Qurban Qurbanov: - Rəqibdən zəif deyildik + FOTO ( AZpress.AZ - Nail Əhmədov )

Qurban Qurbanov: Rəqibdən zəif deyildik + FOTO ( AZpress.AZ - Nail Əhmədov )

“Hamımız bu yarışa çox ciddi hazırlaşmışıq. Həmişə meydanda nə etdiyimizi bilmək istəyirik”.

 

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Moldova çempionu “Şerif”i qəbul edəcək.

 

Qarşılaşma öncəsi “Azərsun Arena”nın konfrans zalında təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Düzdür, vaxtımız az olub, amma çox ciddi hazırlaşmışıq. Rəqibi incələmişik. Çalışdıq ki, rəqibi futbolçulara tanıdaq. “Şerif” təcrübəyə malik rəqibdir. Bir neçə transferləri olub. Onların ilk düşüncələri rəqibə oynamağa imkan verməməkdir. Meydanda bir-birilərini tamamlayan futbolçuları var. Bir neçə düşünülmüş hücumları var. Meydanda daim bunu təkrarlamağa çalışırlar. Pis hazırlaşmamışıq”.

 

- Heyətdə nə kimi problemlər var?

 

- Rəşad Sadıqov və Dani Kintana sabah oynamayacaq. Hər ikisi komandaya qoşulsa da, daha çox fərdi məşqlər edirlər. Ümumilikdə elə bir ciddi problemimiz yoxdur. Bildiyiniz oyunçulardı. Abbas Hüseynov da artıq komanda ilə məşqlərə başlayıb.

 

- Əksəriyyət düşünür ki, “Qarabağ” bu mərhələni də asan keçəcək.

 

- Bizə inamlarını göstərirlər, sağ olsunlar. Bir çox rəqibə qarşı belə fikirlər səslənir. Biz həmişə rəqiblərə ehtiyatla yanaşırıq. Çünki komandaları daha yaxından tanıyırıq. Özümüzü rəqibin yerinə qoyuruq. Bizim kimi, onlar da bizi təhlil edirlər. “Şerif” öz ölkəsinin çempionudur. Hər turnirin öz xüsusiyyətləri var. Biz bundan maksimum istifadə etməliyik. Çempionlar Liqasının III təsnifat mərhələsi daha vacibdir. Çünki burda qələbə qazanan Avropa Liqasının qrupuna vəsiqəni təmin edir. “Şerif”in əsas heyətində 7 yeni oyunçu var. Kifayət qədər təcrübəli transferlərdi. Asan rəqib deyil. Asan olsa belə, ehtiyatı əldən verməmişik. Moldova klubunun da fikri mərhələ adlamaqdır. Bizim üçün ağır oyunlardan biri olacaq.

 

- Çoxları “Qarabağ”dan Çempionlar Liqasının qrupunu tələb edir. Bu amil futbolçulara psixoloji cəhətdən necə təsir edirmi?

 

- Bunun müsbət və mənfi cəhətləri var. Futbolda daim qarşındakı oyunu düşünməlisən. Bu gün Çempionlar Liqasının qrupunu düşünsək, yanılmış olarıq. Belə olanda futbolçular psixoloji təzyiq altında qalar. Hər oyunda komandanı qələbəyə kökləməyə çalışırıq. Qrupa düşmək üçün hələ 2 mərhələ keçmək lazımdır. Bu rəqibi keçdikdən sonra bu barədə fikirləşə bilərik. Özümüzü aldatmayaq. Çempionlar Liqası elə-belə turnir deyil. Hamımız bu yarışa çox ciddi hazırlaşmışıq. Həmişə meydanda nə etdiyimizi bilmək istəyirik.

 

- “Şerif” bundan əvvəlki mərhələdə daha çox güc itirdi. Bu sizin şansınızı artıra bilərmi?

 

- Səhv etmirəmsə, dünən 3 və ya 4-cü çempionat oyunlarını keçirdilər. Futbolçular başlanğıcda çox yorulmurlar. Bu vaxtlarda komandanın bir yerdə çox oyun keçirməsi çox vacibdir. Məncə, bu amil onlara mane olmayacaq. Məşqçiləri də təhlil ediblər ki, oyunçular neçə oyuna hazırdır. Dünənki matçda da bəzi oyunçuları meydana buraxmamışdılar. Çempionatla Çempionlar Liqası fərqli turnirlərdi. Bəzən məğlubiyyət sənin xeyrinə ola bilər.

 

- “Zalsburq” və “Viktoriya” ilə bu rəqibi müqayisə edə bilərsinizmi?

 

- Heç vaxt kimisə kimləsə müqayisə etmək istəmirəm. “Viktoriya” ilə Bakıdakı matçda bir neçə qol şansından istifadə edə edə bilməmişdik. Rəqibdən zəif deyildik. Ancaq sona yaxın bir epizod yaradıb qol vurdular. Hər komandanın öz çətinliyi var. “Şerif” hər matçda 3 dəfə sistemi dəyişir. Fərqli dəyişikliklər edirlər. Sabah meydanda onları tam dəqiq tanıyacağıq. Oyunun gedişində bir neçə variantımız olacaq.

 

- Qapıda kimin oynayacağını müəyyənləşdirmisiniz?

 

- Baş məşqçi həmişə heyəti özü üçün müəyyənləşdirir. Mən də təxmini heyəti bilirəm.

 

- Sabahkı oyunun Ağdamın işğalı günlərinə təsadüf etməsi sizin üzərində təzyiqi artırmır?

 

- Ağdamın işğalının sabah və ya bir ay sonra olmasını düşünmürük. Bu hadisə bir gün baş verib. Qarabağ torpaqlarının işğalı daim məsuliyyətimizi artırır. Bütün futbolçuların bundan məlumatı var. Dünən bu barədə əcnəbi oyunçular daha çox maraqlandılar. Bilirlər ki, onlardan nələr tələb olunur.

 

- Mərhələ adlayacağınız təqdirdə yeni transferlər gözlənilirmi?

 

- Transferlərimiz mərhələ adlamaqla əlaqəli deyil. İlk transferlərimiz də oyuna 4-5 gün qalmış reallaşmışdı. Bu gün də çalışmalarımız davam edir. Bir oyuna görə komanda qurmuruq. Hər il 4-5 oyunçunu dəyişməyi xoşlamıram. Ola bilər ki, kimdəsə səhv edirik. Amma düşüncəmizə uyğun oyunçular almağa çalışırıq. Sabah Allah qorusun, mərhələ keçməsək belə, istədiyimiz oyunçular “hə” cavabını versələr, onlarla anlaşacağıq.

 

- Mahir Mədətov son oyunları zəif keçirir. Ümumiyyətlə, hansı mövqelərə oyunçu axtarırsınız?

 

- Hücum xəttinə oyunçu axtarırıq. Amma şəxsi fikirlərə görə yox. Bizim futbolçudan olan tələblərimizə cavab verib-verməməsi haqda onlarla söhbət edirik. Mahir Mədətovun hazırkı çıxışı məndə müsbət fikir yaradır. Hücumçu axtarışımız Mahirə və ya başqa oyunçuya görə deyil. Alternativli heyət düzəltmək istəyirik. Çünki sabah kimsə zədələnə, cəzalana bilər.

 

- Belə başa düşülür ki, yeni transferlərdə çətinlik çəkirsiniz. Buna rəğmən “Qəbələ” əcnəbi transferlərində çətinlik çəkmir. Problem nədədir?

 

- “Qəbələ”də əsas heyət üzvlərinin çoxu qalıb. Birdən-birə 10 futbolçu lazım olsaydı, bəlkə də tapardıq. Hər mövqeyə oyunçu lazım olsa, bir qədər asan olur. “Barselona” belə, transferlərdə çətinlik çəkir. Məsələyə fərqli yanaşmaq lazımdır. Komandanı gücləndirəcək oyunçudursa, artığını da ödəyib gətirərik. Bir neçə dəfə olub ki, futbolçunun klubuna da təzminat ödəmişik. “Qəbələ” də özlərinə lazım olan sayda oyunçu götürürlər, biz də.

 

- Rəşad Sadıqov sıraya döndükdən sonra Jezniçakla onun arasında seçim etməkdə çətinlik çəkməyəcəksiniz?

 

- Təki hamısı sağlam olsun.

 

- Almeydanın keçmiş komanda yoldaşı onun “Qarabağ”da 550 min avro aldığını bildirib. Bu doğrudumu?

 

- İlini soruşmaq lazımdı. 550 min söhbətini eşitməmişdim. Biz futbolçudan, o da bizdən məmnundursa, pul məsələsi problem olmamalıdır. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !