Aida Eyvazlı : - Bu dövlətin, bu millətin şəhidləri Vətən torpağı uğrunda canından keçənlərdir

Aida Eyvazlı : Bu dövlətin, bu millətin şəhidləri Vətən torpağı uğrunda canından keçənlərdir

 Ana, mənə pul ver, gedim dükandan nəsə alıb gətirim, evdə heç nəyimiz yoxdur...
 --İntiqam 40 qəpik pulumuz var, al sənin olsun...
 İntiqam 40 qəpik pulu anasından götürüb, kənddə çlıxdı, axşam evə qayıdanda həmin pulun 20 qəpiyini medalyon şəklinə salıb, yadigar saxlayacağına qərar verdi...
 Sonra əsgər getdi, əsgərlikdən qayıdandan sonra, Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi çalışmağa başladı.Özündən 5 yaş kiçik olan qardaşı Nurlan Əsgərli də hər dəfə qardaşının məzuniyyətə gəlməsini həvəslə gözləyirdi. Böyük qardaşına bir qəhrəman kimi baxırdı. Anasının nağıllarda danışdığı qəhrəman kimi...


Ziba və Bayram Əsgərovlar ailə quranda dünyanın düz vaxtı deyildi. 1990-cı ildə İntiqam dünyaya gəldi. Sonra da övladlarının sayı 4-ə çatdı. Zibanın adını atası Böyük Vətən Müharibəsində qəhrəmanlıq göstərən Ziba Qəniyevanın adına uyğunlaşdırıb qoymuşdu. Bir tərəfdən də mayın 9-da Qələbə günündə doğulmuşdu qızı. Ziba da elə uşaqlığından dəftərə ,kitaba meyilli oldu. Adının mənasını dərindən bildiyindən döyüş, müharibə kitablarını oxuyar, daha çox belə süjetli filmlərə, kinolara baxardı. Uşaqları ondan nağıl istəyəndə, özünün düzüb-qoşduğu nağıllardan danışardı. Qızları Nahidə və Səfurənın igid qız qəhrəmanları var idi, oğlanları üçün isə bi balaca qəhrəman əsgər uydurmuşdu. Bu “Balaca əsgərin nağılı”na ən çox Nurlan inanmışdı:
“... Balaca əsgər bir gün ata-anasının sözünə baxmadı. Kəndin yoluna çıxdı. Yolun böyük döngəsində əlində torba gəzdirən erməni onu torbaya qoyub apardı... Balaca əsgər nə qədər qışqırdısa, səsini kimsə eşitmədi. Lakin torbada olan deşikdən yollara baxırdı. Axşam vaxtı, qışın soyuğunda erməni balaca əsgəri bir qaranlıq dərəyə apardı. Onu torbadan çıxardı... Uşaq ətrafına baxanda kəndlərindən olan bir neçə dostunu və tanımadığı uşaqları gördü. Onlar çirkin içərisindəydilər. Bir çoxunun üstü-başı qan idi. Uşaqların əlləri-üzləri də qapqara idi. Həm də soyuqdan donurdular... Saqqallı,lopabığ, dişləri yekə, qorxulu və vahiməli , beli donqarlı erməni kişi onlardan üşüyüb-üşümədiklərini soruşdu. Uşaqlar qorxa-qorxa “Üşüyürük”, -dedilər. Saqqalllı erməni gülə-gülə:“Dayanın, indi sizi bir ocağa qatıb isidəcəyəm”- dedi.... Uşaqlar bir səslə qışqırıb ağlamağa başladılar. Erməni kişi yanlndakı küpəgirən qarı ilə birlikdə uşaqlara qışqıraraq, “kəsin səsinizi”- dedilər. Uşaqlar səssizcə hıçqıra-hıçqıra ağlayırdılar. Sonra , bu qorxulu qadın və kişi uşaqları bir qara dəmir boru kəmərinin kəsiyinin içərisinə doldurdular. Uşaqlar elə hey qışqırışırdılar. Boru kəmərinin hər iki başını qaynaqladılar. Uşaqlar qorxudan boru kəmərinin bir tərəfinə yığılaraq bir-birinə sığındılar... İçəriyə isti və tüstü dolurdu... Bir azdan ermənilərin ayaq səsləri kəsilidi... Onlar uşaqları həmin dərədə yanan borunun içərisində qoyub uzaqlaşmışdılar. Birdən Balacaəsgərin əli boru kəmərinin bir tərəfinə dəydi. Hiss etdi ki, boru kəməri barmaq dəyəndə ovulur. O uşaqlara səsiz dayanmalarını deyərək, paltarlarının üstündəki düymələrlə həmin deşik yerinqazımağa başladılar. Və borunun həmin yeri ovulub yerə töküldü. Uşaqlar bir-bir borunun içərisindən çıxanda gördülər ki, yağış yağdığından, ermənilərin vurduğu ad dəmiri yanıb –alışmağa qoymayıb. Və Balaca əsgər oğlan yanındakı uşaqları dərədəki yolla üzüyuxarı çıxarıb, Azərbaycan əsgərlərinin dayandığı yerə qədər gətirib çıxardı. Çünki bu əsgərlər onuların kəndlərinin yanında torpağımızın keşiyini çəkirdilər.idi. Balaca əsgər hərbi hissədəki əmilərə dedi ki, o ermənilərin harada oldiuğunu da öyrənib... Səhərisi gün əsgərlərlə dost olan balaca qəhrəman ordumuzun kəşfiyyatçılarını həmin yerlərə aparıb, ermənilərin olduğu yeri də göstərdi... Azərbaycan əsgərləri orada düşmənlərimizi, torpaqlarımızı alanları və uşaqları oğurlayıb torbaya yığan qadın və kişini də öldürdülər. O gündən sonra, Balaca əsgər oğlan Azərbaycan əsgərlərinə bir çox əməliyyatlarda yardım etdi. Çünki o balaca olduğundan ermənilərin ərazilərinə gedir, gözə görünmürdü. Ona verilən tapşırıqları yerinə yetirib gəlirdi , həm də ermənilərin bizim işğal etdiyiniz torpaqlarda hansı işlər gördüyünü bizimkilərə söyləyirdi...”...
Ziba xanım belə nağıllarla uşaqlarını yatırar, dərs öyrədərdi... Əslində ana südü ilə qəhrəmanlıq öyrənmək, Vətəni sevmək belə olur. Bir də ki, əmisi Polad haqqında soruşmuşdu anasından: “Ana, Polad əminin də ayağını həmin erməni kişi yaralayıb?”.
--Bəli,, oğlum , ermənilərin atdığı güllədən yaralanıb.
--Ana mən böyük oğlan olanda, gedib həmin erməniləri öldürəcəyəm...
--Əlbəttə, mənim balam, axı qən bir aslansan, şirsən, qəhrəmansan. Düşmənləri hər zaman məhv etməyi bacarmalısan...
Nurlan Əsgərli artıq kitab oxuyub, dərs anlayandan sonra, əmisi Poladın başına gələn əhvalatı tam təfərrüatı ilə bildi:
“1993-cü ilin fevral ayında Poladgil Ağdərədə mühasirəyə düşəndən, bir neçə gün sonra, Masallının Kalinovka kəndinə bir tabut gəldi. Açıb baxanlar, onun Polad Əsgərov olduğunu təsdiq etdilər. Və Poladı kənd qəbristanlığında dəfn etdilər...” . Bir neçə gün keçəndən sonra isə, məlum oldu ki, Əsgərovların dəfn etdiyi şəhid Polad deyil... Çünki Poladın Sumqayıt şəhərində xəstəxanada yatdığından xəbər tutdular. Aillə üzvləri də, kənd camaatı da sevindi ki, Polad sağ-salamatdır. Bununla belə adını bilmədikləri, ehtiramla dəfn etdikləri naməlum əsgərin də xatirəsini əziz tutub, öz oğulları kimi onun da yas məclisini verdilər. Aradan 18 gün gün keçəndən sonra, Qubanın Əlibəy Qılaq kəndində yaşayan ailə gəlib sorağa-soraq Masallının Kalinovka kəndində Əsgərovları tapdılar. Şəhidlərinə belə böyük ehtiram göstərib, el adət-ənənəsiylə dəfn etdikləri üçün minnətdarlıqlarını bildirib, öz şəhidlərini yenidəən Qubaya, doğulduğu kəndə apardılar. O gündən etibarən kədər bu iki ailəni bir-birinə sıx tellərlə bağladı. Quba və Masallıdan olan iki açı yaşayan ailə dost oldular. Nağıla bənzər bu hadisəni Kalinovka kəndində böyükdən tutmuş kiçiyə qədər hamı bilirdi. Kəndin 1992-ci ildən bu günə qədər 2016-cı ilə qədər 6 şəhidi var idi. Onlardan biri usə rus millətindən olan, Kalinovkada doğulan Belim Yevgeniy Nikolayeviç idi. Qarabağ uğrunda döyüşlərdə şəhid olan Belim Yevgeniy Nikolayeviçin ailəsi hər zaman hörmətlə yad edilirdi. Bu kəndin camaataı onun xatirəsini uca tutaraq, Jenyanı kəndin girəcəyindəki parkda dəfn etdilər ki, heç zaman unudulmasın. Hər il bayram və hüznlü günlərdə kəndin məktəbliləri və şagirdləri bu məzarın üstünə gəlib, kəndlərinə şərəfli ad-san gətirən Jenyanı hörmətlə yad edərdilər...

Bu illər ərzində Ziba idmana böyük marağı olan Nurlanı və İntiqamı boks və güləş növünə də yazdırmıdı. Hələ lap uşaq yaşlarından oğlanlarına çeviklik manevrlərini də öyrətmişdi. Hədəfə vurmaq, atılan hədəfi göydə titmaqla əl hərəkəti çevikliyini də onlara aşılamışdı. Bütün bu keyfiyyətləri oğlanlarına ona görə aşılayırdı ki, razusunda olduğu hərbiçi peşəsinə özü yiyələnməsə də, oğlanları yiyələnsin.
O gün gəldi. Əvvəlcə böyük oğlu İntiqam əsgər getdi. Elə özünün arzuladığı kimi Xüsusi Təyinatlıların kəşfiyyat bölüyünə yazıldı. Nurlan isə 2014-cü ildə əsgər getdi. Heç əsgərliyini başa vurmamış, xüsusi döyüş keyfiyyətlərinə görə onu da Xüsusi Təyinatlıların təlim kursuna yazdılar. 2015-ci ilin avqust ayında kursu bitirib gələndə, anasına dedi:
--“Ana mənim üstünə köynəyim var idi... “Hər ananın oğlu əsgər olur, anca hər qızın sevdiyi KOMANDO olmaz!”, onu ver geyinim. Mən qarşıma qoyduğum məqsədimə çatdım.
--Kursdan evə gəlib çəkmələrini çıxaranda, dəhşətə gəldim. Ayağının dərisi soyulurdu, - deyir Ziba xanım.Təlimlərdə çəkməni ayağından çıxarmayıb ki, birdən kursu yarımçıq dayandırarlar. Nurlanı bir an da unuda bilmirəm ki... Bir dəfə də 2016-cı ilin yanvar ayının əvvəlində məzuniyyətə gəlmişdi. Dedi ki, ana, yadındadır, mənə “Balaca əsgərin nağılı”nı danışardın... Mən o nağılı həqiqət kimi qəbul etmişdim. Gedib dərsdə uşaqlara danışırdım. Onlar da həmin kitabı axtarıb tapmırdılar, mənə deyirdilər ki, o kitabın harada satıldığını deyim onlara... Məni yamanca inandırmışdın. Yalnız 11-ci sinifdə oxuyanda bildim ki, elə bir nağıl yox imiş... Yalnız onda bildim ki, o nağılları sən özün uydururdun...Bir dəfə qış ayında evə gəldi. Qabağına qaçıb qucaqladım... balamın qəribə bir ətir vurdu məni... Elə bil ki, cənnət ətri idi. Belə xoş qoxu yalnız körpə mələk simalı uşqlarda olur... Oğlumun həmin qoxusundan halbahal oldum... O bir başqa qoxu idi. İçərimə bir üşünmə gəldi... Dedim, ay Allah xeyrə yozulsun... Oğlanlarım hərbi xidmətdən evə nə zaman gəlsələr alınlarından öpərdim... Deyirdim ki, sizə qurban olum,sağ olun, el içində, çalışdığınız yerdə başımı uca etmisiniz. “Qurban olum” –deməyimə razı deyildi. Deyirdi ki, ana mən sənə , vətənə qurbanam. Anasını sevməyən, vətənini sevə bilməz. Mən istəyirəm ki, o nağıllarda mənə danışdığın “Balaca əsgər” kimi qəhrəman olum, Vətənimizi qoruyum, hətta torpaqlarımızı da qaytarım. Atası ilə elə də söhbət etməzdi balam. Sirr-sözü, sirdaşı mən idim. Aralarında böyük-kiçik hörməti var idi.
Bütün kasıb adamlar kimi bizim də çətin günlərimiz çox oldu. Uşaqların atası ev tikənlərlə fəhləçilik edib, ailəmizi dolandırırdı. Hərbi xidmətdə qulluq keçməyə başalayandan sonra, bir gün mənə dedi ki, ana mən qoymayacağam ki, kimsə sizə yuxarıdan aşağı baxsın... Kasıba yuxarıdan aşağı baxarlar axı... Uşaqlarımın kasıbçılıqdan o qədər sıxıldıqları olmuşdu ki...
Bu kənddə Elvin adlı bir dostu var. Uşaqlıqdabn dost idilər. Bir gün onu götürüb gəldi evə. Dedi ki, ana bu Elvin mənim ruhumduir. Mən olmayanda sənin yanında məni əzəv edəcək. Heç nə anlamadım. Sonra dedi ki, onun anası da məni çox istəyir, deyir iki oğlum var, sən də onu mənim qədər istə. Sonra da üzünü Elvinə tutub:”Mən evdə olmayanda, hər gün gəl anamı yoxla...”- dedi. Elvin də hər gün gəlib mənə baş çəkirdi.
2016-cı il aprelin 2-də gündüz vaxtı zəng vurdu. Dedi ki, .. “...ana indi mən telefonu söndürəcəyəm. Bizdən narahat olma. Özünü qoru, sənə bir şey olsa özümə bağışlamaram. Bir arzum var ki, qardaşıma layiqli qardaş olum...”. İçimdə təlatüm olsa da, uşaqlarımdan arxayın idim. Fikirləşirdim ki, onlar suda batmaz, odda yanmazdırlar. Ancaq birdən bir il əvvəl gördüyüm yuxunu xatırladım. Yuxumda görmüşdüm ki, Nurlan ikinci qatdakı evdə oturub, qarşısında bir qutu var, qutudan Nurlanın üzünə işıq seli ələnib... Nurlan isə elə fikirlidir ki...
Bayram hara gedirdisə dalınca gəzdim. Bir yerdə qərarım gəlmirdi. Ayın 4-ü gördüm ki, ürəyim sıxılır, həyətə çıxdım, torpağı belləmək istədim. Gördüm ki, qollarımda güc yoxdur, özümə yer tapa bilmirdim... Günortadan sonra, Bayramı çağırdılar , darvazadn çölə çıxdı. Baxdım ki, anamgilin həyəti tərəfdə cavan uşaqlar yığışıb... Yolumuzun üstündə çoxlu gedib-gələnlər var idi... Axşam saat 9-da bacım və gəlinimiz ağlaya-ağlaya həyətə gəldilər... Sonra heç nədən xəbərim olmadı... Məni iynə vurub , halbahal etmişdilər. Hər şeyi yuxu kimi xatırlayırdım... Özümə gələndə bildim ki, Nurlan şəhid olub, İntiqamı axtardım o da yox idi. Əslində iki balamın heç birindən xəbərim yox idi... Mən iki oğlum üçün də narahat idim. Özümə gələndə allaha yalvardım ki, kaş oğlumun səsini eşidəm. İnanın allaha ki, birdən Nurlanın səsi gəldi qulalqlarıma, dedi ki, ana mənə layla de... ətrafıma baxdım. Elə bildim yanımdadır... Başladım layla deməyə...
Laylay şəhidim laylay,
Ala göz balam laylaly.
Laylay əsgər balam laylay,
Laylay igidm laylay.
Qardaşını meydanda tək qoyan,
Balam laylay, a laylay...
Nağılları çin olan,
Özü göyərçin olan,
Bayrağa bükülü gələn
Balam laylay , ay laylay,
İgidim laylay, laylay...
Nurlanı ağlaya-ağlaya, Allaha şükr etdim ki, nə yaxşı ki, İntiqam salamat qayıdıb. Çünki yeznəmiz zəng vurub öyrənmişdi ki, İntiqam salamtdır. O gündən bu günə qədər hələ bir dəfə də olsun, İntiqam məni ağlayan görməyib. Ağlayıb, uşaqlarımın bağrını qan etmək istəmirəm.
İndi yuxularıma yalvarıram ki, Nurlanı mənə tez-tez göstərsin. Deyirdilər ki, qarnından yaralanıb. Mənə göstərmədilər oğlumun cansız bədənini. Bir gün yuxuma gəldi. Ağappaq bir gözəl libasda idi. Köynəyini qaldırıb dedi ki, ana bax, mənim heç yerimdə yara yoxdur. Sap-sağlamam... Gəldiyi kimi də qeyb olub getdi... Nurlanım işıq, nur kimi göyə qalxdı, göyə şölə saçdı...Nurlanım dünyanın nuruna çevrildi...
İntiqam balam odun-alovun içərisindən salamat qayıtdı. Allah onu yəqin ki, mənə bağışladı. İki qanadımdan birini saxladı. İndi İntiqamı Nurlanın dostu Elvinin bacısı ilə nişanlamışam... Fikirləşdim ki, Elvin indi mənə daha əziz olacaq...
Bayram Əsgərov oğlu haqqında danışmağa çətinlik çəkdi. Səsi soyuqda üşüyən adam kimi titrəyirdi. Həyətdəki toyuq-cücəni, mal heyvanı göstərib: “Bunların hamısını mart ayında alıb gətirdi ki, atam daha gedib özgə qapılarında işləməsin, başı qarışsın”. Mən də həvəslə balalarım üçün yetişdirirdim bu mal-heyvanı. Neynək... qismət, yazı belə imiş...
Balarımı kasıbçılıqla böyütdüm. Bu gördüyünüz evi də onalrın sayəsində başa gətirdim. İntiqam ilk hərbi xidmətini Murovda başladı. Qulluq etdiyi vaxtdan, maaş kartını gətirib mənə verib, dedi ki, ata, özün necə istəsən elə də xərclə. Hər iki oğlum bacarıqlı idmançıdırlar. İdmanın karate, əlbəyaxa və qaydasız döyüş növlərini dərindən bilirlər. Nurlan da, İntiqam da həmişə deyirdilər ki, “Ata biz halal çörək yemişik, ona görə də sənə minnətdarıq”. Çörəyi halal olmayanın balası şəhid olmaz. Tanrı şəhidliyi ancaq halal çörək yeyənlərə, qəlbi ilə əməli düz olanlara yazar. Aprelin 2-dən sonra oğlanlarımla əlaqə qura bilmədim. Anası durmadan ağlayırdı. Deyirdi ki, şəhidlər var. Ayın 4-də bacanağım qapıya çağırıb mənə Nurlanın yaralandığını dedi... sonra görəndə ki, kənd çamaatı doqaqazımıza yığılır, bildim ki, bu yaralı məsələsi deyil... Aprelin 5-i səhər o başdan oğlumun tabutunu gətirdilər... İntiqam yox idi... sonradan bildim ki, Nurlanı odun-alovun içərisindən elə İntiqam özü çıxarıb.
Həmişə bu qapıdan oğlanlarımı qoşa yola salardım. İntiqam artıq zabit olduğundan, ona deyirdim ki, əsgərlərinə yaxşı bax. Onlar da sənin qardaşlarındır. İncitmə əsgərləri. Kaş biləydim ki, Nurlan harada həlak olub, gedib bircə dəfə o torpağı öpüb qoxlayaydım, ondan başqa dərdim olmazdı... Oğlumun qanının, canının ətrini şəhid olduğu yerə getsəm ,hiss edərəm... Və yalnız ondan sonra rahatlaşaram...
Bayram qəhrəman oğlanları İntiqam və Nurlan Əsgərlilərdən elə şirin xatirələr danışırdı ki... Hərəsi bir nağılın mövsuzu idi. Söhbətimizin şirin yerində darvaza açıldı, və Nurlanın nənəsi Ədəbnaz xala gəldi. Nurlan haqqında xatirə yazmaq istədiyimi deyəndə, qadını ağlamaq tutdu: “Nurlan gözəl , ağıllı bala idi... heyif oldu... cavan canı torpaqlara qarışdı. Nurlan gedəndən sonra əynimə təzə paltar geymirəm. Elo-oba mənə nə deyər?! O günü ölənə qədər unutmayacağam. Belimizi sındırdı Nurlan... Axaşm düşmüşdü. Yerdə xəstə yatırdım. Bir də gördüm, gəlinim haray çəkib ağladı. Soruşduum nə olub? Dedi ki, Nurlan şəhid olub. Başıma-gözümə döydüm... Bir də baxdım ki, el-oba həyətimizə yığılıb, dedim daha bura niyə yığılırsınız, gedəyin qızımın həyətinə... Camaatı yığıb, Zibanın həyətinə gətirdim. Gecənin bir aləmində dedilər ki, bəs bu xəbər bizim Nurlanın deyil, başqa Nurlanın xəbəridir. Vallah, öz balamızdır da, sevindik ki, salamatdır. Allaha şükr elədik. Bizim qohum əqrabadan Qarabağ müharibəsində iki şəhidimiz də var. 1993-cü ildə, qızımın qaynı Poladın da ölüm xəbəri gəldi, onu səhv salıb, başqasını dəfn elədik... Elə bil ki tarix təkrar olunurdu... Bu da Ağdərədən gələn xəbər idi, Poladın da xəbəri Ağdərədən gəlmişdi... Bir təhər səhəri açdıq. Küçəyə çıxanda gördüm ki, həyətdə mağar qurulub... Onda inandım ki, balam yoxdur, tərlənım uçub gedib... Dedim ki, belimiz sındı...
İndi kəndimizdə bütün uşaqlar Nurlana oxşamaq istəyir. Hamının evində Nurlanın böyüdülmüş şəkli var. Zibanın oğulları qəhrəmanlıq etmək üçün doğulublar... Şükür Allahın yazdığına, biz onun hökmünün altında nə edə bilərik ki...
Nurlan Əsgərli haqqında xatirəyə burada ara verib, qardaşı İntiqam Əsgərlinin Aprel döyüşühaqqındakı acı və fəxarətlərlə dolu xatirəsini ipə-sapa düzdüm. Masallının Kalinovka kəndində Qalibiyyət savaşımızın həm şahidi , həm də şəhidi var. Şəhid haqqında yazdım, şahid isə şəhidin qardaşıdır.
.... Əvvəllər belə deyildi, əsgərlərimiz, zabitlərimiz döyüş şücaətlərindən, qəhrəmanlıqlarından danışardılar. İndi, “Hərbi sirdir”- deyə, danışmaq istəmirlər. Aprel döyüşünün iştirakçısı, xüsusi təyinatlı zabitimiz İntiqam həmin aprel günlərini belə xatırladı:
--Çoxdan gözlədiyimiz məqam yetişmişdi. Komandanlıqdan aldığımız təlimat əsasında deyilən mövqələrə yol tutmuşduq. Qardaşım Nurlan da mənimlə eyni bölükdə idi. Biz döyüş mövqelərinə aprelin 2-də keçdik. Gecə-gündüz bilmədən vuruşduq, döyüşdük. Arada bir ətrafıma baxıb, Nurlanı yanımda görmədim, çünki döyüş şiddətləndiyindən hərbiçi dostlarımızı, döyüş yoldaşlarımızı itirməyə başlamışdıq. Lakin itkilərimiz elə də çox deyildi. Gözlərim Nurlanı axtardı. Birdən fikirləşdim ki, Nurlana burada bir şey olsa, ata-anama nə cavab verərərm. Böyük qardaş kimi onun məsuliyyəti var idi üstümdə. Tez onun tərəfinə keçdim. Nurlan mənin görüb, yüksək əhval-ruhiyyə ilə məndən qabağa keçdi. Bunu etməklə, əslində məni atılan güllələrdən qorumaq istəyirdi. Demək olar ki, qoşa yanaşı addımlayırdıq. Komandirlərimiz polkovniklər Vuqar Yusifov, Raquf Orucov, Murad Mİrzəyev, Muhit Orucov kimi zabitlərin yanımızda olması bizə ikiqat güc vermişdi. Ermənilər də artıq postları qoyub qaçırdılar. Hər bir mənada üstünlük bizim tərəfimizdə idi. İrəlilədikcə ayağında zəncir olan arıq, çəlimsiz ölmüş düşmən əsgərlərini görəndə dəhşətə gəlirdik. Əsgərlərini postlarda zəncirləmişdilər ki, qaçmasınlar. Çünki bu torpaqlar o cavan uşaqların olmadığından, zəbt olunan ərazilərdə məcburi surətdə qalmışdılar. Və buna görə də erməni odrusunda fərarilik pik həddinə çatıb. Komandirlərimizin yüksək əhval-ruhiyyəsi bizim də döyüş ruhumuza yüksək təsir edirdi. Nurlan snayperçi idi. Daim önə keçib, sərrast atəşlərini davam edirdi. Döyüş şəhidsiz, yaralısız olmur ki... Bu qələbə soraqlı döyüşdə Türkiyədə birgə təlimdə olduğum Orxan Hümbətovu itiridim. Orxanı şəhid olmazdan əvvəl bir az bikef gördüm. Nə baş verdiyini soruşdum. Dedi ki, qardaşım nişanlıdır. Kaş buradan sağ çıxam, onun toyu olandan sonra, ölməyə hazıram. Ancaq indi, qisas dəmidir. Bizə ölmək yaraşmaz... Bu sözlərindən bir neçə saat sonra, Orxanı itirdik... Sonra Məhəbbət şəhid doldu... Sonra yaxın dostum Təbriz Əsgərov şəhid oldu... Aprelin 4-də səhər obaşdan komandirlərimizin şəhid olması xəbərini aldıq. Həmin vaxt biz onları arxadan qoruyurduq. Aldığımız mövqelərdə əməliyyat şəraitində irəliləyirdik. Əmrə uyğun olaraq göydən yağış kimi yağan güllələrin altında keçib yaralıları və şəhidləri səngərdən çıxarmağa başladıq. Bir neçə saat bundan əvvəl aldığımız Ağdərə sevincimiz, elə bil ki, bir anda ürəyimizdən pərən düşdü... Düşmən tərəfi koordinatlarımızı müəyyən edib, yüksək çinli zabitlərimizin oturduğu yerə mərmi atmışdı. Bir neçə şəhidi çıxarmağa başladıq. Dağlıq ərazi olduğundan , həm də güllə yağışı altında cansız bədəni çıxarmaq bir az çətinlik yaradır. Növbəti dəfə çıxardığımız adamın komnadirimiz Raquf Orucov olduğun biləndə, Nurlan dəhşətə gəldi. Dedi ki, bu heyifi düşməndə qoymayacaq, dedi ki, biz qəhrəmanlığı, şücaəti, mərdliyi bu kişidən öyrəndik. Bu dağlarda daha belə oğul doğulmayacaq... Komandirimizi şəhid gördüyümüzdən ikimiz də çox sarsılmışdıq. Müəyyən bir məsafəyə qədər aparıb, arxada bizi gözləyən əsgərlərə təhvil verdik, sonra Vüqar Yusifovu çıxarmağa getdik. Elə bu vaxt yenə də bizim tərəfə mərmi düşdü. Torpağın toz-dumanı çəkiləndən sonra, baxdım ki, Nurlan yoxdu. Onun yıxıldığı istiqamətə qaçdım. Qardaşım yaralanmışdı. Fikirləşdim ki, üstümdəki tibbi ləvazimatla ona yardım edə bilərəm... Mən Nurlana çatanda, hələ canını tapşırmamışdı... Onu qollarımın arasına aldım... 30 saniyədən sonra qardaşım düşməndən geri aldığımız torpaqlarda, qəhrəmanlıqla şəhid oldu. Həm əziz dostlarımı, həm qardaşımı Ağdərədə əbədiyyətə yola saldım. Bircə təsəllim o idi ki, şəhid olan gizir və zabitlərimiz artıq Ağdərədə yükjsəkliyə bayrağımızı sancmışdılar. Nurlan Ağdərəyə sancılan bayrağımızın yanına gəlib onu öpmüş və şəkil çəkdirməyə də imkan tapmışdı. Nurlan öz arzusuna çatmışdı.
... Və mən... Mən qardaşımı qucağıma götürüb döyüş meydanından çıxardım... Dünyada insan üçün ən böyük əzab-- əziz , canı-qanı bir olan qardaşının, dostunun yanında ölməsini görməkdir. Baxmayaraq ki, biz bütün bu acı xəbərlərə alışmışıq, ancaq həm qardaş, həm də dost itirmək ağır şeydir... Döyüş meydanında , qarış-qaraış aldığın torpaqların sevinci bu ağır itkini dərindən anlamağa imkan vermir... Ancaq zaman keçdikcə, anlayırsan ki, illərlə birlikdə böyüdüyn qardaşın, və yaxud da ağır təlimlərdə, sınaqlarda kürək-kürəyə söykənib arxalandığın dostun , indi yanında yoxdur, bax bu çox çətin qəbullanır... Ancaq bu Tanrının qisməti və yazısıdırsa, Vətən torpağı uğrunda qurban getmək vəzifə və şərəf borcumuzdur. O soyuq aprel günortasında, o ağır dəqiqələrdə qardaşımı qollarımın üstündə daşıdığım ömrümün ən ağır yükü oldu. Beynimdə bir fikir var idi: indi mən ata-anama nə cacab verəcəm? Axı mən özümdən kiçik qardaşımı bu döyüşdə qorumalıydım. Hərdən özümə haqq qazandırmaq istəyirdim ki, onsuz da Nurlan özü döyüş boyu məni qorumaq üçün qabağıma keçirdi... Ancaq bu bir qismət idi. O güllələr həmin gün məndən yan keçdi... Qardaşımı gətirib zabitlərə təhvil verəndən sonra, yenə geri qayıtdım ki, polkovnik Vüqar Yusifovu gətirim... Qardaşımın həlak olduğunu bilən döyüşçü dostlarım, bu dəfə məni qanlı döyüşmeydanından çıxardılar...
Qardaşımın tabutunu kəndimizə aparanda mən yox idim. Məni qorumaq üçün, başqa yerdə saxlayırdılar ki, stresim keçsin. Qardaşımın dəfnindən sonra, aprelin 5-də axşam kəndimizə gəldim... Yollar elə uzun, elə ağır idi ki... elə bil ayaqlarımdan daş asılmışdı... Qorxurdum, kəndimizin adamlarından qorxurdum, atamdan-anamdan, bacılarımdan , el qınağından qorxurdum. Fikirləşirdim ki, onların üzünə necə baxacağam, axı mən döyüş meydanında qardaşımı qoruya bilməmişdim... Onlara nə deyəcəkdim... Gəlib həyətimizə çatdım... Atam elə balacalaşmışdı ki... lakin məni görüb qabağıma gəldi. Qucaqlayıb boynumdan üzümdən öpdü. Sonra, məni kənara çəkib: “ İntiqam, mənə düzünü de, Nurlan niyə öldü, döyüşdə zəif iştirak etdimi, döyüşdən yayındımı...?!”... Mən atama Nurlanın necə şücaət və qəhrəmanlıqla döyüşdü bütün anlarını danışdım... Ondan sonra atam alnımdan öpüb dedi: “İndi rahatam...Haqqımı sizə halal edirəm... Kaş Şuşaya bayrağı sancandan sonra şəhid olaydı... heyif, fələk imkan vermədi...” ... Atam məndən ayrılıb, yas mağarına gedəndə, artıq sınmış qaməti dikəlmişdi...
Bütün şəhid evləri eyni cürdür. Kasıb, sevincsiz. Divarlarından da kədər axır. Bütün şəhid evlərində Aprel ayında qəhrəmanlıqla həlak olan oğlanların böyük portretləri, onlardan qalan xatirə əşyaları saxlanılır. Bu il dekabrın 3-də 22 yaşı tamam olacaq Nurlan Əsgərlinin də adına bəzədilmiş şəhid otağı onun cxatirələri iıə doludur. Anası Ziba xanımın dediyi kimi, hər qarışda, hır əşyada, hər şəkildə bir xatirə qoyub gedib. Bütün əşyaları dilsiz olsalar da danışırlar. Danışan xatirələrdir... Masallının kalinovka kəndinin girəcəyində indi Nurlan Əsgərlinin xatirəsini əbədiləşdirən küçə də var...
Bu dövlətin, bu millətin şəhidləri Vətən torpağı uğrunda canından keçənlərdir. Biz övladlarımızı elə tərbiyə etməliyik ki, onlar hər gün həmin şəhidləri tanısınlar, onların haqqında qərhrəmanlıq dastanları yazıb tarixləşdirməliyik. Yüz keçəndən sonra da bu şanlı Vətənimizin övladları özgə qəhrəmanları ilə deyil, Vətən qəhrəmanlarının adı ilə, qisası ilə döyüşlərə atılmalıdırlar. Vətəni Kür Şad kimi, Bilgə xaqan kimi, Mehdi Hüseynzadə, Həzi Aslanov kimi yadellilərdən qorumağı bacarmalıdırlar. Onların idealları öz vətənimizin, öz torpağımızın lider qəhrəmanları olmalıdır. Milli ideologiyamız öz keçmişimizə, öz dünənimizə və öz sabahımıza xidmət edərsə, bundan ancaq Vətən və vətəndaşlarımız, və dövlətimiz qazanar. Hər küçədə, hər kənddə o şəhidlərimizin və qəhrəmanlarımızın şəkilləri asılarsa, bu milli döyüş ruhumuzun inkişafında da dərindən rol oynayar.


Aida Eyvazlı.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !