Çaqqal Karlos erməni terrorçuları ilə birgə fəaliyyət göstərib - - Aqil Şahmuradov

“Çaqqal Karlos erməni terrorçuları ilə birgə fəaliyyət göstərib” - Aqil Şahmuradov

1905.az saytının bu dəfəki həmsöhbəti Azərbaycan Dillər Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Aqil Şahmuradovdur.

 

– Aqil müəllim, ermənilik həm də terror təşkilatları, az qala bütün dünyaya meydan oxuyan terror şəbəkəsi deməkdir. ASALA-nın adı çox hallandirilib.

 

 

– Bəli, ASALA 1975-1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatıdır və abreviaturanın açılışı “Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu”dur. Müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən “erməni soyqırımı”nın dünya ölkələri tərəfindən tanınması üçün fəaliyyət göstərib və Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınıb.

 

 

– Erməni terrorçuların, ASALA-nın dünyanın digər terror təşkilatları və terrorçuları ilə hansısa əlaqələri haqda yazılanlar barədə nə deyə bilərsiniz?

 

 

 

– Əlaqələr olub, bəli. “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında ASALA-nın lideri Akop Akopyanın böyük rolu olub. 1981-ci ildə bir çox terror hadisələri törədən ASALA, bir tərəfdən İsveçrəni, digər tərəfdən isə Fransanı hədələməyə başlayıb və bununla da Fransadakı bir çox qruplar, Kanadadakı “Azad Hay”, İngiltərədəki “Kaytzer” qrupları ASALA-ya qoşulduqlarını elan ediblər.

 

 

 

– Dünya terrorunun tanınmış “sima”larından necə erməni terror şəbəkəsi ilə əlaqədə kimlərin adı çəkilir? Mən İliç Ramires Sançes və onun ermənilərlə əlaqəsi haqqında danışmaq istərdim.

 

 

 

Keçən əsrin 40-cı illərinin sonu- 50-ci illərinin əvvəllərində Venesuelanın paytaxtı Karakas şəhərində, siyasi baxışlarına görə marksist olan Xose Altaqrasiya Ramires Navas və onun katolik məzhəbinə dərindən bağlı olan həyat yoldaşı Elba Maria Sançesin ailəsində üç uşaq – Vladimir, İliç, Lenin – böyüyürdü. Rusiya bolşevik inqilabının rəhbəri Valadimir İliç Leninin şərəfinə belə adlandırılan bu uşaqlardan ikisi, Vladimir və Lenin böyüyəndə ticarətlə məşğul olsalar da, ailənin böyük oğlu İliç öz qanlı əməlləri ilə dünyaya səs salmışdılar.

 

 

 

1949-cu ildə anadan olan və yeniyetmə yaşlarından radikalizmə meyllənən İliç Ramires Sançes XX əsrin 60-cı illərinin ortalarında Kubada, “Matanzas” adı almış düşərgədə terrorizmin əlifbasını öyrənmiş, 1968-1969-cu illərdə Moskvada, Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində ideoloji cəhətdən bərkimiş, 1970-ci ildə isə Livana, sonra isə İordaniyaya gələrək terrorçuların düşərgələrində təlim keçmişdi. Salim Məhəmməd Nuri, Hektor Luqo Düpon, Flik Ramires, Əhməd Adil Favaz və s. adlardan istifadə edən İliç, daha çox Çaqqal Karlos ləqəbi ilə tanınmışdır. Müxtəlif vaxtlarda Fələstin Xalq Azadlıq Cəbhəsi, Fələstin Azadlıq Təşkilatı, “Qırmızı Ordu” yapon terrorçu təşkilatı, İtaliyadakı “Qırmızı Briqadalar”, Almaniyadakı “Qırmızı Ordu Fraksiyası” və s. terrorçu təşkilatlarla əməkdaşlıq edən Çaqqal Karlosun “aktiv”ində çoxsaylı qanlı terror aktları vardır: Sürix-Tel-Əviv xətti ilə uçan sərnişin təyyarəsinin partladılması və 200 nəfərin ölümü (1970), İsrailin Lod hava limanında 25 nəfərin ölümü, 71 nəfərin yaralanması ilə nəticələnən terror aktı (1972), Parisdə kafelərin birində 2 nəfərin ölümü, 33 nəfərin yaralanması ilə nəticələnən partlayış (1974), Parisdə Orli hava limanında terror aktları və girovların götürülməsi (1974-1975), Vyanada OPEK-in mənzil qərargahına hücum və girovların götürülməsi (1975), Vyana və Beyrutda Fransa diplomatik missiyalarına qarşı, bir neçə nəfərin ölümü ilə nəticələnən terror aktları (1982) və s. Keçən əsrin 90-cı illərinin əvvəllərində Sudanda məskunlaşan Çaqqal Karlos, 1994-cü ildə bu ölkənin hakimiyyəti tərəfindən Fransa xüsusi xidmət orqanlarına təhvil verilmiş, 1997 və 2011-ci illərdə Parisdə keçirilən məhkəmə prosesləri nəticəsində o, ömürlük həbs cəzasına məhkum olunmuşdur.

 

 

 

Onu da qeyd etmək lazımdır ki, İliç Ramires Sançesin həyatı və fəaliyyəti haqqında yazan müəlliflər bilərəkdənmi və ya məlumatsızlıqdanmı bir məqamı-beynəlxalq terrorçunun ermənilərlə olan əlaqələrini diqqət mərkəzindən kənarda saxlayırlar. Buna baxmayaraq, Çaqqal Karlosun özü bu faktı etiraf etmiş və bununla da, qonşularına qarşı müxtəlif iddialar irəli sürən ermənilərin “mələk” simasının arxasında duran yırtıcılığı, vəhşiliyi və qəddarlığı üzə çıxarmağa yardım etmişdir.

 

 

 

– Çaqqal Karlos erməni terrorçuları ilə əlaqələrindən danışıb?

 

 

 

– Bəli. Nyu-Yorkda nəşr olunan “Neyşn” (“The Nation”) həftəliyinin 1985-ci il iyunun 22-də işıq üzü görmüş sayında Maks Holland (Max Holland) və Kai Börd (Kai Bird) tərəfindən “Kolumbiya: Karlosun əlaqələri. (Beynəlxalq terrorizm)” adlı məlumat xarakterli yazı yerləşdirilib. Bu yazıda əsas diqqət Karlosun ermənilərlə əlaqələrinə yönəlib. İliç Ramires Sançes öz müsahibəsində etiraf edir ki, “Biz erməni terrorçu təşkilatları ilə əlaqə saxlayırıq. Biz bir-birimizə yardım göstərir və bütün sahələrdə sıx əməkdaşlıq edirik”.

 

 

 

Erməni təşkilatlarının beynəlxalq narkosindikatlarda iştirakını təsdiq edən kifayət qədər fakt məlumdur. “Neyşn” jurnalında verilmiş və haqqında söhbət gedən yazı bunu bir daha sübut edir. Cənubi Amerikada narkotiklərin daşınmasının tamamilə onların nəzarətində olduğunu bildirən Çaqqal Karlos narkobiznes haqqında qeyd edir ki, bu, “bizim əsas silahımısdır, deyə bilərik ki, bu, bizim nüvə silahımızdır”. O, bu məsələdə erməni həmkarları ilə olan fikir ayrılıqlarını da dilə gətirir: “Mənim erməni dostlarım bu məsələdə mənimlə əvvəlcə razılaşmadılar və müqavimət göstərdilər. Onlar hətta məni mühakimə etdilər, lakin günahsız olduğumu gördülər”. Bu fikirlər bir daha göstərir ki, terrorçuluqda Çaqqal Karlosdan geri qalmayan ermənilər, həm də beynəlxalq narkobiznesin fəal iştirakçıları və dünyada milyonlarla insanın, xüsusilə gənclərin, “ağ ölüm”ə məhkum olmasının səbəkarları sırasındadırlar.

 

 

 

Diqqəti cəlb edən məqamlardan biri də ondan ibarətdir ki, İliç Ramires Sançesi terrorçuluqda günahlandıraraq ömürlük həbsə atan Fransa, onun, eyni əməllərin iştirakçısı olan erməni dostlarına və həmkarlarına fərqli münasibət bəsləyir. Siyasi maraqları naminə ermənilərdən bir vasitə olaraq istifadə edən digər iri dövlətlər kimi, Fransa da, kifayət qədər dəlil-sübutun olmasına baxmayaraq, onların terrorçuluq və narkobiznes sahəsindəki fəaliyyətinə göz yumur və bununla da cinayətkar şəbəkənin genişlənməsi üçün şərait yaradır.

 

 

 

– Maraqlı müsahibəyə görə sağ olun.

 

 

Aynur Hüseynova

 

1905.az

Müsahibə ilk dəfə 24 iyul 2014-cü ildə dərc edilib 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !