Lənkəran teatrı İrandan qastrol səfərindən qayıdıb - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəran teatrı İrandan qastrol səfərindən qayıdıb + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

 Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasından qastrol səfərindən qayıdıb. Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, kollektiv iyunun 29-dan 30-a kimi qonşu ölkənin Parsabad şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edib.


İranlı rejissor Xeyrullah Təğiyənipurun quruluş verdiyi bu səhnə əsərində iki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetmələrindən bəhs olunur. Əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, aparıcı artistlərdən Qızılgül Quliyeva, Miraslan Ağayev, Aynur Əhmədova, Səyad Əliyev, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov, Şəbnəm Hüseynova, Gülər Kərimova, Rauf Zeynalov və digərləri ifa ediblər.


T.Heydərovun sözlərinə görə, iki gün müddətində “İlan Sultan” tamaşasına İranın Ərdəbil, Parsabad, Germi və digər türkdilli şəhərlərindən 1000-dən çox sənətsevər baxmaq imkanı qazanıb. Anşlaqla keçən tamaşa barədə İranın informasiya agentlikləri, qəzetləri, “Səhər” Beynəlxalq və “Seda Sima” televiziya kanalları məlumat yayıblar.


Sonda Lənkəran sənətçiləri Parsabad Şəhər Mədəniyyət İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri ilə mükafatlandırılıb.


Ağaddin BABAYEV, Lənkəran