Almaniyalı alimə ADU-nun dəvətli professoru adı verilib.

Noyabrın 23-də Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmana Azərbaycan Dillər Universitetinin (ADU) dəvətli professoru adı verilib.
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla məşhur alman ədəbiyyatşünası, alimi, dünya mədəniyyətinin bilicisi Z.Hartmanı universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Professorla təxminən 10 il bundan öncə başlayan tanışlıqlarından danışan K.Abdulla onunla Azərbaycan və Almaniya ədəbiyyatı və mədəniyyəti üçün faydalı olacaq layihələr həyata keçirilməsi üçün bir araya gəldiklərini söyləyib. Bakı Slavyan Universiteti, Almaniyanın Yohannes Qutenberq Universiteti və Osvald fon Volkenştayn Cəmiyyətinin alman mədəniyyətinin nadir incilərindən biri, məşhur ədəbi nümunə olan “Nibelunqlar nəğməsi”nin Azərbaycan xalqının qəhrəmanlıq dastanı olan “Kitabi-Dədə Qorqud” dastanı ilə müqayisəli şəkildə öyrənilməsi üzrə birgə layihəsinin səmərəli nəticələrinin olduğunu qeyd edən rektor bu layihə çərçivəsində müxtəlif konfransların keçirildiyini, çoxlu sayda kitabların çap olunduğunu, germanist və türkoloqların dünyanın müxtəlif yerlərindəki alimlərlə görüşlərinin təşkil olunduğunu sözlərinə əlavə edib. O, “Kitabi-Dədə Qorqud” dastanının ilk dəfə olaraq türkoloqların inhisarından çıxaraq başqa elm sahəsi ilə məşğul olan şəxslərin də maraq dairəsinə əlavə olunduğunu bildirib. Dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş türkoloq və germanistlərin görüşdüyünü, iki sənət incisinin müqayisəli təhlilinin çətin mərhələlərdən keçərək uğurla nəticələndiyini vurğulayan rektor bunun elmdə artıq yeni ahəngin yaranmasına töhfə verən məsələ olduğunu qeyd edib. Rektor Azərbaycana və ümumilikdə elmə olan məhəbbətindən dolayı professor Z.Hartmanın bu işlərin görülməsində böyük xidmətlərinin olduğunu deyib. Gələcəkdə iki ölkənin mühüm ədəbi nümunələri üzərində işlənilməsi istiqamətində layihələrin davamlı olmasını arzu etdiyini deyən rektor ADU-nun Multikulturalizm, Müqayisəli folklor, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyalarında bu məsələlərin tədqiqat obyektinə çevriləcəyini vurğulayıb. Professorun universitetdə artıqmühazirələr söylədiyini, bu çıxışlara yalnız tələbələr deyil, həmçinin professor-müəllim heyətinin də cəlb olunacağına inandığını deyən rektor bu görüşlərin Z.Hartman üçün də maraqlı olacağına, əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyinə, universitet heyətinin Avropanın müxtəlif universitetlərində təcrübə mübadiləsinə, onların müxtəlif alimlərlə təmasına yardımçı olacağına ümid etdiyini bildirib. K.Abdulla ADU-da yeni yaranacaq Germanistika İnstitutunun almaniyalı və azərbaycanlı həmkarların yeni elmi platforması olacağına ümid etdiyini bildirib və bu istiqamətdə yeni kitabların çap olunması, görüş və konfransların keçirilməsi, yeni tanışlıqların yaranmasının gözlənildiyini diqqətə çatdırıb. K.Abdulla professor Z.Hartmanın Azərbaycan Dillər Universitetinin dəvətli professoru adına layiq görülməsinin sevindirici hal olduğunu bildirib və onu təbrik edib.
Daha sonra rektor Z.HartmanaADU-nun dəvətli professoru vəsiqəsini təqdim edib.
Professor Z.Hartman ADU-nun dəvətli professoru olmasından şərəf duyduğunu bildirib. O, universitet heyəti ilə dünyanın müxtəlif mədəniyyət nümunələrini birgə tədqiq edəcəklərini və germanistikanın alman variantının Azərbaycanda tətbiq olunacağını, bunun üçün universitetdə münbit şəraitin mövcud olduğunu qeyd edib. ADU-da birgə əməkdaşlıq nəticəsində mühüm yeniliklərin olacağına inandığını bildirən professor burada Orta əsrlər ədəbiyyatının tədris olunması missiyasını məmnuniyyətlə öz üzərinə götürdüyünü diqqətə çatdırıb.
Sonra görüşdə Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri Sərxan Abdullayev, həmin kafedranın dosentiUlduz Aslanova, Alman dili kafedrasının dosenti Yusif Savalan fikirlərini bölüşüb, professoru təbrik ediblər.
Qeyd edək ki, təqdimatdan öncə professor Z.Hartman professor-müəllim heyəti və alman dili ixtisası üzrə təhsil alan tələbələrə“Nibelunqlar haqqında nəğmə”mövzusunda mühazirə deyib.
O, mühazirəsində “Nibelunqlar nəğməsi”nin məzmunu haqqında ətraflı məlumat verib. Dastandakı 1-ci nəğmədən 39-cu nəğməyə qədər bütöv məzmun barədə ətraflı bəhs edən Z.Hartmandünya ədəbiyyatının ən böyük qəhrəmanlıq dastanlarından biri olan“Nibelunqlar nəğməsi”nin yaranma tarixi və qoruyub saxlanması haqqında danışıb. O, dastandakı obrazlardan danışaraq, həmçinin Azərbaycanın milli qüruru olan “Kitabi-Dədə Qorqud” dastanı ilə müqayisəli təhlillər təqdim edib.
Sonra qonaq professor-müəllim heyətini və tələbələri maraqlandıran sualları cavablandırıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )