Azərbaycanın regionlarında rəqəmsal texnologiyaların tətbiqi genişlənir. -

Azərbaycanın regionlarında rəqəmsal texnologiyaların tətbiqi genişlənir.

 Ölkəmizin regionlarında rəqəmsal texnologiyaların transformasiyasında böyük irəliləyiş müşahidə olunur. Paytaxtdan kənarda yerləşən universitetlər bir-birinin ardınca bulud platformasında istifadə olunan elektron təhsil sisteminə qoşulur.

Bu gün Mingəçevir Dövlət Universitetində ölkəmizin qabaqcıl texnologiya şirkəti “Neuron Technologies” ilə müqavilə imzalandı. Bununla da, regionda yerləşən ali təhsil müəssisələri arasında Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetinin ardınca Mingəçevir Dövlət Universiteti də təhsilin elektron informasiya idarəetmə sisteminin tətbiqinə başladı. Mingəçevir Dövlət Universitetində bu gündən etibarən mütərəqqi dünya texnologiyalarına əsaslanan “Unibook” – təhsilin informasiya idarəetmə sisteminin tətbiqinə start verildi. Müqaviləni Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Hacıyev və “Neuron Technologies” şirkətinin baş direktoru İsmayıl Ələkbərov imzaladılar.

“Unibook” – elektron təhsil platformasının universitetdə tətbiqi çərçivəsində tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə, elektron imtahan, interaktiv forum və kommunikasiya, insan resurslarının idarə edilməsi, təqaüd hesablanması və digər alt-sistemlərin tətbiqi nəzərdə tutulur. “Unibook” elektron təhsil sistemi vasitəsilə tələbələr tədris strukturlarını, avtomatlaşdırılmış alt sistemləri özündə birləşdirən vahid informasiya mühitində istənilən fənn üzrə materialları onlayn qaydada əldə edəcək, müəllimlərin mühazirələri ilə tanış ola biləcəklər. Bütün tələbələrə və müəllimlərə onlayn sistemə giriş imkanı veriləcək və bunun üçün hər bir istifadəçinin xüsusi şifrəsi olacaq. Tələbələr “Unibook”a daxil olmaqla istənilən məlumatı öyrənə biləcəklər. Onlayn sistemdə universitet haqqında bütün məlumatlar, dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlər yerləşdiriləcək.

Elektron məlumat və idarəetmə sisteminin tətbiqi Mingəçevir Dövlət Universitetində son informasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına mühüm töhvə verəcək. “Neuron Technologies” şirkətinin ərsəyə gətirdiyi “Unibook” – təhsilin informasiya idarəetmə platforması artıq Azərbaycan Təhsil Nazirliyi sistemində geniş tətbiq olunur və nüfuzlu ali təhsil müəssisələri, universitetlər təhsil proseslərinin idarə edilməsində məhz bu sistemə üstünlük verir. Sistem artıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Qərb Universiteti, Azərbaycan Texnologiya Universitetində uğurla tətbiq olunur.

Azərbaycan şirkətinin “Unibook” elektron təhsil sistemi ölkəmizin ali təhsil müəssisələrində geniş tətbiq edilməklə yanaşı, həm də “made in Azerbaijan” brendi altında bir sıra xarici ölkələrə ixrac edilməyə başlanıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !