İxtiyar HÜSEYNLİ : - İLHAM ƏLİYEV Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını yaratdı

İxtiyar HÜSEYNLİ : İLHAM ƏLİYEV Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını yaratdı

171 il öncə sənaye üsulu ilə neft hasil edən ilk ölkə - Azərbaycan sonrakı iki əsrdə də qlobal neft aktoru kimi ümumdünya əhəmiyyətini qorudu. XX yüzilliyin sonunda imzalanan “Əsrin müqaviləsi” sayəsində yeni dünya düzəninin neft xəritəsinin əsas memarları sırasına daxil olan məmləkətimiz XXI əsrə Avropanın əsas enerji təhlükəsizliyi təminatçılarından biri statusu ilə qədəm qoydu.

40 milyard investisiya, 3,6 milyard bonus, on minlərlə yeni iş yeri… və növbəti intibah mərhələsi

Və dünən imzalanan yeni sazişlə - XXI əsrin müqaviləsi ilə Azərbaycan Avrasiya məkanında malik olduğu əlahiddə iqtisadi və geosiyasi mövqeyinin azı daha 30 il davamlılığını təmin etdi. Həmçinin böyük neft-qaz ixracatçısı kimi gələcək inkişafın yeni etibarlı bünövrəsini formalaşdırdı.
İlham Əliyevin müəllifi olduğu bu müqavilənin rəsmi adı (“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş”) nə qədər uzun və qismən mürəkkəb səslənsə də, onun mahiyyəti olduqca konkret və aydındır.
İlham Əliyevin gərgin və fədakar əməyinin bəhrəsi olan sazişin iqtisadi töhfəsi misilsizdir:
* Azərbaycanın növbəti intibah mərhələsi başlayır;
* Qlobal fəsad və böhranlardan uğurla qorunan ölkəmiz artıq daha geniş “təhlükəsizlik kəməri” əldə edir;
* xarici sərmayədarlar tərəfindən bonus, yəni təşəkkür-mükafat olaraq 3,6 milyard dollar (6 milyard manatdan artıq) büdcəmizə ödənilir;
* yeni kontraktda SOCAR-ın payı 2,5 dəfə artırılaraq 25 faizə çatdırılır;
* Azərbaycana çatan mənfəət neftinin həcmi 75 faizə yüksəldilir;
* indiyədək 436 milyon ton neft hasilatından 125 milyard dollar əldə edən Azərbaycanın qarşıdakı illərdə hasil ediləcək 500 milyon tondan artıq neftdən, - payının artırılması da nəzərə alınmaqla, - 200 milyard dollara yaxın vəsait qazanacağı gözlənilir;
* indiyədək bu yataqlara 33 milyard dollar sərmayə qoyulubsa, bundan sonrakı dövrdə daha 40 milyard dollar investisiya yatırılması planlaşdırılır;
* on minlərlə yeni iş yerinin açılacağı nəzərdə tutulur;
* sosial rifahın daha yüksəldilməsi üçün əlavə maliyyə rıçaqları meydana çıxır;
* qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişafında “böyük dalğa” başlayacağı və bu istiqamətə dövlət dəstəyinin həcminin daha da artırılacağı proqnozlaşdırılır;
nbeləliklə, iqtisadi islahatlar kursunun, modernləşmənin yeni keyfiyyət mərhələsi başlayır...

İqtisadi dividend qlobal siyasi üstünlüyün əsas zəmini olacaq

Prezident İlham Əliyevin “daha əlverişli, daha üstün, daha genişmiqyaslı” hesab etdiyi yeni kontraktın siyasi əhəmiyyəti böyükdür, həmçinin ölkəmizin beynəlxalq mövqeyinin yüksəldilməsində əvəzsiz töhfələri indidən aydın görünür:
* Azərbaycanın 2050-ci ilədək dünya neft bazarında, yeni enerji xəritəsinin müəyyənləşməsində, Avropanın enerji təhlükəsizliyinin təminatında əsas söz sahiblərindən biri olma statusu davam edəcək;
* neft, eləcə də qaz kəmərlərinin gərəkliyi daha da yüksələcək, rentabelliyi artacaq;
* XX əsrin müqaviləsi nəticəsində Qafqazın liderinə çevrilən Azərbaycan daha əlverişli olan XXI əsrin müqaviləsi ilə artıq Şərqi Avropa, MDB, həmçinin Qərbi Asiya məkanının aparıcı iqtisadi-siyasi güclərindən biri kimi çıxış edəcək;
* Ermənistanın iqtisadi-sosial iflasının, siyasi təcridinin yeganə səbəbkarı olan Azərbaycan iqtidarı bu qətiyyətli mücadiləsinin məntiqi sonluqla başa çatdırılması - Dağlıq Qarabağın işğaldan azad olunması üçün əlavə mənbələr əldə edəcək;
* maddi-texniki təchizatına, hərbi hazırlığına görə ən yaxşılar sırasında olan Azərbaycan Ordusunun qüdrətlənməsi prosesi tam gücü ilə davam edəcək;
* müstəqil siyasətə qarşı yönələn beynəlxalq təhdidlərin zərərsizləşdirilməsi, heç bir fövqəlgüclə hesablaşmamaq kursunun davamı üçün daha etibarlı zəmin qazanılacaq;
* Azərbaycanın tərəfdaşlarının, strateji müttəfiqlərinin sayı artacaq və Avratlantik məkana inteqrasiya siyasətinin intensivliyi təmin ediləcək;
* iqtisadi-sosial yüksəlişin yeni dalğası ölkədə demokratikləşmə, qanunçuluğun möhkəmləndirilməsi prosesinə yeni impuls verəcək…

İlham Əliyev fövqəlgücləri Azərbaycanda birləşdirdi


Yeni sazişin daxili siyasətimiz üçün mühüm əhəmiyyət kəsb edən əlahiddə beynəlxalq təsir yönümü də var.
23 il öncə imzalanan neft müqaviləsi məhz Heydər Əliyevin nailiyyəti, onun əzmkarlığının nəticəsi idi. Yeni yaranmış dövlətin gələcəyinə, sabitliyinə böyük və haqlı şübhə ilə yanaşan fövqəlgücləri Azərbaycanın inkişafının lokomotivinə çevriləcək bir kontraktda birləşdirmək bacarığı sayəsində ulu öndər bütün uğurlarmızın səbəbkarına çevrildi.
ABŞ-dan Rusiyaya, Avropadan Asiyaya qədər ölkələr Heydər Əliyevə inanıb, güvənib Azərbaycanın tərəfdaşına çevrildilər, onun iqtidarına dəstək verdilər, siyasi kursunun davamlılığının alternativsizliyini dərk etdilər!
Bu gün İlham Əliyev yenə dünyanın əsas güclərini Azərbaycanda birləşdirir!
Yeni sazişi imzalayan şirkətlərin əksər qismi öz ölkələrinin iqtisadi hakimiyyətini təşkil edir və siyasi iqtidar ortaqları qərarlarını müəyyənləşdirərkən məhz onların mövqeyini əsas götürür.
Yerdə qalan şirkətlər isə mənsub olduqları ölkə hüdudlarını çoxdan aşaraq transmilli status alıblar və təsir güclərini onlarla dövlətin siyasətinin müəyyənləşməsində uzun illərdir həyata keçirirlər.
Bu şirkətlər dünyanın ən böyük nəhəngləridir. BP, “Statoil”, “Chevron”, “ExxonMobil”, “Itochu” şirkətlərini çoxları İngiltərənin, ABŞ-ın, Norveçin, Yaponiyanın şirkətləri kimi tanımır, onlar elə dünyanın əsas iqtisadi-siyasi nüvəsini təşkil edən, ümumdünya siyasətini müəyyənləşdirən fövqəlgüclərdir.
Yaponiyanın “Inpex”, Türkiyənin “TPAO”, Hindistanın “ONGC Videsh Ltd.” şirkətləri də öz ölkələrinin əsas iqtisadi qüdrətini təşkil etməklə bərabər, dünya bazarında və geosiyasətində fəal oyunçulardır.
İlham Əliyevin Azərbaycanın iqtisadi ortağına çevirdiyi bu şirkətlər həm də Azərbaycan hakimiyyətinin azı 2050-ci ilədək siyasi tərəfdaşı olacaqlar!
Onlar Azərbaycanın, şəxsən Prezidentin iqtisadi siyasətinin düzgünlüyünə, demokratikləşmə prosesində əzmkarlığına, etibarlı tərəfdaşlığına, sabitlik kursunun davamlılığına tam əsasla inanır və buna görə də 2050-ci ilədək məmləkətimizdə ictimai sabitliyin, siyasi həmrəyliyin davam etməsini hamıdan çox arzulayırlar!
ABŞ, Avropa İttifaqı, İngiltərə və digər fövqəldövlətlər İlham Əliyevə, onun iqtidarına, davamçısı olduğu kursa etimad bəsləyirlər və siyasi dəstəklərini nümayiş etdirirlər!
Tarix belə yazılır və tarixi belə yazırlar!..


İxtiyar HÜSEYNLİ,
“Azərbaycan”

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !