Bakıda satılan saxta sulara qarşı necə mübarizə aparmalı: - ŞƏRH

Bakıda satılan saxta sulara qarşı necə mübarizə aparmalı: ŞƏRH

Bir neçə il əvvəl «Təzadlar»ın əməkdaşları «NZS»də «Aqua-Vita» etiketli, 20 litirlik su buraxan bir dələduz dəstəni aşkarladı… Və məlum oldu ki, türk əsilli bu «iş adamları» «NZS»də vaxtilə «NBNZ»nin yanğınsöndürmə hovuzu olmuş bir ərazini icarəyə götürərək nasos və bir-iki filtr qoyaraq burada əməllicə biznes qurublar. Ən dəhşətlisi bu idi ki, onlar bu suyu hamının gözü qarşısında Bakıdakı ən nüfuzlu, türklərin icarəyə götürdüyü restoranlara, ofislərə, hətta Prezidentin «Gənclik»dəki təzə iqamətgahında çalışan tikinti işçilərinə də paylayırdılar. Əməkdaşlarımız foto və video aparatla həmin su daşıyan maşının arxasına düşərək son ana qədər baş verənləri lentə köçürmüşdülər… Və sonda həmin sexi İİN-nin anti-inhisar Departamentinin əməkdaşlarının cənginə verdik, geniş yazı dərc olundu və həmin «iş adamları»nın başına sonradan nələr gəldi, indi harada yuva salıblar, bilmirik.


Bir maraqlı məqam da bu idi ki, onlar saytda həmin etiketli suyun loqosunda suyun «Qax mineral suyu»nun parametrlərini yerləşdirmiş, telefon nömrələri də qoymuşdular. Biz «Qax» suyunun Bakıdakı nümayəndəliyini də tapdıq, Nizami adlı bir şəxs rəhbər idi. Onunla görüşdük, az qala bizi borclu çıxarmışdı ki, biz niyə «Qax» suyunun adını hallandırırıq…


Bakıda «KamAZ»larda satılan topdanqsatış «Sirab»lar harada buraxılır?

 

Adını çəkmək istəmədiyimiz tanınmış bir sahə mütəxəssisi və yüksək vəzifəli şəxsdən bir dəfə soruşduq ki, «Camaat Naxçıvandan Bakıya özünü güclə gətirir, bu qədər «Sirab» suyu Naxçıvandan Bakıya necə gətirilir?». O, gülərək dedi: «Bakıda «Sirab»ı … filan yerdə istehsal edirlər!».


O vaxtdan «Sirab» suyunun Bakıda harada istehsal olunduğunu öyrənmək üçün araşdırmaya başladıq. Bir neçə yeri nişan verdilər… Amma axtarışlar zamanı gördük ki, hüquq mühafizə orqanlarının əlində bunun üstünü açmaq adi bir şeydir. Bakıda nəinki supermarketlərdə, hətta küçələrdə belə «Sirab» satılır və belə çıxır ki, Naxçıvandakı Sirab bulağının gözündən saniyədə min ton su çıxır!!!


Deməli, bəzi işbazların qazancı bizim səhhətimiz bahasına başa gəlir. Halbuki Azərbaycanın dağlarından axan suları qablaşdırıb adam balası kimi satsalar, bu həm halal olar, həm də Azərbaycan vətəndaşının genefondu təhlükə altında qalmaz. Axı həmin vətəndaşın övladları xəstə doğulur, böyrəkləri daş bağlayır… Niyə belə risqə gedirlər?


Saxta su sexlərini kim aşkarlamalıdır?

 

Azərbaycanda Su İstehsalçıları Birliyi və onun Dövlət Məmmədov adlı sədri var. Birliyin işinə heç bir iradım yoxdur, nə də onun sədrinə. İctimai təşkilatın əlindən nə gələ bilər ki?! Amma mətbuatda oxudum ki, Dövlət Məmmədov deyir ki, «…Satışda olan suların əksəriyyəti ölkədə fəaliyyət göstərən sexlərdə qablaşdırılır. Əsasən Gürcüstandan, Türkiyədən və Rusiyadan gətirilən suların üstündəki qeydlərlə tərkibi uyğun gəlmir. Lakin aidiyyəti orqanlar həmin sexlərin yerini müəyyənləşdirməkdə ma-raqlı deyil… Bu gün Azərbaycanda Avropa standartlarının tələblərinə uyğun olaraq tikilən müasir zavodlarda yüksək keyfiyyətli su istehsal olunur. Bu zavodlarda suyun keyfiyyətini yoxlamaq üçün xüsusi laboratoriyalar fəaliyyət göstərir. Hər gün həmin laboratoriyalarda qablaşdırılacaq suyun analizi götürülür. Bu suların hamısı təbii bulaqlardan gələn sulardır. Yəni sular yerində qablaşdırılır, onların heç biri Bakıda qablaşdırılan krant suyu deyil. Mağazada satılmayan, yalnız evlərə gətirilən suları almaq düz-gün deyil. Çünki o suyun mənbəyi bilinmir. Üzərinə qeyd olunan ünvanla maraqlananda həmin yerdə su sexinin belə olmadığı məlum olur. Bu sahədə nəzarət çox zəifdir. Bir çox hallarda suyu istehsal edən şirkətlərin ünvanları düzgün göstərilmir".

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, satışda olan suların 30 faizi plastik qablara krantdan yığılır: "Xüsusən evlərə, ofislərə 20 litrlik plastik qablarda gətirilən sularda problemlər yaşanır. Suyu qaynadıb dibində ərp verməklə də, onların vəziyyətini müşahidə etmək olar. Təmizlənmiş suların ərp verməsi bu sahədə böyük yalanların olduğunu göstərir".


Amma hər iki ekspert-mütəxəssis dükan-bazarlarda satılan suların-firmaların adını çəkmir. Niyə?


«Sirab»suyunun Bakı nümayəndəliyi niyə «Açıq qapı» təşkil etmir?

 

«Azərsun-Holdinq» Şirkətinin yaxşı bir ənənsi var: şirkət rəsmiləri hər il istehsal zavodlarına jurnalistlərin səfərlərini təşkil edir. «Təzadlar»ın əməkdaşı da Biləsuvarda, Bakıda, İmişlidə, Xaçmazdakı… zavodlarda olub və bütün istehsalatı öz gözləri ilə görüb, məhsulların mənşəyinin haradan olduğunu bilib… Bəs niyə su istehsalı ilə məşğul olan şirkətlər bu ənənəni davam etdirmirlər? Nədən qorxurlar? Deməli, qorxmalı əməlləri var…


Bakıda Babək prospektində iri yük maşınları «Sirab» satır. Bu qədər suyu Naxçıvandan necə gətiriblər? Sürücülərin bir neçəsindən suyun gətirilməsi ilə bağlı gömrük və yol sənədlərini göstərməsini xahiş etdikdə, elə bil onları ilan vurdu, «Olmaz!», -dedilər. Amma şübhələr göz önündədir və növbəti yazılarda bu sexlərin harada və necə işlədiklərini, kimlərin himayə etdiklərini ictimailəşdirəcəyik.


Bizi izləyin.
«Təzadlar»ın Araşdırma Qrupu


P.S.Təbii ki, Bakıda doğru "Sirab" suyu da satılır. Amma həmin şirkətin nümayəndələri saxta sexlrin aşkarlanmasına dəstək verməlidir, ən azından özünün əsil imicini qorumaq üçün... 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !