HƏRƏKƏTSİZLİKDƏKİ HƏRƏKƏT - - Əbülfət MƏDƏTOĞLU

HƏRƏKƏTSİZLİKDƏKİ HƏRƏKƏT - Əbülfət MƏDƏTOĞLU

Qəlbinizi yox, qəlbinizdəkini sınmağa qoymayın!

 

Təbii ki, hər hansı bir hərəkət ilk addımdan başlayır. İstəyir fiziki mənada olsun, istəyir məcazi. Və o addım da özü ilə birlikdə həmin o hərəkətin qatarını çəkib gətirir, daha doğurusu, vaqonlarını. Axı o, lokomotivdi! Deməli, həyatımızın özü də hardasa günlər baxımından vaqonları xatırladırdı mənə. Yəni hər günüm bir vaqon olaraq qoşulur bir-birinə. Öndə gedən isə təbii ki, arzuların, istəklərim, əqidəm, məsləkim, inancım və bir də ki, təbii ki, sevgim! Bax, bunlar məni hərəkətə gətirən, məni nizamlayıb mənə yaşam stimulu verən gerçəkliklərdi.

 

Doğrudur, bu gerçəkliyin acı, ürək sıxan, könül bulandıran məqamları da olur. Bir də ki, vaqonlardakı bütün sərnişinlər hamısı şirindil olmur ki... Bir də görürsən ki, kimsə bütün vaqonun əhvalını pozur. Və bu pozulan əhval da qarşısı alınmayanda vaqonların hamısına keçir. Bir də baxıb görürsən ki, günün özü dilxorçuluqla başa çatır. Neyləmək olar, elə həqiqət də budur da. Hər gün toy-bayram olsa ondan da bezərik. Çünki insan bir varlıq olaraq həmişə narazıdı, həmişə nəyinsə ardınca qaçan, gedəndi. Yəni günü-gündən maraqlı, günü-gündən uğurlu olmasını, məhz günün onun istəyinə uyğun ölçülüb-biçilməsini istəyir. Ona görə də rəngarənglik çıxır ortaya - bizi həm sevindirən, həm də dilxor edən rəngarənglik...

 

Mən zaman-zaman düşünüb sonda elə bir nəticəyə gəlib çatdım ki, "hər kəs öz gününün sahibidi” ifadəsi o qədər də doğru deyil. Çünki hər kəsin öz gününə sahib olması istəyi başqa kəslərdən də keçir. Və bir fərd ətrafında olan camiyənin içərisində özünün bütün istəklərini gerçəkləşdirə bilməz. Olar ey, ayda-ayanda bir dəfə. Ya hamıya qarşı getməklə, ya da hamının könlünü ələ almaqla. Bu da əvvəldə dediyim kimi, üç ayda, beş ayda bir dəfə ola, ya olmaya. Necə deyərlər, "Üç gündən bir, beş gündən bir" mahnısında olduğu kimi. Və...

 

Hə, bütün bunları ona görə xırdalayıram ki, son vaxtlar yaşadıqlarım məni özüm də istəmədən müəyyən addımlar atmağa, müəyyən hərəkətləri etməyə yönəldib, istiqamətləndirib. Bunun damarında daha çox zor dayanıb, təzyiq dayanıb. Yəni mən istəmədən, arzu etmədən məcburi bir formada həmin addımları atmışam, həmin qərarları qəbul etmişəm. Təbii ki, özüm qəbul etdiyim, özüm atdığım addımların acısı, da şirini də mənim özümə aid olub. Bu acılı-şirinli ömrün həmin o acılı-şirinli parçası da gözlərim önündə elə məqamları sərgiləyir ki, onlar bəlkə də mənim heç xəyalımdan da gəlib keçməmişdi. Və mən heç yuxuda da görməmişdim ki, nə vaxtsa bu addımları atmaq zorunda qalacam. Görünür, elə bu səbəbdəndir ki, müdrik bir kəlam söyləyiblər. Dədələr deyib ki, sən saydığını say, görə fələk nə sayır!..

 

İndi mənə aydın olur ki, çiling-ağac oynadığım fələk məndən daha güclüdür. O, istədiyi məqamda, istədiyi hökmü verə bilir, istədiyi yazını silir, cırıb atır, əvəzində istədiyi rənglə istədiyi yazını yazır. Deməli, bunu bilənlər öz həyatlarının gerçəyinə söykənib deyiblər gör fələk nə sayır. Mən isə görə bilməmişəm həmin o son məqama qədər, son yaşantılara qədər fələyin saydıqlarını. Ona görə də içimdə bir qırıqlıq yaşamışam... Ürəyimin çat verdiyi fikrimin, diqqətimin pərən düşdüyünü yaşayandan sonra gec də olsa ağ bayraq qaldırmışam fələyin önündə. Amma bütün ümidlərimi qırmadan, öldürmədən... bütün istəklərimin üzərindən xətt çəkmədən. Axı mənim güvəncim, daha doğrusu, güvəndiklərim daha güclüdü, daha qətiyyətli və daha ədalətlidi. Bunlar uca Tanrım və bir də sevgimin ünvanı olan Sənsən! Ona görə də qaldırdığım ağ bayrağın dalğalanması məni növbəti günə o qədər də sızıltılarla, sarsıntılarla aparmayıb. Bilmişəm ki, qarşıda ümid var. Elə o ümid də mənə güvəncli bir səslə "Yaşa!" deyibdi. Mən də o deyilənə söykənib bu misraları kağıza köçürmüşəm,

 

 


Gör necə xəyala dalıbdı yenə

Kədəri üstünə salıbdı yenə...

Ürəyim, baş-başa qalıbdı yenə -

Şaxta qoxusuyla, qar havasıyla...


 


Günüm gün olmayıb, burda, orda da

Əkdiyim, biçdiyim qalıb ortada...

Ümid gəzdirmişəm bir boş torbada -

Çiçək tökümüylə, bar havasıyla...


 


Bilirəm kökümdən laxlamışam mən

Ömür kitabımı bağlamışam mən...

Özümü asılı saxlamışam mən -

Hər an partlayacaq şar havasıyla...


 


Aylarım, günlərim çıxıb vərindən

Sonuncu "ah"ımı çəkib dərindən...

Dikəlib, elə bil qopub yerindən -

Qollarım oynayır yar havasıyla...

 

 


***

 

Hə, bütün havalar insan üçün çalınır. Amma təbiətin də bütün havaları insan üçündü. Deməli, hər iki mənada hava sümüyə düşdü-düşmədi, öz işindədi. Onu dəyişmək bizim ixtiyarımızda deyil. Həm də hardasa sevinmək lazımdır ki, bu ixtiyar biz insanlara verilməyib. Yoxsa bir-birimizin havasını korlaya-korlaya məclislərimizin də, dünyamızın da havasını bərbad günə salardıq. Onsuz da toylarda hamı bir-birinin havasına elə oynayır ki, aləm qarışır bir-birinə. Sümüyə düşdü-düşmədi, sifarişçi qalır bir kənarda, toyda hamı oynayır. Buna ironiyayla həmrəylik də demək olar. Kaş, bütün havalarda belə həmrəy ola biləydik. Axı, bizim elə qayğılarımız, elə dərdlərimiz var ki, orda həmrəylik hava, su kimi lazımdı. Amma neyləyək ki, orda həmrəylik göstərə bilmirik. Onda hər kəs daha çox öz istəyinin, öz havasının ifaçısına çevrilir. Və yeri gəlmişkən, xatırladım ki, elə bu məqamların birində mən yazmışam ki:

 

 

Qəribədir qəmin də

Gözlərini yaş tutur...

Qəm də sanki ovcunda -

Vurmaq üçün daş tutur...


 


Dərdlərin görükəni

Qoru, sən bu görkəmi...

Gözlərə də kölgəni -

Kiprik, bir də qaş tutur...


 


Hər kəs tale ovudur

Bu, şair söz-sovudur...

Kimi ürək ovudur -

Kimi isə baş tutur!..

 

 


Bəli, bu da gerçəkdi. Və elə bir gerçəkdi ki, ondan nə üz çevirə bilərik, nə də yan keçə bilərik. Ümumiyyətlə isə gerçəklik, həqiqət bunlar qaçılması, gizlənilməsi mümkün olmayan meyarlardı, qaydalardı, hadisələrdi, məqamlardı, bütövlükdə həyatdı. Ona görə də onların gözünə dik baxmaq, onlarla anlaşmaq hər Allah bəndəsinin işi deyil. Və hər Allah bəndəsinin işi olmayan həqiqətin etirafı bəzən ömür bahasına başa gəlir. Bəzən də ömrü mənalandırır.

 

Bütün bunlar mənim yaşadıqlarımın, şahidi olduqlarımın, oxuyub eşitdiklərimin özümünküləşmiş ifadəsi olsa da, mən bunları özəlləşdirmək hüququna malik deyiləm. Lakin mənim bu özümünküləşən anlayışım, yanaşmam kimlər üçünsə də tam mənasında qanun sayılmaya bilər. Axı, hərənin öz baxış bucağı var. Mən də hər kəsə və hər kəsin baxış bucağına sayğı ilə demək istəyirəm ki, hərəmiz bir iynə ucu boyda həqiqət keşikçisi olsaq, onda üst-üstə toplanıb və yaxud bir-birinə calanıb dünya boyda bir həqiqətin şahidinə çevrilərik. Və dünya boyda olan etiraf edilmiş həqiqət də bizim ilk addımımızdan tutmuş, bütün hərəkətimiz daxil olmaqla günümüzə, ömrümüzə stimul verər, məna və bu mənanın içərisində də yaşam enerjisinə, mənbəyinə təkan olar...

 

Doğrudur, bu günün özündə də gerçək, həqiqət kimi görünən, amma əslində isə görüntü olan çox hadisələr, çox faktlar var. Bunların üstünə getmirəm. Çünki hamının bildiyini söyləmək, yazmaq heç də nə qəhrəmanlıq deyil, nə də müdriklik. Sadəcə, bir ilməylə onu demək istəyirəm ki, daha doğrusu, naxış vururam ki, həyatın həmin məqamını da yaddan çıxarmayaq. Axı, biz unutmağa meylliyik. Özü də bu meyl gendən gəlir, milli gendən. İtirdiyimiz Göyçə, Dərbənd, Borçalı, Təbriz və digər ərazilər buna əyani sübutdur. Elə bir sübut ki, qarşısında ancaq hələki susuruq!..

 


***

 

Bəli, mən bu yazının ana xəttini, yəni onun ifadə edəcək əsas fikrini lap sona saxladım, özü də bilə-bilə. İstədim ki, hərəkətsizliyin içindəki hərəkəti də görək, hərəkətin içində hərəkətsizliyi də. İndi düşünə bilərsiniz ki, bu da hardasa söz oyunudu, sözü sağa-sola fırlatmaqdı. Yox, elə hərəkətin içərisindəki hərəkətsizliyin özünə diqqət yetirsəniz dediyimlə razılaşarsınız. Görərsiniz ki, biz evdən çıxıb harasa gediriksə, bu, ilk baxışdan hərəkət kimi görünür. Amma getdiyimiz nöqtədə heç nəyi yerindən tərpədə bilmiriksə, heç nəyə təsir etmək gücümüz olmursa, lap dəqiqi nəyisə ölü nöqtədən qaldırmırıqsa, (ya istəyərkdən, ya da gücsüzlükdən - Ə.M.) bunun özü artıq məhz həmin hərəkətin içərisindəki hərəktsizlikdi. O ki, qaldı hərəkətsizliyin içərisindəki hərəkətə, bu artıq virtuallaşıbdı. Ya mesajla, ya internet vasitəsilə, son vaxtlar isə daha çox facebookla gündəmə gəlmək mənə görə hərəkətsizliyin içərisində hərəkətdi. Onunla özünü hərəkətdə göstərirsən, onunla özünə diqqət çəkirsən, onunla özünü həm reklam, həm də antireklam edirsən. Bəziləri buna qara piar da deyir. Amma adı nə olur-olsun, bir sözlə, bir fikirlə hərəkətsizliyin içərisində hərəkət etməkdi, yaratmaqdı bu.

 

Elə mən də bu yazıyla həmin o hərəkətsizliyimin içərisində hərəkətimi ifadə etməkdə qərarlıyam. İstəyirəm ki, indi bir şeirlə sizi və xüsusilə onun yaddaşını bir balaca silkələyim. Bir iynə ucu işıq saçım həmin o düşüncələrə. Və siz də, xüsusilə, mənim hərəkətdə olduğumu hiss etdin, duyun və bilin.

 

 


Bu sabahı açmağa

Qucağına qaçmağa...

Lap quş olub uçmağa -

Bil, ürəyim təşnədi...

 



Örpək ucu didməyin

Nazla gəlib getməyin...

Sinəmi yol etməyin -

Kor bəxtimə düşmədi!..


 


Çox istərdim gün görək

Soruşmağa nə gərək?!

Sənin üçün bu ürək -

Bilirəm ki, heç nədi!..

 

 


Bax, belə! Mən indi tam mənada anlayıram ki, istənilən fikrə qulp qoymaq, istənilən fikri yönəltmək və ən vacibi isə istənilən qəlbi sevindirmək və yaxud sındırmaq mümkündür. Bax, bu əminlik hissiylə də, hətta qəlbimi sındıranlara da qəlbinizi "qoruyun!" deyirəm. Axı, o qəlbdə siz kimlərisə yaşadırsınız. Qəlbinizdə olanların sınmağından qorxun!.. 

 

adalet.az

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !