Ermənistandan deportasiya olunmuş soydaşlarımızla görüş keçirilib. -

Ermənistandan deportasiya olunmuş soydaşlarımızla görüş keçirilib.

 Beynəlxalq Diaspor Mərkəzi (BDM), Dünya Azərbaycanlıları Konqresi (DAK) və Azərbaycan Qaçqınlar Cəmiyyətinin (AQC) birgə təşkilatçılığı ilə Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşan Ermənistandan deportasiya olunmuş soydaşlarımızla görüş keçirilib. Nahar süfrəsi ətrafında təşkil olunmuş görüşdə Qərbi azərbaycanlıların deportasiyanın növbəti ildönümü anılıb. Tədbiri giriş sözü ilə açan BDM sədri dr. İsmayıl Ağayev bildirib ki, görüşün təşkil olunmasında məqsəd soydaşlarımızın deportasiyasını anmaq və xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fikir mübadiləsi aparmaqdır. İ. Ağayev nitqində Heydər Əliyevin 20 il öncə Qərbi azərbaycanlıların deportasiyası ilə bağlı verdiyi fərmanın tarixi əhəmiyyətindən danışıb. Daha sonra DAK həmsədri, şair Sabir Rüstəmxanlı çıxış edərək, Qərbi azərbaycanlıların deportasiyasının, onlara qarşı ermənilərin həyata keçirdiyi soyqırım aktlarının unudulmaması üçün bu kimi görüşlərin təşkilinin vacib olduğunu bildirib. O, qeyd edib ki, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı üçün mübarizəmiz davam edəcəkdir. Görüşdə iştirak edən AQC-nin sədri Əziz Ələkbərli, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, şair Ənvər Əhməd, Milli QHT Forumunun vitse-prezidenti Asif Əsgərov, yazıçı Nazir Əhmədli, DAK Qərbi Azərbaycan departamentinin rəhbəri Səməndər Mehdiyev, Çexiya-Azərbaycan Mədəniyyət Evinin rəhbəri prof. Azər Kərimov, BDM departament rəhbəri Etibar, AMEA-nın elmi işçisi dr. Ceyhun Ağayev və başqaları öz çıxışlarında Qərbi azərbaycanlıların deportasiyası ilə yanaşı tarixi Azərbaycan yurdunun mədəniyyəti, folkloru, ədəbiyyatını əhadə edən çıxışlar ediblər. Görüşdə QHT və media nümayəndələri, ziyalılar iştirak edib. Bir qrup media nümayəndələrinə plaketlər təqdim edilib. Sonda görüş iştirakçıları adından Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyevə və dünya ictimaiyyətinə müraciətlər ünvanlanıb:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ

M Ü R A C İ Ə T

Hörmətli Cənab Prezident!
Bu gün Azərbaycan öz tarixinin və taleyinin mürəkkəb dövrünü yaşayır. 20-ci yüzilin əvvəllərində Azərbaycanın tarixi torpaqları olan İrəvan, Naxçıvan, Qarabağ və Gəncə xanlıqları ərazisində Ermənistan adlı qondarma erməni dövləti yaradan ermənilər 1988-ci ildə Azərbaycan Respublikasına qarşı yeni ərazi iddialarına qalxmış, xarici himayədarlarının köməyi ilə ərazilərimizin daha 20 faizini işğal etmişlər və bu gün də işğal altında saxlamaqda davam edirlər.
Azərbaycan üçün bu çətin dövrdə Sizin başçılığınız altında xalqımızın və dövlətimizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün nə qədər işlər görüldüyünün şahidiyik, və bu işdə daim yanınızdayıq.
1988-ci ildə alovlanan son Qarabağ münaqişəsi zamanı Azərbaycanın ilk itkiləri Qərbi Azərbaycandan – indiki Ermənistandan başladı, 250 min nəfər soydaşımız ata-baba yurdlarından - tarixi Azərbaycan torpaqlarından qovulub çıxarıldı. Bu, bütün Azərbaycan xalqının, Türk dünyasının itkisi idi.
Bu gün 1988-ci ildəki həmin tarixi səhvi təkrar etmək təhlükəsi qarşısındayıq. Bizə elə gəlir ki, Ermənistanı ideoloji mübarizədə diz çökdürməyin, danışıq masası arxasında Azərbaycanın haqlı tələblərinə boyun əyməyə məcbur etməyin bir yolu da bu gün Qərbi Azərbaycan problemini də danışıq masasına çıxarmaqdan keçir. Sizin də dəfələrlə dediyiniz kimi, İrəvan, Zəngəzur, Göyçə tarixi Azərbaycan torpaqlarıdır və biz mütləq o torpaqlara qayıdacağıq.
Hörmətli Cənab Prezident!
Gələn il Azərbaycanın iki tarixi faciəsinə – Azərbaycanın iki yerə parçalanmasına və iki yüz illik deportasiya və soyqırımlarımıza səbəb olan ermənilərin Cənubi Qafqaza köçürülməsinə imkan verən Türkmənçay müqaviləsinin 190 illiyi, 1918-ci il soyqırımımızın 100 illiyi, 1948-1953-cü illər deportasiyamızın 70 illiyi, 1988-ci il soyqırımımızın 30 illiyi tamam olur. Düz 20 il bundan əvvəl – 1997-ci il dekabrın 18-də Ulu Öndər Heydər Əliyev azərbaycanlıların deportasiyasına və soyqırımına tarixi-siyasi qiymət verən ilk Fərmanını – “Azərbaycanlıların deportasiyası haqqında” tarixi fərmanını imzaladı. Onun ardınca 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” tarixi Fərman imzalandı.
Bu fərmanların hər ikisinin 20-ci ildönümündə Sizdən – Ulu Öndərin siyasi varisindən üçüncü fərmanı gözləyirik. Qərbi Azərbaycanlıların xatirə gününün təsis edilməsinin, xatirə kompleksinin ucaldılmasının, Azərbaycan Prezidenti yanında və ya Azərbaycan Milli Elmlər Akademiyasında Qərbi Azərbaycanı öyrənən bir elmi mərkəzin yaradılmasının, Qərbi Azərbaycan qaçqınlarının ata-baba torpaqlarına qayıtması uğrunda mübarizəyə qoşulmasının, bu məsələnin beynəlxalq danışığın predmetinə çevrilməsinin və s. vacib məsələlərin həmin Fərmanda əks etdirilməsini Sizdən xahiş edirik.
Əmin ola bilərsiniz ki, dövlətçilik hissi həmişə güclü olan Qərbi azərbaycanlılar bundan sonra da dövlətimizin möhkəmləndirilməsi yolunda əlindən gələni edəcəklər.

DÜNYA İCTİMAİYYƏTİNƏ
M Ü R A C İ Ə T
Ermənistan Respublikası Azərbaycandan daha çox ərazi qopartmaq üçün 1988-ci ildə başladığı savaş nəticəsində Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş və bu gün də işğal altında saxlamaqdadır. Bundan əlavə, 250 min nəfər soydaşımız Qərbi Azərbaycan – indiki Ermənistan ərazisindəki ata-baba yurdlarından vəhşicəsinə qovulub çıxarılmışdır. Nəticədə bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımız illərdir evsiz-eşiksiz, didərgin vəziyyətdə yaşamaqdadır.
İllərdir Azərbaycan işğalçı Ermənistanın faşist simasını dünyaya tanıtmaq, tarixi ədaləti bərpa etmək, qaçqın və məcburi köçkün soydaşlarımızı doğma yurdlarına qaytarmaq üçün əlindən gələni edir, münaqişənin sülh yolu ilə həll olunması üçün bütün vasitələrə al atır. Lakin real mənzərə budur ki, həqiqəti – Ermənistanın işğalçı, Azərbaycanın işğala məruz qalan ölkə olduğunu çox gözəl bilən dünya ikili standartlar siyasətini hələ də davam etdirir. Beynəlxalq güclər, səlahiyyətli beynəlxalq təşkilatlar Ermənistanın işğalçı siyasətdən əl çəkməsi, Azərbaycanın işğal altındakı ərazilərinin geri qaytarılması üçün heç bir konkret addım atmır, atmaq fikrində də deyil.
Tərəflər arasında hər an baş verə biləcək xoşagəlməz hadisələrə görə isə bütün məsuliyyət bu münaqişənin süni şəkildə uzadılmasında xüsusi marağı və rolu olan beynəlxalq güclərin, BMT-nin, ATƏT-in, Minsk qrupunun üzərinə düşür.
Azərbaycana qarşı qeyri-səmimi münasibətin bir örnəyi də 1988-1989-cu illərdə Ermənistandan qəddarlıqla qovulub çıxarılan 250 min azərbaycanlının taleyinin heç vaxt beynəlxalq danışığın predmetinə çevrilməmişdir.
Ermənilərin öz müqəddəratını təyin etmə hüququnu tez-tez gündəmə gətirən, Azərbaycan dövlətini yeni-yeni güzəştlərə məcbur etməyə çalışan həmin beynəlxalq güclərə, beynəlxalq təşkilatlara üzümüzü tutub deyirik ki, Azərbaycan xalqı bu vəziyyətlə barışmaq niyyətində deyildir. Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları artıq yeni müstəviyə keçirilməlidir. Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin tələb etdikləri özünüidarə hüququna tam adekvat şəkildə Ermənistan da vaxtilə azərbaycanlı əhalinin sıx halda yaşadığı Dərələyəz-Zəngəzur ərazilərində azərbaycanlılara özünüidarə hüququ verməlidir. Bu, 1988-1989-cu illərdə Ermənistandan qovulmuş 250 min nəfər azərbaycanlı qaçqının, bütün Azərbaycan xalqının tələbidir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !