Aida Eyvazlı : - TURAL ŞƏHİD OLANDA NİŞANLI İDİ...

Aida Eyvazlı : TURAL ŞƏHİD OLANDA NİŞANLI İDİ...

 Tural Dadaşov, 2016-cı ilin aprel döyüşlərində həlak olan qəhrəman oğlumuz. Turalın kim olmasını öyrənmək üçün əvvəlcə dostlarına üz tutdum. Onlar üç dost idilər. Tural, Rəşad , Hüseyn. Elə bir gün olmur ki, Turalı xatırlayıb, onunla olan günlərini yada salmasınlar. Turalın ali təhsil aldığı UNEC-dəki qrup yoldaşı və dostu Rəşad Yüsifov:

--Bəzi hissləri sözlərlə ifadə eləməy mümkün olmur. Bəzi hisslər aciz qalır sözlərin yanında. Tural haqqında da danışanda belə olur. Turalla bizim dostluğumuzu hansısa hərf, söz və ya cümləylə aydın şəkildə sığdıra bilmirəm. Sağ qalsaydı indi dostluğumuzun 6 ili olacaqdı. 2011-ci ilin sentyabr ayının 29-da Qubadan ADİU-da təhsilimi davam etdirməyə gəlmişdim. Bakı da, insanlar da təzə idi mənim üçün. Rayondan gələn adama şəhərə uyğunlaşmaq adətən çətin olur. İlk dərs günündə Turalı müəllimlə qurduğu dialoquna görə auditoriyanın diqqətini öz ətrafında cəm etmişdi. Lakain,ətrafda olanlara da, mənə də özündən razı təsiri bağışladı. Zaman keçdikcə ilk təəssüratımın yanlış olduğunu gördüm. Artıq Turalla dostluğumuz başlamışdı. Yanımda necə saf və təmiz, mərd oğlanın olduğunun fərqindəydim. Ailəm yanımda olmadığından Bakı mənim üçün qərib bir şəhər idi. Lakin Tural bu qərib şəhəri doğma etmişdi mənə. 4 il müddətində mənə qardaş oldu, sirdaş oldu, dar günümüzdə köməyim oldu. Həm də mənim böyük qardaşım yox idi. O həm də böyük qardaşım idi. O özünün geniş dünyagörüşü, müdrik fikirləri ilə , məsləhətləri ilə hər zaman yanımda idi. Bəzən Turalın verdiyi güvən bəs eləyirdi ki, hansısa bir işin öhdəsindən gələk. Mən indi də o güvənci özümlə hiss etməkdəyəm. Bəlkə də bir yerlərə gəlib çatmışıqsa o da Turalın sayəsindədi, çünki əminəm ki, onu tanımasaydım indi formalaşan Rəşad olmazdım mən. Başqa insan olardım. Bəli, biz 3 dost idik. Hər yerə birlikdə gedər, hər işi birlikdə görərdik. Aramızda çox güclü bağlar var idi. Biz hələ də 3 dostuq. Hər yerə birlikdə gedir, hər şeyi birlikdə edirik.Hələ də mənim də ,Hüseynin də sol tərəfimizdə bir Tural yaşayır, Vətənin qəhrəman oğlu, həm də bizim ömür dostumuz Tural.

Hüseyn Qəhrəmanov, dostu:

--Tural haqda bir kitab da yazsam bəs eləməz. Bizim tanışlığımız sentyabr aynın 19-da 2011-ci ildə başladı. İlk dəfədən özündən çox razı biri təsirini bağışladı. Amma zaman keçdikcə biz doğmalaşdıq. Tanıdıqca hər şeyin əksini gördüm o insanda. Ürəyi yumuşaq, heç kimə ziyan verməyən, hər kəsə yardım etmək istəyən bir insan idi. Həmişə üzü gülürdü. Yaddasimizda ancag gülərüzü ilə qaldı... Biz III qrupun ən məşhur dostları idik, 3 dost - Tural ,Rəşad və mən 4 il universiteti biryerdə oxuduq. 4 ildə həyatimizin demək olarki ən yaxşı anları bir yerdə oldu. Dərsdən sonra da günümüz bir yerdə keçirdi. Tez-tez Turalın evinə gedib orada gecələyirdik. Sanki Kəmalə xalanın 2 yox, 4 oğlu var idi. Universiteti bitirdik. Vətənə xidmətə yola düşmək zamanı gəldi. Hərbi xidmətə yola düşməzdən əvvəl biz bir birimizə dostluğumuzun əbədi olacağına söz vermişdik. Birlikdə görəcəyimiz işlər, gedəcəyimiz yerlər haqqında arzularımız, planlarımız var idi. Amma qismət, tale belə imis. Biz Turalla fəxr edirik, qurur duyuruq. Tural ən böyük zirvəyə Şəhidlik zirvəsinə ucaldi. Biz nə qədər yaşayiriqsa Tural da bizimlə daima yaşayir. Mən çox şadam ki Tural kimi bir dostum olub həyatımda. Onu hər zaman yanimda hiss edirəm, sağlığında olduğu kimi indi də dar məqamlarimda ruhu köməyimə çatır. Biz əslində böyük qardaşımızı itirmişik, arxamızı, əsil dostumuzu itirmişik. Yoxluğunu isə qəbul edə bilmirik. Nə qədər ki, Azərbaycan var, Tural Dadaşov da olacaq!

Turalın valideynlərinin yaşadığı evə gəlmişəm. Anası Kəmalə xanım Dadaşova məni evə dəvət edir. İçəri girən kimi divarın baş tərəfində Turalın portreti ilə qarşıaşıram. Bütün şəhid evlərində olduğu kimi, burda da məni şəhidimin böyük portreti qarşılayır. Gəlib portretin yanında dayanıram. Sanki əsgər paltarında dayanan bu cəngavər simalı oğlan elə bu dəqiqə çərçivənin içərisindən çıxıb “Xoş gəlmisiniz” deyəcək. Nitqi lal kimi dayanmışam. Özümə söz vermişdim ki, daha şəhid evlərinə gedəndə göz yaşı axıtmayacağam. Ancaq bu dəfə də sözümü tuta bilmədim. Turala baxıb cani-qəlbdən yanmamaq mümkün deyil. Hardasa oxumuşdum ki, üzündəki xalı sifətlərinin sol tərəfinə düşənlərin ömrü tez qırılır, taleləri gətirmir. Turalın da üz cizgilırinə xüsusi bir şarm verən xalı var, özü də sifətinin sol tərəfindədir. Artıq bir ildən bir qədər keçib, Kəmalə xanım toxdamağı öyrənib. Deyir ki, daha əvvəlkilər kimi ağlamır. Ürəyində, könlündə bir fəxarət hissi var.”Axı oğlum qəza nəticəsində deyil, Vətən uğrunda canını qurban verib. Bu da belə qismət imiş. Daha neyləyə bilərəm ki...”.

Kəmalə xanım ali təhsilli neft mühəndisidir. Bakıda doğulub boya-başa çatıb. Ata-anasının yeganə övladı olub. Qonşuluqda yaşayan Sabir Dadaşovla 1985-ci ildə ailə quranda fikirləşib ki, onların böyük ailədəsində yaşamaqla illərlə qəlbini sıxan təklikdən canı qurtarar. Sabir də onun həm dostu olub, həm həyatının yoldaşı olub. Qohum -əqraba, dost-tanış da bu mehriban cütlük ilə birlikdə düz 7 il Turalın yolunu gözləyirblər. Və günlərin bir günü 1995-ci il avqust ayının 24-də yolunu 7 il gözlədikləri Tural gəlib dünyaya. Kamilə xanımın ilk övladı yarımçıq doğulduğundan, Turalın yaşaması üçün Kəmalə xanımın atası Davud müəllim və anası Svetlana xanım uşağı köynəklərindən keçiriblər ki, bu salamt böyüsün, qadadan-bəladan uzaq olsun. Ayağı yüngül olub Turalın. Atası Sabir Dadaşov leytnant Şmidt adına maşınqayırma zavodunda ilşlətyəndə onlara təzə mənzil də veriblər. Sonra qardaşı Fərid gəılib dünyaya. 1990-cı illərdən sonra dünyaya yayılan ərzaq böhranı , çətinlik bu ailədə çox da hiss 

olunmayıb. Tez-tez xarici ölkələrə ezamiyyətə gedən Sabir ən gözəl uşaq paltarlarını oğlanlarına alıb gətirib, necə deyərlər bu uşaqların “qa” deyəndə suyunu, “qu” –deyəndə ətini verib. Nənəsinin-babasının köynəyindən keçən Tural da baba və nənəsini heç vaxt tək qoymayıb. Müəllim babası və nənəsinin yanında qalanda kitablara salıb meylini, məhəllədə, qohum əqraba arasında böyük hörmətə sahib olan babası Davud kişidən təmkin, səbr və müdriklik öyrənib.

Kəmalə xanım xatirələrini danışmaqda davam edir. Bütün analar kimi, oğlunun boyunu sevir, ədalarından, sözlərindən, yadda qalan xatirələrindən danışır. Hərdən də qəmli gözləri uzaqlara dikilərək, sanki kimisə gözləyirdi. Sonra oğlunun şəkillərini götürdü:

--Bax bu şəkildə Tural üç aylıqdır.... bu məktəb şəklidir... burada dostları ilə gəzməyə getmişdi... bu nişanlısı ilə olan şəklidir... Məktəbdə də, institutda da, məhəllədə də ... hər yerdə , hamı onu sevirdi, istəyirdilər. Onun boyuna baxıb sevinirdim, nə geysə yaraşırdı Turala... Biz onun başqa yerdə qalmasına icazə vermirdik, təhlükələrdən qoruyurduq. Dostları ilə bir yerə yığışanda, ancaq bizim bu ikiotaqlı evimizdə qalırdılar... Onlar üçün növbə-növ yenəklər bişirirdim ki, yaxşı istirahət etsinlər.Tural təbiətin, gözəlliklərin vurğunu idi... İndi hər yerdə Turalı axtarıram. Çıxıb şəhərdə gəzirəm, yanımdan gülüb-danışaraq keçən cavanları görəndə sevinirəm ki, bu gülüşləri, bu sakitliyi gənclərə mənim oğlum bəxş edib. Axı o Vətən yolunda canından keçib ki, insanlar rahat yaşasınlar. Çiçəklərdə, kəpənəklərin qanadlarında, küləklərin səsində axtarıram Turalımı.

Kəmalə xanım danışdıqca, mənim könlümdə onun ağrılarından misralar yaranırdı:

Sən mənim ömrümün sevinc payıydın,

Səni laylalarla böyütdüm oğul.

Dedim ki, tez böyü, toyunu görüm,

Sən böyük olanda öyündüm oğul.

 

Sənin xonçaların qız qapısına

Gedəndə dünyanın xoşbəxti oldum.

Diplomunu alıb evə gələndə,

Sevincdən ağladım, gözləim doldu.

 

Dedim ay boyuna qurban olduğum,

İndi Vətəninə xidmət vaxtıdır...

Vətəni qoruyub canını verdin,

Torpağın uğrunda qanın axıtdın...

Bir aprel səhəri, bir bahar günü,

İtirdim mən səni, itirdim oğul,

 

Fələk qara yazdı oğul bəxtini,

Viran etdi o bəzəkli təxtini,

Yanan ürəyimdə qoydu əhdimi,

Uca Tanrım köməyi ol balamın,

Arzuları ürəyində qalanın...

İndi...

Hər çiçəyin ləcəyində, yarpağında

Axtarıram səni oğul,

Küçələrdə, dalanlarda, bağçalarda izin qalıb,

Kitablarda, vərəqlərdə, şəkillərdə ...

Şirin-şirin arzuların, deyilməyən sözün qalıb,

Mahnılarda, laylalarda, quşların da nəğməsində,

Dalğalrın pıçıltısı, rüzgarların nəfəsində
Axtarıram səni oğul...

Getməyir ki, gözlərimdən şux qamətin, uca boyun,

Hara getsəm mənimləsən... qəlbimdəsən,

Nəfəsimdə, səsimdəsən, bətnimdəsən.

Aman oğul, anasına şərəf verib
Tanrıya ucalan oğul...

Bircə dəfə qucaqlayıb boynundan öpə bilsəydim,

Sanardım ki, cənnətimin özündəyəm.

Hardan alım nəfəsini,

Saçlarının ətri üçün darıxıram,

Gülüşün yadıma düşür,
səsin üçün darıxıram,

Darıxıram, oğul, yaman darıxıram...

--Oğlum haqqında kiməsə danışanda, dərdlərim səngiyir bir az. Özümü ovuduram. Atam rəhmətə gedəndən sonra anam onu evinin böyüyü etdi. Təmkinli idi, hər hansı işi görmək lazım gəldikdə, tələsik qərar qəbul etməzdi. Universitetə qəbul olunanda atam Tural üçün son dəbdə avtomobil aldı. Turalın heç zaman maddi çətinliyi olmamışdı. Onun İqtisadiyyat institutuna qəbul olunması üçün də müəllimlər tutduq, hazırlaşdı. Riyaziyyatı gözəl bilirdi. Universitetdə bilik olimpiadasında qalib gəlmişdi. İnstituta qəbul olandan sonra da boş oturmadsı. Neçə dəfə idman yarışlarının çempionu olmuşdu. Evdən heç pul istəmirdi. Deyirdi ki, mən kasıb yaşaya bilmərəm. İşsiz cavanları anlamırdı. Deyirdi ki, iki ayağı, iki əli, gözləri olan adam gərək işsiz qalmasın. Kişi haradn olsa da halallıqla özünə iş tapmalıdır. Evini-ailəsini dolandırmalıdır, kiməsə əl açmamalıdır. Zəhmətkeş oğlan idi Turalım. Üç dost Rəşad, Hüseyn və Tural gedib “Alov qüllələri”ində işə düzəlmişdilər. Aya 600-800 manat pul qazanırdı. Ən dəbdə olan, bahalı paltarları alıb geyinirdi. Əsəgrlikdən zəng edib deyirdi ki, ana mənə paltarlarımı göstər görüm, yerindədirmi? Çinslərini, tuflilərini çin-çin yığıb dolabda qoymuşdum. Çox səliqəli idi Tural.

Universitetdə sevib bəyəndiyi bir kurs yoldaşı var idi. Ötən il onun üçün nişan apardıq.7 ay idi ki, nişanlanmışdı. Əsgərliyini başa vurub gələndən sonra, 2016-ci ilin sentyabr ayında onlara toy çaldırmaq istəyirdik. Nişanlandığı qız da ailənin bircəciyi idi. O da dünyaya 10 ildən sonra gəlmişdi. Ata-anasının çox gözlədiyi övlad idi. Tural nişanlısı haqqında danışanda deyirdi ki, ana, sən atanın qısqanclığına necə dözmüsən? Bilirsən bu qız məni necə qısqanır... Nə çətindir, qısqanc adamla... Ancaq çox sevirdi onu. Deyirdim ki, qadının qısqancı yaxşıdır, çünki səni kimsə ilə bölmək istəmir.

Tural sonuncu dəfə mart ayının 28-də zəng vurmuşdu atasına. Atası Sabir Dadaşov həmin günləri belə xatırlayır:

--Martın 28-i zəng etdi. Çox rahat və sakit danışırdı. Dedi ki, ata, bizi təlimə aparıblar. Hər şey yaxşıdır. Məndən nigaran olmayın. Oğlum hərbi xidmətdə manqa başçısı idi. Əslində ondan bir nigarançılığımız yox idi. Bilirdim ki, harada olsa özünə hörmət qazana bilir. Bir də aprel ayının 8-i bildim ki, oğlum həlak olub. O günə qədər Turalın şəhid olmasına inanmırdım, ümumiyyətlə elə bir fikri yaxın qoymurdum. Tural bizim sevincimiz idi. 22 illik sevincimiz. Sirdaşım, dostum idi. Gücənirdim ona. Sevinirdim ki, belə layiqli oğlum var.

Tural Dadaşov Tural öz təmkini, savadı ilə xidmət etdiyi hərbi hissədə seçilirdi. Bölük komandiri onun haqqında deyirdi ki, Tural ləyaqətli , tərbiyəli və müdrik oğlan idi. Tanrı ona elə bir gözəllik bəxş etmidşi ki, işığına yol getmək olardı. İlk günlərdən hiss etmişdim ki, çox bacarıqlı və qəhrəman birisidir. Həmin gün əsgərlərdə yüksək döyüş ruhu olub. O döyüş ruhu isə bir günə formalaşmamışdı. O uşaqlar anadan olduğu gündən bizim torpalqrən işğaldan olunacağı bu anı gözləmişdilər. Ermənilərin mif kimi yaratdıqları Ohanyan xəttini bizim Turalgilin bölüyünün əsgərləri 40 dəqiqəyə vurub keçmişdilər. Tural hərbidə pulemyotçu olub. Samir Kaçayev, Mikayıl Vahabzadə, Əmiraslan Xeyirbəyov, Orxan Əliyev, Rəşad Niftalılı qəhrəmancasına, qorxmadan irəli keçərək, döyüşdə həlak olmuşdular. Rəşad Niftalılının həlak olmasını görəndə Tural həyəcanlanıb. Bütün hikkəsi-hirsi ilə döyüşə atılmaq istəyəndə , qarşı tərəfdən düşmənin atdığı mərmi qəlpəsi Turalın başından dəyib. Tural həlak olanda səhər saat 10- idi...”.

--Qohum-qonşular, rayon nümayəndələri gəlib xəbər elədilər ki, Tural həlak olub. Sabir düşüb evdən getdi. Özündə deyildi. Elə bil ki, ağlı başından getmişdi. Mən də onun dalınca getdim. Ruh kimi bir-birimiizin arxasınca gedirdik. Bir də baxdım ki, Sabir özünü maşının altına atmaq istəyir. Yuxudan ayılan kimi oldum, qaçıb Sabirin qolundan tutdum, dedim ki, oğlumun adına qapıya qonaqlar gəlir, qayıt, onları ləyaqətlə, Turala layiq qarşılamaq, Turalı son mənzilə təmkinlə yola salmaq sənin atalıq borcundur... O günləri düşmənimə də arzulamıram. Bir də baxdım ki, anam da özünü pəncərədən atmaq istəyir. Onu da güclə sakitləşdirdik. Hamısı Turala olan sevgimizdən idi. Bizi o yaşadırdı, biz hamımız onunla nəfəs alırdıq. O hər iki nəslin ən çox sevilən nümayəndəsi idi. Sonra gəlinim gəldi. Üzünə baxa bilmirdim. Ona təsəlli verməyə söz tapmıdrım. Mən onu bu evə başında fata ilə, ağ gəlinlik paltarında gətirməliydim. İndi gəlinim əlacsız-əlacsız ağlayırdı. Nə arzular, nə xəyallar qurmuşdular. Hamısı alt-üst olmuşdu. İndi bir məqsədim var idi. Nəyin bahasına olursa-olsun, bu qızcığazı ovundurmalıydım...

Turalın 7-si çıxandan sonra, gəlinimin könlünü almaq üçün əlindən tutub Turalla gəzdiyim yerləri gəzdirdim, unutdurmaq istəyirdim Tutralı ona. 6 ay bizdən əl çəkmədi. Sonra köçüb getdilər Azərbaycandan. İndi başqa yerdə yaşayır. Xoşbəxt olmasını istəyirəm. Biz kimik ki, Allahın yazdığı yazı idi, onlar üçün də belə yazmışdı.

Turalımı xalqım, elim, Vətənim təm-təraqla son mənzilə yola saldılıar. İndi fikirləşirəm ki, Tural ölə bilməz ki... O ancaq dünyasını dəyişib. Öz dünyasına, Tanrının dünyasına, göylərə qonaq gedib. Əvvəl fikirləşirdim ki, mənim bundan sonra yaşamağımın mənası yoxdur. Lakin indi fikirləşirəm ki, yaşamalıyam. Axı mənim Fərid balam da var. Onun övladları olacaq, onlara Turaldan danışacağam. Deyəcəyəm ki, sizin əminiz bir qəhrəman idi. Vətən uğrunda həlak oldu. Fərid aprel ayının 8-də doğulub. Qismətə, yazıya baxın ki, bir neçə il əvvəl aprel ayının 8-də atam da rəhmətə gedib, Turalı da aprel ayının 8-də gətirdilər.

İndi Turalın dostları, yoldaşları bizi tək qoymurlar. Müxtəlif tədbirlərə dəvət alıram. Oxuduğu universitetdə də Turalın adına xatirə günü keçirilmişdi. Mən o zaman tələbələrə dedim ki, Tural Dadaşov Ali Baş Komandan İlham Əliyevin əsgəri idi, ona görə də əmr gələndə, getdi Vətəni qorudu. Vətəni sevmək, qorumaq hər birinizin borcudur. Tələbələrə Tural kimi savadlı və vuqarlı olmağı tövsiyə etdim. Çünki Tural qiymətlərini özü oxuyub alırdı. Kiməsə qiymət almaq üçün minnətçi düşmürdü. Azərbaycan vətəndaşı savadlı olmalıdır. Bu Vətəni qorumaq , onun yolunda ölmək şərəfdir. Tural və Tural kimi oğlullar Azərbaycan tarixində yaşayacaq, onlar Vətənimizə şərəf gətirən qəhrəmanlardırlar.

Bu da bir yarımçıq ömrü hekayəti. Bu sətirləri yazarkən, Turalın gözəl, yaraşıqlı, işıqlı çöhrəsi gəldi gözlərim önünə. Tural ölmək haqqında fikirləşməmişdi. Tural həyat eşqi ilə dolu bir gənc idi. Tural kimi igidləri, oğlanları məhv edən müharibələrin planını cızanlar, yazanlar utansınlar. Biz sülhsevər xalqıq. Biz müharibə istəmirik. Biz Vətən torpaqlarımızı geri istəyirik. Bunun üçün döyüşməyə hazırıq.

 

Aida Eyvazlı

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !