Lənkəranda 126-cı teatr mövsümünün bağlanışı olub - + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəranda 126-cı teatr mövsümünün bağlanışı olub + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

İyulun 15-də Lənkəran Dövlət Dram Teatrı özünün 126-cı mövsümünə yekun vurub. Bu münasibətlə keçirilən mərasimdə teatrın direktoru Tofiq Heydərov, baş rejissoru Tural Mustafayev, aparıcı səhnə ustası, respublikanın Xalq artisti Qabil Quliyev çıxış edərək yaradıcı kollektivin mövsum ərzində qazandığı uğurlar və qarşısında duran vəzifələrindən söz açıblar. Ötən mövsümdə əldə etdikləri yaradıcılıq nailiyyətlərinə görə teatrın ədəbi-dram hissəsinin rəhbəri Ağaddin Babayev, Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev və aktyor Səyad Əliyev rəhbərlik tərəfindən Fəxri Fərmanla təltif olunublar. Lənkəran Dövlət Dram Teatrının fəaliyyəti haqqında mətbuatda dərc olunmuş silsilə məqalələrinə “Kaspi” qəzetinin əməkdaşı Xəyalə Rəis (Məmmədova) isə təşəkkürnaməyə və xatirə hədiyyəsinə layiq görülüb.


Rəsmi hissədən sonra yazıçı Hafiz Mirzənin “Ai lolo və ya moskvalı gəlin” komediyası tamaşaçılara təqdim olunub.

Teatrın rejissoru, Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi tamaşada hadisələr keçmiş Sovetlər dövründə cərəyan edir. Moskvada ordu sıralarında xidmət edən Güləli Vətənə qayıdarkən özü ilə Nataşa adlı bir qızı da gətirir. Anasının rus gəlinini qəbul etmədiyini gördükdə isə, Güləli Nataşanı etnoqraf tələbə kimi qələmə verməyə nail olur. Bu halda hamı etnoqraf qonağa hörmət edərək, onun bir neçə ay qalıb xalqımızın etnoqrafiyasını içdən öyrənməsinə şərait yaradır. Bunun hiylə olduğunu başa düşən Güləlinin anası Gültamam arvad Nataşaya qəsdən elə bir həyat tərzi göstərir ki, o, buralardan baş götürüb geri qayıtsın. Nataşa guya etnoqrafiyanı canlı şəkildə öyrənir deyə, çox məşəqqətlərə, çətinliklərə dözür, yerli adət-ənənələrə uyğun həyat tərzi keçirməyə çalışır. Gültamam arvad hətta cindar Xanağanın köməyindən də yararlanmaq istəyir. Bu zaman o, cindarın qarşısında bir vaxtlar Dərviş Məstəli şah Parisi dağıtdığı kimi, indi Moskvanın dağıdılması tapşırığını qoyur. Hadisələrin sonunda Gültamam və Gülağa rus qızı Nataşanı oğlanları Güləli üçün almağa və onu gəlin kimi qəbul etməyə razılaşsalar da, Nataşa artıq axşam qatarı ilə qaçıb Moskvaya qayıdır. Bu isə 1991-ci ildə Moskvada dövlət çevrilişi – “QKÇP” ilə eyni günə təsadüf edir. Gültamam və Gülağa bu hadisələrin cindar Xanağanın yazdığı duanın təsirindən baş verdiyini, Nataşanın da məhz buna görə baş götürüb qaçdığını düşünürlər.


Tamaşaçılar tərəfindən maraqla qarşılanan səhnə əsərinin quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.


Əsas rolları əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlardan Qızılgül Quliyeva, Sayad Əliyev, Allahverən Babayev, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.

 


Ağaddin BABAYEV, Lənkəran
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !