CAVABINI GÖZLƏMƏDİYİM SUAL - - Əbülfət MƏDƏTOĞLU

CAVABINI GÖZLƏMƏDİYİM SUAL - Əbülfət MƏDƏTOĞLU

Hər günün bir hökmü var deyiblər. Öncə mən buna inanmamışam və öz-özümə düşünmüşəm ki, gün hara, hökm hara? Hökmü şahlar, vəzifə sahibləri, səlahiyyətlilər, lap elə hakimlər verə bilər. Bir də ki, hökm Allahdan gəlir. Amma yaşadıqca başa düşməyə başladım ki, sən demə, günün sahibi elə Allah imiş. Biz sadəcə günün içərisində doğuluruq, yaşayırıq və...

 

Və kimsə günün içində tarixiləşir və o günlərin toplumu olan illərin, qərinələrin yaddaşına köçür, orda da yaşamağını davam etdirir. Kimlər isə elə bitən bir günlə də özünü bitirir - olur sabun köpüyü və əriyib gedir, bir şey qalmır ondan. Bax, təəssüf doğuran da elə budur. Deməli, mən günün hökmünün olduğuna inanandan sonra, artıq gec olsa da, amma əmin oldum ki, mənim də, sənin də, onun da hər günün qarşısında məsuliyyətimiz də var, hər günün içində əritdiyimiz ömür payımız da. Haqqımız və payımız arasında vuruşa-vuruşa, dartışa-dartışa yaşadıqca ömrümüzlə bərabər kimlərisə yaşatdıq, kimlərinsə yaşamaq haqqına əngəl törətdik. Bax, bu da insanlıq xilqətimizdir. Yəni görə-görə, duya-duya, anlaya-anlaya gəldiyimizdən gördüklərimizi, duyduqlarımızı, anladıqlarımızı bəzən bilərəkdən, bəzən də özümüzdən xəbərsiz özümüzə transfer edirik, yəni köçürürük. Bir az da sadə desəm, kopyalayırıq, üzünü çıxarırıq... Gördünüzmü, neçə eyni mənanı ifadə edən sözü bir sıraya düzdüm. Bu hələ harasıdı? Bax, biz də günün içində beləcə sıralanırıq, beləcə düzülürük. Həm ucala-ucala, həm də üzülə-üzülə günləşirik, aylaşırıq... Və bir də...

 

"Ömür bitir, yol bitmir" deyiblər. Bunu da həmin o kişilər deyibdi - "Hər günün öz hökmü var" deyən kişilər. İndidən gözümün qarşısına gətirmişəm o yolu - gəldiyim və gedəcəyim yolu. Gəldiyimdən artıq xəbərdaram. Ağrı-acısını da yaşamışam, çətinliklərini də, sevincini də, kədərini də. Amma getdiyimin məni nələrdən keçirəcəyini hələ ki, tam bilmirəm. Bir-iki xırda təfərrüatdan, kiçik cizgilərdən başqa. O təfərrüatlar, o cizgilər üst-üstə yığılanda yəqin ki, bir dağ boyda olar. Mən isə dağlardan uzaq düşüb dağ boyda olan dərdlərlə yaşadığımdan indi dağa üz tutmaq ovqatında deyiləm, heç belə bir istəyim də yoxdu. Amma neyləyim ki, bitməyə doğru gedən ömür özü məni o yola tərəf çəkib aparır. Sanki israr edir, pıçıldayır ki, gedə biləcəyin qədər getməlisən. Gedib çatdığın nöqtədə səni nə gözləyir onu düşünmə, onu ağlına gətirmə və ümumiyyətlə, onun sənə dəxli yoxdur. Mən də bu istəyə, bu pıçıltıya qarşı çıxa bilmirəm... susuram və...

 

Görünür, elə o dediklərimin həyatımdakı əks-sədasıdı indi sizə oxuyacağım şeir də... Çünki elə bir anım, elə bir günüm, elə bir məqamım yoxdu ki, onu bütünlüklə xoş ovqatla, xoş düşüncəylə yaşayım, tamamlayım. Və əgər bu yoxdursa, onda mən başqa nə cür düşünüb, nə cür yaza bilərəm ki? Hər şey tamdı, bütövdü. Tam olmayan günün həyatı, reallığı da elə bu cür misralanmalıdır.

 

 


Qızarıbdı gözlərimin qarası,

Sızıldayır ürəyimin yarası...

Elə bil ki, günlərimin parası -

Cənnət olur, parası da cəhənnəm...


 


"Ah" tökülür yarpaq kimi gah tək-tək,

Yarpaq özü "ah" da çəkir, "ah" tək-tək...

Günlərimdən gün seçirəm şah, tək-tək -

Cənnət olur, parası da cəhənnəm...


 


Lap əzəldən bu necə bir gəlişsə

Adıma, ya qismətimə nə düşsə...

Anlamıram, inanın ki, nə işsə -

Cənnət olur, parası da cəhənnəm...


 


Bir şairə, bir şeirə, bir də ki,

And yeridi, bir göydə, bir yerdəki!

Siz güldükcə, mən çəkdiyim dərddəki -

Cənnət olur, parası da cəhənnəm!..

 

 


***

 

Sözün bu məqamında yenə gözümün qarşısına gətirirəm cənnətli-cəhənnəmli ömrün yollarını. Açılacaq indi qarşımda. Çıxıb gedəcəyəm o yollarla bir az dərviş kimi, bir az şair kimi, bir az sağlam, bir az xəstə, bir az ümidli, bir az ümidsiz... Bir az da hamıdan daha çox mənə könül vermiş xəyallarla. O xəyallarla ki, illərdi əlini yuxarıdan üzü aşağı uzadıb, mən də tutmuşam bir əlindən və sallaşıb gedirəm onun getdiyi, apardığı yerlərə. Düzünə qalsa, o xəyalların nə vaxtsa çin olacağını mən heç ağlıma gətirmirəm. Lakin bir təsəlli kimi, bir az da özümü ovutmaq üçün yapışmışam əlindən-ətəyindən. Elə hey çalışmışam ki, o əl, o ətək əlimdən çıxmasın ... Və hara, necə aparır, aparsın məni özüylə. Onsuz da yollar bitmir ki...

 

Sözümü başqa səmtə yozmayın, necə deyərlər, qəribçiliyə salmayın. Nə yazıramsa, nə düşünürəmsə, elə həmin o hələki bitməyən yolumdakı yol-yoldaşım da xəyallarımdan süzülüb gəlir. Baxmayaraq ki, xəyalpərvərlik hələ heç kimə uğur bağışlamayıb. Hərdən mənə elə gəlir ki, bu uğur barəsində düşünməyin özü absurddur. Çünki olmayan bir şey haqqında düşünməyin nə mənası var?

 

İndi deyəcəksiniz ki, hər iki məqamı özüm önə çəkirəm, özüm diqqətə təqdim edirəm. Lakin onu deməyəcəksiniz və demək istəməyəcəksiniz ki, kül altındakı qor da bəzən böyük bir alova imkan verir - alışır, yanır, isidir, ətrafa qüvvələr, güclər toplayır. Sanki son döyüşə yollanacaq. Amma kiminlə? Bəlkə özü-özünlə?! Mən bu sualın cavabına azacıq inanmağa başlayıram. O inancla da deyirəm ki:

 

 


Bu anda

xəyalımda

dolaşır ki,

mən yerin altında -

yəni metroda...

sənsə

onun girişində...

odur ki,

bir

ilğımın,

ümidin

işartısı var içimdə

hələ də

nəyinsə dəyişəcəyinə!..

yəqin ki,

ya ruhumuz,

ya da

gözümüz

bunu görüb duyacaq

biz görüşəndə...

 

 


***

 

Hər dəfə səfər əhval-ruhiyyəsi yaşayanda, özümü ona kökləyəndə nədənsə mənə elə gəlir ki, geriyə qayıtmaq, qoyub getdiklərimlə yenidən görüşmək sual altına düşəcək. Bu, inamsızlıq, ümidsizlik demək deyil. Sadəcə, ayrılmağın özündən doğan, o sözün özündə ifadə olunan mənanın şəxsən mənə təsiridi. Görünür, ya həssaslıqdandı, ya da hardasa zəiflikdi ki, mən o təsir altına tez düşürəm. Elə o təsirlə də ayrılmaq, getmək yolu daha da çətinləşdirir, yolu da adama yük edir. Hətta bəzən elə bilirsən ki, yol sənin içindən deyil, çiynindən ötüb gedir. Əgər gedə bilirsə?..

 

Heç yadımdan çıxmır. Neçə il öncə həmin yolu bir uşaq sevinciylə, az qala yüyürə-yüyürə getməyə həvəsliydim.

 

Çünki yol da yeniydi, arzu da, istək də yenicə baş qaldırmışdı içimdə. Bu da öz növbəsində gedənə də, yola salana da, qarşılayana da ümidli nələrsə vəd edirdi. İndi isə ayaqlarımdan daş asılmış kimi gedirəm. Bu da o deməkdir ki, ayaqlarımı aparmaq yaman çətinləşib. Doğrudur, deyirlər ki, çətinliklərdən keçən, vuruşlardan doğan hər bir nəticə şirin olur. Amma təəssüf ki, həyatda mənim qazandıqlarımın heç biri istədiyim an, istədiyim yerdə, istədiyim səviyyədə gerçəkləşməyib. Ona görə də sevincin dadını çıxara bilməmişəm. Nə qədər çalışsam da, istədiyim vaxtda yetişməyən meyvə kimi...

 

Köhnə xatirələrdən olsa da bir şeir var içimdə. Onu da elə Sənə yazmışam, Sənin adına yazmışam. Demək istəmişəm ki...

 

 


Yoxdu şirin heç bir şey

Dərdin dadından başqa...

Dilimi bal eləyən -

Sənin adından başqa...


 


Arayıram, seçirəm

Öz içimdən keçirəm...

Hamıyla qəm içirəm -

Bir o qadından başqa!


 


Həsrət nələr almayıb

Mən görkəmə salmayıb...

Tay inancım qalmayıb -

Onun andından başqa!..

 

 

***

 

Sizinlə həmsöhbət olduğum bu yazı məkanında və bir az da obrazlı desəm, sizin bu yazını oxuduğunuz zaman kəsiyində bir daha anladım ki, həmsöhbət olmağın özü də hardasa bir yoldu... yaşanan bir andı, gündü. Yəni biz bir-birimizə doğru gəldik, bir-birimizlə üz-üzə, göz-gözə oturduq, olandan-olmazdan, varımızdan-yoxumuzdan, gəlib-gedənimizdən danışdıq, fikir bölüşdük. Bilmirəm, sizə necə təsir etdi, amma mən özümü bir az yüngülləşdirdim. Yəni ürəyimin hansısa bir səhifəsini sizinlə bölüşdüyümdən onun yükü nisbətən azaldı. Təbii ki, məcazi mənada. Axı, ürəyi bölüşmək özü də elə məcazi deyimdi...

Biz bu məcazi deyimlərin içərisində hərdən özümüz də elə məcazi oluruq. Yəni virtual görüşlər, yazışmalar, danışmalar, telefon bağlantıları və sairə bizi məcazi mənaya doğru çəkib aparır. Bu məni hərdən qorxudur da. Doğrudur, zamanın tələbidi, zamanın diktəsidi. Amma bu hardasa soyuma, buzlaşma, uzaqlaşma deməkdi həm də. Axı, üzbəüz təmasla, diz-dizə söhbətlə, göz-gözə anlaşmaqla məcazi təmasların arasında yerlə göy qədər fərq var. İnsan bu fərqin içərisində özü də hiss etmədən eləcə dəyirman daşı altında ovulan, üyülən dərin taleyini yaşayır deyəsən. Bax, bu deyimin özü də məcazi oldu. Elə deyilmi? Nə isə...

 

Bəli, bir səfər öncəsi bütün düşündüklərimin hamısını kağıza köçürmək istəyimdən uzaq duraraq yenə sözümün sarı siminə qayıdıram. Həqiqətən gün öldürmək, gün bitirmək ağır bir məsələdir. Onun altına çiyin vermək, ona imza atmaq, özü də heç nə olmamış kimi, sonra da yorğanı başına çəkmək heç yaxşı iş deyil. Mən bu yaxşı olmayan işin günahkarlarından sayılmağı heç istəməzdim. Əksinə, mənim könlümdən gəlib keçir ki:

 

 


Kirpikdən yuxumu dərib

Səpim gecənin üstünə...

Sevgim Məcnun yaşda olar-

Gəlsən neçəni üstünə...


 


Könül olmasa pir daha

Qalmaz ki, bizdə sirr daha?!

Unut, götürmə bir daha -

Olub-keçəni üstünə!..

 



Süz, kədəri içim, axı

Alovlanıb içim axı?!

Demə, indi seçim axı -

Nə cür, necəni üstünə...


 


Deməli, bütün bu hallara uyğun olacaq bir sual ünvanladım. Siz deyin, necə, nə cür, necəni seçə bilərəm ki, onun ürəyincə olsun, ona yaraşsın, onun gününü mənalı etsin?! Hər halda, bu mənim sizlərdən istəyimdi, cavab verməyə də bilərsiniz... Mən isə onlu günlərimi sizli günlərimlə bərabər tutub yolumu davam etdirirəm. Hələ ki, yeriyə bildiyim üçün...

 

adalet.az

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !