20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib - (+FOTO)

20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib (+FOTO)

AMEA Aşqarlar Kimyası İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən institutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, 20 yanvar 1990-cı ildə Azərbaycan xalqına qarşı həyata keçirilən qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bundan sonra da bəşər tarixində qara səhifə olaraq qalacaq. Onun sözlərinə görə, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar Sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib. Akademik qeyd edib ki, o müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.


V.Fərzəliyev bildirib ki, həmin hadisələr həm də müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olub. Məhz, o dəhşətli günlərdə xalqımız bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacarıb.


"20 yanvar Azərbaycan qəhrəmanlığının salnaməsi kimi" mövzusunda məruzə edən AKİ Həmkarlar Təşkilatının sədri, dosent Elxan İsakov 20 Yanvarın təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu deyib: "Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. 20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının ictimai şüurunda da ciddi dəyişiklik baş verdi, xalqımız milli azadlıq hərəkatına başladı və şəhidlərin vətən üçün tökdükləri qan hədər getmədi".
Məruzəçi vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılıb: "Məhz onun siyasi iradəsi ilə Milli Məclisdə qəbul olunan Qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi".


E.İsakov qeyd edib ki, bu gün Şəhidlər Xiyabanı Azərbaycanın hər bir vətəndaşının müqəddəs and yeri və ziyarətgahına çevrilib: "Bu il 20 Yanvar faciəsinin 28-ci ildönümünü qeyd etməyə hazırlaşırıq. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir. Deməli, nəsillər dəyişsə də, Vətən oğullarının xatirəsi bundan sonrada ürəyimizdə əbədi yaşayacaqdır".
20 yanvar faciəsinin ağrısını yaxından yaşamış İnstitutun aparıcı elmi işçisi, kimya üzrə elmlər doktoru, professor İdris Əhmədov 1990-cı ilin dəhşətli 20 yanvar qırğınından sonra özünün də birbaşa iştirakçısı olduğu Bakı-Sumqayıt yolunda baş vermiş dəhşətli cinayəti xatırlayıb: “Neçə il idi ki, kimya üzrə elmlər doktorları İbrahim İbrahimov, İsmayıl Mursaqulov, Parlaq Mustafayeva və Svetlana Məmmədova ilə birgə paytaxtdan Sumqayıta, Polimer Materialları İnstitutuna gedirdik. Yanvarın 22-də Prezident Aparatı qarşısında keçirilən etiraz mitinqində iştirak etmişdik. Hətta İbrahim müəllim orada söz alaraq, çıxışında M.Qorbaçov hakimiyyətinə, Bakıda günahsız həmvətənlərini gülləbaran etmiş hərbçilərin rəhbərlərinə öz kəskin etirazını və nifrətini bildirmiş, öz partiya biletini yandırmışdı. Xırdalanı keçib Ceyranbatana yaxınlaşanda birdən professor İbrahim İbrahimovun idarə etdiyi "Jiquli" maşını silkələnib, sürətini azaltdı və dayandı. İbrahim müəllimlə mən maşından düşüb mühərriki yoxladıq, maşını birtəhər yenidən işə saldıq. 20-30 metr getdikdən sonra eyni hal yenidən baş verdi, maşın dayandı. Bir daha maşına əl gəzdirib, 15-20 metr getdikdən sonra vəziyyət təkrar olunduqda mən, yenidən mühərrikə baxmaq istərkən, bayaqdan yanımızdan qulaqbatırıcı uğultu ilə ötüb-keçən sayca 6-cı tankın üstümüzə şığıdığını gördük. Maşındakıları əzib keçən tank məni ağır yaralayaraq hadisə yerindən sürətlə uzaqlaşdı. Ağır yaralanmağıma baxmayaraq, özümdə güc taparaq yoldan keçən KAMAZ şoferinin köməkliyi ilə hadisə yerində keçinənləri və ağır yaralı halda olan Parlaq xanımı Sumqayıtın Təcili yardım xəstəxanasına çatdıra bildik. Professorlar İbrahim İbrahimov və Svetlana Məmmədova hadisə yerindəcə həlak olmuşdu. Sağalacağına o qədər də ümid qalmayan istedadlı alim İsmayıl Mursaqulov da, həkimlərin ciddi səylərinə baxmayaraq, üç gündən sonra dünyasını dəyişdi. Yalnız Parlaq xanım və mən uzunmüddətli müalicədən sonra sağala bildik".


Daha sonra tədbirdə çıxış edən İnstitut əməkdaşları professor Həqiqət Cavadova, dosent Nüsrət Əliyev və digərləri qanlı 20 yanvar faciəsi ilə bağlı xatirələrini danışıblar.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !