Cavadxan QASIMOV : - ƏSRİN MÜQAVİLƏSİ: YENİ ƏSRDƏ UĞURLU TƏŞƏBBÜSLƏR

Cavadxan QASIMOV : ƏSRİN MÜQAVİLƏSİ: YENİ ƏSRDƏ UĞURLU TƏŞƏBBÜSLƏR

 ƏSRİN MÜQAVİLƏSİ: YENİ ƏSRDƏ UĞURLU TƏŞƏBBÜSLƏR

Biz bu müqavilə əsasında sıx birləşir, böyük əməkdaşlığa başlayırıq və mən şübhə etmirəm ki, əməkdaşlığımız uğurlu olacaqdır, buna maneçilik törədən bütün qüvvələr dəf ediləcəkdir, müstəqil Azərbaycan Respublikası öz taleyinin, öz sərvətlərinin sahibi kimi bu əməkdaşlıq sayəsində dünya birliyində, dünya iqtisadi birliyində öz layiqli yerini tutacaqdır.


Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri

 

 

Qurtuluşla başlanan inkişaf

 

15 iyun tarixində ümummilli liderimiz Heydər Əliyev siyasi hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında və eləcə də digər sahələrdə çox mühüm dəyişikliklər baş verməyə başladı. Bunlar özünü iqtisadi inkişafın təməl prinsipləri, siyasi mövqeyin möhkəmlənməsi, sosial ədalətin bərqərar edilməsi və başqa sahələrdə göstərirdi. Dahi rəhbərimizin müdrik siyasəti nəticəsində 1988-ci ildən torpaqlarımıza təcavüz edən erməni daşnaqlarının çirkin məqsədləri alt-üst oldu və ölkədə daimi sabitliyin əsası qoyuldu. Müstəqilliyimizin ilk illərində müharibə şəraitinin aradan qaldırılması böyük bir nailiyyət olmaqla yanaşı, eyni zamanda ölkəmizin uzunmüddətli inkişaf strategiyasının əsaslarını qoydu. Yaranan əlverişli iqtisadi-siyasi mühit özü ilə çox güclü zəminlər gətirməkdə idi. İqtisadi (aqrar) islahatların hüquqi tənzimləmələr vasitəsilə həyata keçirilməsi və uğurlarla müşayiət olunması ulu öndərimizin böyüklüyünü bir daha göstərməklə bərabər, həm də zirvəyə doğru olan yolda iri addımlarla irəliləməyi mümkün edirdi. Təbii ki, bütün bunların hamısı respublikamızın bir müstəqil dövlət kimi həm daxili sabitliyinin möhkəmlənməsinə, həm də xarici siyasətinin güclü mexanizmlər vasitəsilə tənzimlənməsinə yönəlmişdi.
Ölkəmizin bu günkü inkişaf mənzərəsinə diqqət edərkən möhtərəm Heydər Əliyevin müdrik rəhbərliyi, onun xalqımız və dövlətimiz üçün əvəzsiz xidmətləri qarşısında insan özünü borclu hesab edir. Səmimiyyət hissi ilə onu qeyd etmək lazımdır ki, ümummilli liderimiz hər zaman öz xalqına, millətinə və dövlətinə ürəklə və sevərək xidmət edirdi. “Doğma, canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır” deyən dahi rəhbərimiz elə öz mənalı ömrünü də bu müqəddəs ideyaya həsr etmişdir.

 

Uzaq gələcəyə istiqamətlənən güclü strategiya

 

Böyük Heydər Əliyevin siyasi təcrübəsinin nəticəsində dövlətimizin hərtərəfli inkişafına istiqamətlənmiş tədbirlər vüsət alırdı. Bütün bunların nəticəsi idi ki, 1993-cü ilin prezident seçkilərindən cəmi yeddi ay sonra sərhədlərimizdə erməni işğalı dayandırıldı və atəşkəs elan olundu. Bu, o demək idi ki, artıq ölkəmizin xarici siyasəti uğurlu nəticələr verməyə başlayır. Artıq dünyanın nəhəng dövlətləri də ölkəmizin haqq səsinə səs verir və təhlükəsiz fəaliyyətə qaranti vardır. Ermənistan isə təcavüzkar bir dövlət kimi tanınaraq siyasi uğursuzluq içərisində çırpınmağa başlayırdı.
Atəşkəs bərqərar olunduqdan cəmi dörd ay sonra isə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və digər həyatında çox böyük əhəmiyyət daşıyan bir hadisənin şahidi olduq. Belə ki, 1994-cü il sentyabr ayının 20-də Gülüstan sarayında “Əsrin müqaviləsi” imzalandı. Tarixə haqlı olaraq Heydər Əliyevin neft strategiyası kimi düşən bu möhtəşəm tədbir ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına şərait yaratdı. Təbii sərvətlərimizin dəyərləndirilməsi, ölkəmizin malik olduğu bir çox üstünlüklərin ortaya çıxarılması və ümumilikdə bir müstəqil dövlət kimi nəyə qadir olduğumuzun bəyan edilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi məhz adı çəkilən tədbirin ən zəruri tərkib hissələrindən idi. Qeyd edək ki, “Əsrin Müqaviləsi” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Amerika Birləşmiş Ştatlarının “Amoko”, “Yunokal”, “Penzoyl”, “MakDermot”, Böyük Britaniyanın “Britş Petroleum” və “Remko”, Norveçin “Statoyl”, Rusiyanın “LUKoyl”, Türkiyənin “Türk petrolları”, Səudiyyə Ərəbistanının “Delta” şirkətlərinin birgə yaratdıqları konsorsium arasında imzalandı. Həmin müqavilənin digər tərəfləri kimi isə sonradan Yaponiyanın “İtoçu”, Amerikanın “Eksson” və “Amerada Hess” şirkətləri də çıxış etməyə başladılar.
Bu ölkələr və onları təmsil edən şirkətlər sanki, Azərbaycanın yenicə qazandığı müstəqilliyini tanımaq, ona dəstək vermək və tarixi düşmənlərimiz Ermənistanın işğalçılıq siyasətinə etiraz məqsədilə birləşmişdilər.
Dövlətimizin müdrik rəhbəri Heydər Əliyev “Əsrin Müqaviləsi”nin imzalanması ərəfəsində onun hüquqi tənzimlənməsi sahəsində sərəncam və fərmanlar imzaladı. Bunlardan biri Azərbaycan Respublikasında dəniz və qaz yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında 4 fevral 1994-cü il tarixli 56 №-li Sərəncam, digəri isə Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsi haqqında xarici neft şirkətləri konsorsiumu ilə danışıqların yekunları barəsində 14 sentyabr 1994-cü tarixli 206 №-li Fərman idi.
Ümummilli liderimiz “Əsrin Müqaviləsi”nin əsas mahiyyətini 16 sentyabr 1994-cü il tarixdə jurnalistlərlə keçirdiyi brinfiqdə bu cür qiymətləndirmişdir: “Demək, “Azəri” yatağı bütövlükdə, “Çıraq” yatağının isə suyunun dərinliyi 200 metrdən çox olan hissəsi-bu yataqlardan müqaviləyə əsasən 511 milyon ton neft çıxarılacaqdır. Müqavilə 30 il müddətində nəzərdə tutulmuşdur. 511 milyon ton neft həmin 30 il ərzində çıxarılacaqdır. Bu müqaviləni həyata keçirmək üçün kapital qoyuluşunun 80 faizini Qərb şirkətləri, yəni bu konsorsiuma daxil olan şirkətlər təmin edəcəklər. Kapital qoyuluşu bu günkü qiymətlərlə təxminən 7,4 milyard dollardır. Çıxarılan neftin 253 milyon tonu Azərbaycana çatacaqdır”.
“Əsrin Müqaviləsi”nin imzalanması ölkəmizi nəinki bölgədə, regionda, həmçinin dünyada tanıtdı. Ölkəmiz isə bu mövqeyi ilə layihədə iştirak edən bütün dövlətlər arasında əlaqələndirici, dostluq, xoş məramlı siyasətinin əsasını qoymuş oldu. “Əsrin Müqaviləsi” özünün çoxşaxəli nailiyyətlərini verməyə başladı. Böyük şəxsiyyətin sonsuz vətən sevgisinin bəhrəsi kimi “Əsrin Müqaviləsi” daha da möhtəşəmlik qazandı. Belə ki, 1997-ci ilin oktyabr ayında Azərbaycan neftinin Bakı-Novorossiysk marşurutu ilə nəqlini nəzərdə tutan eyni adlı xətt istismara verildi. İki il sonra-1999-cu il 17 aprel tarixdə neftin Qara dənizə çıxarılmasını nəzərdə tutan Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki supsa ixrac terminalı istismara verildi.
1997-ci ilin 12 noyabr tarixində “Çıraq-1” platforması da öz bəhrəsini verdi. Burada ilk neft quyusu istismara verildi və bununla da ölkəmiz yeni iqtisadi və siyasi şəraitdə müstəqil dövlət kimi dünya bazarına öz “Azəri Layt” adlı neftini çıxardı. Həmin neft Supsa terminalı vasitəsilə nəql olunmağa başlandı. Keçmiş İttifaqa bir çox sahələrlə yanaşı məhz neftlə də yetmiş illik dövrdə töhfə verən respublikamız müstəqilliyini yenicə qazanmaqla artıq Qərb ölkələri üçün də mühüm əhəmiyyət daşıyırdı. Belə ki, 2006-cı ilin iyul ayının 13-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verildi. Bu, o demək idi ki, həm də hər şeydən əvvəl artıq bir kəmərlə üç dövlətin ilkin mərhələdə iqtisadi maraqları bir daha birləşirdi. Eyni zamanda regionun hərtərəfli təhlükəzsizliyi baxımından, təbii ki, bu kəmərin müstəsna əhəmiyyəti vardı. Heydər Əliyevin uzaqgörən siyasətinin əsasında formalaşan uğurlu neft strategiyası nəticəsində ölkəmizdə məhz neftdən əldə olunan gəlirlərin məqsədyönlü istifadəsini nəzərdə tutaraq 1999-cu il 29 dekabr tarixdə Dövlət Neft Fondu (DNF) yaradıldı. Təbii ki, bu, ilbə il ölkəmizin sosial-iqtisadi inkişafının təminatı istiqamətində öz sözünü daha qətiyyətli deyir və deyəcəkdir.
Dahi rəhbərimiz “Əsrin müqaviləsi”nin imzalanması münasibətilə təntənəli mərasimə toplaşan qonaqları hörmətlə salamlayaraq bu müqavilənin ölkəmiz və digər iştirakçı dövlətlərin suverenliyi üçün əhəmiyyətindən ətraflı bəhs etdi. Dövlətimizin milli maraqlarını yüksək tutan rəhbərimiz bu müqavilə haqqında deyirdi: “Biz bu müqaviləni imzamalamaqla Azərbaycan Respublikasının severen hüquqlarının bərqərar olunduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla, Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla, dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir”.
Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda yalnız inkişaf, tərəqqi və yüksəliş hökm sürməyə başlamışdır. İstər keçmiş Sovet İttifaqı dövründə, istərsə də hazırkı müstəqillik şəraitində bu fakt özünün ən geniş əhatə dairəsini formalaşdırmışdır. Məhz yeni yüzilliyin əvvəllərində adı çəkilən müqavilənin imzalanması bir daha həm regionda, həm bütün dünya üzrə Azərbaycanın artan nüfuzuna yeni-yeni görkəm qazandırmaqda idi. Bu müqavilə ölkəmizə inam, etibar və güvən gətirməkdədir. Bu müqavilə xalqımızın min illik tarixinin daha da zənginliklərindən xəbər verir. Bu müqavilə dahi rəhbərimizin dövlətimizə olan qırılmaz tellərlə bağlılığını hər addımda sübut etdi.

 

Azərbaycan iqtisadiyyatının inkişafına beynəlxalq dəstək

 

Milli liderimiz XX yüzillikdə ölkəmizdə həyata keçirdiyi milli dövlətçilik siyasəti ilə elə əsrə bərabər inkişaf yolunun əsaslarını da yaratdı. Məhz bunun nəticəsi idi ki, ölkəmiz üç illik müstəqillik tarixinin (1991-1994-cü illər) cəmi son on ayında (1993-cü il oktyabr-1994-cü il sentyabr) yüz illərə bərabər inkişaf yolu keçdi və ABŞ kimi nəhəng bir ölkə ilə “Əsrin Müqaviləsi”ni imzaladı. Onun ölkəmiz və xalqımız qarşısındakı əvəzsiz xidmətləri təkcə neft strategiyası ilə ifadə oluna bilməz.
Bu gün ölkəmizin milli iqtisadi inkişafının təmin olunmasında müstəsna rolu olan “Əsrin Müqaviləsi”nin imzalanması nəticəsində hətta bütəvlükdə regionun təhlükəsizliyi baxımından böyük addımlar atılmış oldu. Yenicə müstəqillik əldə etmiş respublikamız üçün bu müqavilənin müstəsna əhəmiyyəti var idi. Hər şeydən əvvəl yaradılmış sağlam siyasi mühit öz növbəsində əlverişli iqtisadi şəraitin formalaşmasına geniş imkanlar açırdı. Bu isə yenidən ölkə üzrə siyasi sabitliyin daha da möhkəmlənməsinə əsaslar yaradırdı. “Əsrin Müqaviləsi”nin imzalanmasının beşinci ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxış edən, müqavilənin imzalandığı dövrdə ARDNŞ-ın birinci vitse-prezidenti kimi fəaliyyət göstərən və dövlətimizin iqtisadi qüdrətinin artması üçün böyük zəhmətlər çəkən cənab İlham Əliyevin sözləri ilə desək Azərbaycanın imici dünya ictimaiyyətinin gözündə xeyli yüksəlmişdir. Azərbaycan əməli işlərlə sübut etdi ki, dünya birliyində öz layiqli yerini tutan etibarlı, sabit tərəfdaşdır...
“Əsrin Müqaviləsi” dünya dövlətlərinin ölkəmizlə səmimi münasibətlərinin də əsaslarını yaradırdı. Müqavilənin imzalanmasında iştirak edən Amerika Birləşmiş Ştatlarının, Türkiyə Cümhuriyyətinin, Rusiya Federasiyasının, Böyük Britaniya Krallığının, Norveçin nümayəndə heyətləri və digər yüksək səviyyəli qonaqlar bir daha ölkəmizin təbii sərvətlərinin zənginliyinə və onun ulu rəhbərinin böyüklüyünə heyran olurdular. Bunu onların həmin tədbirdəki təbrik çıxışlarından da görmək olar.
Həmin dövrlərdə Böyük Britaniyanın Energetika Naziri vəzifəsində işləmiş Timotti Eqqaröz çıxışında böyük uzaqgörənliklə demişdir: “Azərbaycan üçün bu müqavilə iqtisadi tərəqqiyə doğru bir addımdır. Cənab Prezident, mən həmçinin ümidvaram ki, müqavilə bütün Zaqafqaziya bölgəsində sülh istiqamətində də iri bir addım olacaqdır... Mən əminəm ki, həmvətənləriniz Sizə yalnız minnətdar olacaqlar. Özü də uzun illər üçün bəri başdan minnətdar olaaqlar...”
Qardaş Türkiyə Cümhuriyyətinin yenə həmin dövrlərdə dövlət naziri işləyən Nəcməddin Cövhəri isə təbrik çıxışında öz sevincini belə ifadə etmişdir: “...Müqavilə yalnız dənizdəki neftin çıxarılması deyildir, həm də dost və qardaş Azərbaycan Cümhuriyyətinin Qərb dünyası tərəfindən alqışlanması deməkdir. Mən xalqım adından bu hadisəni Qərbin Azərbaycan və onun bayrağı qarşısında baş əyməsi kimi qiymətləndirirəm... Hörmətli Heydər Əliyevin söylədiyi kimi: “Bəşəriyyət neftdən müharibə üçün yox, insanların xoşbəxtliyi, rifahı, inkişafı üçün istifadə etməlidir”. Bütün bu deyilənlər “Əsrin Müqaviləsi”nin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu açıqca göstərir.
Tərəddüd etmədən qeyd edə bilərik ki, “Əsrin Müqaviləsi”nin imzalanması üçün münbit şəraitin yaradılmasına məhz hələ 1970-ci illərdən başlanılmışdır. Nəzərə alsaq ki, bu müqavilə qeyd olunan üç yatağın (AÇG) birgə işlənməsini nəzərdə tutmaqla, ölkəmizin milli iqtisadi inkişafına töhvələrini verəcəkdir, onda ulu öndərimizin bu əvəzsiz xidmətləri qarşısında hər kəs yalnız minnətdar olmalıdır. Belə ki, 30 il ərzində Azərbaycan “Əsrin Müqaviləsi”ndən bütün gəlirin 80 faizini, xarici neft şirkətlərinin hamısı isə birlikdə cəmi 20 faizini götürəcəkdir. Buradan da bir daha görünür ki, ümummilli liderimizin uzaqgörən rəhbərliyi ilə xalqımızın bugünkü firəvan yaşayışının təmin olunmasının və ümumilikdə dövlətimizin siyasi-iqtisadi yüksəlişinin əsasları hələ uzun illər bundan əvvəl qoyulmuşdur.

 

Azərbaycan-yeniləşən dünyanın perspektivlərlə zəngin ölkəsi

 

Danılmaz həqiqətdir ki, bu möhtəşəm müqavilənin imzalanması, əvvəla, ölkəmizin bir iqtisadi formasiyadan digərinə keçid etdiyi şəraitdə (ötən əsrin 90-cı illərinin əvvəlləri) yeni iqtisadi şəraitin əsaslarına uyğunlaşmada göstərdiyi aktivliklə, çevikliklə və ümumilkdə, dünya dövlətlərinin ölkəmizə olan maraq və diqqətlərinin daha da artırılması ilə müşahidə olundu.
Bütün bunlar daxili siyasi sabitliyin, əmin-əmanlığın, iqtisadi yüksəlişin geniş əhatə dairəsində formalaşması, gənc və müstəqil dövlət kimi böyük inkişaf yolu keçmiş ölkələrə nümunə olacaq mövqeyinin seçilməsi, ölkəmizdən bütün dünya ölkələrinə təhlükəsizlik mesajlarının verilməsi ilə nəticələndi. Dahi rəhbərimizin və onun uğurlu siyasətinin ölkəmizə uzunömürlü nailiyyətlər qazandırması nəticə etibarı ilə ölkəmizin ən sadiq tərəfdaş olmasına gətirib çıxardı. Çox sevindirici haldır ki, ulu rəhbərimizin başlatdığı missiya Onun layiqli varisi, Prezident İlham Əliyev tərəfindən daha da mütərəqqi əsaslarla davam etdirilməkdədir. Məhz həmin missiyanın başlanmasına bir başa olaraq iştirakçı və atasına övlad kimi dəstək olan rəhbərimiz bu gün Onun davamçısı və ölkəmizin başçısı olaraq fəxrlə, əzmlə gələcəyə və inkişafa doğru irəliləməkdədir. Hər addımda qazandığı uğur və xalqının yüksələn etimadı cənab Prezidentin ən böyük güvənc mənbəyidir.


 

Elə təsadüfi deyildir ki, bu ilin sentyabr ayının 14-də Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Bu, o deməkdir ki, həmin tarixi tədbir:
- Azərbaycan Respublikası iqtisadi potensialını durmadan artırmaqdadır. Bu isə ölkəmizə yeni hədəflər istiqamətində perspektivlər qazandırır;
- ölkəmiz neft istehsalçısı kimi dünya ölkələri, beynəlxalq təşkilatlar və qurumlar qarşısındakı önəmini daha da artırmaqdadır;
- mövcud potensialın yeni mərhələlər üzrə təşəkkülü qeyri-neft sektorunun prioritetlər istiqamtindəki inkişafını daha da stimullaşdıracaq;
- dünya iqtisadi böhranı qarşısında ölkə iqtisadiyyatının müqavimət gücünü artıracaq;
- Azərbaycan Respublikasının siyasi və iqtisadi müstəqilliyinin dünya ölkələri tərəfindən güclü dəstəkləndiyini ifadə etməkdədir və s.
Beləliklə, Azərbaycan Respublikası yeni inkişaf mərhələsindədir. İqtisadiyyatın sahə strukturunun daha da təşəkkülünə stimul verəcək bu proseslər ölkənin makroiqtisadi inkişafını davamlı şəkildə təmin edir və böyük Heydər Əliyevin həmişəyaşar ideyalarının çiçəklənməsini sübut etməkdədir..

 

CAVADXAN QASIMOV
iqtisad üzrə fəlsəfə doktoru, dosent

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !