"İctimai-humanitar elmlərin folklorşünaslıq paradiqması: obyekt və predmet müstəvisində" mövzusunda seminar keçirilib - + FOTO

"İctimai-humanitar elmlərin folklorşünaslıq paradiqması: obyekt və predmet müstəvisində" mövzusunda seminar keçirilib + FOTO

İyulun 19-da Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin "İctimai-humanitar elmlərin folklorşünaslıq paradiqması: obyekt və predmet müstəvisində" mövzusunda seminarı keçirilib.

 

Tədbirdə çıxış edən S.Xavəri bildirib ki, yarandığı dövrdən tarixi-müqayisəli metoda əsaslanan və filoloji profilli sahə kimi formalaşan folklorşünaslıq ötən əsrin ikinci yarısından sonra Qərbdə, xüsusilə Amerikada ictimai-humanitar elmi düşüncədə baş verən ciddi paradiqmatik dəyişikliklərə müvafiq olaraq, tamamilə yeni nəzəri-metodoloji baxışlar əsasında multidissiplinar istiqamətdə inkişaf etməyə başlayıb. Alim bunun səbəbinin Qərb ictimai-humanitar elmlərində baş verən bir sıra fundamental dəyişikliklər olduğunu, bütün bu elm sahələrindəki nailiyyətlərin isə folklor hadisəsinə və fakturasına münasibətdə sintez edilərək folklorşünaslığın multidissiplinar elm sahəsi kimi sürətli inkişafına təkan verdiyini diqqətə çatdırıb.

 

Məruzəçi fənn sahəsi olaraq folklorşünaslığın ictimai-humanitar elmi düşüncədə koqnitiv institutlaşmasının mədəni faktın (xalq biliyinin) ümumi mədəniyyət sistemi içərisindən avtonom vahid kimi ayrılaraq humanitar elmi düşüncənin predmetinə çevrilməsi nəticəsində meydana gəldiyini qeyd edib. Bildirib ki, folklorşünaslıqda tədqiqat obyektinin (xalq biliyinin) "kəşf" edilərək elmi humanitar düşüncənin fokus nöqtəsinə gətirilməsi ilə bu fənn sahəsinin özü də yaranıb.

 

S.Xavəri folklorşünaslığın o qədər də qədim olmayan tarixi inkişaf prosesi ərzində dinamikasını həm diaxron, həm də sinxron modelləşdirmək, bu inkişaf prosesinin müxtəlif mərhələlərində özünəməxsus xüsusiyyətlərini üzə çıxartmaq və perspektiv inkişaf istiqamətlərini proqnozlaşdırmaq baxımından bu fənnə məşhur amerika elmşünası Tomas Kunun "elmi paradiqma" anlayışının işığında, həm də professional elmşünaslıqda kəsb etdiyi mənada yanaşmaq lazım olduğunu söyləyib.

 

Alim dünya humanitar elmlərinin mütərəqqi təcrübəsinə əsaslanaraq folklorşünaslığın, əsasən "mətn" və "kontekst" mərkəzli folklorşünaslıq paradiqmatik istiqamət bloklarında təmərküzləşdiyi fikrini irəli sürüb.

 

S.Xavəri ictimai-humanitar fənn sahəsi olaraq folklorşünaslığın bəşəriyyətin sosial tərəqqisinin bütün mərhələlərini elmi olaraq anlamaq, bəşər fenomeninin genezisini müəyyənləşdirmək, təşəkkülünü, təkamülünü modelləşdirmək, hətta perspektivini ssenariləşdirmək baxımından digər ictimai fənn sahələri ilə müqayisə oluna bilməyəcək elmi universallığa malik olduğunu vurğulayıb. Qeyd edib ki, folklorşünaslığın ictimai fənn sahəsi olaraq əsas strateji hədəfi "folk"da ifadə olunan sosial və "lore"də ifadə olunan kultural sistemlərin vəhdətindən yaranan metamədəni sistemi – folkloru bütün mürəkkəbliyi ilə məhz bu baxış bucaqlarından öyrənməkdir.

 

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin, AMEA Folklor İnstitutunun və Akademiyanın digər ictimai və humanitar istiqamətli institutlarının əməkdaşlarının iştirak etdiyi tədbirdə qaldırılan problemlərlə bağlı geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !