Lənkəranda Milli-mənəvi dəyərlərimiz və şəhidlik adlı maarifləndirici tədbir keçirilib - + FOTO (AZ.press.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəranda “Milli-mənəvi dəyərlərimiz və şəhidlik” adlı maarifləndirici tədbir keçirilib + FOTO (AZ.press.AZ – Ağaddin Babayev, Lənkəran)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə rayonun Daşdatük kənd ümumi orta məktəbində “Milli-mənəvi dəyərlərimiz və şəhidlik” adlı maarifləndirici tədbir keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” filminə baxış olub.
Tədbiri giriş sözü ilə açan Daşdatük kənd ümumi orta məktəbinin direktoru Sarvan Babayev çıxışında 20 Yanvar hadisələri barədə məlumat verərək, bu hadisənin xalqımızın tarixində şərəfli bir səhifə təşkil etdiyini bildirib. S.Babayev Azərbaycan gəncliyinin dövlətinə, müstəqilliyinə sadiq gənclər kimi mənəvi-psixoloji və hərbi hazırlıq səviyyəsinin yüksək olduğunu qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında vətənin, ölkənin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan soydaşlarımızın hər birimizin qəlbində əbədi yer tutduğunu, onların qəhrəmanlığının Azərbaycan gəncliyi üçün nümunə olduğunu vurğulayıb. E.Həmidli eyni zamanda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında danışıb. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunması və onlarda vətənpərvərlik hislərinin formalaşmasından ibarət olub.
Daşdatük kənd məscidi dini icmasının sədri Şahid Babayev və digərləri də çıxışlarında bu səpkidə keçirilən maarifləndirmə tədbirlərinin gənclərin dünyagörüşünün zənginləşməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Ağaddin BABAYEV, Lənkəran
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !