HACI- MUSTAFA VƏ BAŞQALAR ( Portret cizgiləri) - - Ağakişi KAZIMOV (+FOTO)

HACI- MUSTAFA VƏ BAŞQALAR ( Portret cizgiləri) - Ağakişi KAZIMOV (+FOTO)

Qısa arayış: Hacı İsmayılov 22 yanvar 1944-cü ildə Bakı şəhərində anadan olub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də bu gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda Mirzə Fətəli. Axundovun “Müsyö Jordan və dərviş Məstəlişah” komediyasında ilk dəfə Dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra Con Patrikin “Qəribə missis Səvic” dramında Ceffi, Aramaşot Papayanın “Bəli, dünya dəyişib” komediyasında Səməndər, Cəfər Cabbarlının “Sevil” pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan taleyini Akademik Milli Dram Teatrı ilə bağlayıb. Elə ilk gündən Hüseyn Cavidin “Xəyyam” faciəsindəki İkinci Qulam rolunu alıb. “Azərbaycanfilm” kinostudiyasında ilk dəfə “Ad günü” filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb (1980). 17 may 1989-cu ildə Azərbaycan SSR-nin Əməkdar artisti, 18 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar ordeninə layiq görülüb. O, yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə daha çox uyğundur.
Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı Laureatı Hacı İsamayılova Mustafa adını ona tamaşaçıları 35 yaşında “Ad günü” bədii filmində yaratdığı Mustafa obrazına görə vermişdilər. Teatrda rejissor kimi fəaliyyətə başladığım vaxtlar tükənməyən yaradıcılıq nailiyyətlərinin zirvəsində olan sənətkar haqqında tez-tez eşidərdim. Sumqayıt Dövlət Dram Teatrında işlədiyim vaxtlar Hacı İsmayılovun bu teatrda oynadığı rollarından, xüsusilə “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasında Dərviş Məstəli şah rolunu necə məharətlə oynadığından, onun Akademik Milli Dram Teatrına getdiyindən sənət dostları çox danışardılar.
Bir rejissor kimi onunla ilk görüşüm Akademik Milli Dram Teatrında Nodar
Dumbadzenin “Darıxma,ana!” tamaşasını hazırlayanda oldu. Tamaşada ona bir kəlmə də sözü olmayan, lakin işi çox olan Kukuri obrazını tapşırmışdım. Kukuri oxumalı idi, ancaq tamaşanın axırına qədər heç yerdə ağzını açmadı. Gürcüstanda Sovet dövründə nihilist gənclər peyda olmuşdu. Dumbadze də onları özünəməxsus yumorla təsvir edirdi. Hacı-Kukuri ruhdan düşmüş, tay-tuşları arasında məqsədsiz kölgə kimi davranan bir gənc idi. Məhz bu roluna görə Hacı İsmayılov həmin tamaşadakı ifaçıların hamısı kimi sevilərək qarşılandı.
Hacı İsmayılovun Akademik Milli Dram Teatrında oynadığı obrazların demək olar ki, hamısını görmüşəm. Sənətinə böyük məsuliyyətlə yanaşmasına, yüksək nizam-intizama sahib olmasına baxmayaraq 1979- cu ilə qədər onun ifa etdiyi obrazlar böyük sənət nailiyyətinə çevrilmədi.
Kino rejissor Rasim Ocaqov “Ad günü” filmində Hacı İsmayılovu demək olar ki, yenidən kəşf etdi. Bu filmdə onun yaratdığı Mustafa obrazı geniş tamaşaçılar tərəfindən sevinc və məhəbbətlə qarşılandı. Filmi mən ilk dəfə 1979-cu ildə Zaqatala şəhərində keçirilən Azərbaycan Gənclərinin Forumunda nümayiş etdiriləndə gördüm. ”Ad günü”filmi,xüsusilə Hacı-Mustafa rolunda məni xeyli düşünməyə məcbur etdi. Ekranda italyansayağı, amma Sovet vətəndaşı Mustafa canlanmışdı. Hacının bu rolda ən kiçik hadisələrə, dialoqlarda baş verən ən kiçik döngələrə belə özünəməxsus münasibət bildirməsi və hər vəziyyətdə tam aydınlıqla davranması İtalya neoristik filmlərini xatırlatdı. Hacı ekranda görkəmli dramaturq, rejissor, kino- aktyor Ediardo de- Filipponunun kino qəhrəmanlarını xatırladırdı mənə. Bircə ona təəssüf edirdim ki, biz teatr rejissorları Hacı İsmayılovun bu xüsusiyyətlərini kəşf edə bilməmişdik.
Görkəmli dramaturqumuz İlyas Əfəndiyevin “Büllur sarayda” dramını Akademik Milli Dram Teatrında hazırlamaq təklifi mənə veriləndə, mən ilk olaraq Hacı İsmayılov haqqında düşündüm. Mən bu sənətkarda yeni bir xarakter axtarışına başladım. Onun oynadığı Fariz obrazı qaynatası Ağahüseynin qanadları altında gizli ticarətlə məşğul olan, davranışı ilə qəribə görünən, əxlaq cəhətcə kor bir adam idi. Mersedes maşinda gəzmək, gizli-gizli yerlərdə olmaq onun başını o qədər qarışdırmışdı ki, hətta öz halal arvadının başqaları ilə görüşməsindən xəbəri olmurdu. Hacı İsmayılov Fariz rolunda arvadı Lalə ilə,qaynatası Ağahüseyinlə və nəhayət Qədim ilə dialoqlarını yüksək dəqiqlik və emosionallıqla və yumorla aparırdı.
Keçən əsrin 1998-ci ilində çox hörmət etdiyim görkəmli şairimiz Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” faciəsini Akademik Milli Dram Teatrında tamaşaya qoydum. Burda öz rollarının öhdəsindən gələn və hərarətli alqışlarla qarşılanan sənətkarlar çalışırdı. O vaxt tamaşa Türkiyəyə qastrol səfərinə dəvət aldı. Çin şəhzadəsi Yan Çunqun ifaçısı müəyyən səbəblərə görə bu qastrola gedə bilmədi. Rolu Hacı İsmayılova tapşırdıq. Məşqlər zamanı vaxtın məhdud olmasına baxmayaraq Hacı İsmayılovun bu rolu necə dərindən duymasının şahidi oldum.
Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşasından əvvəl Hacının yaratdığı bir obrazı da xüsusilə yada salmaq istəyirəm. Bu Rəhman Əlizadənin “Günah” pyesində Çopur rolu idi. Tamaşanı istedadlı rejissor, rəhmətlik Hüseynağa Atakişiyev hazırlamışdı. Çopur-Hacının “darıxıram” qışqırığı hələ səhnədə görünməmişdən xeyli qabaq eşidilirdi. Sonra səhnəyə ayaqları tutulmuş, şikəst arabasında çıxan Çopur görünürdü. Səhnədə demək olar ki, arabasını sürməkdən başqa heç bir fiziki hərəkət etməyən Hacı-Çopurda çox faciəli, gərgin bir dünya var idi. O, sanki dünyadan, adamlardan, yaşadığı mühütdən təngə gəlmişdi, darıxırdı və öz ölümünə hazırlaşırdı.
Yenə qayıdıram Hacı İsmayılovun Bəxtiyar Vahabzadənin “Dar ağacı” və “İkinci səs” əsərlərində ifa etdiyi rollara. ”Dar ağacı”nda Hacı İbni Zeyd rolunu oynayırdı. ”İkinci səs”də isə Şükür bəyi. Hər iki obrazı bir-birindən yüz illiklər ayırsa da Hacı İsmayılov onların hər birinə xüsusi xarakterik xüsusiyyətləri tapmağı bacarmışdı.
Bir rejissor kimi Hacı İsmayılovla birgə yaradıcılıq işımız dediyim kimi sözsüz Kukuri obrazından başladı. Sonra onunla “Büllur sarayda” Farizi işlədik. Etiraf edim ki, bu görkəmli sənətkarla münasibətlərimiz həmişə isti və səmimi olub. Buna baxmayaraq mən teatrda ona hələ baş rol tapşırmamışdım. Bu fürsət Tatar dramaturqu Tufan Minulinin ”Əlməndər” pyesində baş tutdu. Tamaşa Akademik Milli Dram Teatrında “Alın yazısı” adı ilə nümayiş etdirildi. Hacı İsmayılov burda yaşı 90-nı keçmiş Əlməndər obrazını oynayırdı. Zarafatcıl, işgüzar, yaxın adamlarının və yaşadığı kəndin daima qayğısına qalan şən, şux, yüngül bir qoca idi. Hacının ifasında Əlməndərin canını almağa gələn Əcəl ilə onun dialoqları tamaşaçılar tərəfindən həmişə gülüş və alqışlarla qarşılanardı. Lakin Hacı-Əlməndərin bir səhnəsi lirik tonlarla, ifadələrlə daha parlaq yadda qalırdı. O da Əlməndərin öz keçmişini xatırlaması və ilk məhəbbəti ilə görüşü idi.Gecə bulaq başına gələn sevgilisi görür ki, Əlməndər orda oturub. Soruşur ki,”Burda neynirsən?”, Əlməndər cavab verir ki,”Ayın keşiyini çəkirəm”. Sevgilisi deyir ki, ”Ay ki göydədi?” Əlməndər:
-Mən yerdəki ayın keşiyini çəkirəm. Sənin.
Bu səhnədə Hacı-Əlməndər o qədər cavan, o qədər yaraşıqlı, dəlicəsinə sevən bir gənc idi ki...
Hacı İsmayılov öz işinin əsl sənətkarıdır. O, nəınki, teatrda, həm də kino filmlərdə Mustafadan sonra bir neçə yadda qalan obrazlar yaratmışdır. “Yol hadisəsi”ndə Mürşüd, ”Bəyin oğurlanması”nda Tağı, ”Həm ziyarət, həm ticarət” filmində yenə Şəkili Mustafanın obrazlarını yaratmışdır.
Yorulmaq bilmədən işləyən Hacı İsmayılov Azərbaycan televiziyasında hazırlanan bir çox tamaşalarda da müvəffəqiyyətlə çıxış etmişdir. “Atayevlər ailəsi”ndə Xuduş, ”Alov” əsərində Bədəl, ”Yaşıl eynəkli adam”da Qafar və sairə obrazları özünə məxsus şəkildə yaratmışıdır.
Hacı İsmayılovla bir vaxtlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində birgə kurs da aparmışıq. Onun böyük məhəbbətlə hazırlanan “Əliqulu evlənir” və “Unuda bilmirəm” tamaşalarındakı işi tələbəlrin böyük hüsnü-rəğbətini qazanmışdı. ”Unuda bilmirəm” tamaşası İstanbul Univrsiteti tərəfindən festivala dəvət edildi, tələbələrin çıxışı xüsusi ödüllə mükafatlandırıldı.
Hacı İsmayılov çox təvazökar adamdı. 2014- cü ilin 22 yanvarında onun 70 yaşı tamam oldu və bu barədə o heç kəsə, heç nə deməyib. İncəsənət xadimlərinin ad günlərini, yaradıcılıq nailiyyətlərini və sadəcə xatirələrini böyük mehribanlıqla təşkil edən və keçirən Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini olmasına baxmayaraq öz yubileyini orda da keçirmədi. Bax bu, sənətinə sədaqətlə xidmət edən əsl sənətkar mövqeyidi.O, hamıya bu təvazökarlıq və məhəbbət mövqeyindən yanaşır və haminin da böyük hörmət və məhəbbətini qazanır. Bu, özü də böyük istedadır. Şəxsiyyətin istedadı. Yanvar ayının 22-də Hacı İsmayılovun 74 yaşı olacaq. Biz, onu sevən bütün tamaşaçılar adından ad günü münasibəti ilə təbrik edirik. Aktyor üçün də tamaşaçı təbrikindən, tamaşaçı alqışından sevincli, gözəl, əziz heç nə yoxdur.

 


Ağakişi KAZIMOV
Xalq artisti, professor

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !