Rəhman ORXAN : "Dezinformasiya" və düz informasiya...

 Dərsliklərlə bağlı müzakirələrə qoşulmaq istəməsəm də, İnsan Hüquqları İnstitutunun əməkdaşı, Respublika Memarlar İttifaqının üzvü, Azərbaycan "Abidələri Mühafizə Təşkilatı" İctimai Birliyinin sədri Faiq İsmayılovun dünən "Müəllimin proqram dəftəri" ilə bağlı bəzi iradları ilə tanış olduqdan sonra buna məcbur oldum... Həmin "dəftərə" bəzi iradların tutulması üçün hər halda riyaziyyatı da az-çox bilmək pis olmazdı. Heç olmasa, onun "əlifba"sını, orta məktəb səviyyəsində...

Yəqin ki onun bəzi iradları haqlıdır. Yalnız işğal altında olan rayonların ərazilərinin sahəsi ilə bağlı "mülahizələrindən" başqa. Belə ki, Faiq müəllim (!) görünür riyaziyyatla o qədər də "yaxşı münasibətdə" olmadığı üçün həmin proqramda ərazi sahələri ilə bağlı verilmiş rəqəmləri ucdantutma səhv hesab edir.
O, rayonların sahəsinin həmin proqramda guya təhrif edildiyini, azaldıldığını qeyd edir. Lakin bu iddianın nə dərəcədə düz olub-olmadığına heç olmasa özünün inanması üçün gərək o "dəlilləri" ən azı 6-7-ci sinif şagirdlərindən birinə göstərəydi ki, səhv edib-etmədiyini biləydi. O bildirir ki, proqramda Xankəndi şəhərinin sahəsi "təhrif edilərək" 8 km² əvəzinə 0,008 min km², Xocalı rayonunun sahəsi 936 km² əvəzinə azaldılaraq 0,97 min km², Şuşa rayonunun sahəsi 289 km² əvəzinə 0,29 min km², Laçın rayonunun - 1.840 km² əvəzinə 1,84 min km², Xocavəndin - 1458 km² əvəzinə 1,46 min km², Ağdamın - 1154 km² əvəzinə 1,15 min km², Cəbrayılın - 1049.8 km² əvəzinə 1,05 min km², Füzulinin - 1386 km² əvəzinə 1,39 min km², Zəngilanın - 707 km² əvəzinə 0,71 min km² göstərilmişdir.
Faiq müəllimi çaşdıran onun riyaziyyata (yumşaq desək) "ögey münasibəti", onluq kəsrlə verilmiş rəqəmlərdir. Yoxsa o bilərdi ki, 8 km² elə 0,008 min km², 289 km² yuvarlaq şəkildə elə 0,29 min km², 1458 km² yenə də yuvarlaq şəkildə 1,46 min km²-dir və s. Bunu bilmək üçün həmin onluq kəsrlə ifadə olunan rəqəmləri kəsrdən çıxardaraq sadəcə 1000-ə vurmaq kifayət idi. Lakin qeyd etdiyim səbəbdən o, bunu edə bilməyib.
Faiq müəllim o iddiasında da tamamilə səhv edir ki, guya Kəlbəcər rayonunun ərazisi 3,05 min km² (yəni - 3050 km²) yox, 1936 km²-dir. Başa dümək olmur ki, rayonların ərazi sahələrinin proqramda guya az göstərildiyini iddia edərək, nəyə görə özü Kəlbəcərin ərazisini 1000 km²-dən də çox azaltmışdır (bax: Vikipediya, Kəlbəcər)?
Bircə onunla razılaşmaq olar və lazımdır ki, rayonların ərazilərinin nə qədər olduğunu riyaziyyatçı olmayanların da bilməsi üçün onları onluq kəsrlə yox, elə normal şəkildə, yəni, misal üçün 1458 km² kimi vermək daha düzgün və məqsədəuyğun olardı. Bir də iradı haqlı olaraq ona tutmaq olar ki, proqramın tərtibçiləri nəyə görə, hansı məqsədlə rayonların sahələrini gözə kiçik kimi görünən onluq kəsrlə veriblər? Axı, hamı ona fikir verə bilməz ki, həmin rəqəmlərin yanında "min" sözü də var. Bu məsələdə mən Faiq müəllimlə tam razıyam. Doğrudan da, o rəqəmləri "proqramda" təqdim edən tərtibçi tamamilə saf niyyətli, vətənpərvər bir adamdırsa, nəyə görə rayon ərazilərinin sahələrini "normal" şəkildə yox, kəsrlə göstərməyə üstünlük verib? Bu, həqiqətən narazılıq və narahatlıq doğuran bir məsələdir. Həm də kifayət qədər ciddi məsələdir!

Rəhman ORXAN,
Əməkdar jurnalist,
sabiq mühəndis-konstruktor.