ADU-da Məzun günü keçirilib - + FOTO

ADU-da “Məzun günü” keçirilib + FOTO

İyulun 4-də Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ilində universitetin bakalavr və magistr pilləsində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib.


Tədbirdə ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla, universitetin professor-müəllim heyəti və tələbələr, onların valideynləri iştirak edib.


Çıxışına “Bu gün həqiqətən də əziz gündür. Mən inanıram ki, bu günün ab-havasını, səmimiliyini, doğmalığını siz həyatınız boyu qəlbinizdə qoruyub saxlayacaqsınız” sözləri ilə başlayan rektor Kamal Abdulla ulu öndər Heydər Əliyevin gənclər haqqında dediyi bir fikri səsləndirib: “Ulu öndər demişdir ki, bu tələbələr, bu gənclər mənim sizə əmanətimdir”. K.Abdulla bildirib ki, biz ulu öndərin bu sözlərini əsas tutaraq öz gözəl vətənimizi xoşbəxt bir gələcəyə doğru aparacağıq. Rektor inandığını deyib ki, bu gün universiteti bitirən hər bir gənc dünyanın hər hansı bir nöqtəsində olmasından asılı olmayaraq ADU-nun şərəfini uca tutacaq. O, ümidvar olduğunu bildirib ki, bugünkü məzunlar universitetlə əlaqələrini həyatları boyu davam etdirəcəklər. Bu gün Azərbaycanın böyük bir inkişaf yolu keçdiyini, dünya birliyinə inteqrasiya etdiyini deyən K.Abdulla Azərbaycan Prezidenti İlham Əliyevin bu inteqrasiyada onun son dərəcədə böyük rolunun olduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycanın şəhərləri, küçələri, meydanları dəyişdiyi kimi Azərbaycan gənci də dəyişir və ölkəsinə daha faydalı olmağa çalışır: “Mən sizi bu gözəl missiyanız münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə gözəl bir gələcək arzulayıram”.
Rektor sözlərini bütün tələbələrin alqışına səbəb olan sözlərlə bitirib: “Azərbaycan bayrağına, Azərbaycan himninə, Azərbaycan dövlətinə, Azərbaycan Prezidentinə sədaqəti ilə seçilən Azərbaycan gənclərinə, Azərbaycan Dillər Universitetinin gənclərinə eşq olsun!”.


Daha sonra məzun Aydan Məmmədovanın valideyni Əzizağa Məmmədov övladına tələbəlik boyu əziyyət çəkən bütün müəllim kollektivinə təşəkkürünü bildirib, məzun olan tələbələri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Tədbir bədii hissə ilə yekunlaşıb. Bədii hissədə Azərbaycanın tanınmış müğənnisi və ADU-nun məzunu olan Elnarə Xəlilova musiqi nömrələri ifa edib. Daha sonra universitetin tələbələri müxtəlif musiqi nömrələri səsləndirib, “Dalğa” rəqs ansamblı isə rəqs nömrələri nümayiş etdirib.


Tədbirdə universitetin ictimai işlərində fəal iştirak etmiş, tədris sahəsində müvəffəqiyyət qazanan və 2016-2017-ci tədris ilini ən yüksək orta balla bitirən məzunlar diplomlarla təltif olunub.


Qeyd edək ki, 2016-2017-ci tədris ilində Azərbaycan Dillər Universitetindən təhsilin bakalavr pilləsi üzrə əyani bölmədən 1457 nəfər, qiyabi bölmədən 72 nəfər, həmçinin magistratura pilləsi üzrə 128 nəfər tələbə məzun olub.


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !