ŞƏHİDLƏR XİYABANI - - Rafiq Yusifoğlu

ŞƏHİDLƏR XİYABANI - Rafiq Yusifoğlu

ŞƏHİDLƏR XİYABANI

 

Şəhidlər xiyabanı –
Müqəddəs and yerimiz.
Mərmər daşlara hopub
Bayatımız, şeirimiz.

 

Bizə güllə dəyəndə
Bu torpaq yaralanıb.
Onun sinəsi üstdə
Məzarlar sıralanıb.

 

Mərdləri qorxutmayıb
Namərdlərin gülləsi.
Hər qəbir – azadlığa
Gedən yolun pilləsi…

 

Əlimizdə qərənfil,
Dilimizdə haqq sözü.
Bu günahsız millətə
Kömək olsun haqq özü!

 

Hər baş daşı çevrilib,
Şərəf, qeyrət büstünə.
Bir güllə qoyulubdur
Hər məzarın üstünə.

 

Igid oğullarımız
Cərgə ilə keçirlər.
Məzarların önündə
Diz çöküb, and içirlər.

 

Güllələri götürüb,
Döyüşlərə gedirlər.
Günahsız qurbanların
Ruhunu şad edirlər.

 

Şəhid məzarlarından
Gedən odlu güllələr,
Düşmənlərin başına
Alov saçar, kül ələr.

 

Geri dönər Xocalı,
Geri qayıdar Şuşa.
Şəhid ruhu şad olar,
Dönər bir qızıl quşa.

 

Qarabağ torpağının
Üstündə uçar, uçar.
Hamımızın qəlbində
Arzular çiçək açar…

 

Rafiq Yusifoglu 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !