GÖZÜNÜZ TELEFONDA OLSUN... - - Əbülfət MƏDƏTOĞLU

GÖZÜNÜZ TELEFONDA OLSUN... - Əbülfət MƏDƏTOĞLU

Sən də durma, mənə zəng et

 

Hərdən adam elə ovqatda olur ki, heç nə gözünə görünmür. Nə oğul-uşaq, nə iş-güc, nə də bu dünyanın gəlimli-gedimli sir-sifəti. Eləcə ya bir küncə çəkilib özünlə, loru dildə desəm, canınla vuruşmaq istəyirsən, ya da hamıdan, hər şeydən, hər kəsdən baş götürüb hara gəldi çıxıb getmək. Amma ən dəhşətlisi budur ki, o "çıxıb getmək” andırın maddi tərəfi adamın ayaqlarını yerə mıxlayır, çünki hərəkət üçün stimul lazımdı... addım atmaq üçün enerji gərəkdi, taqət gərəkdi... Bu da ki, qəhətə çəkilib. Elə bil ki, cinə "bismillah" demisən. Qeyb olub. Özüylə təkcə canını götürüb getməyib, həm də mənim canımı da, səbrimi də, güzəranımı da, dözümümü də aparıb. Hər gün də çəkib aparmaqda davam edir.

 

Bəzən deyirlər ki, gün günün davamıdı. Amma mən buna inanmıram. Bu ən yaxşı halda şair sözü ola bilər. Yəni poetik, romantik, yəni belə bir bəzəkli fikir. Və biz də onsuz da sözdən başqa heç nəyi olmayan bir zümrə və 99 faizi də şair olan xalqın nümayəndəsi kimi uymuşuq sözə. Görək axırı necə olacaq? Amma axırına qədər isə bu zaman və şəxsən mənim indi içərisində olduğum durum, sizi deyə bilmərəm, mənim axırıma çıxır...

 

Bəli, sonuncu cümlə sizə qəribə görünə bilər. Qoy olsun. Onsuz da ütülü danışa-danışa, ütülü yaza-yaza içimiz də, çölümüz də ütülənib. Bizi aparan suya sel deməyə sanki qorxuruq. Amma bilmirik ki, qorxsaq da, qorxmasaq da sel öz gücünü göstərəcək. Onda saman çöpü də köməyimizə çatmayacaq. Bilirsiniz niyə? Mənim məntiqimə görə, biz haqqın nahaqqa verildiyi məqamlarda susuruq... biz gerçəyi ifadə etməkdən daha çox gerçəyin böyür-başındakı kol-kosdan dəm vururuq, öz məntiqimizi ortaya qoymuruq. Onda da...

 

Bəli, onda da əyri bitən xiyarlar, kövrək, bar vermək gücündə olan ağaclara sırmanmış sarmaşıqlar sorub qurudur şirəni - canda da, ağacda da, lap elə daşın özündə də. Deyə bilərsiniz ki, daşın şirəsi var? Əlbəttə ki, var. Daşın şirəsi olub ki, sıxılıb daşlaşıb da! Yəni bunun maye hissəsi buxarlanıb, qalanı daşlaşıb olub daş. Amma nədənsə o daş göydən yağmır, tökülmür. Doğrudur, Ramiz Rövşən deyir ki, göy üzü daş saxlamır!.. Qoy desin! Biz də onun dediyini diləyək, amma əvvəldə dediyim şair sözünün hikmətinə uymadan üzümüzü Tanrıya tutaq. Bilək ki, göy üzündə kifayət qədər daş var və o daşlar bir gün töküləcək. Bax, hara, necə, kimin üst-başına töküləcək, onu yenə o göy üzündəki bilir. Mən onu bilsəydim, çoxdan payıma düşən daşın dalınca getmişdim. Axı, hərənin bir daşı var eninə, boyuna görə. Yəni kəfənini boyuna biçən Allah, daşını da unutmayıb. Kiminin daşı şəkillidi, kimininki yazılı, kimininki də elə-belə daş şəklində. Nə isə...

 

Bu ovqatın, yəni o əvvəldə dediyim harasa getmək, harasa sığınmaq, tərki-dünya, tərki-insan olmaq nöqtəsində ağlımın qaranlıq hücrəsinə iynə ucu boyda işıq düşür. O işıqdan sən görünürsən. Və mən də yenə bu durumun içində də sənə üz tuturam və sənə deyirəm ki:

 

 


Düşüb dibində qalmışam

Ağlımın səhvinə görə!..

Dərdin cibində qalmışam -

Səpir öz kefinə görə...


 


Həsrət mənə zülm edir

Gözümdə, könlümdə bitir...

Mayanı xərcləyib gedir -

Bu günün nəfinə görə...


 


Söylədin sən son gəlişdə

Dünəni yuxu bil, işdə...

Dönmür üzümə gülüş də -

İmzasız əfvinə görə!..

 

 


***

 

Deyirlər ki, hər gecənin bir səhəri var, hər qaranlığın da bir işığı. Amma bunu deyən o müdriklər elə bil başları ya işığa, ya qaranlığa o qədər qarışıb ki, unudublar desinlər, etiraf etsinlər ki, Allahın Yer üzünə göndərdiyi işıq və qaranlıqdan başqa Allah bəndəsinin də işıq və qaranlıq yaratmaq yönümlü hərəkətləri o müdriklərin fikirlərini sual qarşısında qoyur. Yəni insan barmağı, insan düşüncəsi törətdiyi əməllə, atdığı addımla qaranlığın aydınlıq olmasına, işığa qovuşmasına sədd çəkir, imkan vermir. Nəticədə insanın daxilində, özəl həyatında elə təlatümlər baş verir ki, onda həqiqətən yaşamaq marağı, istəyi, hətta sevgisi quş kimi bir anda uçub gedir.

 

Bilmirəm, bu "uçmaq" sözü hardan ağlıma gəldi. Çünki bu söz məni Sovet dövrünün bir şeirinə tərəf çəkib apardı. Müəllifini unutduğum həmin şeir həm də nəğmə idi, biz pionerlər də oxuyurduq onu. Bax, birinci bəndi belə idi:

 


Uçdu göylərə

Bizim peykimiz

Söylədi yerə

Yol gedirik biz...

 


Bəli, yadıma düşən bu bənd məni başqa bir məqama da yaxınlaşdırdı. O məqamı da sizə çatdırmaq istəyirəm. Necə istəyirsiniz, elə də qarşılayın. Vallah, deyəsən o göylərə uçan peyk mənim ümidlərimi də, mənim güvənimi də özüylə alıb aparıb göylərə. Onlar da göylərdən mənə əl edirlər. O əletmə də özüylə bir rişxənd, bir ələsalma, bir qıcıq səpir üzüaşığı. Yəni əl çatmayan göy üzündən mənə deyir ki: (burda Mayakovskinin ruhuna köklənirəm - Ə.M.)

 


Al ha,

qal ha,

yana, yana

baxa-baxa,

sən heç kimsən!

 

Bilmirəm yerinə düşdü, yoxsa yox, amma doğurdan da içində olduğum ovqat, yaşadığım durum məni heç kimə çevirib. Və mən o heç kimliyin də nə edəcəyini, hara, nəyə qədər gedəcəyimi də təxmin edə bilmirəm. Aşıq Ələsgər demiş, sınıb yanıma düşmüş qol-qanadımla bilmirəm hansı dağın daşına, hansı qayanın özünə çevrilim. Bilmədiyim, yəni cavabını tapmağa gücüm çatmadığı bu sualın ağırlığı altında yenə misralar üstümə çilənən su kimi içimdən qanadlanıb məni silkələyir.

 

 

Qaranlıq çəkilibdi

Göy üzünə pərdə tək...

Bürünüb qaranlığa -

Dözürəm mən dərdə, tək!


 


Hava kimi gərəyim

Ürəyimi dər, əyim...

O tərəfdə ürəyim -

Qalıb canım bərdə, tək!


 


Qəmdən ocaq çatılır

Olan-olmaz satılır...

Bütün oxlar atılır -

Soruşmadan mərdə, tək!


 


Didəm doludu yaşla

Ətəyim çınqı daşla...

Təkəm bu ağıl başla -

İnanın, bəşərdə tək!

 

 

***

 

Hər bir fikrin təkcə mübtədası, xəbəri olmur. Həm də bir dayaq nöqtəsi və istiqaməti də özünü doğulduğu andan büruzə verir. Bax, bu mənada mən nə qədər çalışsam da özümdən başqa heç kimdən və heç nədən yaza bilmirəm. Yəni şənbə günləri bilgisayar qarşısında əyləşəndə içimi açıb tökürəm ortalığa. Özüm istəsəm də, istəməsəm də həyatımdakı zindan ağırlığında sözlər təkcə doğulmur, həm də boğula-boğula zarıyır. Çünki onlar da bir azadlıq axtarırlar, onlar da bir yaranışa möhtacdırlar.

 

Mən də bunu bildiyimdən həmin sözlərin quyu dibindən, qaranlıqdan işığa çıxmasına gücüm çatdığı formada yardımçı olmağa çalışıram. Bu da kimlərinsə xoşuna gəlmir, kimlərinsə qabarına toxunur. Həmin o toxunma özü də oxunu, gülləsini mənə tuşlayır. Çünki bütün günahların səbəbkarı da, daşıyanı da, ortaya qoyanı da elə mənəm. Mən də ki, sarı simdə mizrab oynatmaqdan usanmıram, yorulmuram. Çünki qalanım bircə o sarı simdi. O da qırılsa, deməli...

 

Hə, deməli, daha Kərəmin ağlamağına da ehtiyac qalmayacaq və bu dünyanın qara daşının göyərəcəyinə ümid etməyin özü də bir ilğıma çevriləcək... Amma çevrilir, qoy çevrilsin. İslanmışın yağışdan nə qorxusu?!

 

Bir vaxtlar elə bil ki, ölümünü duyan fillər kimi duymuşdum belə bir durumun gələcəyini və onda yazmışdım ki:

 

 

Əlimdə od tutub durdum

Könlümü oda tutdurdum...

Sən nələri unutdurdun,

Mən nələr unudub gəldim -

bu günə...


 


bilmədim gün hardan doğdu

Ürəyimi həsrət boğdu!

Kirpiklərim tikan, oxdu

İsladıb, qurudub gəldim -

bu günə.


 


Tale məni sayıb seçdi

Bu da başa gələn işdi...

Düşündüm ki, olub keçdi

Suları duruldub gəldim -

bu günə!

 


***

 

Deyəsən vərdişə çevrilib. Bütün yazılarımın sonunda əvvələ qayıtmaq. Nə qədər yaxşı haldı, demək mənə çətindi. Amma artıq hər şənbə yazımın sonunda özüm öz yazdıqlarıma bir növü, kənardan baxıb nöqtə qoymaq istəyirəm. Çıxardığım nəticəni həmin o nöqtənin altına salıb dözümünə tamaşa edirəm. İndi də elə bir niyyətdəyəm. Və həmin niyyətin işıqlı tərəfini, təbii ki, əgər varsa, məni anlayanlara da arzu edirəm. Və istəyirəm ki, onsuz da xoş olmayan və üstəlik də mənim də korladığım əhvalınıza bir iynə ucu boyu sevinc, sevgi, işıq qatım. Və siz o işıqdan, o sevgidən ümidlənib özünüzü toparlayasınız, əlinizi telefona uzadasınız və sizin zənginizi gözləyənlərə telefon açasınız. Bax, şəxsən mən bu anda sənin gəlişini, zəngini gözləyirəm. Ona görə də sənə yazıram ki:

 

 

Sən imkanın olanda

Ya da ki, elə-belə

Qoy, telefonum səksənsin -

Hərdən mənə zəng elə...


 


İstəyirsən danışma

Təki hənirin gəlsin.

Mənə rişxənd edənlər -

Bir-birindən şəklənsin.


 


Mənsə sıxıb köksümə,

O telefona "can" deyim.

Səninlə birlikdəyəm -

Hər zaman, hər an, deyim.


 


Bəlkə də çox gülüncdü

Arzum da, əməlim də.

İnan, varlığın durur -

Sevgimin təməlində.


 


Hə, bax elə özümdə birtəhər yaratdığım ovqatla düşünürəm ki, sizdə də nəsə edə bildim. Əgər edə bildimsə, deməli, mütləq telefonumuza, elə sizin də, sənin də zəng gələcək. Ona görə də telefonu açıq, enerji blokunu isə işlək vəziyyətdə saxlayaq. Bax, sonra demədi deməyin ha! Mən borcumdan çıxdım: zəng edin, zəng gözləyin! 

 

adalet.az

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !