Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilən “Qərənfil” körpələr evi-uşaq bağçası istifadəyə verilib - + FOTO

Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilən “Qərənfil” körpələr evi-uşaq bağçası istifadəyə verilib + FOTO

 Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilən “Qərənfil” körpələr evi-uşaq bağçası balaca sakinlərini qəbul etməyə hazırdır.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

 

Bağça 1968-ci ildən fəaliyyət göstərir. 2007-2008-ci illərdə körpələr evi-uşaq bağçasının binasında cari təmir işləri aparılsa da məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirə ehtiyacı var idi. Burada bu ilin fevral ayında başlanılan təmir nəticəsində uşaq tərbiyə müəssisəsində lazımi şərait yaradılıb.

 

İkimərtəbəli körpələr evi-uşaq bağçası 12 qrupdan ibarətdir. Məktəbəqədər təhsil müəssisəsi 225 yerlikdir, azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin edir. Üçkorpuslu təhsil müəssisəsində müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman və musiqi zalları, yeməkxana yaradılıb. Bütün mebel dəstləri və avadanlıq yenisi ilə əvəz olunub. 2014-cü ilin fevral ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının təqdimatı zamanı Fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıqlanıb və ölkədə yeni bağçaların inşasına ehtiyacın olduğu müəyyənləşib. Nəsimi rayonunda əsaslı təmir edilən “Qərənfil” körpələr evi-uşaq bağçası bu istiqamətdə atılan addımlardan biridir. Uşaqların maraqları nəzərə alınaraq bağçanın gözoxşayan həyəti, xüsusi istirahət guşələri var. Burada da yenidənqurma işləri aparılıb, müasir uşaq əyləncə qurğuları quraşdırılıb.

 

Bağçada uşaqların yol hərəkəti qaydalarına yiyələnmələri üçün xüsusi guşə yaradılıb. Bundan başqa, uşaq müəssisəsinin ətrafındakı ərazidə də abadlıq işləri görülüb.

 

Mehriban Əliyeva müəssisənin işinə uğurlar arzulayıb.

 

http://www.mehriban-aliyeva.az