Lənkəran Dövlət Universitetinin müəllim və tələbə kollektivi Azərbaycanın Dövlət Müstəqilliyi gününü Lənkəran teatrında qeyd ediblər. - + FOTO (AZpress.AZ Ağaddin Babayev, Lənkəran)

Lənkəran Dövlət Universitetinin müəllim və tələbə kollektivi Azərbaycanın Dövlət Müstəqilliyi gününü Lənkəran teatrında qeyd ediblər. + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

 18 oktyabr –Azərbaycanın Dövlət Müstəqilliyi gününün bayram sevincini Lənkəran Dövlət Universitetinin (LDU) müəllim və tələbələri birgə paylaşıblar. Lənkəran Dövlət Dram Teatrında keçirilən bayram tədbiri Azərbaycan Dövlət Himninin ifası ilə başlanıb.
Rəsmi hissədə LDU-nun baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı geniş məruzə edib. 18 Oktyabr tarixini Azərbaycan xalqının şərəf və şöhrət salnaməsi adlandıran, dünyada yaşayan onlarla xalqın bu gün də müstəqil dövlətlərinin olmadığını,hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan dövlətinin bayrağı altında yaşayıb işləməyin səadət olduğunu deyən K. Mahmudov xalıqımızın azadlıq mücadiləsində üzləşdiyi çətinliklərdən, gərgin mübarizədən ətraflı söz açıb, müstəqil dövlətimizin keşiyində dayanmağı hər bir azərbaycanlının şərəf işi adlandırıb, ən ali vətəndaşlıq borcu kimi dəyərləndirib.
Rəsmi hissədən sonra LDU-nun professor-müəllim və tələbə heyəti birgə Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında yazıçı-dramaturq Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin“ iki hissəli komediyasına tamaşa ediblər. Respublikanın əməkdar artisti Adil Zeynalovun quruluş verdiyi tamaşada əsas rolları əməkdar artistlər SucəddinMirzəyev, Adil Zeynalov, artistlərdən Səyad Əliyev, Təranə Fərəcova, Şəbnəm Hüseynova və başqaları ifa ediblər. Tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb və aktyorlara təzə-tər çiçəklər təqdim edilib.
Sonda LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov maraqlı tamaşaya və gözəl aktyor oyununa görə teatrın kollektivinə minnətdarlığını bildirib.
Ağaddin BABAYEV, Lənkəran