Millət vəkili Aydın Mirzəzadə ADU tələbələrinə mühazirə oxuyub.

 Oktyabrın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə universitetin tələbələri ilə görüşüb. 18 Oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr olunan dəyirmi masada millət vəkili universitet tələbələri qarşısında “Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin banisidir” mövzusunda mühazirə ilə çıxış edib.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov A.Mirzəzadənin ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə universitetə dəvət olunduğunu bildirib və onu burada görməkdən məmnunluğunu dilə gətirib. O, görüşün keçirildiyi Ulu öndər Heydər Əliyev lektoriyası barədə iştirakçılara məlumat verərək burada ümummilli liderin həyat və yaradıcılığının, siyasi fəaliyyətinin əks olunduğunu diqqətə çatdırıb. S.Hüseynov daha sonra dəyirmi masanın mövzusu haqqında çıxış etmək üçün sözü millət vəkilinə verib.
Dünyada 50 xalqın müstəqil dövlətinin olduğunu bildirən A.Mirzəzadə qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanın da həmin ölkələr sırasında yer tutduğunu söyləyib. Millət vəkili qeyd edib ki, XIX əsrin əvvəllərində Azərbaycan ərazisində mövcud olan xanlıqlara böyük imperiyalar tərəfindən edilən müdaxilələrə görə xalqımız müstəqil dövlətsiz qalıb, mədəniyyətini, adət-ənənələrini, dilini, dinini itirmək təhlükəsi ilə üzləşib. Amma genetik yaddaşımızda müstəqil dövlətlər olduğundan xalqımız böhran yaşamayıb: “Azərbaycan cəmiyyətində müstəqilliyə meyl həddən artıq böyük olub”.
Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev zamanın yetirməsi və xalqın problemlərini həll etmək üçün önə verdiyi dahi bir şəxs olub: “Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, Azərbaycan adını yenidən yazıb, Azərbaycançılığı bizə sevdirə bilib. Onun hakimiyyəti illərində atdığı hər bir addımının ölkəmizin möhkəmlənməsinə, Azərbaycançılıq təfəkkürünün mənimsənilməsi və xalqın inamının özünə qaytarılmasına çox böyük təsiri olub. 1991-ci ildə qazanılan müstəqilliyin əldə edilməsinə qədər Heydər Əliyev öz fəaliyyəti ilə böyük bir tarixin yazılmasında birbaşa iştirak edib. Onun 1993-cü ildə hakimiyyətə gəlişi Azərbaycanı məhv olmaqdan xilas edib, sabitlik yaradıb. O, eyni zamanda mədəniyyətimizin, incəsənətimizin də inkişaf etməsinə öz töhfəsini verib”.
A.Mirzəzadə ümummilli lider Heydər Əliyevin fəaliyyəti və xalq qarşısındakı xidmətlərinin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında ciddi inkişafa təkan verdiyini diqqətə çatdırıb.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.