30 İYUN "SEVGİLİLƏR GÜNÜ" KİMİ RƏSMİLƏŞSİNMİ ? - PROFESSOR "HƏ" DEYİR, DEPUTAT İSƏ... - + FOTO

30 İYUN "SEVGİLİLƏR GÜNÜ" KİMİ RƏSMİLƏŞSİNMİ ? - PROFESSOR "HƏ" DEYİR, DEPUTAT İSƏ... + FOTO

Azərbaycanın bir qrup ictimai-siyasi xadimi 30 iyunun "Sevgililər günü" kimi rəsmiləşməsi üçün prezidentə müraciət ünvanlayıblar.

 

 

Müraciətdə xalqımızın tarixində istiqlal və azadlıq uğrunda mübarizənin ən uca zirvəsi olan "20 yanvar" şəhidləri İlham və Fərizənin evləndikləri günün - 30 iyun tarixinin "Sevgililər günü" kimi rəsmiləşdirilməsi üçün müvafiq sərəncam verilməsi istənilib.

 

 

 

Bu barədə Sherg.az-a danışan sosioloq, professor Əhməd Qəşəmoğlu da "Sevgililər günü”nün qeyd olunmasını müsbət dəyərləndirdiyini bildirib. O vurğulayıb ki, Azərbaycanda bu kimi mənəvi dəyərlərin təbliğ olunmasına böyük ehtiyac var:

 

"Çünki mənəvi dəyərlərə münasibət zəiflədiyi və maddi dəyərlər aparıcı rol oynadığı üçün cəmiyyətdə və ailələrdə gərginlik artır. Bunlar mənəvi dəyərlərin lazımı qədər təbliğ olunmamasından irəli gəlir. Ona görə, belə dəyərləri təbliğ etmək cəmiyyətə sadəcə fayda verə bilər”.

 

 

 

14 fevral gününün də sevgililər günü kimi qeyd olunduğunu diqqətə çatdıran Ə. Qəşəmoğlu gənclərin çoxunun bu günü qeyd etdiyini vurğulayıb. Ona görə, sosioloq bu günün alternativ kimi qəbul oluna biləcəyini də söyləyib:

 

"Gənclərimizin öz milli adət-ənənələrimizə, torpaq uğrunda şəhid olmuş şəxslərə həsr olunmuş günü qeyd etməsi müsbətdir. Müxtəlif şaiyələr yaradan Valentinlə bağlı gün qeyd etmək əvəzinə öz vətəndaşlarımızın adı ilə bağlı günü "Sevgililər günü” edə bilərik. Bunu rəsmiləşdirmək pis olmazdı. Məsələnin mənəvi tərəfini dəstəkləyirəm”.

 


Millət vəkili Fazil Mustafa isə belə günün qeyd olunması, rəsmiləşdirilməsi məsələsində konkret fikrinin olmadığını bildirib:

 

""Sevgililər günü”nün rəsmiləşdirilməsi və qeyd olunmasının nə qədər faydalı olub-olmayacağını təhlil etməmişəm. Lakin təşəbbüs kimi normal dəyərləndirirəm. Hər bir insanın, qrupunun bu şəkildə müraciət etmək hüquq var. 30 iyunu qeyd etməyin faydası və ya zərəri barədə konkret düşüncəm yoxdur”.

 

Aysel Aslan


ŞƏRQ qəzeti 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !