəxəssisi olanda hamının sevimlisi olur və böyük hörmət qazanır.
Xəstəxanada yatdığım müddətdə mənə həyan olan yaxın dostlarıma, tanışlarıma da təşəkkürümü bildirirəm. Eləcə də bu müddətdə mənə tez-tez zəng vuran, məni yoluxmağa gələn Xalq şairi Nəriman Həsənzadəyə, ağsaqqalım, filologiya üzrə fəlsəfə doktoru Sadıq Murtuzayevə, iş yerlərim olan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və “Azad Azərbaycan” qəzetinin kollektivlərinə, çoxlu tanınmış həkimlərə, jurnalistlərə, ədəbiyyat, incəsənət, idman xadimlərinə, professorlara, müəllimlərə, iş adamlarına, qohumlarıma və elə belə mənimlə maraqlanan adi insanlara dərin təşəkkürümü bidirirəm. Hamısı çox sağ olsunlar ki, mənim səhhətimlə maraqlanıblar və mənə sağalnaq üçün ürək-dirək veriblər. Doğrudan da bu gözəl sözdür ki, inam həyatın sərmayəsidir və həmin insanların inamı mənə güc-qüvvət verir ki, tam sağalım və əvvəlki kimi öz işimi davam etdirim. Həm də insan gərək yaşadığı cəmiyyətdə hamıya əlindən gələn yaxşılıqları, köməklikləri eləməlidir ki, belə çətin məqamda onu da yada salsınlar və axtarsınlar.
Bu xəstəxanada 2001-ci ildən fərqli olaraq, artıq çox yüksək şərait var. Xəstəxana yüksək səviyyədə əsaslı təmir olunub. Başda Əməkdar həkim Nazim Hüseynquliyev olmaqla bütün həkimlər, tibb bacıları və texniki işçilər də əllərindən gələni eləyirlər ki, xəstələr onlardan razı qalsınlar. Və mən burada bir daha hiss elədim ki, kardeologiya xəstəxananın həqiqətən döyünən ürəyidir. Bununla bağlı şöbə müdiri, artıq 17 ildir ki, tanıdığım, yüksək səviyyəli kardeoloq- həkim, savadlı mütəxəssis və gözəl ziyalı olduğuna görə dərin hörmət etdiyim Cabir Məcidovla xəstəxanadan çıxandan sonra həmsöhbət oldum. Bu gün dünya əhalisini cənginə alan, qorxuya salan ürək, qan-damar xəstəliklərinin nədən yaranmasını öyrənib, fikrimi çoxminli oxucularla bölüşmək istədim.
İlk öncə belə gözəl mütəxəssis haqqında çoxminli oxuculara məlumat verib bildirmək istəyirəm ki, Cabir Qardaş oğlu Məcidov 1961-ci ildə Masallı rayonunun Tətyan kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra ordu sıralarında xidmət edib. Sonra Ukraynanın Lvov şəhərindəki Avtomobil zavodunda fəhlə işləyib və məqsədi orada Tibb İnstitutuna qəbul olmaq olub. Amma orada işlədiyi vaxt qəzaya düşüb və iki il müalicə olunandan sonra Vətənə qayıdıb, elə həmin ildə də Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna ( indiki Dövlət Tibb Universiteti) qəbul olub. 1990-cı ildə ali məktəbi ixtisaslı həkim kimi bitirən Cabir Məcidovu Tibb İnstitutunda müəllim kim saxlamaq istəyiblər amma o, həkim işləməyi daha üstün tutduğuna görə onu təyinatla Sumqayıt şəhərinə həkim-terapeft kimi işləməyə göndəriblər. İlk əvvəl poliklinikada terapeft, kardeoloq- həkim kimi işləyib. 1993-cü ildən kurs bitirdikdən sonra 1 Nömrəli Xəstəxanada həkim-kardeoloq kimi öz işini daha inamla davam etdirməyə başlayıb. Az bir vaxtda özünü savadlı, bacarıqlı kardeoloq-həkim kimi sübut etdiyinə görə təkcə kollektivin yox, həm də xəstələrin sevimlisi olub. 2005-ci ildən isə xəstəxanada kardeologiya şöbəsinin müdiri təyin olunub. Elə həmin vaxtdan da 1 Nömrəli Xəstəxananın kardeologiya şöbəsi Cabir Məcidovun, Sevinc Hacıyevanın, Lətafət Orucovanın, Tahir Səfərlinin, Arif Abdurrəhmanovun, Vəfa Əliyevanın, Aida Məmmədovanın və başqa kardeoloq- həkimlərin sayəsində respublikada ən sayılıb-seçilər kardeologiya şöbələrindən biri olub. Uzun illərdir ki, Azərbaycanın hər yerindən bura ürək xəstəlikləri ilə bağlı çoxlu insanlar müraciət edir və bu fədakar həkimlərin, öz işinin mütəxəssis olan tibb bacıları - Ofelya Səfiyevanın, Samirə Mirzəyevanın, Mirvari Mahmudovanın, Məhbubbə İsmayılovanın, Kəmalə Eyvazovanın, Elza Fətəliyevanın, Yeganə Abbasovanın, Sevda Nəzərovanın, Zərifə Hüseynovanın, Sona Mirzəyevanın, Dilsurə Quliyevanın, Sevinc Əliyevanın, Qumru İsmayılovanın, Cəmalə Əhmədovanın, Yeganə Dəryaquliyevanın, Validə Şabanovanın, Əminə Həsənovanın, Elza Vəliyevanın, Vüsalə Qasımovanın və başqalarının sayəsində onlar şəfa tapırlar. Eləcə də təsərrüfat işləri üzrə tibb bacısı Xatirə Dadaşova, texniki işçilər-.Nisə Qurbanova, Nisə Haqverdiyeva, Vüsalə Əsgərova, Sehradə Məmmədova, Mətanət Ağamirzəyeva, Gözəl Qayıbova, Zoya Sevdimalıyeva, Kifayət Yusifova, Nəzakət Fərzəliyeva, Dilbər Əhmədova əllərindən gələni eləyirlər ki, xəstələr onlardan tam razı qalsınlar. Doğrudan da məhz Cabir Məcidovun böyük zəhməti sayəsində həsəd olunası bir kollektivdir kardeologiya şöbəsinin işçiləri.


-Doktor Məcidov, kardeoloji xəstəliklərin başqa xəstəliklərdən çox olmasının əsas səbəbi nədir?


-Ürək, qan- damar xəstəliklərinin artmasının əsas səbəbləri stres faktorunun çoxluğu, qida məhsullarını zamanı pəhrizin gözlənilməməsi, bəzi məhsulların da keyfiyyətsiz olması, oturaq həyat tərzi, siqaret, spirtli içkilərdən çox istifadənin nəticəsindədir. Ona görə də insanlar ürək, qan-damar xəstəliklərdən qaçmaq üçün yuxarıda dediyim faktorlardan uzaq olmalıdırlar. Bununla birlikdə hər bir insan artıq 30-35 yaşdan sonra ən azından ildə iki dəfə həkimə müraciət edib, bütün müayinələrdən keçməlidir. Onlar orqanizmlərində olan dəyişikliklərdən xəbərdar olmalıdırlar.


-Sizə təkcə kardeoloq-həkim kimi yox və həm də bacarıqlı şöbə müdiri, yüksək səviyyəli ziyalı kimi hamı hörmət eləyir. Həkimlər də ən çətin məqamda çox məsələləri sizinlə məsləhətləşirlər. Sizin adınıza respublikanın hər yerindən çoxlu xəstələr gəlir. Onlar sağalandan sonra nə hisslər keçirirsiniz?


-Hökmü verən Allahdır. Biz, sadəcə onun yerdə sadiq elçiləriyik. Həkim sənətində çalışan hər bir adam da öz sənətini daha çox sevməlidir. Çünki bizim işimiz insan teleyidir. Həkim hər bir xəstəni özünün ən yaxın insanı bilməli və ona elə də yanaşmalıdır. Klinik ölüm keçirən insanları da biz, bacardığımız qədər, nəyin bahasına olursa-osun həyata qaytarırıq. Onlar həyata qayıdandan sonra klinik ölüm keçirtdikləri vaxtı yaşadığı həyatı maraqla danışırlar. Bu özü ayrılıqda çox maraqlı bir mövzudur. Təsəvvür edin ki, biz bu insanları həyata qaytarandan sonra onların yaxınlarının və özlərinin ürək dolusu təşəkkürlərindən sonra yaşamağa, öz işimizi belə vicdanla görməyə həvəsimiz daha çox artır. Ümumiyyətlə həkim sənəti bütün sənətlərin şahı olmaqla, böyük möcüzədir. Biz bu işdə hər gün yeniliklərlə, yeni hadisələrlə rastlaşırıq.


-Çox vaxt bizim millət həkimə elə bir məqamda müraciət eləyir ki, artıq onların yaşamağa da ümidi az olur. Həmin vaxt bu xəstələri sağaltmaq üçün nə edirsiniz?


-Açığı deyim ki, ümumiyyətlə biz, öz sağlamlığımıza çox biganə xalqıq. Əsasən də ürək, qan-damar xəstəliyi olan insanlar bu xəstəliyə çox adi bir şey kimi baxırlar. Onlar fikirləşmirlər ki, ürəklə zarafat eləmək olmaz. Xəstəni çox ağır, kritik vəziyyətdə xəstəxanaya gətirirlər. Elə olur ki, bəzi xəstələri həyata qaytara bilmirik. Yəni həmin vaxtı həkim gücsüz olur. Onun elmi və texniki təchizat da ona köməklik eləmir. Bax, həmin vaxtı biz özümüz də böyük stres keçiririk. Ona görə də hər bir insana məsləhətim budur ki, artıq 40 yaşdan sonra tez-tez ürəyin kardioqramını çıxarmalı, qan analizləri verməli, həkim- kardeoloqla məsləhətləşməlidır. Avropa ölkələrində və dünyanın inkişaf etmiş ölkələrində insanlar öz sağlamlığını hər şeydən üstün tuturlar. Özləri-özlərinin həkimi olurlar və həkimlərlə tez-tez təmasda olduqları üçün, orada ölüm riski çox azdır.


-Sizin bir mütəxəssis kimi Azərbaycan səhiyyəsinə münasibətiniz necədir?


-Ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndə və cənab prezident İlham Əliyev 2003-cü ildən Azərbaycana rəhbərlik eləyən vaxtlardan çox sevindirici haldır ki, respublikamızda bütün sahələrdə olduğu kimi səhiyyədə də ciddi islahatlar gedir. Çoxlu xəstəxanaların, poliklinikaların əsaslı təmiri, yeni, müair avadanlıqlarla təchiz olunması, isti və soyuq su ilə təchizatı, xəstəxanalarda hər gün xəstələrə üç dəfə yüksək səviyyədə yemək verilməsi, dərman təchizatının yaxşılaşması bunun bariz nümunəsidir. Bunlar hamısı gözəldir və mən buna nikbin baxıram. Azərbaycan xalqı çox istedadlı xalqdır. Bütün sahələrdə olduğu kimi bizim tibb sahəsində də yaxşı mütəxəssislərimiz çoxdur. Bu həkimlər istənilən xarici ölkələrdəki həkimlərilə tibb sahəsində rəqabətə girə bilərlər. Amma çox təəssüf ki, bizdə hələ də səhiyyə maarifi zəif gedir. Bu da ilk öncə KİV nümayəndələrinin işidir. Onlar xalqı tibbi sahədə maarifləndirsələr, onda hər bir adam özünün həkimi olar və özü ilk məqamda özünü qoruya bilər.


-Sumqayıt səhiyyəsi həmişə Azərbaycan səhiyyə işçiləri arasında özlərinin dəsti-xətti ilə seçiliblər. Bir mütəxəssis kimi siz bilən bu gün burada işlər necədir?


- Biz, kurslara gedəndə də alimlərimiz, professorlarımız Sumqayıt səhiyyə işçiləri haqqında həmişə xoş sözlər deyirlər. Həmişə bizim əməyimizi yüksək qiymətləndirirlər. Sumqayıt səhiyyə işçiləri arasında böyük birlik var. Biz, bilmədiyimizi bir-birmizdən öyrənirik. Bu sahədə də hamı bir-birinə köməklik edir. Düzdür, bəzi problemlərimiz də var. Onlar da yavaş-yavaş öz həllini tapır. Sumqayıt Səhiyyə şöbəsinin müdiri, Tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Nəriman Baxşəliyev, xəstəxanamızın baş həkimi, fədakar insan, Əməkdar həkim Nazim Hüseynquliyev əllərindən gələni eləyirlər ki, işlərimiz yaxşı getsin. Məgər belə diqqəti, yaxşı münasibəti danmaq olarmı? Ən sevindirici hal odur ki, 2015-ci ilin sentyabr ayından Sumqaytın öz kadrı, cənab Zakir Fərəcov bu şəhərə rəhbərlik eləyir. Bu qısa vaxtda şəhər həqiqətən də ağlasığmaz dərəcədə gözəlləşib. Biz də, bir vətəndaş kimi bütün bu gözəllikləri qorumalıyıq. Sumqayıtın dənizkənarı parkı artıq bir möcüzədir. Bu məkan elə ürək, qan-damar xəstəlikləri olanlar üçün bir dərmandır. Çünki buranın təmiz havası, parkın gözəlliyi, səliqə-səhman belə xəstələrə imkan verir ki, hər gün səhər və axşam ən azından 7-8 kilometr piyada gəzib, dənizin təmiz havasını udsunlar, parkdakı yaşıllığa diqqət eləyib, öz əhval-ruhiyələrini yaxşılaşdırsınlar. Dünyanın məşhur həkimləri sübut eləyiblər ki, insan sağlamlığının ən birinci dərmanı piyada gəzmək və stresdən uzaq olmaqdir. Mən inanıram ki, Sumqayıt az bir vaxtda dünyanın ən böyük turist şəhərlərindən biri olacaq.


-Bir ziyalı kimi qarşıdan gələn prezident seçkilərinə münasibətiniz necədir?


-Mən birmənalı şəkildə istəyirəm ki, yenə də prezident cənab İlham Əliyev seçilsin. Çünki bu qarmaqarışıq zamanda, dünyanın bir qaynar qazan kimi çalxalandığı vaxtda cənab İlham Əliyev kimi məqsədyönlü, uzaqgörən siyasət aparacaq ikinci adamı mən tanımıram. Azərbaycana rəhbərlik elədiyi bu 15 ildə onun gördüyü böyük işlər də göz qabağındadır. Azərbaycan Sovetlər dövründə ulu öndər Heydər Əliyevin vaxtında əgər özünün birinci itibah dövrünü yaşayırdısa, bu 15 ildə İlham Əliyevin böyük zəhəmti sayəsində ikinci intibah dövrünü yaşayır. Ölkəmiz MDB məkanında ən aparıcı ölkələrdən biridir. İlham Əliyevin sayəsində çoxlu beynəlxalq layihələrin reallaşması Azərbaycana böyük gəlir gətirib. Azərbaycan yalnız İlham Əliyevin sayəsində Qarabağ məsələsini həll eləyə bilər. Bizə isə tezliklə Qaradağ torpaqlarını gavurlardan təmizləmək lazımdır. Bu məsələni biz yalnız özümüz həll etməliyik. Gələcək nəsillərimizə saxlamamalıyıq. Yəqin ki, prezident seçkilərindən sonra uzun illər həsrətində olduğumuz Qarabağ problemi sevimili prezidentimiz İlham Əliyevin və qüdrətli ordumuzun sayəsində reallaşacaq. Həmin vaxt heç də uzaqda deyil. Doğrudur. Bizim düşmənlərimiz hiyləgərdir. Onların arxasında duran qüvvlər də çoxdur. Amma atalarımızın belə bir gözəl məsəli var: “Güc bir olsa dağ oynadar yerindən”. Bunun üçün hamı Prezidentin ətrafında sıx birləşməlidir. Milli birlik olmalıdır. Torpağımızda müharibə getdiyi vaxtda iqtidar-müxalifət sözü olmamalıdır. Bizim milli birliyimiz olsa güclü dövlətlər də hökmən bizimlə hesablaşarlar. Bu, tarix boyu belə olub. Milli birliyi olan xalqları hamı sevib və onlarla hesablaşıblar, razılaşıblar.


Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !