İranlı Mühacirlər Cəmiyyətində görüş + FOTO ( AZpress.AZ - Ramin Qurbanov )

 Ötən şənbə günü "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyində Danimarkadakı "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi ilə görüş keçirilib. Öncə foyedə qurumun üzvləri ilə fotoşəkil çəkdirən həmyerlimiz doluxsunub və sonra bunu belə izah edib: "Bu bina "21 Azər" Hərakatı iştirakçılarının, 1945-1946-cı illərdə Təbrizdəki Milli Hökumətin qurucuları tərəfindən ucaldılıb. Onun hər kərpicində, daşında valideynlərimizin, o cümlədən Milli Ordunun zabiti atam, mayor Məminin də zəhməti var. Surətləri gözlərim önündə canlandı və xatirələrinin əziz tutulmasına həssas münasibətdən istər-istəməz kövrəldim".
Görüşü İMC-nin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə açdı. O, həyat yoldaşı Tamilla xanımla qısa müddətə Bakıya gələn S.Sadiqinin ilkin görüşlərdən birinin məhz İMC-də keçirməsinin heç də təsadüfi olmadığını deyib: "Mayor Məmi mənalı ömrünün son gününədək təşkilatla sıx əlaqə saxladı. Tədbirimiz mübariz, əqidəli insanın övladlarını da bu ruhda tərbiyə etdiyinin əyani təcəssümüdür".
Sədr vurğulayıb ki, Danimarkada Azərbaycanla bağlı 8 təşkilat fəaliyyət göstərsə də S.Sadiqinin rəhbəri olduğu "Vətən" Cəmiyyəti bütün müsbət parametrlərinə görə digərlərindən xeyli öndədir. Dünya azərbaycanlılarının son qurultayında onun Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərancamı ilə "Tərəqqi" medalı ilə təltif edilməsi, "Qarabağ" komandasının Kopenhagenə səfəri ilə bağlı oradakı bir sıra mühüm təşkilati işlərin icrasının ona həvalə olunması da nüfuzun göstəricisidir. Bütün bunlara görə həmyerlimizə cəmiyyət üzvlərinin təbriklərini və təşəkkürlərini yetirən R.Hüseynzadə S.Sadiqinin ata-baba yolunun davamına xidmətlərinə və İranlı Mühacirlər Cəmiyyətinin 70 illik yubileyinə görə İMC-nin diplomuna layiq görüldüyünü deyib. Sədr diplomu Səfər Sadiqiyə təqdim edib.
İMC sədrinin birinci müavini Firidun İbrahimi S.Sadiqini təbrik edərək deyib ki, belə görüşlər həm də ata-babalarımızın kimliyinin nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir. Onlar bir-birlərini yaxşı tanıyıblar, bizlər isə bəzən çətinlik qarşısında qalırıq. Çoxları bilmir ki, mayor Məmi inqilab ərəfəsində mürtəcelər tərəfindən torpağa basdırılmış dostu Qulam Yəhyanı oradan çıxararaq həyatını xilas edib. İdarə Heyətimizin üzvü Bəhramın atası sonralar general, müdafiə nazirinin müavini və Azərbaycan Demokrat Firqəsinin sədri olub.
Bəhram Qulam Yəhya oğlu isə bütün bunların "General" kitabında ifadəsini tapdığını söyləyib, xilaskarın oğluna qardaşları adından qonağa təşəkkürlərini bildirərək həmin nəşri Səfər Sadiqiyə təqdim edib. İdarə Heyətinin digər üzvü  isə ona Milli Hökumətin Baş Prokuroru olmuş Firudin İbrahiminin 70 ildən sonra Bakıda çapdan çıxan "Azərbaycanın qədim tarixindən" kitabını hədiyyə verib.
İMC-nin Qadınlar Təşkilatının sədri Möminat Puhən xatırlayıb ki, Məmi dayı təşkilata gələndə övladlarından da yanında olardı. İndi Səfərin Azərbaycan hüdudlarını aşan uğurları bizləri də ürəkdən sevindirir.
Cəmiyyət üzvlərindən Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakultəsinin professoru Pərviz Kazımi, hüquqşünas Pərviz Əsədi, "20 Yanvar" Cəmiyyətinin sədr müavini Nizami Rzaşüvari, eləcə də "İki sahil" qəzetinin əməkdaşı Əhməd Məmmədov ona təbriklərini yetirərək gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonda Cəfər Sadiqi mükafata görə İMC-yə və rəhbərliyinə təşəkkürlərini yetirib: "Bizim hər birimizin həyatı bu ocaqla bağlıdır və onun daha gur şölələnməsinə yardımçı olmaq borcumuzdur",-deyən S.Sadiqi Avropada sayca üstünlük təşkil edən iranlı mühacirlərin sıralarında da sayımlı-seçimli insanların olduğunu, onların tam əksərinin Azərbaycana, Prezidentimiz İlham Əliyevə rəğbətlə yanaşdığlarını dilə gətirib: Həmin şəxslərin 20 Yanvar, Xocalı, Qarabağ, erməni işğalı ilə bağlı və digər aksiyalarda "Vətən"ə dəstək verdiklərinin, "Qarabağ" komandasının Kopenhagendəki son görüşündə bunun özünü daha qabarıq göstərdiyini qeyd edib. Danimarka paytaxtında açılan "Azərbaycan evi"ndə dilimizin, milli dəyərlərin, mədəniyyətimizin təbliği və öyrədilməsi sahəsində gördükləri işlərə diqqəti çəkib. O, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti kimi də bunların reallaşdırılması üçün yaranan imkanlardan necə faydalandıqlarının şərhini verib. Sonda tədbir təşkilatçılarına və iştirakçılarına unudulmaz dəqiqələrə görə bir daha təşəkkürlərini bildirib.