Şəhidlər ölməz və unudulmazdır adlı anım mərasimi - (+FOTO)

“Şəhidlər ölməz və unudulmazdır” adlı anım mərasimi (+FOTO)

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyinin
təşkilatçılığı və Pakistan Daxili İşlər Nazirliyinin əməkdaşlığı ilə 20 Yanvar hadisələrinin
28-ci ildönümü ilə əlaqədar olaraq “Şəhidlər ölməz və unudulmazdır” adlı Azərbaycan
şəhidlərinin, eləcə də Pakistan şəhidlərinin anılması mərasimi 22 yanvar 2018-ci il
tarixdə Pakistanın Paytaxt İslamabad ərazisi üzrə Baş Polis İdarəsində keçirilmişdir.
Pakistan daxili işlər nazirinin müavini Rizvan Malikin ali qonaq qismində qatıldığı,
Pakistanlı şəhid ailələrinin, polis zabitlərinin, xarici ölkələrin Pakistandakı səfirlərinin,
diplomatların, kütləvi informasiya və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi
tədbir, Paytaxt İslamabad ərazisi üzrə Baş Polis İdarəsində Azərbaycan və Pakistan
bayraqlarının dalğalandığı “Şəhidlər” abidəsinə əklilin qoyulması və fəxri qarovul
dəstəsinin qonaqları qarşılama və şəhidləri yad etmə mərasimi ilə başlamışdır.
Paytaxt İslamabad ərazisi üzrə Baş Polis İdarəsinin auditoriyasına davam edən
mərasimdə Azərbaycan və Pakistanın dövlət himnləri səsləndirilmiş, Şəhidlərin xatirəsi
bir dəqiqəlik sükütla yad edilmiş, 20 Yanvar hadisələrinin tarixi arxa planı, eləcə də
Azərbaycanın müstəqilliyinin qazanılmasındakı rolundan bəhs edən videoçarx nümayiş
olunmuşdur.
Paytaxt İslamabad ərazisi üzrə Baş Polis İdarəsinin rəhbəri, baş inspektor Dr.
Sultan Azam Teymuri 20 Yanvar hadisələrinin 28-ci ildönümünün və hər iki ölkə
şəhidlərinin xatirəsinin rəhbərlik etdiyi qurumda yad edilməsinin qururverici olduğunu
vurğulamış, təşəbüssə görə Azərbaycanın Pakistandakı Səfirliyinə minnətdarlığını
çatdırmışdır. Dr.Sultan Azam Teymuri Paytaxt İslamabad ərazisi üzrə Baş Polis
İdarəsinin əməkdaşlarının Pakistanın terrorla mübarizədə apardığı əməliyyatlarda
şücaətindən bəhs etmiş, şəhidlərin hər zaman hörmət və ehtiramla yad olunacağını
bildirmişdir.
Pakistan daxili işlər nazirinin müavini Rizvan Malik çıxışında Azərbaycanın
şəhidlərinin öz canlarını vətən uğrunda fəda verdiyini, şəhidlərin xatirəsinin əziz
tutulduğunu, Azərbaycanda olduğu kimi eyni ilə Pakistanda da şəhid ailələrinə daim
diqqət və qayğı göstərildiyini bildirmişdir. Azərbaycanla yanaşı Pakistanın da terrorla
mübarizədə böyük qurbanlar verdiyini bildirən daxili işlər nazirinin müavini, hər iki
ölkənin bundan sonra da terrora və ekstremizmə qarşı mübarizəni davam etdirəcəyini,
sülh və sabitliyin nəzarət altında saxlanacağını diqqətə çatdırmışdır.
Mərkəzi Asiya və Azərbaycan üzrə ekspert Mahmud ul Həsən Xan öz
istiqlaliyyətini tələb etmək üçün dinc etiraz hərəkatına baş vuran Azərbaycan xalqına
qarşı Sovet İmperiyasının xüsusi qəddarlıqla törətdiyi 20 Yanvar qırğınının insan
haqlarının birbaşa pozulması və cinayət olduğunu ifadə etmişdir. Mahmud ul Həsən bu
hadisənin yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün mühüm nəticələrə səbəb
olduğunu, SSRİ-nin dağılması ilə Azərbaycan və digər postsovet ölkələrin azadlığa
qovuşduğunu faktlarla izah etmiş, ulu öndər Heydər Əliyevin həmin zaman SSRİ və
onun rəhbərliyinə qarşı tarixi bəyanatının, göstərdiyi qətiyyət və böyük fədakarlığının
əvəzedilməz olduğunu vurğulamışdır.
Azərbaycan tarixində çox mühüm yeri olan 20 Yanvar hadisələrinin Azərbaycan
xalqının yaddaşında hüznlü, lakin eyni zamanda şərəfli gün kimi qaldığını bildirən

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə 20 Yanvar hadisələrinin motivlərinə
toxunmuş, tarix boyu, eləcə də 1987-ci ilin sonlarından etibarən SSRİ rəhbərliyinin
bilavasitə dəstəyi ilə ermənilərin Azərbaycan xalqına qarşı qətllər və etnik təmizləmə
siyasəti həyata keçirdiyini bildirmişdir. Səfir Ermənistandan yüz minlərlə
Azərbaycanlının deportasiya olunmasına, həmçinin Azərbaycanın tərkib hissəsi olan
Dağlıq Qarabağın Ermənistana hədiyyə edilməsi kimi haqsızlıqlara qarşı 1990-cı ilin
əvvəllərində Bakıda başlayan dinc nümayişlərin 20 Yanvar 1990-cı ildə Sovet ordusu
tərəfindən kütləvi qırğınla yatırılmasına cəhd edildiyini diqqətə çatdırmışdır. Səfir Əli
Əlizadə Sovet rəhbərliyi tərəfindən əvvəlcədən planlaşdırılan, çoxsaylı erməni əsilli
xüsusi təyinatlıların da cəlb olunduğu Sovet ordusunun hərbi birləşmələrinin törətdiyi bu
qırğının Azərbaycan xalqının azadlıq əzmini qırmaq və Sovet rejimini xilas etmək
məqsədi daşıdığını, lakin tam əks nəticə verərək Azərbaycan xalqını qətiyyətlə
birləşdirdiyini, müstəqilliyin labüdlüyünü sübut etdiyini bildirmişdir. Əli Əlizadə Sovet
rəhbərliyinin və mediasının o zaman hadisələri hətta ört basdır etməyə çalışdığını, lakin
bütün təzyiqlərə baxmayaraq ümummilli lider Heydər Əliyevin cəsarətli bəyanatı
nəticəsində hadisənin təşkilatçılarının və nəticələrinin dünya ictimaiyyətinə çatdırıldığını
və qınanmasına nail olunduğunu qeyd etmişdir.
Səfir həmçinin, ermənilərin terrorizm və etnik təmizləmə siyasətindən hal-
hazırda da ziyan çəkən Azərbaycanın Pakistanı yaxşı anladığını, qardaş Pakistanın da
terrorizm və ekstremizmlə mübarizədə böyük qurbanlar verdiyini, fədakarlıqlar
göstərdiyini, Azərbaycan və Pakistan şəhidlərinin qəhrəmanlıq və fədakarlığının hər iki
xalq üçün hər zaman qürur və şərəf mənbəyi, eləcə də gələcək nəsillər üçün birlik və
həmrəylik yolunda qətiyyət və əzm örnəyi olaraq qalacağını vurğulamışdır.
Tədbirdə Pakistanın şəhid ailələrinin övladları tərəfindən şəhidlərlə bağlı təqdim
olunan səhnəciklər iştirakçılarda hüznlü təəssüratlar yatatmış, polis orkestrinin ifası və
mərasim iştirakçılar tərəfindən maraqla qarşılanmış, mərasim Pakistanın şəhid ailələri
ilə xatirə şəkillərinin çəkdirilməsi və təşkil olunmuş ehsan süfrəsinin verilməsi ilə başa
çatmışdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !