Milli İncəsənət Muzeyində İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan naxışları sərgisi. -

Milli İncəsənət Muzeyində “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan naxışları” sərgisi.

 Xəbər verdiyimiz kimi, Bakıda keçirilən V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində maraqlı tədbirlər, təqdimatlar və sərgilər təşkil olunur.

Oktyabrın 18-də Milli İncəsənət Muzeyində açılan “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan naxışları” adlı sərgi də beynəlxalq simpoziumun yaddaqalan tədbirlərindən oldu.

Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan xalçasının dünyada təbliğ edilməsi baxımından sərginin əhəmiyyət daşıdığını vurğuladı. Qeyd etdi ki, bu sərgi ilə dünyanın tanınmış sənət xəzinələri olan Viktoriya və Albert Muzeyində (London), Berlin İslam İncəsənəti Muzeyində və bir sıra şəxsi kolleksiyalarda qorunub saxlanılan zəngin və zərif tikmələrimiz, nəhayət ki, özünün həqiqi coğrafi-etnik ünvanını müəyyən edir. Uzun müddətdir ki, dünya alimlərinin nəzərini özünə cəlb edən tikmələrimiz əcdadlarımızın yüksək sənət məharətindən, incə zövqündən, fitri istedadından xəbər verir.

Nazir bildirdi ki, sərgidə xarici eksponatlarla yanaşı, Milli İncəsənət Muzeyində qorunan bir qrup tikmə nümunəsi də yer alıb. Həmin əsərlərin beynəlxalq ekspertlərin səyi əsasında Azərbaycana aid olduğu təsdiqlənib. Sərgi beynəlxalq mədəni və elmi fəaliyyətimizin mühüm, uğurlu nəticəsi və təcəssümüdür.

Tədbirdə sərginin kuratorları, İCOC-un (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) akademik komitəsinin sədri Alberto Boralevi və nazirliyin müstəqil eksperti Əsli Səmədova çıxışlarında bildirdilər ki, Mədəniyyət və Turizm Nazirliyinin belə bir sərgini keçirməsi nəinki Azərbaycanda, eləcə də dünya muzey praktikasında mühüm məqamdır. 1600-1850-ci illərə aid olan bu tikmələr xarici mənbələrdə “Erkən Azərbaycan tikmələri” adlandırılır, Qərb mütəxəssisləri və kolleksiyaçıları tərəfindən yüksək qiymətləndirilir.

Qeyd olundu ki, erkən Azərbaycan tikmələrinin bir çox motivləri XVI-XVIII əsrlərin “Əjdaha” qrupuna daxil olan Azərbaycan xalçalarının naxışları, həmçinin Səfəvi dövrü xalçalarına xas palmetta və mərkəzi medalyon elementi ilə sıx əlaqəlidir. Bu xalçalar Azərbaycanın dekorativ-tətbiqi sənətinin beynəlxalq ədəbiyyatda ölkəmizə məxsusluğu qəbul edilən yeganə nümunələridir.

Daha sonra qonaqlar “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan naxışları” sərgisi ilə yaxından tanış oldular.

Qeyd edək ki, sərgidə Londonun Viktoriya və Albert Muzeyinin kolleksiyasından 13 ədəd eksponat nümayiş olunur. İkiillik tədqiqat çərçivəsində sərginin kuratorları Alberto Boralevi və Əsli Səmədova Londonun “Hali Publications Ltd” nəşriyyatının dəstəyi ilə dünya muzeyləri və şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan tikmələrinin nadir məlumat bazasını yaradıblar. Bu qəbildən olan 400-ə yaxın tikmə aşkarlanıb və elektron məlumat bazası tərtib edilib.

Alberto Boralevi və Əsli Səmədovanın müəllifi olduğu və “Hali Publications Ltd” nəşriyyatında çap olunan “Qafqazın ulduzları. Erkən Azərbaycan tikmələri” kitabının ayrıca bir fəsli Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı tikmələrə həsr edilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !