Məzahir Süleymanzadə : - "Qurbanəfəndi kəndinin kitabı" + FOTO

Məzahir Süleymanzadə : "Qurbanəfəndi kəndinin kitabı" + FOTO

Qələm dostlarım Cəfər Əzizoğlu və Etibar Qəriblə İsmayıllı rayonunun Qurbanəfəndi kəndinə yola düşəndə fikirləşirdik ki, gedib adını eşidib üzünü görmədiyimiz şairə Turac Hilalın "Nazlı çiçək kimiyəm..." kitabının təqdimat mərasimində iştirak edəcəyik, söz versələr, çıxış edəcəyik, müəllifə xoş arzularımızı bildirəcəyik. Son illər dəbdəbəli, işıqlı, güzgülü, çilçıraqlı salonlarda, müasir kitab mağazalarında qara pencəkli, ağ köynəkli, qırmızı qalstuklu adamların iştirakı ilə o qədər təqdimat mərasimlərinin iştirakçısı olmuşuq ki...Qapının qarşısında 10-15 manat verib kitab almışıq, içəri keçəndən sonra növbəyə dayanıb aldığımız kitabı müəllifə imzalatdırmışıq, sonra bir guşədə əyləşib sosial şəbəkələrdə, qəzet səhifələrində, saytlarda "möhtəşəm" adlandırılacaq bu tədbirin başa çatacağı dəqiqəni səbirsizliklə gözləmişik. Dostlarımızdan biri çox haqlı olaraq kitab təqdimatı mərasimlərini toylarımıza bənzədirdi. Deyirdi ki, toylarda yalnız bəy və gəlin dəyişir, qalan nə varsa, sabit qalır, eyni ssenari ilə davam edir, "Vağzalı" havası ilə başa çatır...Kitab təqdimatı mərasimləri də bunun kimi. Müəllif dəyişir, kitabın adı fərqli olur, məclis isə ənənəvi şəkildə davam edir...
Qurbanəfəndidə belə olmadı...Biz sözün həqiqi mənasında sehrli bir aləmə düşdük və yaxşı mənada təəccübləndik. Ciddi bir hazırlıq işi görməmişdilər. Kənd camaatı bir yerə toplaşmış,Turac Hilalı və onun ailə üzvlərini də dəvət etmişdilər. Tədbirin adı kitab təqdimatı olsa da, heç kəsin əlində kitab görünmürdü. Bu "çatışmazlığı" da Cəfər Əzizoğlu aradan qaldırdı, gətirdiyi kitabları gənclərə verdi, onlar da kənd camaatına payladı. Artıq hamının əlində kənd qızı Turac Hilalın "Nazlı çiçək kimiyəm..." kitabı var idi...Hər yerdən bu nazlı çiçəyin ətri duyulurdu. Hamı kitabı vərəqləyib biri-birinə baxır, sevincini təbəssümlə ifadə etməyə çalışırdı. Uşaqlı-böyüklü hər kəs bu kitabı özününkü hesab edirdi. İndiyədək Qurbanəfəndidə çox fərəhli hadisələr baş vermişdi. Ancaq kəndin tarixində ilk dəfəydi ki, kitab təqdimatı keçirilirdi. Artıq Qurbanəfəndi kəndinin kitabı da var idi. Bu kitabı hamının adından kəndin yetirməsi olan, qadınlıq rəmzi sayılan, üç uşaq anası Turac Hilal qələmə almışdı. Kitabdakı şeirlərin hər sətrində kəndin qəlbi döyünürdü. Çünki bu kənddə böyüyən, hər daşın, hər bulağın yerini bilən, hər çiçəyin ətrini duyan, hər quşun nəğməsinə səs verən Turac Hilal mövzu axtarmamışdı, sadəcə, sağına-soluna baxıb gördüklərini, duyduqlarını kağıza köçürmüşdü...
Mən son illər ilk dəfəydi ki, kənd boyda fərəh, kənd boyda səmimiyyət görürdüm. Şair Şahməmməd Dağlaroğlu söz demək istəyənlərin arzusunu yerinə yetirdikcə onların çöhrəsinə baxırdım. Çoxunun adı yadımdan çıxıb, amma Məmmədmirzə Rzayev, Murad Məhərrəmov, Lətifə Əliyeva, Oqtay İsmayıllı, Xalıq Yusifoğlu, Nazir Ziya, İslam Qarayev, Tərlan Saleh, Furqan Sadıq...danışdıqca dönüb üç adama - Turac Hilala, onun atası Ramiz kişiyə və..."Nazlı çiçək kimiyəm..." kitabını təmənnasız, öz vəsaiti hesabına çap edən naşir Cəfər Əzizoğluna baxırdım. Özüm də kövrəlmişdim, ona görə də çox bəyəndiyim Aşıq Elman Mehdiyevin çalıb-oxuduğu oynaq havalara qol götürüb oynayan kənd camaatına qoşuldum. Bu, sözə, şeirə, kitaba verdikləri qiymətə görə Qurbanəfəndi sakinlərinə ehtiramımın və minnətdarlığımın ifadəsi idi...

 


Məzahir Süleymanzadə 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !