ADU-nun rektoru Kamal Abdulla Rumıniyanın səfiri ilə görüşüb - + FOTO

ADU-nun rektoru Kamal Abdulla Rumıniyanın səfiri ilə görüşüb + FOTO

 İyulun 10-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.


Qonağı salamlayan rektor K.Abdulla ADU barədə ətraflı məlumat verib və burada fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən söz açıb. “Çox sevinirəm ki, yaxın gələcəkdə rumın mədəniyyəti, dili və ədəbiyyatı da burada öz tələbələrini tapacaq” - deyən rektorun sözlərinə görə, ilk dəfə olaraq Azərbaycanda Rumın dili və Mədəniyyəti Mərkəzinin açılması ilə Rumıniyada Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin açılması eyni vaxtda həyata keçirilə bilər.


K.Abdulla bildirib ki, bəzi ölkələrdə türk dili və mədəniyyətini öyrənən mərkəzlər olduğundan, Azərbaycan dili və mədəniyyətini müstəqil şəkildə öyrənməyə ehtiyac duymurlar: “Güman edirəm ki, müstəqil Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin olması təkcə Azərbaycanın xeyrinə yox, həm də rumın cəmiyyətinin xeyrinə işləyən faktordur”. Rumın universitetlərinin birində müvafiq mərkəzin olması və “Azərbaycan multikulturalizmi” fənninin tədris edilməsinin əhəmiyyətindən söz açan K.Abdulla burada fəaliyyətə başlayacaq Rumın dili və Mədəniyyəti Mərkəzinin də həmin ölkə barədə təsəvvürlərin möhkəmlənməsinə kömək edəcəyini vurğulayıb. O qeyd edib ki, bu mərkəzin açılması ilə bağlı işlər payız aylarında başa çatdırılacaq. Rektor səfirdən həmin vaxtadək Rumıniyada da Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin açılması ilə bağlı işlərin tamamlanmasını xahiş edib. Onun sözlərinə görə, belə bir modelin olması çox vacibdir, çünki gələcəkdə digər ölkələrdə də eyni vaxtda mərkəzlərin açılması təcrübəsindən istifadə olunacaq. Rektor K.Abdulla əlavə edib ki, ADU Rumıniya universitetlərinin birində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin açılmasına dəstək olmağa, həmin mərkəzi lazımi avadanlıqlarla təchiz etməyə və ora müəllim göndərməyə hazırdır.


Öz növbəsində səmimi qəbula görə təşəkkür edən səfir D.İanku K.Abdullanın yaradıcılığı ilə tanış olduğunu və onun rumın dilinə tərcümə olunmuş “Gəlin Azərbaycanca danışaq” kitabı vasitəsilə Azərbaycan dilini böyük həvəslə öyrənəcəyini söyləyib. ADU-ya bir dost kimi gəldiyini deyən səfir burada Rumın dili və Mədəniyyəti Mərkəzinin açılması istiqamətində göstərilən dəstəyə görə təşəkkür edib. O bildirib ki, artıq Rumıniya tərəfi ADU-da mərkəz açılmasına müsbət cavab verib və hal-hazırda bura müəllim göndərilməsi istiqamətində hazırlıqlar gedir. Bir neçə il öncəyə qədər Rumıniyanın Babeş Universitetində Azərbaycan Mərkəzinin olduğunu deyən səfir hal-hazırda bu mərkəzin niyə fəaliyyət göstərməməsinin səbəbləri ilə maraqlanacağını bildirib. O əlavə edib ki, Rumıniya tərəfi ya həmin mərkəzin fəaliyyətinin bərpa edilməsi, ya da başqa bir universitetdə yeni mərkəz açılması imkanlarını nəzərdən keçirə bilər: “Düşünürəm ki, belə mərkəzlər yaratmaqla biz ölkələrimiz arasında yeni qapılar açmaq missiyasını həyata keçirə bilərik. Vəzifələrimizdən biri də ortaq dəyərlərimizi üzə çıxarmaqdır. Bu mərkəzlər bir səfirliyin etdiyindən daha çox işlər görə bilər”.


Görüşün sonunda K.Abdulla D.İankunu “Səfir saatı” klubu çərçivəsində universitetdə mühazirə oxumağa dəvət edib. Təklif səfir tərəfindən məmnuniyyətlə qəbul edilib.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !