“Mən Azərbaycanlıyam” adlı tədbir-sərgi keçirildi.

2017-ci il oktyabrın 18-də saat 15:00-da Azərbaycan İstiqlal Muzeyi öz ekspozisiyasında Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş “Mən Azərbaycanlıyam” adlı tədbir-sərgi keçirtdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da xalqımız XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. 1994-cü il 15 oktyabr tarixindən ümummilli lider Heydər Əliyevin fərmanı ilə 18 oktyabr Dövlət Müstəqillik Günü kimi qeyd olunur.
Muzeydə keçirilən sərgidə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinin 50-yə yaxın əl işləri nümayiş olundu.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov, həmin universitetin tələbəsi Kərimova Məryəm çıxış etdilər, “Gənclərin Respublika Bədii-Yaradıcılıq Evi”nin üzvlərinin hazırladıqları rəqs və musiqi çələngi səsləndi.
Tədbirdə rəssamlar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri, “Gənclərin Respublika Bədii-Yaradıcılıq Evi”nin üzvləri, Milli Qvardiyanın əsgərləri, Hərbi Dəniz Qüvvələrin şəxsi heyəti və digər qonaqlar iştirak etdilər.