Azərsu Açıq Səhmdar Cəmiyyətində görüş keçirilib. - (+FOTO)

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində görüş keçirilib. (+FOTO)

Azərbaycanda səfərdə olan Qlobal Su, Təhlükəsizlik və Sağlamlıq İnstitutunun (QSTSİ) rəhbəri Nidal Salimlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində görüş keçirilib. Görüşdə QSTSİ-nin nümayəndəsi Bens Fulop və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev də iştirak edib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov qonaqları salamlayaraq Azərbaycanda həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verib, bu sahədə beynəlxalq maliyyə təşkilatları və nüfuzlu xarici şirkətlərlə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Azərbaycanda su təsərrüfatı sektorunda həyata keçirilən layihələrin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini xatırladan Q.Hüseynov bildirib ki, “Azərsu” ASC dünyada su sahəsində ən mötəbər qurumlardan sayılan Dünya Su Şurasının, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının üzvlüyünə qəbul edilib və bu təşkilatlarda fəal təmsil olunur.
Q.Hüseynov qeyd edib ki, ətraf mühitin qorunması sahəsində beynəlxalq təşkilatlar səviyyəsində görülən işlərə baxmayaraq, Ermənistan beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozur. Erməni təcavüzü nəticəsində işğal altında qalan Sərsəng su anbarı baxımsız hala düşüb və onun ehtiyatlarından siyasi təhdid vasitəsi kimi istifadə olunur. Bununla bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlar səviyyəsində narahatlığını ifadə edib.
“Azərsu” ASC-nin sədri 2013 və 2014-cü illərdə keçirilmiş su texnologiyaları sərgi və konfranslarına, həmçinin 14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində keçirilmiş 1-ci Bakı Beynəlxalq Su Həftəsinə beynəlxalq təşkilatlar tərəfindən böyük maraq göstərildiyini xüsusi vurğulayıb.
QSTSİ direktoru Nidal Salim 2013-cü ildə Bakı şəhərində keçirilmiş Su texnologiyaları sərgi və konfransında iştirakını xatırlayaraq “Azərsu” ASC-nin fəaliyyətini yaxından izlədiyini və yüksək qiymətləndirdiyini bildirib. Rəhbərlik etdiyi təşkilat barədə məlumat verən N.Salim qeyd edib ki, QSTSİ UNESCO Su Məsələləri üzrə İnstitutun, Dünya Su Şurasının, Asiya Su Şurasının, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının və İsveçrə Su Əməkdaşlığı Təşkilatının idarə heyətində təmsil olunur. N.Salim 2018-ci ilin mart ayında Braziliyada keçiriləcək Beynəlxalq Su Forumuna hazırlıq tədbirləri barədə məlumat verib və əlavə edib ki, forum çərçivəsində birgə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Dağlıq Qarabağ münaqişəsinin fəsadları ilə tanış olduğunu deyən qonaq Azərbaycan ərazilərinin işğalı nəticəsində su hövzələrinə vurulan mənfi təsirin qarşısının alınması üçün birgə əməkdaşlığın vacibliyindən danışıb.
QSTSİ-nin nümayəndəsi Bens Fulop təmsil etdiyi institutun su təhlükəsizliyi məsələləri ilə məşğul olduğunu xatırladıb və hazırda su təhlükəsizliyinin çox aktual məsələyə çevrildiyini bildidrib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev QSTSİ ilə dünya su problemlərinin, su təhlükəsizliyi məsələlərinin araşdırılması və dünyaya çatdırılması, su ehtiyatlarından hər kəsin azad istifadə imkanlarının gücləndirilməsi məqsədi ilə imzalanmış memorandumun əhəmiyyətindən danışıb. Bildirib ki, BAMF və QSTSİ Qafqazda, Orta Asiyada, Yaxın Şərq ölkələrində, Afrikada və postsovet məkanında su və təhlükəsizlik kimi məsələləri birgə tədqiq edərək müharibədən zərər çəkmiş şəxslərin sosial imkanlarının gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcək.
Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, birgə fəaliyyətin dəstəklənməsi ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində qonaqlar “Azərsu” ASC-nin Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi və Mərkəzi laboratoriyanın fəaliyyəti ilə də tanış olublar.
Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksində qonaqlara məlumat verilib ki, 2015-ci ildə istismara verilmiş kompleksdə su ultrasüzgəc texnologiyasına uyğun ən yüksək səviyyədə, heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə mexaniki üsulla təmzilənir. Məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil edən kompleks Abu Dabi Qlobal Su Sammitində dünya su sənayesinin ən önəmli layihələrindən biri seçilib.
Daha sonra “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasına gələn QSTSİ və BAMF təmsilçiləri laboratoriyanın fəaliyyəti ilə yaxından tanış olublar. Qonaqlara məlumat verilib ki, laboratoriya içməli su və tullantı suları bölmələrindən ibarətdir. Bölmələrinin hər birində mikrobioloji və fiziki-kimyəvi analiz şöbələri yerləşir. Laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb. Bu cihaz və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür.
Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi və Mərkəzi laboratoriya ilə tanış olan qonaqlar bu səfərin onlarda xoş təəssürat yaratdığını bildirib və “Azərsu” ASC-nin fəaliyyətini yüksək qiymətləndiriblər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !